![]() |
|
Barəmdə yazılanlar tamamilə cəfəngiyatdır və heç bir fakta söykənmir.
Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.
"Bunlar tamamilə yalandır. Keyfiyyətsiz bir adamın yazdığı materialdır. Bu haqda mətbuatda daim təkziblər gedib. Həmin siyahını kimin yayımladığını da yaxşı bilirik. O adam öz taleyi ilə oynayır. Hansısa məqamda gərək cavab verə. Mən artıq 50 ildir siyasətdəyəm. Hamı da çox yaxşı tanıyır. Əgər elə bir şey olsaydı, məni məsuliyyətə cəlb edərdilər. İkincisi də "Real TV"yə verdiyim müsahibənin həmin hissəsi tamamilə təhrif olunub. Belə olmamalıdır. Fikirlər təhrif olunmasa yaxşıdır. