Sabah hava necə olacaq?
Azərbaycanda mayın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq?
Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Mayın 31-də Azərbaycanda daxili gediş-gəlişə icazə verilə bilərmi?

Bununla bağlı məlumat verən deputat Sevinc Hüseynova bildirib ki, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Operativ Qərargah hansı qərarı verəcəksə, ona uyğun da addımlar atılır. Hazırda karantin rejimi yumşaldılıb. Yumşalma o demək deyil ki, karantin rejimi və koronavirus təhlükəsi artıq bitib. İnsanlarımız daha məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına riyaət etməlidir. Qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli və sosial məsafəni qorumalıdır. Əgər məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl edərsək koronavirusun ikinci dalğasından az itki və yoluxmalarla qurtula bilərik. Azərbaycan qabaqlayıcı tədbirlər sayəsində koronavirusla mübarizədə öndə gedən dövlətlərdən biridir. Buna uyğun olaraq da karantin rejimində yumlaşlamalar oldu. Təəssüf ki, son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Dünən bilirsiniz ki, 104 nəfər koronavirusa yoluxub. Bu artım onu göstərir ki, insanlarımız bu xəstəliyi önəmsəmirlər. Hesab edirəm ki, Azərbaycanda koronavirus bitməyənə qədər insanlarımız qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edərək sosial məsafəni qorumalıdırlar. Yoluxma sayı minimuma ensə, o zaman Operativ Qərargah daxili gediş-gəlişə icazə verilməsi ilə bağlı qərar verə bilər. Ümumiyyətlə bu kimi qərarların verilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar mövcud vəziyyəti analiz etdikdən sonra müvafiq qərarlar qəbul edirlər. Bu məsələdə də düşünürəm ki, Operativ qərargah son yoluxma dinamikasını və dünyada gedən prosesləri götür-qoy etdikdən sonra qərar qəbul edəcəklər".(Sonxeber.az)

“EuroHome”dakı ilk yanğında dəyən ziyanın məbləği açıqlandı
Ötən il “EuroHome” MMC-də baş vermiş yanğın zamanı vətəndaşlara 17 milyon 460 min manat maddi ziyan dəyib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, 10 dekabr 2019-cu il tarixdə həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmaqla istintaqı aparılan cinayət işi üzrə zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilməklə rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib.

“Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və bacısının Bakı şəhərinin Xətai rayonunda Həzi Aslanov qəsəbəsində hansısa villaları, bahalı maşınları olduğu barədə internet saytlarında yayılmış informasiya ilə bağlı bildiririk ki, qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir”.

Bu barədə Lənkəran Şəhər İcra hakimiyyətindən Yenisabah.az-a daxil olan açıqlamada deyilir.

Bildirilir ki, informasiyada şəkli əks olunmuş ev Taleh Qaraşova məxsus deyil:

“Eyni zamanda Taleh Qaraşovun bacılarının heç biri Bakı şəhərində yaşamır və heç birinin göstərilən ərazidə evi yoxdur. İcra başçısının oğlu Vüsal Qaraşov isə uzun illər polis orqanlarında nümunəvi xidmət göstərib və başqa sahədə çalışmağı qərara aldığından öz ərizəsi ilə işdən azad olunmuşdur. Taleh Qaraşovun guya hansısa bahalı maşınlarını satması barədə fikirlər də doğru deyil. İcra başçısının guya bir sıra gizli işlərini müavinin əli ilə görməsi, adlarında çoxlu mülk və obyektlərin olması barədə əvvəllər də sosial şəbəkələrdə təkrar-təkrar yayımlanmış eyni məzmunlu böhtan xarakterli informasiyalara vaxtında rəsmi cavablar verilmiş və qəti şəkildə təkzib olunmuşdur. İnformasiya resurslarının rəhbərləri hər hansı informasaiyanı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirsələr yaxşı olar”.

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Azər Qocayev 1985-ci ildə anadan olub. Müxtəlif dövlət qurumlarında çalışıb.

Bu təyinatadək Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejiminin şərtlərinin yumşaldılması geniş müzakirə olunur.

Bu kateqoriyaya aid şəxslərlə bağlı yumşaldılmanın ediləcəyi Operativ Qərargahın brifinqində də səslənib.

