"Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib".

"Yol-xeber.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib", - nazir vurğulayıb.

Zəfər yürüşünün ən təsirli anı...

Bakıda 8 Noyabr tarixində baş tutan Zəfər yürüşündə təsirli anlar yaşanıb.

“Yol-xeber.az”ın məlumatına görə, sosial şəbəkədə yayılan videodan görünür ki, ayağı zədələnən qazi yürüş zamanı kütlənin qarşısından keçir. Bu zaman vətəndaşlardan biri diz çökərək onun ayağından öpmək istəyir. Qazi isə buna imkan verməyərək o şəxsi ayağa qaldırır.

Həmin anın görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

DSMF-in keçmiş vəzifəliləri dövlət büdcəsini talayıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı rayon şöbəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib. 

Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Masallı rayon şöbəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı həmin Nazirliyin müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla sözügedən qurumun Sosial yardım və müavinət sektorunun sabiq müdiri Rövşən Həzərxanovun həmin sektorda müvafiq olaraq baş məsləhətçi və məsləhətçi vəzifələrində işləmiş Malik Əlihüseynov və Şaiq Muxtarlı ilə qabaqcadan əlbir olaraq 2017-2020-ci illər ərzində rəsmi sənədlərə yalan məlumatları daxil etməklə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlir və xərclərin artıq ödənilməsi və az hesablanması yolu ilə onlara etibar edilmiş 14 min 490 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talamalarına, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə 122 min manat məbləğində ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Həzərxanov və adları qeyd edilən digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib. 

“Hər birimiz torpaqlarımızın azad olunmasında iştirak edən şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Lakin təəssüf ki, bəzi qazilərimiz qazi statusundan sui-istifadə etməyə çalışırlar”.

Bu sözləri oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib. 

O bildirib ki, biz qazilərimizlə qürur duyuruq, lakin bəzi davranışlarla onlar öz qazi statuslarına kölgə salmış olurlar:

“Bəzi qazilərimiz idarə etdikləri avtomobillərin nömrələrini çıxararaq yola çıxırlar. Burada məqsəd nədir? Tək məqsəd var, o da ki, yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaq. Bu yolverilməzdir. 
Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozur. Yol polisi əməkdaşları qanunvericiliyin təlblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqq qazandırmağa çalışırlar. Yenə də deyirik, biz qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq. Lakin qanun hər kəs üçün qanundur.

Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, lakin bu o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər. Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması, yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar”.

"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik "Azərbaycan Ordusu" qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı "Report"a təsdiqləyiblər.

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” filmi - Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə məhz bu filmdə təqdim olunur.

Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il ilk dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanında izdiham yaşanır. 

Hərbçilər, polislər, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edir.

Onlar Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsini yad edir.

 

 
  •  

 

 
 

Türkiyənin “Haber Global” kanalı Azərbaycanın paytaxtı Bakıda Zəfər Günü münasibəti ilə keçirilən yürüşünü canlı yayımlayır.

Həmin görüntüləri təqdim edirik:

l

Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.

 

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

 

Bu gün isə Qarabağın yaraları sağaldılır, bu yerlərə həyat qayıtmağa başlayır.

 

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu, ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı.

 

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.

 

Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, Prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.

 

Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi.

 

Prezidentimiz 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edildiyi kimi, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi.

 

Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-da, cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

 

Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.

 

Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda bir ilə yaxındır ki, genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri istifadəyə verilir, yenilərinin təməli qoyulur. Cəmi 8 ay ərzində Füzulidə beynəlxalq aeroport tikilərək istifadəyə verilib, Füzulidən Şuşaya gedən Zəfər yolunun tikintisi başa çatıb, bir sıra elektrik stansiyaları işə salınıb. Azad olunan rayonlarımızda “ağıllı kənd” layihələri icra olunur. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bərpasının təməli qoyulub.

 

Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçə və prospektlər, meydanlar, eyvanlar üçrəngli bayrağımızla bəzənib.

 

Zəfər Günümüz mübarək!

 

Xəbər lenti