![]() |
|
ABŞ-a köçmək istəyənlər üçün bal sistemi tətbiq ediləcək.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ prezidenti Donald Tramp deyib ki, sözügedən sistemlə əcnəbilər bir sıra bacarıqlarına görə seçiləcək:
“Kanadada, eləcə də bir çox digər müasir ölkələrdə olduğu kimi, biz asan anlaşılan, bal əsasında sistem yaradırıq. Əgər siz gənc işçisinizsə, çox bal alacaqsınız. O mənada ki, siz bizim sosial müdafiə sistemimizə daha çox töhfə verə bilərsiniz”.
Onun sözlərinə görə, ABŞ indi ölkədə öz biznesinə başlamaq istəyən “insanları itirir”. “İndi onların şansı olacaq” – prezident söyləyib.
“Amerikalıların hüquqları qorunsun deyə, imiqrantlarların maddi vəziyyəti yaxşı olmalıdır” – deyə, dövlət başçısı qeyd edib.
Safe Life MMC Bakı Metropoliteni QSC-ni məhkəməyə verib.
Report-un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul tələbinə dair iddia ərizəsi qaldırıb.
Ərizədə qeyd edilib ki, Safe Life MMC ilə Azərtunelmetrotikinti QSC-nin Xüsusi Tamamlama işlər İdarəsi ilə 2013-cü ildə müqavilə bağlanıb. Müqavilə üzrə Bakı Metropoliteni QSC MMC-yə ümumilikdə 1 milyon 600 min 577 manat məbləğində pul ödəməlidir.
Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki məhkəməyə təqdim olunan iddia ərizəsindən görünüb ki, iddiaçılardan biri Tağıyev Azad Hüseyn oğlu fiziki şəxsdir və iddia ərizəsinə onun fərdi sahibkar statusunu təsdiq edən sənəd əlavə edilməyib.
Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.
Baş Prokurorluq açıqlama yayıb.
Axar.az sözügedən açıqlamanı təqdim edir:
“Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş Anar Məmmədov baş redaktoru olduğu “Criminalaz.com” internet saytında və Fesybuk sosial şəbəkəsinin özünə aid səhifəsində guya Bakı şəhər prokurorluğunda SOCAR-la əlaqədar məqalələrin dərc edilməsinə irad bildirilməsinə dair yalan informasiyalar yayıb. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir.
Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı şəhər prokurorluğunda iş üzrə saxlanılan maddi sübut - “MacbookPro” markalı kompüterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında şəhər prokurorluğuna dəvət olunub. Aparılmış söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apellyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə hökm qanuni qüvvəyə minmədiyindən maddi sübut ona qaytarılmayıb.
İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha izah edilir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir".
İnternet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edilib.
Bu barədə Axar.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu ilin mayından etibarən Aztelekom MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq:
“Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq”.
ABŞ administrasiyasının fəaliyyəti sübut edir ki, İranla müharibə onlar üçün yekun hədəfdir.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, erməniyönlü konqresmen Adam Şif deyib.
“İran onilliklər ərzində terrorun sponsoru olub və indi də elə qalır. Amma mən həmçinin ciddi şəkildə administrasiyanın fəaliyyətlərindən narahatam. Görünən odur ki, onların fəaliyyəti bizi toqquşma yoluna qoymağa hədəflənib”, – deyə o bildirib.
Harada yol polisi görsəniz, yaxınlaşıb maşının nömrəsini deyərək, texniki baxış vaxtınızı öyrənin.
Axar.az xəbər verir ki, bu sözlərlə yol-nəqliyyat eksperti Elməddin Muradlı çıxış edib.
O bildirib ki, əks halda sürücülər 50 manat cərimə ediləcəklər:
“Azərbaycanda texniki baxışla bağlı qeyri-müəyyən durum yaranıb. Əksər sürücülər ən azı bir dəfə cərimə olunandan sonra xəbər tutur ki, texniki baxışın vaxtıdır. Bu qarışıq vəziyyəti həll etmək üçün sms xidməti yaratmaq lazımdır, onu da yaratmırlar. Odur ki, sürücülər diqqətli olsun. Harada yol polisi görsəniz, yaxınlaşıb maşınınızın nömrəsini deyib, texniki baxışın vaxtını öyrənin. Əks halda sizi 50 manat cərimə edəcəklər”.
09:06
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.
Axar.az xəbər verir ki, institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov Trend-ə bildirib ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar:
"İlanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar".
T.İsgəndərov qeyd edib ki, ilanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış "sığınacaqlarda"- zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:
"Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Həyətin hər tərəfinə daşdan hasar çəksən belə, əgər onun içində tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər".
Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb:
"İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalniz özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar".
T.İsgəndərov öldürülən ilana görə onun cütünün, yaxud qardaşlarının qisas alması barədə deyilənləri də rəvayət adlandırıb.
Onun sözlərinə görə, bəzən həyətində ilan öldürən şəxs bu hadisədən sonra başqa ilanı gördükdə onun qisas almaq üçün buraya gəldiyini zənn edir:
"Bəzən həyətdə bir deyil, bir necə ilan olur və onların da hamısı eyni vaxtda görünmür. İlanı öldürdükdən sonra həyətdəki ilanlardan digərini görən şəxs də elə bilir ki, bu ilan həyətə qisas almaq üçün gəlib. Lakin bu məlumatların heç biri düzgün deyil. İlanların öldürülməsinə görə onun cütünün, yaxud qardaşının qisas alması barədə deyilənlər ancaq rəvayətdir".
Sabah Ramazan ayının 11-ci günüdür.
Axar.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 16-da Bakıda imsak saat 03:42, iftar isə saat 20:06-dadır.
Ramazan ayının 11-ci gününün duası:
"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".
Tərcüməsi:
"İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!"
Allah orucunuzu qəbul etsin!
Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.
"Qafqazinfo" xəbər verir ki, dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.
Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,0 (iyirmi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.