Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub.

“Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”, - o, əlavə edib..

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib.

Report bildirir ki, müraciətdə deyilir:

"Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.  

Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni ekstremistlərinin əzəli torpaqlarımıza qarşı ərazi iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırım, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirmişdir. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır! 

Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd edən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlət başçımızın söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?

Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan  ərazi bütövlüyünü müdafiə edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərləri, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən, məscid, qəbirstanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizə həqarət edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir. 

Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurası, Vatikan və müsəlman dini mərkəzlərinin vasitəçiliyi  ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüflər olsun ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışmışdır. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə qayəsi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir. 

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı qələbələr münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun!  Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər.  Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlət başçımızın vurğuladığı kimi, “Biz birlikdə güclüyük”. 

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri  münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi, cəmiyyətin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

Bir daha Azərbaycan xalqına xitab edərək Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad olunması, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah! Amin!"

DİN komendant saatı ilə bağlı detalları açıqladı

Daxili İşlər Nazirliyi komendant saatının tətbiqi ilə bağlı detalları açıqlayıb. 

"Qafqazinfo" DİN-in yaydığı məlumatı təqdim edir:

"Məlum olduğu kimi, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Nəzərə çatdırılır ki, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Bununla əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda yaşayan yaxud həmin ərazilərə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.

Həmin müddətdə hərəkətinə xidməti vəsiqə əsasında icazə verilən dövlət orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə icazə verilən sahələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, habelə Daxili İşlər Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləmişdir (əlavə olunur).

Xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verilmiş şəxslərin xidməti və fərdi nəqliyyat vasitələrindən istifadə etmələrinə yol verilir.

Komendant saatı müddətində tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılacaq.

Diqqətə çatdırılır ki, vəfat edən şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumları Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə (012 590-80-20) etdikləri müraciət üzrə aparılan araşdırmalardan sonra sərbəst hərəkət edə bilərlər.

Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

Elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

8. Azərbaycan Respublikasının Baş Prokurorluğu

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər

11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)

14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

15. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti

16. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

22. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

23. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri

24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi

7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

16. “Azəriqaz” İstehsalat Birliyi

17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

3 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısı:

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyatın fəaliyyəti.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.11. qablaşdırma məhsullarının istehsalı;

4.12. maşın və avadanlıqların istehsalı;

4.13. elektrik avadanlıqlarının istehsalı;

4.14. kompüter, elektron və optik məhsulların istehsalı;

4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

4.16. sair nəqliyyat vasitələrinin istehsalı;

4.17. tütün məmulatlarının istehsalı;

4.18. sair sənaye məhsullarının istehsalı.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. yanacaqdoldurma məntəqələri.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası.

7. Kütləvi informasiya vasitələri.

8. Təhsil müəssisələrinin fəaliyyəti.

9. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.

Xüsusi icazənin verilməsi qaydası:

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və hərbi vəziyyətin elan edildiyi inzibati ərazi vahidlərində komendant saatı müddətində şəxslərin və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

2. Komendant saatı müddətində xidməti vəsiqə ilə hərəkətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 1 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına icazə verilir.

3. Aşağıdakı şəxslər barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra komendant saatının qüvvədə olduğu müddətdə onların hərəkətinə xüsusi icazə verilir:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 2 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.

4. Ölmüş şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumlarının sərbəst hərəkətinə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə edilmiş müraciət üzrə aparılan araşdırmalardan sonra icazə verilir.

5. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

6. Tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılır.

7. Xidməti vəsiqə əsasında, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və təxirəsalınmaz tibbi zərurətlə əlaqədar hərəkətinə icazə verilmiş şəxslər xidməti və fərdi avtomobildən istifadə edə bilər.

8. Hər hansı şəxsin komendant saatının qüvvədə olduğu müddətdə həyata keçirdiyi fəaliyyətlə bağlı iş yerindən arayış əsasında hərəkətinə icazə verilmir.

9. Komendant saatı müddətində hərəkətinə icazə verilən şəxlərin şəxsiyyəti təsdiq edən sənədlərinin üzərində olması məcburidir.

Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içindədir

Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb. Sputnik Ermənistan xəbər verir ki, ermənilər qorxuya düşərək Kəlbəcərə gedən yolu bağlayıblar.

Belə ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb. (Sputnik.az)

İctimai nəqliyyatın qrafiki ilə bağlı son xəbərləri operativ şəkildə ictimaiyyətlə bölüşəcəyik - DANX

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) komendant saatının tətbiqi ilə bağlı ictimai nəqliyyatın hərəkəti barədə məlumat yayıb.

Xidmətin mətbuat katibi Nuridə Allahyarova deyib: "Hərbi vəziyyətin elan edilməsinə dair" Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 3.2.-ci bəndində nəqliyyatın məhdudlaşdırılmasına dair tədbirlərin görülməsinə dair tapşırığa uyğun olaraq, xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son xəbərləri operativ şəkildə ictimaiyyətlə bölüşəcəyik.

Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!"

Nazirlik internet istifadəçilərinə müraciət edib

Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir. 

Bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. "Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.

Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın.

Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin. Daha ətraflı: https://cert.az/…/diqqetsosial-media-hesablarinizin-tehluke…

“Wi-Fi” şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Daha ətraflı: https://cert.az/…/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini…

Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.

Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.

Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.

Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan, bu cür parolları dəyişin.

Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin.

Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.

Qeyd edək ki, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, “1654” qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin", - deyə açıqlamada qeyd olunub. 

Hərbi maşın karvanına girən sürücüləri bu cəzalar gözləyir - DİQQƏT
Qəza baş versə sürücü həm dəyən ziyanı ödəməlidir, həm də cinayət məsuliyyəti var

Son vaxtlar respublikamızın yollarında tez-tez hərbi avtomobil karvanları görünür. Avtosfer.az bildirir ki, müharibə vəziyyətində olan ölkə üçün adi sayılan belə hallarda digər sürücülərin də müəyyən qaydalara riayət etməsi zərurəti yaranır.

Birincisi, həmin avtomobil karvanları mütəşəkkil nəqliyyat dəstəsi sayılır, çünki onlar yollarda xüsusi müşayiətlə hərəkət edirlər. «Yol hərəkəti haqqında» qanunun 1-ci maddəsinin 45-ci bəndində mütəşəkkil nəqliyyat dəstəsinə belə anlayış verilib: mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.

Belə mütəşəkkil nəqliyyat dəstələri barəsində digər sürücülərin və başqa hərəkət iştirakçılarının vəzifələri də adıçəkilən Qanunda təsbit edilir. Bu Qanunun 40-cı, 46-cı, 47-ci və 48-ci  maddələrini təhlil etdikdə məlum olur ki, operativ nəqliyyat vasitələri və onların müşayiət etdiyi mütəşəkil nəqliyyat dəstəsi bütün digər hərəkət iştirakçılarına, yəni başqa sürücülərin idarə etdiyi avtomobillərə, velosipedlərə, piyadalara, hətta yolda gedən at arabalarına münasibətdə üstünlüyə malikdir. Ona görə də mütəşəkkil nəqliyyat dəstəsi, o cümlədən hərbi avtomobil karvanı gəldikdə bütün hərəkət iştirakçıları onlara yol verməlidirlər. Onlar hətta lazım gəldikdə yolun kənarına çıxaraq dayanmaqla, yaxud yolayrıcı qarşısında dayanmaqla belə karvanların tam keçməsinə qədər gözləməlidirlər. 

«Yol hərəkəti haqqında» Qanunun 48-ci maddəsi digər sürücülərin mütəşəkkil nəqliyyat dəstəsinə, o cümlədən hərbi avtomobil karvanına qoşularaq hərəkət etməsini qadağan edir. Başqa sözlə, hər hansı kənar sürücü hərbi avtomobil karvanındakı avtomobillər arasına keçərək onlarla bərabər hərəkət edə bilməz. «Yol hərəkəti haqqında» Qanunun mütəşəkkil nəqliyyat dəstəsinin hərəkəti ilə bağlı tələblərini pozan digər hərəkət iştirakçısı müvafiq qaydada məsuliyyət də daşıyır. Ən sərt məsuliyyət sürücülər barəsindədir: İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə (həm də onların müşayiət etdiyi nəqliyyat dəstəsinə) yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü 100 manat cərimə edilməklə onun barəsində 3 cərimə balı da tətbiq edilir. Mütəşəkkil nəqliyyat dəstəsi yaxınlaşarkən yolun hərəkət hissəsini tərk etməyən piyada 20 manat, velosipedçi isə 40 manat cərimə ediləcək. İXM-də müvafiq cərimə nəzərdə tutulmasa da, mütəşəkkil nəqliyyat dəstəsinə (o cümlədən hərbi avtomobil karvanına) mane olan (yol verməyən) mal-qara ötürənlər və at arabası sürənlər də hərəkət qaydalarını kobud şəkildə pozmuş olacaqlar. 

Hərbi avtomobil karvanına yol vermədiyinə görə və ya belə karvana qoşularaq hərəkət etdiyinə görə qəzaya düşən sürücülər isə nəticəyə uyğun olaraq cinayət məsuliyyətinə (isanların sağlamlığına az ağır və ya ağır zərər dəydikdə, yaxud ölüm olduqda) və ya inzibati məsuliyyətə cəlb ediləcəklər. Belə halda həmin sürücü vurduğu ziyanı da ödəməli olacaq.

Yuxarıda qeyd olunları nəzərə alaraq, sürücülərə demək istəyirəm ki, yollarda hərbi nəqliyyat karvanı gördükdə çox diqqətli olsunlar, onlara mane olan manevrlərdən və hərəkətlərdən çəkinsinlər, hətta onların rahat və fasiləsiz hərəkəti  üçün şərait yaratsınlar. Bunu hər kəs sadəcə hüquqi məsuliyyətdən qorxduğuna görə yox, bir vətəndaş olaraq etməlidir. Unutmamalıyıq ki, ordu hər birimizindir və ona bacardığı dəstəyi vermək hər kəsin borcudur.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

Bakı metrosunun iş qrafikində dəyişiklik olacaq?

Metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenindən məlumat verilib.

Bildirilir ki, metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb:

“Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq”.

Bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir. Aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Bunu “Ölkə.Az”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır: "Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər".

M.Ağayev bildirib ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey vətən üçün” aksiyasına başlayıb: "Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26 500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb".

Xəbər lenti