|
Baku TV-də yayımlanan “Kəndinə qayıt” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Quba rayonunun Qrız kəndinə səyahət edilib.
Proqramın aparıcısı Kəmalə Bədəlova kənd sakinlərinin həyat tərzi ilə yaxından tanış olmağa çalışıb. Rayon mərkəzindən 38 kilometr aralıda yerləşən Qrız kəndi yaxınlıqdakı digər dağ kəndlərinə nisbətən daha ucqar ərazidə yerləşir.
Qrız əhalisinin sayına görə ən öndə gələn kəndlərdən biri olub. Lakin zaman ötdükcə kəndin əhalisi azalıb. Buna əsas səbəb isə işsizlik və şəraitsizlik səbəbindən sakinlərin kəndi tərk etməsidir. Hazırda kənddə ərzaq mağazası belə yoxdur.
Ətraflı süjetdə:
Ramazan ayı ilə əlaqədar bir aylıq fasilədən sonra sabahdan toy məclisləri də başlayır.
Artıq restoranlarda sıxlıq müşahidə olunur.
Daha ətraflı "ATV Xəbər”in süjetində:
Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərinin qeyri-iş günlərində iş qrafiki müəyyən edilib.
Bu barədə “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi məlumata əsasən xəbər verir ki, Ramazan bayramı 10-11 aprel tarixində qeyd ediləcək.
Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.
Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.
Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik olunmasını tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.
Qeyd edək ki, təkcə hansısa saxta qazi deyil, eyni zamanda Vətən müharibəsindən sonra bir çox qazilər ictimai yerlərdə hərbi formada gəzirlər. Hazırda da paytaxt küçələrində tez-tez buna rast gəlmək mümkündür.
Xatırladaq ki, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və silahlı qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmalarını rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Lakin qeyd etdiyimiz kimi, bəzi vətəndaşlar hərbi geyim formasını daşımaq hüququna maliki olmadığı halda bu geyimlərdən istifadə edirlər.
Bəs, hərbi polis bu istiqamətdə niyə tədbir görmür? Bu halların qarşısını almaq üçün hansı işlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov dedi ki, bu kimi hallar özbaşınalıq səbəbindən yaşanır:
"Hərbi formanı kim gəldi geyinir. Hərbi formanın, səhra geyiminin üzərinə medallar taxırlar, mən xəcalət çəkirəm. Bir generalı görmüsüz, səhra geyiminin üzərində hansısa bir orden, medal taxsın? Son vaxtlar Azərbaycanda bir medal xəstəliyi yaranıb, medalı hara gəldi taxırlar. Elə bil bura Şimali Koreyadır. Nə biabırçılıqdır, belə? Yekə-yekə kişilərdi, medal taxır, çıxır şəhərə, nə bilim metroda, avtobusda medalla gəzir. Bunu yığışdırmaq lazımdır, ayıbdır, bu, tərbiyəvi əhəmiyyət daşımır. Əksinə, bəzi dələduzlar üçün meydandır, "guya mən müharibədə iştirak etmişəm" və s. Mən Birinci Qarabağ müharibəsində briqada komandirinin müavini olanda döyüşlər vaxtı bizə evə gəlməyə üç günlük icazə verirdilər. Şəhərin ortasında biri mənə dedi ki, mən Füzulidə döyüşürəm, mənim xidmət keçdiyim hərbi hissənin adını çəkir ki, guya orda döyüşür... Bu gün çox təəssüflər olsun ki, veteran təşkilatların da çox böyük məsuliyyəti və günahı var. Kimin kefindən necə keçir, bir dənə ayaqqabı alır, forma alır və onların da sənəndlərini yoxlayan yoxdur. Onların sənədləri yoxlanmalıdır, hərbi polis bununla ciddi məşğul olmalıdır. Nolsun ki, müharibə iştirakçısdır, onlar yoxlanılmalıdır və məsuliyyətə cəlb olunmalıdır".
Azərbaycanda 11 min 530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənəddə qeyd olunur ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi üçün tələbatın düzgün müəyyənləşdirilməsi istiqamətində işlərə başlanıb, ümumilikdə 11530 nəfər, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər və s. üzrə vahid aylıq müavinətin ödənişi dayandırılıb.
"Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə, hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir. Məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 3-15 AZN arasında dəyişə bilər".
Bunu Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. O bildirib ki, bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır:
"Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var.
C.Məmmədov "fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər" sualına da aydınlıq gətirib:
"Bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.
Hesab edirəm ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.
Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Nə vaxt verilməsinə gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir" - o söyləyib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürməyin məqsədəuyğun olduğunu söyləyib.
“İstifadə müddəti bitmiş ərzaq məhsulları yenidən etiketləndikdən sonra piştaxtalara qaytarılır”.
Bu barədə “Sputnik Azərbaycan”a Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda heyrətamiz vəziyyət yaranıb:
“Vaxtı keçmiş mallar satışdan çıxarılaraq distribyutora verilir, o da malı istehsalçıya qaytarır. Bundan sonra məhsul yeni qablaşdırmaya qoyulur və rəfə qaytarılır”, - deyə ekspert əmin edib.
