Koronavirusa görə bu şəxslərə 190 manat veriləcək
Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək.

Bu barədə məlumat Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.

Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. İki ay nəzərdə tutulan ödəmə üçün 70 milyon manat vəsait ayrılıb. 

İşin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.



Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

"Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik", - deyə məlumatda qeyd olunur.
“Sərnişinlər çağırışlarımıza məhəl qoymurlar”
“Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərarında da deyildiyi kimi sərnişin daşınma üzrə fəaliyyət göstərən avtobusların salonunda olan sərnişinlərin icazələrinin olub-olmamasına qədər yoxlanılacaq. Təəssüf ki, sərnişinlər çağırışlarımıza məhəl qoymurlar”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sərnişinlərə müraciətində bəyan edib.

O, ötən gün ərzində ölkənin regionlarında sərnişin daşınma üzrə müşahidə edilmiş göstəriciləri açıqlayıb:

“Gəncədə, Sumqayıtda, Şəkidə, Şirvanda, Salyanda, Tovuzda, Qazaxda və Bərdədə həddindən çox sərnişin sıxlığı müşahidə edilib. Bizim məqsədimiz regionlarda sərnişin daşınmasının 95%-lik azalmasına nail olmaq idi. Belə ki, ötən gün Gəncədə 4 min, Sumqayıtda 48 min, Lənkəranda 1 500, Mingəçevirdə isə 1 400 sərnişin daşınıb.

Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına əməl edən regionlar da var. Lerikdə sərnişin daşınması 100%-lik azalma müşahidə edilib. Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Xızı, Sabirabad kimi regionalarda sərnişin daşınmasında tamamilə sıxlıq aradan qaldırılıb.

Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb.

Kamran Əliyev:                         “KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”
Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər

“Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”.

Yol-xeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. O qeyd edib ki, jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər: “Yəni, məsələn, jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”.

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi
Avtomobil üçün əlavə icazəyə ehtiyac yoxdur

“Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bildirib ki, SMS vasitəsilə verilən icazəli müddətdən sonra vətəndaşın avtomobili ilə hərəkət etməsi onun üçün zəruridirsə, buna icazə verilir: 

 

“Qısası, avtomobil üçün əlavə icazəyə ehtiyac yoxdur. Amma burada xüsusi bir məqamı qeyd etmək istəyirəm ki, həmin şəxs avtomobilində sərnişin daşıya bilməz. Bundan əlavə, avtomobildə digər sərnişin varsa, onun da icazəsi olmalıdır. İcazə yoxdursa, o da xüsusi karantin rejiminin qaydalarını pozmuş sayılacaq və barəsində tədbirlər görüləcək”.  

Azərbaycanlı professor koronavirusun bitəcəyi tarixi AÇIQLADI
Koronavirus epidemiyası bütün dünyada can almaqda və yoluxanları hədəfə almaqda davam edir. İndi dünyanın diqqəti bu virusdan yaxa qurtarmağa yönəlib

Bununla bağlı tibb eksperti Adil Qeybulla Sonxeber.az-z danışıb. Professor hazırda ölkəmizdə yayılan epidemiyanın aprel ayında pik dövrdə olacağını açıqlyıb:

"Aprel ayında ölkəmizdə xəstəliyin pik həddi olacaq. Yoluxan adamlar, onların yoluxdurduğu adamları nəzərə alsaq, aprel ayında virusun pik dövrünə təsadüf edəcəyimizi deməyə əsas verir. Həmin dövrə gəlib çatmışıq, bunu xəstəliyin artan dinamikası göstərir. İnsanların karantin tələblərinə riayət etməsi lazımdır ki, biz də bu işi uğurla yekunlaşdıra bilək. Söhbət burada az itkilərlə vəziyyətdən çıxmaqdan gedir. İnsanlar arasında panika yaratmaq da, sözügedən məsələyə laqeydlik də aşılamaq lazım deyil. Laqeydliklə panika arasında qızıl orta tapmaq lazımdır. Biz sosial distansiyanı gözləsək, təmasdan qaçsaq, karantin tələblərinə əməl etsək, qısa müddətdə bu xəstəlikdən yaxa qurtara bilərik. Hazırda İngitərədə və digər ölkələrdə xəstəliyin enişi müşahidə edilir"

Tibb eksperti Adil Qeybulla pandemiya ilə əlaqədar dövlətin qaydaları sərtləşdriliməsini məntiqli gördüyünü açıqlayıb. O, həmçinin, virusun iyun ayında təmamilə yox olacağını bildirib:

"Virusun iyun ayında təmamilə yox olacağını proqnozlaşdırıram".

Adil Qeybulla malyariya dərmanlarının tibbdə koronavirusun qarşısının alınmasında effektiv olduğunu deyib:

"Dünya təcrübəsi göstərir ki, antimalyariya dərmanları virusların çoxalmasının qarşısını alır. Bir vaxtılar Hindistanda malyariya yayılanda, "Hindistan suyu" adlı formul yaratmışdılar. Həmin suyun tərkibində xüsusi maddə vardı. Bu dərman vaxtilə əsgərlər arasında malyariya yayılmamasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Sonda həmin formula dünyada istehsal olunmağa başladı. Bizim mağazalarda da həmin sudan var. Düşünürəm, müvəqqəti olaraq bu vasitədən də alıb, istifadə etmək olar. Qeyd edim ki, koronavirusa yoluxan 4 xəstədən 3- də simptomlar elə də bilinmir. Həmin xəstələrin 3-ü bu xəstəliyi heç özünün də xəbəri olmadan ayaq üstə keçirir. Vəziyyət dramatikdir. Dünyada yoluxma rəqəmləri göstərilən rəsmi rəqəmlərdən yüksəkdir".

BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?”

Ölkə ərazisində gücləndirilmiş karantin rejimi davam edir. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı artmaqdadır.

Oxu.az-a xəbər verir ki, bu barədə sosial şəbəkədə sərnişinlər tərəfindən fotolar paylaşılır. Fotolarda istər müntəzəm marşrut xətti üzrə hərəkət edən, istərsə də xəttə buraxılan ekspress avtobuslarda sərnişin sıxlığının olduğunu görürük.

Niyə belə vəziyyət yaranır? Niyə hər gün avtobuslarda sərnişin sıxlığı müşahidə edilir? İnsanlar karantin qaydalarına laqeyd yanaşırlar?

Vətəndaşlar yaranan vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyini (BNA) qınayır. Bu səbəbdən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq.

M.Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi üçün istismara buraxılan kifayət qədər ictimai nəqliyyat vasitəsi var:

“Müntəzəm marşrutlarla yanaşı, ekspress xətlər üzrə bu gün 100-ə yaxın avtobus sərnişinlərin xidmətindədir. Təxminən bir o qədər sayda avtobus da ehtiyat üçün metro stansiyalarına yaxın ərazidə var. Bu gün və ötən günlər səhər saatlarında sərnişin sıxlığının olması vətəndaşlarımızın özünütəcrid qaydalarına adekvat davranmaması ilə bağlıdır. Bir daha qeyd etmək istərdim, bu gün həyata keçirilən sərnişindaşımalar ənənəvi proses kimi qəbul olunmamalıdır.

Hazırda bütün digər sahələrdə olduğu kimi, sərnişindaşıma işi də xüsusi karantin rejimində icra olunmaqdadır. Bu, adi daşımalar deyil. Hər gün bu cür epidemik vəziyyətdə minlərlə insan zəhmət sərf edir ki, səhər sərnişinlərin daşınması həyata keçirilə bilsin. Nəqliyyat sahəsində çalışan minlərlə insan bu gün həyatını riskə atıb, vətəni, milləti qarşısında borcunu yerinə yetirir”.

M.Ağayev onu da əlavə edib ki, insanlar karantin qaydalarına bir az daha həssas yanaşsalar, bu cür sıxlıqla qarşılaşmarıq:

“Nəqliyyat sahəsində çalışan əməkdaşlar Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, həyati vacib sahələrdə çalışan şəxslərin daşınmasını həyata keçirir. Çünki, bu olduqca vacib və zəruridir. Ciddi əsası olmadan evdən çıxan hər bir vətəndaş bilməlidir ki, o, bu davranışı ilə onlarla insanın sağlamlığını ciddi təhlükə altına atır. Bu gün avtobus qarşısında növbəyə dayanan vətəndaşlarımızın fotosunu, videosunu çəkib paylaşanlara müraciət edirəm: “Soruşdunuzmu, bu insanlar hara gedir? İşə gedirsə, onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Ona görə bir daha hamını ilk növbədə evdə qalmağa çağırıram. Və sosial şəbəkə istifadəçilərindən də xahiş edirəm ki, məsələlərə bir qədər obyektiv yanaşsınlar”.

Onu da əlavə edək ki, sosial şəbəkədə paylaşılan fotolara şərh yazan vətəndaşlar evdən işə getmək üçün çıxdıqlarını deyərək, israrla qaydaları pozmadıqlarını bildirirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində, ölkədə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. 



Mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.

“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində borca görə heç kimin suyu kəsilə bilməz”.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının almaq üçün “Azərsu” ASC zəruri tədbirlər görür: “Belə ki, bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb”.

A.Cəbrayıllı əlavə edib ki, smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə 5 kubmetr kredit götürə bilərlər.

Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb. /IstiPress/

Bu avtomobillərlə taksi xidməti dayandırılacaq
Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar şəxsi avtomobilləri ilə taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər:

"Bu müddət ərzində yalnız taksi şirkətləri məhdud sayla fəaliyyət göstərə biləcəklər. Əgər həmin şirkətlər işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirəcəklərsə və həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, yalnız bu halda onlar işləyə biləcək. İcazə verilməyən taksi sürücüləri isə fəaliyyət göstərə bilməyəcəklər. Qaydalara görə, taksilər də məhdud sayda olacaq. Bir neçə taksinin bir yerə yığışıb gözləməsinə icazə verilməyəcək. Aprelin 5-dən etibarən hardasa dayanıb gözləyən, icazəsiz fəaliyyət göstərən taksilər aşkarlanarsa, dərhal məsuliyyətə cəlb olunacaqlar".

K.Əliyev marşrut avtobuslarının sürücülərinin icazəsi barədə bildirib ki, həmin məsələni Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi, Sumqayıt, Abşeron və digər ərazilərdə isə həmin sahəyə cavabdeh qurumlar həll edəcək.

Bakı polisi vətəndaşlara müraciət etdi
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
 
Bakı şəhər Baş Polis İdarəsi vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa çağırır.
 
Qurum həmçinin, vətəndaşlardan digər şəxslərlə minimum kontaktda olmağı, ünsiyyət zamanı iki metrlik ara məsafəsini saxlamağı və Nazirlər Kabineti yanında operativ qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyi tələb edir. 

Xəbər lenti