Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...Nağdsız ödəmə adiləşir. İnsanlar pulu ciblərində deyil, plastik kartlarda, eləcə də mobil telefonda (elektron cüzdan) daşımağa üstünlük verirlər. Hesab edirlər ki, nağdsız ödəniş həm təhlükəsiz, həm də sərfəlidir. Amma son vaxtlar Azərbaycanda bəzi müəssisələr-ticarət mərkəzləri, avtoservis müəssisələri, gözəllik mərkəzləri, ictimai iaşə obyektləri və s. müştərinin nağdsız ödəniş həvəs göstərmir, daha doğrusu, hər fürsətdə bundan imtina etməyə çalışırlar. Hətta ödəniş olsa belə, qəbz verməyi “unudurlar”. Vergidən yayınmaq üçün müxtəlif yollara əl atan bu müəssisələr, əlbəttə, qanunsuzluğa yol verir, istehlakçı hüquqlarını kobud şəkildə pozurlar.

Bəs istehlakçılar bu halla rastlaşdıqda nə etməlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Pressklub.az-a açıqlamasında bildirib ki, ticarət və xidmət mərkəzlərində kassa çeki verilmədikdə istehlakçının hüququnu qorumaq olmur.

“Bəzi ticarət mərkəzləri, Sədərək bazarı, eləcə də əksər avtotəmir müəssisələri, klinikalar, restoranlar və s. vergi strukturlarının üz qarasıdır”.

Müsahibimizin sözlərinə görə, bəzi müəssisələrdə, eləcə də meyvə-tərəvəz dükanlarında vətəndaş ödənişi kartla etmək istədikdə satıcı şəxsi kartına ödəmə tələb edir: “Bu da vergidən yayınma ilə yanaşı, dövlət siyasətinin biznes tərəfindən boykot edilməsidir. Təəssüf ki, nə vətəndaşlar bu məsələyə ciddi yanaşır, nə də dövlət orqanları”.

Görəsən, Dövlət Vergi Xidməti (DVX) bu məsələ ilə bağlı lazımi yoxlanışları edib, addımlar atırmı?

Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov Pressklub.az-a açıqlamasında bildirib ki, vergi qanunvericiliyinə əsasən, nağdsız ödənişdən imtinaya görə ticarət və xidmət müəssisələrinə cərimələr nəzərdə tutulub.

“Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi hesab olunur”.

Ş. Məmmədov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən olunub. Həmin obyektlərə qanundan yayındığı təqdirdə maliyyə sanksiyası tətbiq edilir.

Müsahibimiz deyib ki, istehlakçılar qanunvericiliyin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla Dövlət Vergi Xidmətinin saytına (195 – 1), Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmsöhbətimiz bildirib ki, qeyri-anonim şəkildə, yəni rəsmi şikayət edildikdə Dövlət Vergi Xidməti tərəfindən həmin şikayətə baxılır. Daxil olmuş şikayətlər və məlumatlar üzrə operativ vergi nəzarəti tədbirləri görülür: “Ancaq bu tədbirlərin həyata keçirilməsi üçün vətəndaş şikayətləri vacibdir. Çünki DVX operativ nəzarətə çıxanda bəzi obyektlər təyin edilə bilmir. Amma vətəndaşlar konkret obyekti şikayət etdikdə lazımi tədbirlər görülür”.

İnsanların hüquqlarını kobud şəkildə pozan sahibkarların bu qanunsuzluğu etdiyi təqdirdə cərimələnəcəyi məlum oldu. Bəs bu cərimələrin məbləği nədir?

Hüquqşünas Mehman Muradlı Pressklub.az saytına açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə quraşdırılmaması və quraşdırılmış obyektlərdə nağdsız ödənişlərdən imtina edilməsinə görə, mərhələli şəkildə cərimə sistemi tətbiq edilir.

“Vergi qanunvericiliyinə əsasən, ticarət və ictimai iaşə obyektləri nağd alışlar zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər. Belə olmazsa, onları cərimələr gözləyir. Kassa çeki verilməyən ictimai iaşə və ticarət obyektləri barədə istehlakçının vergi xidmətinə məlumat vermək hüququ var”.

Hüquqşünas bildirib ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Düzdür, bu şəxslər aşkarlandıqda məsuliyyətə cəlb olunurlar. Amma təəssüf ki, bəzi insanların məlumatsızlığına görə, onlar məsuliyyətdən boyun qaçırıb, istədikləri qanunsuzluğu edirlər. Amma istehlakçılar bu problemlə rastlaşdıqda lazımi qurumlara şikayətini bildirsə, hüquqlarını qorusa, bu cür qanunsuzluqların qarşısı alınar.
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?Rusiyadakı terror hadisəsindən sonra hakimiyyət miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək qərarına gəlib.

Tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır.

Rusiya mətbuatının son məlumatlarına əsasən, artıq qanun layihəsi hazırdır. Prioritet iki il müddətində işçilərin məqsədyönlü şəkildə işə qəbulu olacaq.

Sonra işəgötürən bu mexanizmdən yenidən istifadə edə biləcək, məqsədli işə qəbul isə xüsusi şirkət tərəfindən aparılacaq.

Qanun layihəsində deyilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. Təklif Rusiya Dövlət Duması tərəfindən də dəstəklənib.

Bildirilib ki, artıq Moskva vilayətinin Elektrostal şəhərindəki “Wildberries” anbarında Rusiyada qalma qaydalarını pozan miqrantlar saxlanılıb.

Əməliyyatçılar kimin hərbi qeydiyyatda olduğunu və hərbidən yayındığını da yoxlayırlar. Kişilərdən hərbi bilet və digər sənədlər tələb olunur.

Məhz “Krokus siti holl”da baş verən terror aktından sonra miqrantlar üzərində nəzarətin gücləndirilməsi Rusiyada yaşayan azərbaycanlılar üçün də təhlükə hesab olunur.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Rusiyada əvvəllər də miqrantlara çox aqresiv münasibət vardı:

“Terror hadisəsindən sonra bu münasibət daha da artıb. Təbii ki, orada miqrasiya ilə bağlı qanunlar sərtləşəcəksə, bu, azərbaycanlılara da aid olacaq və təsir edəcək. Sadəcə, bizim soydaşlarımızın bir çoxu artıq vətəndaşlıq alıb. Rusiya Statistika Komitəsinin məlumatına görə, Rusiya vətəndaşlığı alan əcnəbilərin sayı 800 minə yaxındır.

Ona görə də sərtləşdirilən bu qanun onlara aid edilməyəcək. Amma vətəndaşlığı olmayan, iş izni alan və ya iznsiz olaraq çalışan soydaşlarımıza aid edilə bilər. Onların Rusiyada qalması, çalışması çətinləşəcək. Bu da tək azərbaycanlılara qarşı yox, digər miqrantlara təsir göstərəcək. Yəni, azərbaycanlılar üçün də problemlər yaşana bilər".

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.

“Report”un Sumqayıt bürosu xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:

“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.

Bunu “Report”un Sumqayıt bürosuna açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.


Xankəndi yenidən qurulur, binalar əvvəlki görkəminə qaytarılır.

Artıq burada ictimai-iaşə obyektləri fəaliyyətə başlayıb. Buraya ilk köç isə Kərkicahana olacaq.

Daha ətraflı "ATV Xəbər”in süjetində:

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 7 günlük tətil başa çatır.

Qeyri-iş günləri martın 20-də başlayıb və martın 26-da isə son qeyri-iş günü olub.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi.

Növbəti iş günü martın 27-dir.

Azərbaycanda Novruz bayramı qeyd edilir.

"Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.

Novruz bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.

Azərbaycanda martın 20-də havanın arabir yağıntılı olacağı, rayonlara qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaq.

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, Novruz bayramının əsas mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr baş verdi. Belə ki, paytaxt ərazisində keçirilən çərşənbə mərasimləri zamanı iki nəfər bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”yə zəng edin!”

Xəbər lenti