![]() |
|
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başlanır.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, qeydiyyat 26 maydan 12 iyun tarixinədək aparılacaq.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.
Aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
4 mayda keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 29 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.
Məlumat üçün bildirək ki, qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak üçün 40 manat ödəniş tələb olunur.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də baş tutub. I və IV qruplar üzrə isə imtahan iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.
Azərbaycanda Məhərrəmlik ayı iyunu 26-na təsadüf edəcək.
Bu, Qafqaz Müsəlmanlar İdarəsinin təqvimində qeyd edilib.
Belə ki, Aşura günü iyulun 5-nə təsadüf edəcək. Təqvimdə Məhərrəmlik ayının sonuncu günü iyulun 25-ni göstərir. Bundan sonra isə Səfər ayı başlayacaq.
Qeyd edək ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.
1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın müstəqil dövlət qurmaq iradəsinin və siyasi yetkinliyinin parlaq nümunəsi idi. 28 May şərəfli tariximizdə yalnız dövlətimizin qurulduğu gün deyil, eyni zamanda milli azadlıq arzularının reallaşdığı, xalqımızın dünya siyasi səhnəsinə müstəqil siyasi subyekt kimi çıxdığı gündür.
XX əsrin əvvəlləri, xüsusilə I Dünya müharibəsindən sonra, imperiyaların süqutu və milli azadlıq hərəkatlarının yüksəlişi dövrü başladı. Belə mürəkkəb geosiyasi şəraitdə Qafqazda da yeni siyasi xəritə formalaşırdı. 1918-ci ilin mayında Tiflisdə Müsəlman fraksiyasının təşəbbüsü ilə Azərbaycan Milli Şurası yaradıldı və Azərbaycanın müstəqilliyi elan olundu. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə və İslam dünyasında ilk parlamentli, demokratik respublika kimi tarixə qovuşdu. Cəmi 23 ay mövcud olan dövlətimizin ömrü qısa olsa da, onun gördüyü işlər, qoyduğu hüquqi-siyasi təməllər bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edir. Parlamentin yaradılması, dövlət dilinin elan edilməsi, ordu və təhsil sisteminin qurulması, qadınlara seçki hüququnun verilməsi kimi tədbirlər AXC-nin təkcə siyasi yox, həm də cəmiyyətin modernləşməsinə yönəlmiş mütərəqqi sistem olduğunun təsdiqidir.
1920-ci ilin aprelində qırmızı imperiyanın işğalı nəticəsində AXC süqut etdi və xalqımızın azadlıq arzusuna divan tutuldu. Kütləvi həbslər, ağır işgəncələrlə məhrumiyyət yaşadıq. Milli düşüncə sahiblərini qətl və qəsd edən imperiya cəlladları xalqımızın azadlıq istəyini, milli ideyalarını qəlbimizdən çıxara bilmədilər. Müstəqillik arzusu sovet dövründə belə yaddaşımızdan silinmədi, düşüncəmizdə yaşadı. Bu mənəvi davamlılıq 1991-ci ildə yenidən istiqlaliyyətin bərpası ilə nəticələndi.
Qanımız, canımız hesabına yenidən azadlığımıza qovuşduq. Beləliklə, əsrin əvvəllərində endirilən bayraq, yenidən Azərbaycan səmasında ucaldı. Amma biz bu tarixi xoşbəxtliyi yaşamamış onu ikinci dəfə itirmək təhlükəsi ilə baş-başa qaldıq, müstəqil dövlətimiz yıxılır, azadlığımız əlimizdən alınırdı.
O zaman Azərbaycana rəhbərlik edən naşı siyasətçilərin uğursuz idarəçiliyi ölkəmizdə siyasi, hərbi böhran yaradaraq vətəndaş itaətsizliyi yaratmışdı. Ölkəni bürüyən separatizm alovu, daxili, xarici düşmənlərin
anti-Azərbaycan fəaliyyəti fonunda müstəqilliyimiz itirilmək təhlükəsinin bir addımlığında idi. Belə ağır və mürəkkəb dövrdə böyük Heydər Əliyev xalqına, dövlətinə sahib çıxaraq təkcə müstəqilliyimizi məhv olmaq təhlükəsindən qorumadı, qüdrətli ölkə quraraq dövlətimizin, xalqımızın xilaskarına çevrildi. Heydər Əliyev təxirəsalınmaz islahatlar ilə ölkəmizə sabitlik, əmin-amanlıq, sosial inkişaf gətirdi. Tənəzzüldə olan Azərbaycanı inkişaf yoluna çıxararaq həqiqi lider kimi nümunə sərgilədi. Siyasi qətiyyəti və cəsarəti ilə müstəqilliyimizə tuşlanan namərd güllələrdən, təhdidlərdən çəkinməyərək iknci dəfə Azərbaycanın qəsd olunmasına imkan vermədi, könüllərin sevimlisi oldu.
