Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması  aqrar sektoru inkişaf etdirəcək”“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ilk baxışda regional əhəmiyyətli hadisə təəssüratı yarada biləcək bu layihə, əslində, qlobal miqyasda gedən proseslərə kifayət qədər böyük töhfədir. “Dövlət başçısının təməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi ilə bağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimum dərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortaya qoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdən biri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda bir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma və elektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həllini artıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və suvarma layihələri ilə bağlı olacağını demək olar. Cənab Prezident İlham Əliyevin çıxışında bu məqamların xüsusi olaraq diqqət mərkəzinə çəkilməsi də nəzərdə tutulan layihələrin iri miqyaslı və əhatəli olacağından xəbər verir.”

K.Qafarov daha sonra bildirib ki, Şirvan suvarma kanalının yenidən qurulması qeyri-neft sektorunun inkişafına böyük töhfə olacaq: “Həqiqətən də dövlət başçısının təməlini qoyduğu bu layihə ölkəmizin iqtisadiyyatı üçün çox böyük önəm kəsb edir. Bir tərəfdən, az öncə də qeyd etdiyimiz kimi, Şirvan suvarma kanalının yenidən qurulması uzun illər fasiləsiz davam edən istismarın nəticəsi olaraq yer alan böyük həcmdə su itkisinin qarşısını alacaq. Hesablamalara görə yenidənqurma işlərindən sonra itkilərin həcmi on dəfədən çox azalacaq. Bu, artıq özü-özlüyündə son dərəcə önəmli bir məqamdır. Digər tərəfdən isə, yenidən istifadəyə verildikdən sonra Şirvan kanalı daha çox əkin torpaqlarını suvarma suyu ilə təmin edəcək. Bu da əlbəttə ki, bölgədə kənd təsərrüfatının daha sürətli inkişafına yeni güclü təkan verəcək. Beləliklə, dövlət başçısının dediyi kimi, bu layihədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi kimi mühüm amillər öz əksini tapacaq. Diqqətəlayiq məqamlardan biri də budur ki, Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan bu gün artıq öz su mənbələrinə tam sahib olmuşdur. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı yox, həm də su resurslarımızı işğal etmişdi. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir ki, bunlar da daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Ona görə də bu su ehtiyatları ölkə üçün xüsusi əhəmiyyət kəsb edir” .

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək.

Nazir qeyd edib ki, qeyd olunan sənədlər həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə ölkədə yeni yaradılacaq sığorta məlumat mərkəzinə diqqət çəkib. Bildirib ki, bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq sektor üçün yeni imkanlar formalaşdıracaq.

Ziya Əliyev əlavə edib ki, mərkəz fəaliyyətə başlayandan sonra sığorta bazarına onlayn şəkildə nəzarət etmək imkanları da yaranacaq.

Daha ətraflı Xəzər TV-nin videomaterialında izləyə bilərsiniz:

bu-senbe-bakida-imecilik-kecirilecek

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.

Bunu qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkilin sözlərinə görə, ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə:

“Burada ər-arvad məsələsi var və bir də ölənin himayəsində kimsə varsa ona verilir. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu işləyib, qazanıb, yaşasaydı pensiyasını alacaqdı. Bir də məsələnin ikinci, yəni iqtisadi tərəfi var. Biz hamımız işləyirik və Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyirik. Bizim vəsaitlərimiz hesabına indiki təqaüdçülər pensiya alırlar. Sabah biz qocalanda o zaman işləyənlərin gəlirindən tutulan vəsaitlər hesabına bizə pensiya veriləcək. Biz də bilirik ki, hər il Dövlət Sosial Müdafiə Fondunda pul çatmır. Bu gün yığılan pul pensiya alanlara çatmır. Üstəlik, hər il dövlət büdcəsindən əlavə fonda pul verilir”.

Əkrəm Həsənov Dövlət Sosial Müdafiə Fondunun öz-özünü maliyyələşdirə bilmədiyini vurğulayıb:

“Burada iki yol var, ya gərək sosial sığorta haqqlarını artıraq, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılsın. Amma büdcədən vəsaitin ayrılması çətin məsələdir. Bu dəqiqə ölkədə o qədər layihələr var ki. Xüsusən də işğaldan azad olunan ərazilərlə bağlı. Bir də əgər bu qanun halını alırsa icra olunmalıdır”.
Əkrəm Həsənov bəzi insanların uzunömürlü olduğunu da əlavə edib:

“Elə insanlar var ki, onlar çox yaşayır. Yəni onların pensiya kapitalı qurtarır. Bu halda Dövlət Sosial Müdafiə Fondu onlara deyirmi ki, pensiya kapitalın qurtarıb sizə pensiya vermirik? Yox, ödənilir. Gələcəkdə insanların gəlirləri o qədər yüksək olmalıdır ki, bizdən daha çox pul tutulsun. Avropada belədir”.

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə, həmçinin, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan başqa, məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyət müəyyən edilir.

Buna görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. 

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.

Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.

May ayının qeyri-iş günlərinin sayı açıqlanıb.

 9 May–Faşizm üzərində qələbə günü, 28 May–Müstəqillik Günü qeyri-iş günləri hesab olunur.

Şənbə və bazar günləri də əlavə edilsə, gələn ay 10 gün iş olmayacaq.

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Kollecinə 2024-2025-ci tədris ili üçün qəbul olunan bütün tələbələrin ailəsinə 200 manat maddi yardım ödəniləcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, Milli Müdafiə Universitetinin Hərbi Kolleci peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Müdafiə Nazirliyindən bildirilib ki, təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

- 100 manat məbləğində təqaüd

- 200 manat məbləğində ailə üzvlərinə maddi yardım

- 150 manat məbləğində hesabda yığılan ödəniş

Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır.

Bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayev bir həftə əvvəl xəstəxanaya yerləşdirilib.

"Əvvəl reanimasiyada idi. Sonra, şükür Allaha ki, səhhəti normallaşdı. İndi müalicəsi davam edir. Palatadadır".

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb.

Bu barədə “Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar 1997-ci il "Xocavənd əməliyyatı"nın 27-ci ildönümündə kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gedib, qrupun şəhid olduğu yerə gül dəstələri düzüb, onların əziz xatirələrini yad ediblər.

Daha sonra isə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.

Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.

Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.

Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.

Xəbər lenti