O bildirib ki, dövlət qurumları bir neçə dəfə oxşar hallar aşkarlayıblar.
“Hər gün onlarla ton qidanın müddəti başa çatır. Bəs onda niyə onlar zibilliklərdə açıq şəkildə məhv edilmir? Ötən il AİB “Azərsun Holdinq”in təşəbbüsü ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə keçirilən təxminən 100 tona yaxın saxlama müddəti ötmüş məhsulun zərərsizləşdirilməsi prosedurunda iştirak edib”, - deyə Hüseynov bildirib.
O qeyd edib ki, digər şirkətlər də bundan nümunə götürməlidirlər, lakin təəssüf ki, bu baş vermir.
AİB rəhbərinin fikrincə, xarab olmuş mallar ictimai yerlərdə məhv edilməlidir, ya da Azərbaycanda ərzaq məhsullarının izlənməsi və nəzarəti üçün bir çox ölkələrdə uğurla istifadə olunan xüsusi proqram tətbiq edilməlidir. Proqram müəyyən məhsulların yararlılıq müddətinin hansı mağazalarda bitdiyini izləməyə imkan verir. Üstəlik, bu proqram Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sisteminə inteqrasiya edilməlidir.
Xatırladaq ki, Azərbaycanda hələ də keyfiyyətsiz məhsullardan zəhərləmə halları mövcuddur. AQTA-nın məlumatına görə, 2023-cü ildə qida zəhərlənməsi ilə bağlı 763 şikayət daxil olub, 143 fakt təsdiqini tapıb. Ümumilikdə 1128 nəfər müayinə olunub, onlardan 285 nəfərin qida zəhərlənməsi diaqnozu təsdiqlənib. İki nəfər ölüb.
“Azərbaycan özünün xarici əlaqələrini genişləndirməkdə davam edir. Birmənalı olaraq deyə bilərik ki, bu gün ən müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş perspektivlər açan istiqamətlərdən biri də Afrika ölkələri olan münasibətlərdir. Azərbaycan dövlətinin xarici siyasətində bu istiqamət mühüm yerlərdən birini tutur. Bu baxımdan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə aprelin 3-də baş tutmuş rəsmi səfəri də böyük əhəmiyyət kəsb edən hadisədir”.
Bu fikirləri mətbuata açıqlamasında Kamaləddin Qafarov səsləndirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev artıq aprelin 4-də mətbuata bəyanatla etdiyi çıxışında Konqo Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin çox gözəl nəticələri olacağını bildirib. “Dövlətimizin başçısı Azərbaycan və Konqo Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin önəmini vurğulayaraq qeyd edib ki, bu, ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcək çox önəmli və sanballı bir sənəddir. İmzalanmış Bəyannamə iki ölkə arasında siyasi əlaqələrin də bundan sonra uğurla inkişaf edəcəyini deməyə əsas verir. Dövlət başçılarının görüşü zamanı iqtisadi sahədə əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir və bu bu layihələrin arasında kənd təsərrüfatı yönümlüləri üstünlük təşkil edəcək. Nəzərə almaq lazımdır ki, Konqonun çox böyük kənd təsərrüfatı potensialı var və bu ölkədə əkin sahələrinin çox cüzi hissəsindən istifadə edilir. Həmçinin ölkənin kifayət qədər bol su mənbələrinə və bütün il boyu günəşli hava şəraitinə malik olması kənd təsərrüfatı sahəsində əməkdaşlığın həqiqətən də cəlbedici perspektivlər vəd etdiyini deməyə əsas verir.”
Deputat bildirib ki, Azərbaycanın bütün beynəlxalq platformalardan neokolonializmə qarşı hər zaman barışmaz mövqelərdən qətiyyətlə çıxış etməsi, sözsüz ki, Afrika ölkələri ilə münasibətlərin formalaşmasına təsirsiz ötüşmür: “ Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Qoşulmama Hərəkatına son 4 il ərzində uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Ölkəmizin təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Qoşulmama Hərəkatı hazırda əvvəlki dövrlərə nisbətən daha güclü bir təşkilatdır və 121 ölkənin üzv olduğu bu təşkilatın dünyada gedən proseslərdə oynadığı rolunun artması hamının marağındadır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələləri də mühüm yer tuturdu və dövlətimizin başçısı öz çıxışında bu prioritetin bu gün də aktual olduğunu vurğuladı. Cənab Prezident bildirdi ki, dövlətimizin xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır və bir müddət bundan əvvəl Azərbaycanda müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu da bunun daha bir sübutudur. Azərbaycan bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, onların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etmək yönümündə fəaliyyətini bundan sonra da davam etdirəcək. Azərbaycan-Konqo münasibətlərinin dərinləşməsi isə, bu istiqamətdə də fəaliyyətin effektivliyini daha da artıracaq” .