Qürurla qeyd etmək yerinə düşər ki, bu gün Ulu Öndərin qurduğu Azərbaycan Respublikası məhz AXC-nin ideyalarının hüquqi-siyasi varisi kimi çıxış edir. Müstəqil Azərbaycanın Konstitusiyası, dövlət atributları və beynəlxalq hüquq subyekti kimi mövcudluğu 28 Mayın tarixi mirasına əsaslanır. Hər il bu tarixdə keçirilən rəsmi tədbirlər, xalq arasında bayram əhval-ruhiyyəsi təkcə keçmişə hörmət deyil, həm də gələcəyə verilən vəddir. Hazırda Azərbaycan regional və qlobal siyasətdə mühüm aktora çevrilib. Enerji siyasəti, nəqliyyat layihələri, hərbi güc və diplomatik təşəbbüslərlə çıxış edən müasir Azərbaycan dövləti AXC-nin qoyduğu təməl üzərində ucalır. Əminliklə qeyd etmək olar ki, bu gün Cümhuriyyət qurucularının ruhu şaddır. Onların xəyalən görmək istədiyi şanlı Azərbaycan bu gün dünyanın siyasi səhnəsində öz standartlarını diqtə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xətt dövlətçiliyin davamlılığının, müstəqilliyimizin və milli maraqların müdafiəsinin təminatçısıdır. Tarixin bütün dönəmlərində Azərbaycan heç zaman indiki qədər qüdrətli olmayıb, ölkəmiz Avropanın enerji xəritəsini cızır, dünyada söz sahibidir, neokolonializmə qarşı mübarizə aparır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşa bilməz! Gerçəkdən, AXC aydınlarının arzusu da Vətəni belə görmək idi.
Ötən əsrin əvvəllərində heyranlıqla oxşadılan, əngin səmalarda dalğalanmasının isə ədəbi düşüncələrdə mələklərin qanadı üzərinə kölgə saldığı bildirilən, endirilməsi, süqutu göz yaşlarıyla seyr edilən üçrəngli bayrağımız bu gün Azərbaycan liderinin hərbi-siyasi qətiyyəti ilə suveren ərazilərimizin hər yerində qürurla dalğalanır.
28 May – bu tarix təkcə bir dövlətin yaranması deyil, həm də bir millətin öz azadlıq haqqını bütün dünyaya bəyan etdiyi gündür. 1918-ci ilin bu möhtəşəm günündə Azərbaycan xalqı tarix səhnəsinə öz istiqlal manifesti ilə çıxaraq, Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün müsəlman Şərqi üçün bir ilk idi – ilk parlamentli, demokratik, hüquqi dövlət nümunəsi.
Azərbaycan Xalq Cümhuriyyəti xalq iradəsinə söykənərək demokratik prinsipləri öz idarəçilik sisteminə gətirdi. Söz, mətbuat, toplaşma azadlıqları təmin olundu, qadınlara seçki hüququ verildi, təhsil və məhkəmə sistemində ciddi islahatlar aparıldı. Milli ordu quruldu, Azərbaycanın dövlət atributları – bayraq, gerb və himn qəbul edildi. Bunlar sübut etdi ki, Azərbaycan xalqı idarəçiliyə, dövlət qurmağa, milli kimliyini qorumağa qadir xalqdır.
