|
Yol-xeber.az" xəbər verir ki, 2 iyul “Polis Günü” ərəfəsində Daxili İşlər Nazirliyinin müxtəlif struktur qurumlarına aid 4 yeni inzibati binası istifadəyə verilib.
Həmin binalardan biri nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilmişdir.
Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avandanlıqlarla təchiz edilib.
Polisin xalqa xidmət funksiyalarının icrasını daha səmərəli həyata keçirməsi üçün şəxsi heyətinin professional səviyyəsini yüksəltmək, hər bir əməkdaşa peşə keyfiyyətləri, ekstremal şəraitdə düzgün qərar qəbul etmək bacarığı aşılamaq, gənc əməkdaşların və mütəxəssislərin daxili işlər orqanlarında xidmətə adaptasiyasını təmin etmək daim diqqətdə olan məsələlərdəndir.
Nazirliyin yeni inşa edilmiş Təlim-Tədris Mərkəzində məhz qeyd edilən istiqamətlər üzrə ixtisasartırma kursları təşkil ediləcəkdir.
Burada, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi, insan haqlarının müdafiəsi sahəsində qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələr, ən başlıcası fəaliyyətin, vətəndaş-polis münasibətlərinin inkişafı və bu əsasda məmnunluğun təmin edilməsi kimi mühüm məqsədlər üzərində qurulmasının yolları, forma və metodları tədris olunacaqdır.
Müasir dövrün təhdid və çağırışlarının, həmçinin innovasiyaların inkişafının və tətbiqinin sürətlə genişlənməsinə paralel olaraq internet şəbəkələrdən və informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin dinamikasında da artım müşahidə olunur.
Mövcud vəziyyətdə hər bir şəxsin qanuni mənafeyinin, əmlakının, mülkiyyətinin etibarlı qorunması, kiberməkanda törədilən cinayətlərin, xüsusən narkotiklərin onlayn dövriyyəsinin, dələduzluqların, bank kartlarından pul vəsaitlərini talamaların qarşısının alınması və açılması, həmin əməllərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası polisin başlıca vəzifələri olaraq yerinə yetirilir.
Bu növ cinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.
Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən inzibati binalardan biri də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsidir.
Müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.
“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.
Ttətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkün olacaq.
Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir.
Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.
Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.
Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən dövlət başçısının tapşırığına uyğun olaraq, yol boyunca vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə sözügesən yol yenidən inşa edilir.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində yeni yol aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Bundan başqa sözügedən ərazidə yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər də görülür. Bu çərçivədə svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə qurumun xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.
Sabahdan, iyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır.
Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edir.
Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olub.
Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.
Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.
Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
"AzərTac" xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
İyunun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Yol-xeber.az" xəbər verir ki, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 26 iyun axşam saat 22:00-dan 27 iyun saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Milli Preventiv Qrupun üzvləri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər, o cümlədən rayonun Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılmış və inzibati qaydada həbs edilmiş 5 nəfər şəxs də konfidensial qaydada qəbul edilb, hər birinin müraciətləri yerində dinlənilib.
Qəbul edilmiş şəxslərin hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər, məsələyə dərhal reaksiya verərək hüquqlarının təminini diqqətdə saxladığına görə Ombudsmana təşəkkür ediblər. Saxlanılan şəxslərə hüquqları izah edilib, barələrində olan məhkəmə qərarları ilə bağlı müraciətləri üzrə hər birinə hüquqi məsləhət verilib.
Başçəkmə çərçivəsində saxlanılan şəxslərlə bağlı sənədləşmə, saxlanma şəraiti –bütün kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qida təminatı yerində araşdırılıb.
Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
Müraciət də deyilir:
"Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər".