![]() |
|
Yol hərəkəti qaydalarını pozan sürücüləri polis adətən səsgücləndirici vasitəsilə həmin avtomobilin nömrəsini elan etməklə saxlayırdı. Ancaq son vaxtlar polislərin səsgücləndirici alət olan rupordan istifadə etmədiyi görünür. Yol Patrul Xidmətinin əməkdaşları qayda pozan sürücüləri indi adətən xüsusi siqnal və sayrışan işıqlar vasitəsilə saxlamağa üstünlük verirlər.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Yol Patrul Xidmətinin siravi əməkdaşlarına patrul avtomobillərində rupordan istifadə etməyə bir müddətdir icazə verilmir:
“Hazırda yalnız komandir və rəis heyətinin maşınlarında rupor var və istifadəsinə də icazə verilir. Bununla bağlı müxtəlif fikirlər söylənilir. Ruporun istifadəsi ilə bağlı hər hansısa qadağa yoxdur. Sadəcə istifadəsi bir qədər məhdudlaşdırılıb.
Ancaq “Yol Patrul Xidməti haqqında” təlimatda da, eləcə də “Yol Hərəkəti Haqqında” qanunda hansı nəqliyyat vasitəsinin nə zaman, hansı formada dayandırılması məsələsi öz əksini tapıb. Qanunda göstərilib ki, YPX əməkdaşı qaydanı pozan sürücünü patrul avtomobilindəki ruporla, sayrışan işıqla və siqnal vasitəsilə saxlatdıra bilər.
Əgər YPX avtomobilində səsgücləndirici alət yoxdursa, bu zaman polis qayda pozan sürücünü xüsusi siqnal və işıqlar vasitəsilə saxlayır. Düzdür, bu, bəzən sürücüləri çaşdırır. Yəni yolda hərəkətdə olan sürücülər çox vaxt polisin bu işarəni kimə verdiyini dəqiqləşdirə bilmir. Ancaq istənilən halda polis maşını həmin avtomobilə yaxınlaşaraq özü də işarə edir ki, kənara verib saxlasın”.
Ekspert bildirib ki, bütün yol patrul polisləri rupordan istifadə etsələr, daha yaxşı olar:
“Bu, yolda hərəkətdə olan sürücülərin ani də olsa diqqətinin yayınmaması üçün önəmlidir. Çünki rupor olduqda polis birbaşa qayda pozan sürücünün nömrəsini deyir və həmin sürücü maşını saxlayır. Bu, digər avtomobillərə maneçilik törətmir və sürücülərin diqqətinin dağılmasına səbəb olmur”.
E.Muradlı qeyd edib ki, polislər səsgücləndiricidən istifadə etmədiyi üçün bəzən qayda pozan sürücü polisin onu saxlatmaq istədiyini başa düşməyərək, “saxla” əmrinə tabe olmur və uzaqlaşır. Bu da sürücünün əlavə olaraq cərimələnməsinə səbəb olur:
“Polisə tabe olmamağın cəriməsi 80 manatdır. Əgər avtomobildə rupor qurğusu varsa, istifadə edilməlidir. Ancaq təbii ki, müəyyən qaydalar gözlənilmək şərti ilə. Yəni gecə saatlarında, yaşayış evlərinin yaxınlığında, binaların həyətində hansısa sürücüyə “saxla” işarəsinin verilməsi kimi hallarda bu qurğunun istifadəsinə icazə verilməsin. Görünür, bu cür hallar baş verdiyi üçün qurğunun istifadəsi məhdudlaşdırılıb”.
Rusiyanın “Kaskad” şirkətinin sahibi Çingiz Aqaronov qiyabi olaraq həbs edilib.
Axar.az xəbər verir ki, bu məlumatı RBK yayıb.
Məlumata görə, hərbçilərə rüşvət verməkdə ittiham olunan Aqaronov beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Aqaronov həm Rusiya, həm də İsrail vətəndaşıdır. Onun şirkəti Rusiya Müdafiə Nazirliyi və Kreml üçün xüsusi əlaqə qurğularının tədarükçüsü olub.