Lakin bu tarixi cəhd 23 ay sonra, 1920-ci ilin aprelində sovetlərin işğalı ilə yarımçıq qaldı. Xalqımız yenidən əsarətə məhkum oldu. Lakin 28 Mayın ruhu – o istiqlal ideyası xalqın yaddaşından heç vaxt silinmədi. İllər boyu bu azadlıq arzusu qəlblərdə yaşadı, yeni nəsillərə ötürüldü.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Bu dəfə isə qarşıda daha böyük sınaqlar vardı – siyasi xaos, iqtisadi böhran, torpaq itkisi və vətəndaş etimadsızlığı. Xalq yenidən bir xilaskar axtarırdı. O xilaskar – Ümummilli Lider Heydər Əliyev oldu. Onun rəhbərliyi ilə Azərbaycan yenidən sabitliyə, inkişaf və tərəqqiyə doğru yol aldı. Dövlət quruculuğu əsaslı şəkildə bərpa edildi, milli maraqlara söykənən xarici siyasət formalaşdı, iqtisadi islahatlarla ölkə dirçəldi.
Bu gün isə həmin irs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan, regionun lider dövləti olaraq, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan böyük nailiyyətlər əldə edib. Xüsusilə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi ilə xalqımız ədalətin və milli ləyaqətin zəfərini yaşadı. Qarabağ torpaqları azad olundu, Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu zəfər yalnız hərbi deyil, siyasi və mənəvi baxımdan da tarixi bir dönüş nöqtəsi oldu.
28 May bu gün yalnız keçmişə deyil, həm də gələcəyə uzanan bir körpüdür. Bu gün biz 1918-ci ilin o cəsur qərarının bəhrəsini yaşamaqdayıq. Bu gün dünya Azərbaycanı güclü, qətiyyətli və öz taleyinə sahib çıxan bir dövlət kimi tanıyır. Bu gün gənclərimiz azad bir ölkədə təhsil alır, bayrağımız əminliklə dalğalanır və şəhidlərimizin ruhu rahatlıq tapır.
Müstəqillik sadəcə bir status deyil – bu, bir xalqın kimliyidir, şərəfidir, vicdanıdır.
28 May – hər bir azərbaycanlının qəlbində yaşayan, gələcək nəsillərə ötürüləcək bir vətəndaşlıq fəlsəfəsidir. Və bu fəlsəfə bizim azadlıq yolumuzda hər zaman yolumuzu işıqlandıracaq.
Azərbaycan xalqının taleyində silinməz iz buraxan 28 May 1918-ci il tarixi, yalnız bir dövlətin qurulması ilə deyil, həm də milli kimliyin bərpası, azadlıq uğrunda mübarizənin rəmzi kimi əlamətdar hadisədir. Bu gün Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi, xalqın öz taleyini öz əli ilə müəyyən etmək hüququnun təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə azərbaycanlılar ilk dəfə müstəqil və demokratik dövlət qurmaq hüququna sahib çıxdılar.
Bu hadisə, regionda və bütövlükdə İslam Şərqində ilk parlamentli respublikanın yaradılması ilə də tarixə düşdü. Lakin bu müstəqillik yolu asan olmadı. İtirilən azadlıqlar, qazanılan təcrübələr və bərpa edilən dövlətçilik – bütün bunlar müasir Azərbaycanın siyasi varlığının formalaşmasında əhəmiyyətli rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ilk dəfə olaraq hüquqi əsaslarla qurulan, milli maraqlara və beynəlxalq prinsiplərə əsaslanan demokratik dövlət idi. Cümhuriyyətin ilk addımları dövlət atributlarının formalaşdırılması, milli ordu quruculuğu, təhsil və mətbuatın inkişafı ilə müşayiət olundu. Qadınlara səsvermə hüququnun verilməsi, milli parlamentin yaradılması və azsaylı xalqlara bərabər hüquqların tanınması kimi addımlar bu dövlətin nə qədər mütərəqqi düşüncəyə malik olduğunu sübut edirdi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti gələcək müstəqil dövlətin əsaslarını formalaşdırdı. Onun fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı öz dövlətini qurmaq, qorumaq və inkişaf etdirmək gücünə malikdir.
1991-ci il, Azərbaycan üçün ikinci dəfə dövlət müstəqilliyinin əldə olunması ilə yadda qaldı. SSRİ-nin süqutu fonunda Azərbaycan yenidən öz suverenliyini elan etdi. Lakin bu mərhələdə ölkə dərin siyasi və iqtisadi böhranla, separatçılıq təhlükəsi ilə və Ermənistanın hərbi təcavüzü ilə qarşı-qarşıya qaldı.
