|
Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.
Bunu “Report”un Sumqayıt bürosuna açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 7 günlük tətil başa çatır.
Qeyri-iş günləri martın 20-də başlayıb və martın 26-da isə son qeyri-iş günü olub.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi.
Növbəti iş günü martın 27-dir.
Azərbaycanda Novruz bayramı qeyd edilir.
"Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.
Novruz bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.
Azərbaycanda martın 20-də havanın arabir yağıntılı olacağı, rayonlara qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaq.
Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, Novruz bayramının əsas mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr baş verdi. Belə ki, paytaxt ərazisində keçirilən çərşənbə mərasimləri zamanı iki nəfər bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”yə zəng edin!”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir:
“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Belə ki, Bakı şəhərində təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcəkdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart tarixləri qeyri-iş günləridir. 6 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 24 mart həftələrarası istirahət gününə təsadüf etdiyindən 25 mart tarixi qeyri-iş günü olacaqdır.