Tanınmış siyasi fəal Əziz Purvəli bu gün səhər saatlarında dünyasını dəyişib.
Axar.az xəbər verir ki, Təbrizin İmam Rza xəstəxanasında uzun müddətdir müalicə alan tanınmış fəal səhhətindəki problemlərdən dolayı vəfat edib.
Qeyd edək ki, Əziz Purvəli Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.
Hələlik onun yerinə təyinat olmayıb.
Ölkədə təhsilin inkişafına mühüm önəm verən "Kapital Bank", tələbələr üçün “Made in Azerbaijan - 4” müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim etməlidirlər.
Axar.az xəbər verir ki, biznes ideya müsabiqəsinə respublikanın müxtəlif universitetindən 40 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.
Münsiflər heyətinin qərarı ilə “Kitablı” biznes ideyası qalib olub. Layihənin məqsədi elektron vəsaitləri bir portlada toplamaq, müəyyən fənlər üzrə izahlı video bazaya sahib olmaq, tələbələrin çətinlik çəkdiyi testlərin müəllimlər tərəfindən izahlarını təqdim etməkdən ibarətdir.
“2016-cı ildə "Kapital Bank"la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər il “Made in Azerbaijan” layihəsi həyata keçirilir. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar nümayiş olunub. “Kapital Bank” gələcəkdə də təhsillə bağlı yeni layihələrin keçirilməsini planlaşdırılır”, - deyə, “Kapital Bank”ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz
Qeyri-qanuni miqrasiyadan dolayı ABŞ Prezidenti Donald Trampla dalaşan deyiləm.
Axar.az xəbər verir ki, bu sözləri Meksika Prezidenti Andres Manuel deyib.
“Biz dalaşmağa hazırlaşmırıq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, D.Tramp qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksikanın heç bir addım atmadığını bəyan etmişdi.
ABŞ nüvə razılaşmasında tək qalıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan ostanında, Maku şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, ölkəsi daim Ağ Ev administrasiyasının önündə qalib olub:
“ABŞ nüvə razılaşmasında heç kimi tərəfinə çəkə bilmədi. ABŞ yolun sonunda razılaşmadan çıxdı və müqaviləni pozmağa məcbur qaldı. Bu, İranın tarixi iftixar qaynağıdır”.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu olub.
Axar.az xəbər verir ki, bayram tədbiri Balakən şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında təşkil edilib. Festivalın rəsmi qonaqlarını Balakəndə yaşayan azsaylı xalqların rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları festivala əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şəki pəhləvanları öz güclərini nümayiş etdiriblər.
Sonra festival iştirakçıları Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.
2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.
Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə daxil olan rayonların təmsilçiləri sərgidə daha geniş ekspozisiya ilə təmsil olunublar. Bu da təsadüfi deyil. Şəki tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etmiş ərazilərdən biri olub. Şəkili sənətkarların hazırladıqları şəbəkə, təkəlduz nümunələri, bədii tikmələr, ağac üzərində oyma işləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Yaradıcılıq festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Gəncədən başladığımız festival iki aydır davam edir. Çox möhtəşəm bir tədbirdir. Festivalın ən böyük əhəmiyyəti odur ki, bu tədbir vasitəsilə biz ölkəmizin tarixini, xalqımızın zəngin mədəni irsini, adət-ənənələrimizi, folklorumuzu, incəsənətimizi təqdim və təbliğ edirik”.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Günaydın Əhədova da festivalın əhəmiyyətini yüksək qiymətləndirib:
“Yaradıcılıq festivalının, demək olar, bütün tədbirlərində iştirak etmişəm. Bu festival insanları bir-birinə daha da yaxınlaşdırır. Festival bölgələr arasında mədəni əlaqələrin genişləndirilməsi, sənət mübadiləsi, həmçinin bədii özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Mayın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 22-də Abşeron yarımadasında komfort temperatur şəraiti və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.