Belə ağır və mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin taleyini dəyişdi. O, müstəqilliyi yalnız bərpa etmədi, həm də onu möhkəmləndirdi, dövlət institutlarını formalaşdırdı, beynəlxalq əlaqələri genişləndirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik təməli o qədər möhkəm atıldı ki, sonrakı illərdə ölkə sabit inkişaf yoluna qədəm qoydu.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan XXI əsrdə böyük nailiyyətlərə imza atdı. Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri, iqtisadi diversifikasiya siyasəti, rəqəmsal transformasiya təşəbbüsləri ölkənin regional və qlobal əhəmiyyətini artırdı. Lakin bu uğurların içində ən yaddaqalanı və tarixə qızıl hərflərlə yazılanı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə edilən Qələbədir.
Azərbaycan Ordusunun rəşadəti və Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu zəfər təkcə hərbi uğur deyil, həm də xalqın birliyi, dövlətin gücü və milli ruhun təntənəsidir. Artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər bərpa olunur, həyat yenidən qaytarılır.
Müstəqil Azərbaycan təkcə siyasi və iqtisadi mənada deyil, həm də mədəni və mənəvi baxımdan yeni mərhələyə qədəm qoyub. Bu gün milli mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz, incəsənətimiz dünya miqyasında tanınır. Beynəlxalq festival və tədbirlərdə Azərbaycan mədəniyyəti təmsil olunur, UNESCO-nun qeyri-maddi irs siyahısına bir sıra milli dəyərlərimiz daxil edilib.
Bu, sübut edir ki, müstəqillik yalnız sərhədlərlə yox, həm də mənəvi sərvətlərlə qorunur. Mədəniyyət və milli dəyərlər bir millətin ruhunun ifadəsidir və bu ruh yalnız azad toplumlarda inkişaf edə bilər.
28 May, Azərbaycan xalqının öz azadlığına, suverenliyinə və milli iradəsinə sahib çıxmasının rəmzidir. Bu tarix bizim üçün sadəcə bir bayram deyil, həm də vətənə, dövlətə və gələcəyə olan məsuliyyətin günüdür. Bu gün hər bir azərbaycanlı anlamalıdır ki, müstəqillik qorunmalıdır, inkişaf etdirilməlidir və gələcək nəsillərə layiqincə ötürülməlidir.
Azərbaycanın bu günkü uğurları keçmişin fədakarlığı, bu günün zəhməti və sabahın ümidləri ilə yoğrulmuş bir iradənin təntənəsidir. Müstəqillik bizim müqəddəs nemətimizdir və onu qorumaq hər bir vətəndaşın şərəfli vəzifəsidir.
Azərbaycan xalqının şərəfli tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə bir bayram olaraq qalmır, həm də milli yaddaşın ən parlaq səhifələrindən birinə çevrilir. 28 May – Müstəqillik Günü məhz belə müqəddəs və əbədi anlam daşıyan tarixlərdəndir. Bu gün, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bir millətin azadlıq arzuları gerçəyə çevrildi, bir xalq öz taleyinin sahibi oldu. 28 May, dövlət qurmaq iradəsinin, milli birlik ruhunun və azadlıq eşqinin simvoludur.
1918-ci il 28 may tarixində Tiflisdə keçirilən iclasda Müsəlman Şərqində ilk demokratik, dünyəvi və hüquqi dövlət quruldu – Azərbaycan Xalq Cümhuriyyəti. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu Cümhuriyyət qısa müddətdə çox böyük işlərə imza atdı. Parlament idarəetməsi yaradıldı, ilk milli ordu formalaşdırıldı, dövlət atributları təsis edildi, ana dilinə və milli mətbuata xüsusi önəm verildi, dünyəvi təhsil sistemi qurulmağa başlandı. Cümhuriyyətin varlığı, Azərbaycanın gələcək müstəqilliyinə yol açan tarixi bir bünövrə rolunu oynadı.
1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı, dövlətimizin beynəlxalq tanınması istiqamətində atılmış mühüm addım idi. Təəssüf ki, 1920-ci ilin aprelində sovetləşmə nəticəsində Cümhuriyyət süqut etdi və müstəqillik müvəqqəti olaraq itirildi. Lakin xalqın azadlıq arzusu heç vaxt sönmədi.
70 illik sovet əsarətindən sonra Azərbaycan xalqı bir daha müstəqilliyini bərpa etdi. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan Respublikası yenidən öz suverenliyini elan etdi. Lakin bu mərhələ də özlüyündə yeni çağırışlarla, siyasi və hərbi təhdidlərlə, iqtisadi böhranla müşayiət olundu. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və daxili siyasi xaos dövlətin gələcəyini təhlükə altına atmışdı.
