![]() |
|
Bu gün paytaxt Bakıda orta səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.
BAKU.WS xəbər verir ki, qasırğa bu gün günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq, 18:00-da nisbətən səngiyəcək.
Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək Pensiyaları” haqqında qanuna yeni dəyişikliklər müzakirə olundu.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yeni dəyişikliklər layihəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar və kişilər pensiyaya 5 il tez çıxa biləcəklər:
"Yeni dəyişikliyə əsasən qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilər 5 il erkən pensiya hüququ qazanacaqlar".
"Digər mühüm məqam nəzərdə tutulan şəxslərə də avtomatlaşdırılmış qaydada pensiya təyinatı imkanının yaradılmasıdır. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaşların müraciət etmək, habelə müxtəlif sənədlər toplamaq və s. öhdəliyi də ləğv edilir", - deyə millət vəkili əlavə edib.
V. Bayramov layihənin komitədə dəstəklənərək plenar iclasda müzakirəyə tövsiyə olunduğunu əlavə edib.
Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev işdən çıxarılıb.
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə o, sərəncama götürülüb.
Bakupost.az
Yol-xeber.az" xəbər verir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 33,0 - 35,0-ci km-nin mühafizə zolağında1500 ədəd Eldar şamı ağacları əkilmişdir.
Ağacəkmə aksiyası Agentliyin “Avtomobil Yollarının Yaşıllaşdırması” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarında, eyni zamanda Bakı şəhərinin Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun mühafizə zolağında, paytaxt ərazisindəki digər yolötürücüləri və yolqovşaqlarının ərazilərində xeyli miqdarda müxtəlif növ ağac tingləri və kol bitkisi əkilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmışdır. Əkilən ağacların böyük hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilmişdir.
Qeyd edək ki, bu yaşıllıqlara qulluq zamanı onların vəziyyəti öyrənililir, xəstəlik və zərərvericilərdən mühafizə olunması məqsədilə müntəzəm müşahidələr aparılır. Aqrotexniki qulluq zamanı isə torpaqda yumşaltma işləri aparılır, alaq otları və digər yabanı kollar sahədən götürülür, yaşıllıqlar suvarılır və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri aparılır.
Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət paytaxtın Nəsimi rayonunda yerləşən "Kubinka" adlanan ərazidən gedir. Bu ərazidə söküntü işləri aparılması barədə məlumat vermişdik. İndi isə "Kubinka"nın yeni məhəlləsində söküntü işləri aparılacaq.
Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. Söküləcək fərdi evlərin yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub.
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. "Kubinka"da bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.
Filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.
Bildirilib ki, Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb.
Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır. Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb.
Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib.
BAKU.WS xəbər verir ki, ərazidə müvafiq nişanlar quraşdırılıb.
Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmət göstərir.
Əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə var.
Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar müvafiq olaraq 80 manat cərimə edilir.
Həmçinin, maşını parklanma ərazisində uzunmüddətdir qalan avtomobillərin çıxarılması üçün vətəndaşlara şərait yaradılır.
Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb.
“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyası ətrafında mikromobillik infrastrukturunun qurulması nəzərdə tutulur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, ərazidə aidiyyəti qurumlarla birlikdə abadlaşdırma işləri həyata keçiriləcək. Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur. Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.
Bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Bakıya 20 min taksinin kifayət etdiyini bildirib. O, həmçinin taksi sayının yaydan bəri 67 mindən 60 minə azaldıldığını qeyd edib. Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə Bakıda taksilərin sayının digər ölkələrdə olan saydan 4 dəfə çox olduğunu vurğulayıb. Görünən odur ki, taksilərin sayının getdikcə daha da azaldılması prirotitet məsələlərdəndir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, qeyd olunan 60 min taksinin ən azı 50%-i bu sahədə fəaliyyət göstərməyə uyğun deyil.
Onun sözlərinə görə, müəyyən xəstəlikləri, problemləri olan, eləcə də yaşı 21-dən və sürücülük təcrübəsi 2 ildən az olan insanlar taksi fəaliyyəti ilə məşğul olmamalıdır:
"Bundan əlavə, avtomobillərə olan tələblər çox vaxt yerinə yetirilmir. Onların əksəriyyəti nasaz, yararsız vəziyyətdədir və taksi fəaliyyətinə uyğun gəlməyən nəqliyyat vasitələridir. Ona görə də taksilərin sayının azalmasına ehtiyac var. Yəni burada meyarlara cavab verməyən taksi sürücüləri və taksi fəaliyyətində istifadə olunan avtomobillərin kənarlaşdırılması nəzərdə tutulur. Həmçinin avtomobillərin rəngi, seqmenti,onun sazlığı məsələsinə də ayrıca diqqət edilməlidir".
Ekspert həmçinin AYNA-nın artıq bir müddətdir taksi sürücüləri üçün xüsusi kurslar təşkil etdiyini xatırladıb. O bildirib ki, sürücülər mütləq həmin kurslardan keçməli, onların səhhəti, sürücülük təcrübəsi, eləcə də avtomobili meyarlara cavab verməlidir.
E.Cəfərov söyləyib ki, peşəkar taksi sürücüləri bugünkü meyarlara cavab verən avtomobilləri ilə fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər: "Taksi fəaliyyətində istismar olunan avtomobillərin istehsal ilinin də rolu olacaq. Hesab edirəm ki, köhnə, məsələn 30 ilin avtomobilləri artıq taksi fəaliyyətində istismar olunmayacaq və olunmamalıdır. Ümumiyyətlə, taksi bu gün vətəndaşlarımız üçün təhlükəsiz və keyfiyyətli olmalıdır".