Lakin sonradan koronavirusa yoluxmaların sayının artması 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin şərtlərinin yumşaldılmasını təxirə salıb. Mövcud vəziyyətda yaşlı insanların çölə çıxmasına qoyulan qadağanın yumşaldılmasını millət vəkili Aqil Abbas da təklif edib.

O, baku.ws-ə açıqlamasında bildirib ki, yaşlı insanların evdə qalması onların digər xəstəliklərə yoluxmasına gətirib çıxara bilər: “Hesab edirəm ki, bizdə 65 yaşından yuxarı insanlar üçün karantin rejiminin şərtlərində yumşalma olmalıdır. Artıq Türkiyədə də yaşlı insanların həftənin müəyyən günləri 4 saat çölə çıxmasına icazə verilir. Təbii ki, evlərinə yaxın ərazilərdə.

Bu insanların yaşı 65-i keçib və oturaq həyat ahıl insanlarda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Evdə nə qədər idman etsən də, bu həmin effekti verə bilməz. İnsan yeriməli, təmiz hava almalı və günəşi görməlidir. Bu olmayanda müəyyən xəstəliklər əmələ gəlir.

Fikrimcə, bu məsələ tezliklə öz həllini tapacaq, yaşlı insanlara da müəyyən saatlarda evdən çıxmağa icazə veriləcək. Koronavirus 30 il davam etməyəcək ki? Yəqin ki, bir aydan sonra yumşalmalar daha çox olacaq”.

Aqil Abbas hesab edir ki, indiki dövrdə 65 yaşından yuxarı insanlara səhər 10:00-11:00, axşam tərəfi isə 16:00-17:00 arası çölə çıxmağa icazə verilməlidir: “Yaşlı insanlara günəşli havada 1-2 saat keçirmək icazəsi verilsə, bu, onlara çox müsbət təsir edəcək. Amma onların evdən çölə çıxmasına icazə yalnız evlərinin ətrafı üçün verilməlidir.

Türkiyədə belə bir praktika var ki, orada həftənin dörd günü heç kimin çölə çıxmasına icazə vermirlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün 65 yaşdan yuxarı insanlara müəyyən qədər gəzməyə icazə verirlər. Bizdə şükürlər olsun ki, belə bir qadağa yoxdur, sadəcə insanlara müəyyən məhdudlaşdırmalar tətbiq olunub.

Vətəndaşlarımız gərək qaydalara riayət etsinlər. Sui-istifadə hallarına yol verilməsin. Nə qədər insan buna görə cərimə də olunub. Gərək vətəndaşlarımız karantin şərtlərinə tam riayət etsinlər”.

Son aylar ərzində Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının ard-arda müəyyən müəssisə və şəxslərlə bağlı korrupsiya və rüşvətxorluq faktlarını ortaya çıxardığının şahidi oluruq.

Davamlı keçirilən əməliyyat nəticəsində 5 icra başçısı həbs edilib edildi. Bir neçə gün əvvəl isə Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat nəticəsində nazirliyin bəzi yüksək vəzifəli şəxsləri çoxsaylı qanunazidd əməllərə yol verdiklərindən barələrində həbs qətimkan tədbiri seçildi.

Maraqlıdır, ardıcıl aparılan əməliyyatlar üçün DTX-ya xüsusi göstəriş daxil olur ya bunun üçün müəyyən şikayətlər edilməlidir?

Məsələ ətrafında Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX-nın əməliyyat keçirmək üçün kimsədən göstəriş almadığını bildirib:

“DTX əməliyyat keçirmək üçün xüsusi göstəriş almır. Belə ki, DTX-nın imtiyazında olan dövləti və ağır cinayətlər məsələsi var. Bu cinayətlərlə əlaqədar olaraq “son vaxtların dəbi” olan  vəzifəli və yüksək vəzifəli şəxslərin rüşvət alması, korrupsiyaya yol verməsi ilə bağlı əməliyyatların şahidi oluruq. Belə əməliyyatlar üçün isə göstərişə ehtiyac yoxdur, bu xidmət əməkdaşlarının gündəlik həyat tərzidir. Yəni məsələn, terrora qarşı mübarizə aparanda xüsusi şikayət gözlənilmədiyi kimi, bu cür cinayətlər üçün də şikayətə gərək yoxdur. Bu istiqamətdə tədbirlərin keçirilməsi Konstitusiyanın DTX qarşısında qoyduğu tələblər sırasındadır. DTX kompetensiyası cibgir yaxud da heyvan oğrusunu tutmaq deyil. Amma bu iqtiqamətlərdə də informasiya əldə edəndə aidiyyətı orqanlara məlumat ötürülür. Kütləvi iğtişaşa səbəb olan məsələlər DTX kompetensiyasındadır. O cümlədən DTX görür ki, məmur özbaşınalığı, rüşvətxorluq nə vaxtsa kütləvi iğtişaşa səbəb olacaq, onda Prezident Administrasiyasına müraciət edir ki, bu halın qarşısını alın. Administrasiya  tərəfindən addım atılmayanda DTX özü əməliyyata başlayır”.

Ekspert əməliyyat-axtarış nəticəsində müsadirə olunan əmlakın taleyindən də danışıb:

“Məsələn, kimsə deyə bilər ki, hansısa vəzifəli şəxs korrupsiyaya yol verir, onda informasiya ətrafında DTX araşdırma aparır. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanuna əsasən, telefon danışığından tutmuş, şəxsin otağına kamera yerləşdirib izləməyə qədər olan səlahiyyətlər DTX-ya verilib. Şikayət də axtarış üçün səbəb ola bilər. Amma əsasən xüsusi əməkdaşların, yəni agentlərin vasitəsi ilə informasiyalar toplanılır. Əməliyyat nəticəsində müsadirə edilən pullar məhkəmə olanadək toxunulmaz qalır. Çünki məhkəmə nəticəsində məlum ola bilər ki, şəxsdən müsadirə olunan pul ona hansısa ailə üzvündən miras qalıb. Məhkəmə qərarı nəticəsində bilinir ki, pullar dövlət büdcəsinə keçirilir, ya müəyyən faizi şəxsə qaytarılır. Əgər şəxs tamamilə sübut etsə ki, müsadirə olunan pul ona məxsusdur, yəni şəxsən qazanıb, onda məbləğ tamamilə geri qaytarılmalıdır. Müsadirə olunan digər əmlaklar isə şəxsin qazancı ilə düz mütənasib olarsa, o zaman geri qaytarılır”.

Azərbaycanda icra başçısı evinin qarşısında polis postu qurdurub.

 Unikal.org-un əldə etdiyi məlumata görə, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Mərdəkanda yerləşən bağ evinin qarşısında polis postu qurdurub.

Qeyd edək ki, icra baçısına məxsus olan ev Mərdəkan qəsəbəsi, Baba Əli küçəsi 4 ünvanında yerləşir və Adil Vəliyevin adınadır.

İcra başçısı evinin qarşısında post qurdurub - Fotolar
İcra başçısı evinin qarşısında post qurdurub - Fotolar
İcra başçısı evinin qarşısında post qurdurub - Fotolar

Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra bir çox məmurlar kimi, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev də əl-ayağa düşüb, öz hərəkətlərinə əl gəzdirməyə başlayıb. 

Daşkəsən rayon sakinlərinin demokrat.az-a verdiyi məlumata görə, icra başçısı Əhəd Abıyev son günlər bahalı avtomobildən istifadə etmir.

Sakinlər deyir ki, icra başçısı özünə Naxçıvan istehsalı olan “NAZ Lifan” avtomobili alıb və rayon ərazisində həmin avtomobildə gəzməyə üstünlük verir.

Rayon sakinlərinin sözlərinə, buna qədər isə Əhəd Abıyev “Lexus LX 570” model bahalı avtomobildən istifadə edib:Qeyd edək ki, hazırda Azərbaycanda “Lexus LX” model avtomobillərin bazar qiyməti 190 min ABŞ dolları təşkil edir.

 

 

Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsindən kənarlaşdırılıb.

Oxu.az xəbər verir ki, xəstəxananın baş həkimi Quliyev Azad İlyas oğlu öz xahişi ilə işdən getmək istəyib.

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva bu barədə açıqlama verərək bildirib ki, həkim öz ərizəsi ilə işdən çıxarılması üçün müraciət edib:

“O, bu gün vəzifəsindən azad edilib”.

Xəbər lenti