Belə ağır bir zamanda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını aldı, dövlətçiliyin bərpasını və möhkəmləndirilməsini təmin etdi. Onun apardığı uzaqgörən siyasət sayəsində ölkədə sabitlik bərpa olundu, strateji iqtisadi layihələr reallaşdı və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı.
Heydər Əliyev siyasi kursunun davamı olaraq, Prezident İlham Əliyev Azərbaycanın müasir dövrünü yeni inkişaf mərhələsinə çıxardı. Bu mərhələ təkcə iqtisadi nailiyyətlərlə deyil, həm də siyasi və hərbi sahədə əldə olunan uğurlarla əlamətdardır. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin qətiyyətini, gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu, yalnız hərbi zəfər deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərin ruhunun rahatlanması, müstəqilliyin tam və əbədi formada möhkəmləndirilməsi demək idi.
Hazırda işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işləri aparılır. Yeni şəhərlər, yollar, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində yüz minlərlə vətəndaşın öz yurdlarına dönməsi planlaşdırılır. Bu, həm də müstəqil Azərbaycanın yeni tarixi mərhələyə keçdiyini göstərir – qalib xalq, güclü dövlət, etibarlı gələcək.
Azərbaycanın beynəlxalq arenadakı mövqeləri də gündən-günə möhkəmlənir. İqtisadi sabitlik, enerji təhlükəsizliyi sahəsindəki strateji layihələr, nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkəmizin regional və qlobal əhəmiyyətini artırır. Müstəqillik artıq yalnız daxili deyil, həm də beynəlxalq miqyasda etiraf olunan siyasi və iqtisadi gücə çevrilmişdir.
Müstəqil dövlətdə yaşamaq hər bir vətəndaş üçün böyük nemət olmaqla yanaşı, həm də məsuliyyətdir. Bu məsuliyyətə ölkənin sabitliyini qorumaq, milli dəyərlərə sahib çıxmaq, qanunlara riayət etmək, təhsilə və elmə önəm vermək, vətənə sadiq övlad yetişdirmək daxildir. Müstəqillik yalnız dövlətin suverenliyini deyil, eyni zamanda fərdin azadlığını, mədəniyyətin çiçəklənməsini, ictimai tərəqqini təmin edən ali dəyərdir.
28 May təkcə bir tarixi gün deyil, milli iradənin, milli ruhun və milli qürurun təntənəsidir. Bu gün hər bir azərbaycanlının ürəyində Vətəni üçün məsuliyyət hissini oyatmalı, gələcək nəsillərə ötürüləcək əbədi bir dəyər kimi yaşadılmalıdır.
Müstəqillik – qürurumuz, sabahımız və azad gələcəyimizdir. Azərbaycan bu müstəqilliklə daha da güclənəcək, daha da ucalacaq.
Azərbaycan xalqı öz tarixində çoxsaylı sınaqlarla üzləşmiş, azadlıq və müstəqillik uğrunda saysız mübarizələrdən keçmişdir. Lakin bütün bu çətinliklərə baxmayaraq, xalqımız milli iradəsini qorumağı, öz dövlətçilik şüurunu yaşatmağı bacarmışdır. 28 May 1918-ci il məhz bu əzmin və qətiyyətin nəticəsi kimi Azərbaycanın tarixində əbədi yer almışdır. Bu gün həm keçmişə qürurla baxmaq, həm də gələcəyə inamla addımlamaq üçün əhəmiyyətli bir simvoldur.
1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız Şərqdə ilk parlamentli respublikanı yaratdı. Bu, sadəcə siyasi bir akt deyil, həm də xalqın öz taleyini əlində tutmaq əzmini, azadlıq ideallarına sədaqətini göstərən tarixi addım idi. Cümhuriyyət dövründə qəbul olunmuş qanunvericilik aktları, dövlət rəmzlərinin təsis edilməsi, təhsilin və mətbuatın inkişafı sahəsində görülən işlər qısa zaman ərzində dövlətçilik ənənələrinin formalaşmasına zəmin yaratdı.
