Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

Yol-xeber.az" xəbər verir ki, Belə ki, yük maşını sözügedən prospektlə hərəkətdə olarkən avtomobil tunelinin kənarına çırpılıb.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq aidiyyəti qurum əməkdaşları ilə birlikdə yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb.      

Yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Bu şəxslərə istilik verilməyəcək - XƏBƏRDARLIQ

Artıq istilik sistemlərinin verilməsinə az zaman qalıb. 

Bəs bu il vətəndaşlar istilik sistemindən problemsiz istifadə edə biləcəklər?

Mövzu ilə bağlı Milli.Az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.

O qeyd edib ki, cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlər istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.

Respublikaının digər ərazilərində, o cümlədən Bakı şəhərində isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayaraq növbəti ilin aprel ayının 15-nə qədər davam edəcəkdir:

"Cari mövsümdə "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur". 

Abonentlərin hansı halda istilik təminatı dayandırıla bilər?

"Yalnız binanın daha çox sakini istilik borcunu uzun müddət ərzində ödəməyib və ya ödəməkdən yayınırsa, bu halda bir neçə ünvanda maarifləndirici xəbərdarlıq edilir. Bu xəbərdarlıqla sakinlərə bildirilir ki, istilik borcu və xidmət haqqı ödənilməlidir, əks halda istilik təminatı olmaya bilər".

Azərbaycanda virus yayılıb - Ekspertlər həyəcan təbili çalır
Mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə qrip virusu yayılmağa başlayıb.

Hava-damcı yolu ilə keçən virusun əsas hədəf kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma və ishal halları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.

Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazovun sözlərinə görə, xəstəliyə vaxtında müdaxilə edilmədikdə virus kəskin fəsadlar verə bilər. Mövsümi qriplə yanaşı, hazırda rotavirus və rinoviruslar da baş qaldırıb:

"Daha çox fəsadlarla müşahidə olunanı qrip infeksiyasıdır. Bu da pnevmoniya, qulaq iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi, meningit yarada bilər".

Hamilə qadınlar isə xəstəliyi daha ağır keçirirlər.

Ginekoloq Cahan İslamova bildirib ki, hamilə qadınların xəstəxanaya gedərkən, çoxlu insan qrupları içərisinə daxil olarkən tibbi maskalardan istifadə etmələri şərtdir:

"Təmiz havada çox vaxt keçirmələri vacibdir. Qida rasionuna yüksəkvitaminli qidalar daxil edilməlidir. Mövsümə uyğun meyvə-tərəvəz istifadə edilməlidir. Virus infeksiyaları erkən doğuma, ciftdə qan dövranının pozulmasına səbəb ola bilər".

Ətraflı Baku TV-nin süjetində:
 

Azərbaycanda ən çox bu ölkələrin diplomları tanınmadı - Siyahı

Oktyabr ayı üzrə xaricdə təhsil alan 665 müraciətçidən 540 nəfərin diplomu tanınıb, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə beş, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə bir, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə bir, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə bir, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə bir, qısaldılmış proqram səbəbilə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərdə isə Ukraynadan 208, Rusiyadan 203, Türkiyədən 135, Belarusdan 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, ABŞ-dən 9, Almaniyadan 5, Qazaxıstandan 3, Çindən 3, İtaliyadan 3, Macarıstandan 3, İspaniyadan 2, İsveçdən 2, İrandan 1, Kanadadan 1, Şimali Kiprdən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızdan müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslardan isə hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.

Üç rayonun başçısı yoxdur

Azərbaycanda 3 rayonun icra başçısı yoxdur.

Modern.az məlumatına görə, Culfa, Ağdərə və Nəsimi rayonlarına başçı təyin edilməyib.

Belə ki, bu ilin sentyabr ayında Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, sentyabrın 1-də keçirilən parlament seçkilərində Milli Məclisin deputat seçilib.

Culfanın icra başçısı Siyam Hacıyev isə iyul ayında işdən çıxarılıb.

Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Qeyd edək ki, noyabrın 1-də Orxan Hüseynzadə Ağdaşa, bu gün isə Cabbar Musayev Naxçıvana icra başçısı təyin edilib.

Bu avtomobillərə 7 min cərimə yazılacaq

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manatadək nəzərdə tutulub.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır:

"Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan tanıyır".

Küləkli hava nə vaxta kimi davam edəcək?

Əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir:

"Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək".

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzili və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzili, ümumilikdə 544 mənzili satışa çıxarır.

Bu barədə agentlik xəbər verir.

Məlumata görə, satış dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrım 14-ü saat 11:00-a qədər davam edəcək.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az), “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız bu sistemdə elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Sabah yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Banklar vətəndaşları belə ALDADIR – Millət vəkili açıqladı

Azərbaycanda istehlak kreditlərinin faizləri ilə yanaşı, diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır.

Musavat.com-un xəbərinə görə, iqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb.

Vüqar_Bayramov.jpg (3.90 MB)

“Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır. Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar.

Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb”, - V. Bayramov qeyd edib.

Millət vəkilinə görə, faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır:

“Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.

Xəbər lenti