Kamaləddin Qafarov: “Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır”


“Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili məlumat verib ki, bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi: “Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular”.

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Millət vəkili xüsisi vurğulayıb ki, Azərbaycan Ordusu müharibə dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və müharibəni ləyaqətlə aparıb: “ Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir”.
gg


"Yol-xeber.az" xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Quba şəhərinin M.P.Vaqif küçəsində yerləşdirilmiş Vətən Müharibəsi şəhidlərinin portretlərinə baxış keçirilmişdir.


Tanınmış jurnalist Eynulla Fətullayev Kiyevdə ukraynalı həmkarı Dmitri Qordonla söhbətləşib.

Müsahibə canlı olaraq Fətullayevin “YouTube” kanalında yayımlanıb.

Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 76-cı ili tamam olur.

Yol-xeber.az məlumat verir ki, erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən A.Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. 

Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi ona Allahverdi, yəni “Allahın payı” adını verir. Bu, həm də onun ana babasının adı idi. 

O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. 

O, həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında A.Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradır. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılır və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq, bu posta keşik çəkməyə gedir. Daha sonra bu cür özünümüdafiə postları ermənilərlə həmsərhəd digər kəndlərdə də yaradılır.

1991-ci il oktyabrın 1-də Azərbaycan ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılır. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olur. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora “Vətən oğulları” adı verilir. Eldar Bağırov həmçinin, Azərbaycan Ali Sovetinin üzvü seçilir. Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayır. 

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Allahverdi Bağırovun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək, Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub.

Cəmisi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək, Ağdama gətirilib. Eyni zamanda, Azərbaycan tərəfi 613 nəfər itki verib. 

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Həmçinin, bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasnyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və cəsədləri Ağdama gətirib. 

Bağırovun bu fəaliyyəti “Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb. 

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutur. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək, Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb. 

Bu əməliyyatdan iki gün sonra iyunun 14-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

A.Bağırovun Bakıda Şəhidlər Xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunur. Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Qızıl ulduz” medalı ilə təltif olunub.

Qeyd edək ki, Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları 27 ildən sonra onun məzarını ziyarət ediblər.

Qızları onun məzarı üzərinə Azərbaycanın dövlət bayrağını sərib, şəklini asıb, güllər düzüb və dua ediblər. 

 

 

 
Kamaləddin Qafarov: “Azərbaycan və Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

“ Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə yeni bir səviyyəyə çatıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edən tarixi sənədlərdir: “Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan və Qırğızıstan arasında imzalanmış sənədlərdən bəhs edərək onların əhəmiyyətini xüsusi vurğuladı. Məlumdur ki, iki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Məhz buna görə də Azərbaycan və Qırğızıstan dövlətləri arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması belə böyük əhəmiyyət kəsb edir. Dövlət başçımızın da dediyi kimi, bu sənəd ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin formatını müəyyən edən amillərdən biri də ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləməsidir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi. Bundan başqa BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bu iki dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb. Dövlət başçılarının gəldikləri yekdil qənaət bu olub ki, ölkələrimiz arasında mövcud olan əmtəə dövriyyəsinin hazırkı səviyyəsi qənaətbəxş hesab oluna bilməz.Təbii ki, aparılan müzakirələrdə nəqliyyat infrastrukturu mövzusu da diqqət mərkəzində olmuşdur. Danışıqlarda Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin birləşdirilməsilə bağlı məsələlər ətraflı müzakirə olunub”, - deyə K.Qafarov qeyd edib. Milli Məclisin deputatı bildirib ki, bu sahədə artıq kifayət qədər təcrübə toplamış Azərbaycan şirkətləri üçün Qırğızıstan iqtisadiyyatının enerji sektoru böyük maraq kəsb edə bilər: “Son bir neçə ildə Azərbaycan şirkətləri müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında böyük təcrübə əldə ediblər. Əlbəttə ki, bu istiqamətdə də səylərin birləşdirilməsi və Azərbaycanın investisiya potensialının Qırğızıstana yönəldilməsi qarşılıqlı faydalı ola bilər. - deyə Kamaləddin Qafarov fikirlərini sona çatdırıb.

Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən “Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Atışdan əvvəl hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub.

6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən atəş üzrə təlim atış çalışmalarında öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi qulluqçuların mükafatlandırılmasıdır.

 

Mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar daha tez pensiyaya çıxa biləcəklər. Bu məsələ "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı "Xəzər Xəbər"ə deyib ki, bu sahələrdə çalışan şəxslər pensiya təyinatına dəyişikliklərin olması ilə bağlı bir neçə dəfə müraciətlər ediblər. Artıq qeyd olunan sahələrdə çalışan şəxslərin pensiya təyinatı ilə bağlı dövlət tədbirlər görəcək.

Məlahət İbrahimqızının sözlərinə görə, mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar pensiyaya çıxarkən onlar üçün həm pensiya kapital tələbatı, həm də 25 illik staj tələbi, eyni zamanda, yaş tələbi var idi. Bir sıra hallarda bu kateqoriyadan olan insanlar həmin yaş müddətində pensiya kapitalını toplaya bilmirdi. Stajı toplaya bilmədiyinə görə, müvafiq şəraitdə lazımi pensiyanı da ala bilmirdi. İndi bu tələblər aradan qaldırılır.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında"qanuna edilən dəyişikliklər komitə iclasında müzakirə olunaraq qəbul edilib. Qanuna edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis- kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Əmlak məsələləri üzrə mütəxəssis Mülkədar Rüstəmov "Xəzər Xəbər"ə bildirib ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək. Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub. Görüləcək işlər Bakının əmlak bazarında qiymətlərə də təsir edəcək. Onun fikrincə, şəhərin bir sıra ərazilərində torpaq sahələri və mənzillərin qiyməti bahalaşacaq.

Qeyd edək ki, Bakı şəhərinin Baş planı 4 prioritet hədəf əsasında hazırlanır. Bunlar şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin regenerasiyasi, şəhərin memarlıq siması və tarixi irsə qayğı, elcə də yeni məzmunudur. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.

Mədəniyyət Nazirliyi teatrlara qadağa tətbiq edib.

Kulis.az xəbərinə görə, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub.

Məsələ ilə bağlı ölkədəki teatrlara sorğu göndərilib, lakin teatrların mətbuat xidmətləri bu məlumatı təkzib ediblər.

Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi ilə zənglərə cavab verməyib.

Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar aşkar edilir.

Trend bildirir ki, artıq Böyük Britaniya, Hollandiya, İspaniya, Danimarka, İsrail və ABŞ-da adıçəkilən xəstəliyə yoluxma halları qeydə alınıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə gedişatın ağır olduğunu, hətta qaraciyər transplantasiyasına ehtiyac duyulduğunu bildirib.

Məlumatlara görə, ümumi simptomlar kəskin hepatit üçün xarakterikdir. Lakin bu xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı da artıq yoluxma halları ilə bağlı müvafiq araşdırmalara başlayıb.

Xəbər lenti