Həmin dövrdə qadınlara seçki hüququnun verilməsi, millətlərarası dözümlülüyün təşviqi və beynəlxalq tanınma istiqamətində atılan addımlar Azərbaycan cəmiyyətinin nə qədər mütərəqqi və humanist dəyərlərə sahib olduğunu sübut etdi. Təəssüf ki, Cümhuriyyətin ömrü cəmi 23 ay sürdü və 1920-ci ilin aprelində sovetləşdirmə nəticəsində bu müstəqil dövlət süquta uğradı.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Lakin bu mərhələ də ölkə üçün asan baş vermədi. Xarici müdaxilələr, Ermənistanın hərbi təcavüzü, daxili siyasi gərginlik və iqtisadi tənəzzül Azərbaycanı yeni təhlükələrlə üz-üzə qoydu.
Bu çətin dövrdə xalqın tələbi ilə siyasi rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətin dağılmasının qarşısını aldı, sabitliyi və idarəetməni bərpa etdi. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni strateji xətti müəyyənləşdirildi. Beynəlxalq əlaqələr möhkəmləndirildi, neft müqavilələri vasitəsilə ölkəyə xarici sərmayə cəlb olundu və ölkənin gələcək inkişafı üçün möhkəm təməl qoyuldu.
Müstəqillik yolunun davamında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin ən parlaq səhifəsi isə 2020-ci ilin payızında yazıldı. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu düşməni məğlub etdi və ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi zəfər dövlətimizin siyasi və hərbi qüdrətini, xalqın birliyini və liderliyin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri təkcə infrastruktur layihələri deyil, həm də milli ruhun və dövlət iradəsinin dirçəlişidir. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı bu prosesin ideoloji əsası, xalqın isə ümumi amal ətrafında birləşməsinin simvoludur.
Azərbaycanın müstəqilliyi yalnız siyasi atributlarla məhdudlaşmır. Bu, xalqın öz dilində danışmaq, öz tarixini yazmaq, öz bayrağı altında yaşamaq hüququnun bərpasıdır. Müstəqillik milli mədəniyyətin, mənəviyyatın, dini dəyərlərin sərbəst şəkildə inkişaf etməsinin təminatıdır. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır, multikultural dəyərlər dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təşviq olunur.
Hər bir vətəndaş müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duymalı, onun inkişafına öz töhfəsini verməlidir. Müstəqillik həm də məsuliyyətdir – tarix qarşısında, gələcək nəsillər qarşısında, şəhidlərimizin ruhu qarşısında daşıdığımız müqəddəs bir məsuliyyət.
Azərbaycan bu gün beynəlxalq aləmdə güclü tərəfdaş, etibarlı müttəfiq, regional lider kimi tanınır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, beynəlxalq tədbirlərin keçirilməsi kimi sahələrdə ölkəmiz öz sözünü deyir. Eyni zamanda, ölkədə aparılan sosial islahatlar, gənclərə və təhsilə verilən önəm gələcəyə daha güclü addımlarla irəliləməyin əsasını təşkil edir.
Azərbaycan xalqı bu gün müstəqil dövlətə sahib olduğu üçün haqlı olaraq fəxr edir. Lakin bu müstəqilliyin davamlılığı üçün hər birimizin üzərinə düşən vəzifələr var. Vətəndaş cəmiyyətinin inkişafı, hüququn aliliyi, təhsilin və elmin inkişafı, milli dəyərlərin qorunması bu günün və gələcəyin əsas çağırışlarıdır.
28 May təkcə tarixi bir faktın xatırlanması deyil, həm də milli qürurun və vətəndaş məsuliyyətinin təcəssümüdür. Bu gün hər bir azərbaycanlı üçün təkcə bayram deyil, həm də düşüncə, hesabat və təşəkkür günüdür – tarixə, liderlərə, şəhidlərə və öz xalqına.
Müstəqilliyimiz daim olsun. Azərbaycan əbədi yaşasın. Bayrağımız hər zaman ucalarda dalğalansın.
Azərbaycan tarixində elə günlər var ki, xalqın varlığını, azadlıq ruhunu və milli iradəsini özündə cəmləşdirir. 28 May – Müstəqillik Günü bu günlərin zirvəsində dayanır. Bu tarix yalnız bir dövlətin qurulması günü deyil, həm də xalqın öz gələcəyini təyin etmək, suverenliyini elan etmək və milli kimliyini təsdiqləmək uğrunda apardığı mübarizənin şərəfli nəticəsidir.
