Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzili və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzili, ümumilikdə 544 mənzili satışa çıxarır.

Bu barədə agentlik xəbər verir.

Məlumata görə, satış dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrım 14-ü saat 11:00-a qədər davam edəcək.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az), “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız bu sistemdə elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Sabah yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Banklar vətəndaşları belə ALDADIR – Millət vəkili açıqladı

Azərbaycanda istehlak kreditlərinin faizləri ilə yanaşı, diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır.

Musavat.com-un xəbərinə görə, iqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb.

Vüqar_Bayramov.jpg (3.90 MB)

“Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır. Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar.

Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb”, - V. Bayramov qeyd edib.

Millət vəkilinə görə, faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır:

“Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı “Qaynar Xətt” də yaradılıb.

Dövlət Xidmətinin gücləndirilmiş iş rejiminə keçməsində məqsəd ətraf mühitin qorunması, atmosfer havasının mühafizəsi, ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantıların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, ekoloji hüquqpozmalarla bağlı məlumatların operativ qaydada əldə edilməsinin səmərəli təşkilidir.

Qeyd edək ki, vətəndaşlar qarşılaşdıqları ekoloji problemlərlə bağlı 012 538- 71- 81, 055 538- 71- 81 telefon nömrələri ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Aeroport yolunda elektron tərəzi məntəqələri quraşdırılır?

Bakıda aeroport yolunda çəkiyə nəzarət məqsədilə gələcəkdə elektron tərəzilərin quraşdırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı məlumat verib.

Onun sözlərinə görə hazırda bu istiqamətdə elektron tərəzi məntəqələrinin quraşdırılması nəzərdə tutulmayıb:

"Lakin bir məqamı xüsusi qeyd edim ki, gələcəkdə şəhər içlərində də elektron tərəzi məntəqələrinin quraşdırılması planlaşdırılır. Ümumilikdə, 9 yer üzrə 13 tərəzi məntəqəsinin quraşdırılması nəzərdə tutulur".

Azərbaycanda daha bir telekanal açıldı

Azərbaycanda beynəxalq televiziya kanalı fəaliyyətə başlayır. 

Bu haqda telejurnalist Rüfət Həmzəyev sosial şəbəkə hesabında məlumat yayıb. 

Həmzəyev bildirib ki, sözügedən kanalANEWZ” adlanır:

“4 noyabr 2024-cü ildən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən “ANEWZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq. 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər. Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər. Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.

Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsi xəbər verir.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.

DYP-dən hərəkət iştirakçılarına müraciət 

Baş Dövlət Yol polisi COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə bildirib ki, beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq konsepsiya hazırlanıb.

"Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir".

BDYPİ-nin müraciətində qeyd edilib ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcək.

İlham Əliyevin doğum günüdür

Fazil Musayev - 8 noyabr bizim Zəfər hekayəmizdir! Ölkəmiz üçün qalibiyyət müjdəsinin, bütövlük möcüzəsinin başlanğıcıdır. Ardınca 2023-cü ilin 23 sentyabrının özü ilə gətirdiyi suverenlik faktı, daha sonra həmin ilin 15 oktyabrında Xankəndidə bayrağımızın ucalma təntənəsi, siyasi arenada güclənən nüfuz, diplomatik səriştə və əzmin yetirdiyi yeni bir Azərbaycan! Bütün bunların nəticəsidir ki, Zəfər gününü – tarixi taleyimizdə xüsusi rolu olan bu hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, nüfuzunu və səriştəsini artırmış bir ölkənin vətəndaşları kimi qarşılayırıq.

Artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb. Zəfər tariximizin müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir. Yəqin ki, tədricən şüuraltı axın daha dərinlərə işlədikcə çağın obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən belə aydın görünən, getdikcə bütün yönləri ilə sərgilənən həqiqətlər var ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn, böyük qələbəmizi bizə qazandıran dəyərlər, təməllər, siyasi sistemin möhkəm sütun üzərində pərvəriş tapması və s. Bunlar hamısı Ümummilli lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin möhkəm təməllərini yaradan əməllər sırasında ehtiva olunmuşdur. O əməllər ki, ölkə başçısı İlham Əliyevin siyasətində sabahlı bir gələcək kontekstindən mündəricə qazandı. İlham Əliyev müstəqil dövlətçiliyi bütün istiqamətlər üzrə inkişaf etdirərək yeni mərhələyə çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə həlledici səhifə açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma bura qədər də İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük siyasi-ideoloji məktəb keçmiş, Azərbaycan dövlətinin dayaqlarını əsaslı şəkildə inkişaf etdirərək möhkəmləndirən və yeni üfüqlər açan qüvvətli lider kimi özünü çoxdan təsdiq etmişdir. Azərbaycan neft siyasətini ardıcıl və yüksək səviyyədə inkişaf etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərinin daha da genişləndirilməsi, bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif layihələr əsasında ölkədəki rifaha çalışması, quruculuq işlərinin möhkəmlənməsi və geniş şəkil alması prosesində xidmətləri və s. Bu mənada, hakimiyyətdə olduğu bütün illəri İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi hazırlıq mərhələsi də adlandıra bilərik. O vəsiyyət ki, özündə müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqlarını meyara çevirmək kimi ən ali dəyərləri ehtiva edir. Bunu yalnız siyasi arenada deyil, milli mədəniyyətə münasibətdə də gerçəkləşdirmişdir İlham Əliyev. Zənnimcə, bu kimi həssaslığı da Ümummilli lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun mədəniyyətə, ədəbiyyata baxış tərzinə aid milli dəyərlər sistemi hesab etmək olar. Prezidentin elə son illər imzaladığı sərəncamlara diqqətli olsaq, görmək çətin olmaz - "Multikulturalizm ili", "İslam həmrəyliyi ili", "Azərbaycan Xalq Cümhuriyyəti ili", "Nəsimi ili, "Nizami ili", “Şuşa ili”, “Heydər Əliyev ili” - bunlar Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu sərəncamların hər biri xalqın dövləti şüurunun güclənməsində, vahid bir ideya ətrafında köklənməsində, insanların milli və tarixi dəyərlər üzərində səfərbər edilməsində, öz tarixi kimliyindən uzaq düşməməsində böyük rol oynayır. Eləcə də mental dəyərlərimizi, kimliyimizi dünyaya bəyan edir, daha sistemli və davamlı təlqinlərə imkan yaradır. Nəhayət astanasında olduğumuz COP 29 konfransının humanist fəaliyyəti, “Yaşıl dünya naminə həmrəylik” ilində dünyaya təbiətin saflıq pəncərəsindən baxmaq fərqliliyimiz!

Müharibədəki zəfərimizi də elə xislətimizdəki məğrur ruhun gücü ilə qazandıq. Azərbaycançılıq idealımız, məfkurəçi düşüncəmiz qalib gəldi. Diqqət eləsək görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirmişdir. İlham Əliyev də həmin idealı energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu.

Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı  isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar.

Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu Zəfər yollarının üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi arxitekturanın əsası qoyulur. 8 noyabr isə bütün hallarda ən yeni tariximizin başlanğıc məqamı, xalqın içindəki  susmayan nidanın, kükrəyən coşğunun ünvanı olaraq qalır və bu, hər zaman belə olaraq qalacaq:

Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Bu müqəddəs Zəfəri bizə qazandıran hekayə qəhrəmanlarına - müqəddəs şəhid ruhlarına və igid qazilərimizə isə bir ömür şükran borcumuz var!

Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir! - Turkustan.az

İlham Cəbrayılov - Dörd il öncə tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan bu gün yeni dövrə qədəm qoyub. Tarixi Zəfərimiz növbəti zəfərlərimizin əsası oldu. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Təcavüzkar Ermənistan silahlı qüvvələri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı.  Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan  Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.  Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycanın davamlı uğurları tarixi Zəfərimizdə öz sözünü dedi. 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini itirməyən torpaqlarımızın azadlığı hər birimizi qürurlandırır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlələrə tarix, hüquq və milli qürur dərsi oldu. Bu müsahibələr dövlət başçısı İlham Əliyevin   praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlrımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Azərbaycanın döyüş meydanında qələbəsində informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.

Prezident İlham Əliyev son dörd ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqləyir.  Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana şevirməsi, Böyük Qayıdış proqrmını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır.

Artıq dörd ildir bütün bayramlarımızı, o cümlədən Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik.  Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuz, milli kimliyimiz, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Bayraq Günündə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdələrinin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkünsüzdür. Küçə və meydanlarımızı Azərbaycan Bayrağı bəzədi. Paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə bayrağımız şahidlik etdi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin çağırışlarının əsas tərkib hissələrindən biri bu idi ki, Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.

Dövlət başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Ölkəmizdə üçrəngli Bayrağımıza və ümumiyyətlə, dövlət rəmzlərimizə göstərilən bu münasibət milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənclərimizin  vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək istəyindən  irəli gəlir. Azərbaycan gəncləri Vətən, torpaq sevgisini, dövlət rəmzlərinə hörməti, yüksək dəyəri 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə təsdiqlədilər.

Xəbər lenti