Birinci Dünya Müharibəsi, çar Rusiyasının süqutu və regionda yaranmış siyasi xaos fonunda, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu hadisə ilə Azərbaycan türk-müsəlman Şərqində ilk demokratik, parlamentli respublika kimi tarixə düşdü. Cümhuriyyətin elan olunması, uzun əsrlər boyu imperiyaların hökmranlığı altında yaşamış bir xalqın öz taleyini özü müəyyən etmək gücünə və cəsarətinə malik olduğunu sübut etdi.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir sıra mühüm islahatlara imza atdı. Qadınlara səsvermə hüququnun tanınması, milli ordu quruculuğu, müasir təhsil sisteminin təməli, dövlət rəmzlərinin qəbul olunması və beynəlxalq əlaqələrin qurulması bu dövrün ən önəmli uğurlarından idi. Lakin 1920-ci ilin aprelində bolşevik işğalı bu tarixi prosesi yarımçıq saxladı.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik asan əldə olunmadı. İlk illərdə ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran, vətəndaş qarşıdurmaları və Ermənistanın torpaqlarımıza qarşı təcavüzü müstəqilliyimizi təhlükə altına almışdı.
Məhz bu çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, müdrikliyi və qətiyyəti ilə dövlətin dağılmasının qarşısını aldı. Onun rəhbərliyi ilə yeni Konstitusiya qəbul edildi, hüquqi və siyasi sabitlik bərqərar oldu, beynəlxalq əlaqələr quruldu və iqtisadi islahatlar başlandı. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi Azərbaycanın gələcəyini müəyyənləşdirən ideoloji və strateji çərçivəyə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, müstəqilliyini yalnız qoruyub saxlamaqla kifayətlənmir, eyni zamanda onu daha da möhkəmləndirir və inkişaf etdirir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu, tarixdə yalnız hərbi və siyasi uğur deyil, həm də milli ləyaqətin, dövlətçilik iradəsinin və xalq-vətəndaş birliyinin təntənəsi kimi qiymətləndirilir.
İlham Əliyev dövründə ölkədə güclü ordu qurulmuş, regional və qlobal enerji layihələri həyata keçirilmiş, müasir infrastruktur şəbəkəsi formalaşmışdır. Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam edir. Bu proseslər yalnız torpaqların yenidən abadlaşdırılması deyil, həm də müstəqil Azərbaycanın gücünü və potensialını əks etdirən simvoldur.
Müstəqillik sadəcə bir status və ya bayram deyil, o, gündəlik olaraq hər bir vətəndaşın düşüncəsində, fəaliyyətində və yaşam tərzində əks olunmalıdır. Müstəqil Azərbaycan uğrunda şəhid olmuş qəhrəmanların ruhuna ehtiram göstərmək, bu dövləti daha güclü, daha ədalətli və daha rifahlı etmək üçün çalışmaq hər kəsin borcudur.
Bu gün Azərbaycan müstəqilliyini qoruyan və inkişaf etdirən nümunəvi bir dövlətə çevrilib. Qlobal iqtisadi çətinliklər, geosiyasi gərginliklər fonunda Azərbaycanın sabitliyi, inkişafı və diplomatik mövqeyi onu regionda mühüm aktora çevirib. Bu uğurların arxasında isə bir tərəfdən dövlətin güclü idarəetməsi, digər tərəfdən isə xalqın sarsılmaz iradəsi dayanır.
28 May – Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu gün, keçmişə ehtiram, bu günə dəyər və gələcəyə ümidin ifadəsidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, azadlıq və müstəqillik onun üçün sadəcə arzuların deyil, həm də gerçəkliyin bir hissəsidir. Bu gerçəkliyi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək isə hər birimizin müqəddəs vəzifəsidir.
Müstəqilliyimiz daim olsun. Azərbaycan var olsun, suverenliyi əbədi yaşasın.
28 May – Azərbaycan xalqının milli kimliyini, iradəsini və azadlıq uğrunda mübarizə ruhunu əks etdirən ən möhtəşəm tarixlərdən biridir. Bu gün təkcə dövlətin yaradılması deyil, bir xalqın öz taleyinə sahib çıxmaq cəsarətinin simvoludur. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti, tarix səhnəsinə çıxan ilk müsəlman və türk cümhuriyyəti kimi təkcə ölkəmizin deyil, bütün Şərq dünyasının şərəf rəmzinə çevrildi.
28 May 1918-ci il tarixində Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti, uzun illər çar Rusiyasının hökmranlığı altında yaşamış bir xalqın tarixi seçimiydi. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi, azərbaycançılıq ideologiyasının hüquqi təməlini qoydu. Bu sənəddə Azərbaycanın sərhədləri, dövlət rəmzləri və idarəetmə prinsipləri aydın şəkildə bəyan olunmuşdu.
Ən diqqətçəkən cəhətlərdən biri də cəmi 23 ay mövcud olan bu dövlətin parlamentli respublika modelini, qadınlara seçki hüququnu və təhsil sahəsində fundamental islahatları tətbiq etməsidir. Qısa ömrünə baxmayaraq, bu cümhuriyyət həm siyasi, həm hüquqi, həm də mənəvi baxımdan gələcək nəsillərə yol göstərdi.
1920-ci ilin aprelində sovet imperiyasının işğalı ilə Azərbaycan müstəqilliyini itirdi. Lakin azadlıq ideyası xalqın ruhundan heç vaxt silinmədi. Bu dövr ərzində repressiyalar, sürgünlər və milli irsə qarşı təzyiqlərə baxmayaraq, istiqlal arzusu xalqın qəlbində yaşayırdı. Bu, sönməyən bir məşəl idi – gizli ocaq kimi qəlblərdə alovlanırdı.
Sovet imperiyasının süqutu ilə 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdi. Amma bu müstəqillik dərin sosial-iqtisadi və siyasi çətinliklərlə qarşı-qarşıya qaldı. Daxili qarşıdurmalar, Ermənistanın işğalçılıq siyasəti və dövlət quruculuğunda olan boşluqlar Azərbaycanın gələcəyini təhdid edirdi.
Azərbaycanın xilası məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə mümkün oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev müstəqil dövlətin təməl sütunlarını bərpa etdi, milli birliyi təmin etdi və müasir dövlət quruculuğuna start verdi.
Onun həyata keçirdiyi Konstitusiya islahatları, iqtisadi sabitlik tədbirləri, neft strategiyası və xarici siyasətdə balanslı mövqe sayəsində Azərbaycan qısa müddətdə regionun lider dövlətinə çevrildi. Onun “Mənim həyatımın məqsədi Azərbaycan xalqına xidmət etməkdir” ifadəsi dövlət başçısının milli və insani məsuliyyətini ən gözəl formada əks etdirir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq yalnız müstəqil deyil, müstəqilliyini qorumağı bacaran, onu gücləndirən və beynəlxalq arenada nüfuzunu artıran bir dövlətdir. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və dövlətin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu zəfər, yalnız torpaqlarımızın deyil, həm də müstəqilliyimizin tam bərpası idi. Şuşanın azad olunması, Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının, Ağdamın, Laçının və Kəlbəcərin geri qaytarılması Azərbaycan tarixində yeni bir səhifə açdı. Artıq müstəqilliyimiz yalnız sənəddə yox, torpaqda, səngərdə, bayraqda və qəlblərdə yaşayır.
Bugünkü Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Avrasiya məkanında enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və siyasi sabitlik sahəsində əsas aktorlardan biridir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi qlobal layihələr ölkəmizi geosiyasi baxımdan ön plana çıxarır.
Təhsil, texnologiya, mədəniyyət və ekologiya sahələrindəki inkişaf da Azərbaycan dövlətçiliyinin kompleks və davamlı uğurlarından xəbər verir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə Qarabağda yeni şəhərlər, ağıllı kəndlər və infrastruktur obyektləri inşa olunur – bu, müstəqilliyin əyani inşasıdır.
28 May – hər bir azərbaycanlının qürur günü, kimlik bayramı və milli şüurun dirçəlişidir. Bu gün biz təkcə keçmişi xatırlamırıq, həm də gələcəyə daha güclü baxırıq. Müstəqillik bizim təkcə hüququmuz deyil, məsuliyyətimizdir. Hər bir vətəndaş bu dövlətin sütunlarından biridir – kimisi elmiylə, kimisi əsgər kimi, kimisi müəllim, həkim, fermer kimi.
Müstəqil Azərbaycan – yüz illərin arzusu, bu günün gerçəkliyi və gələcəyin zəmanətidir.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın 28 May – Milli İstiqlalımızın Bayramı!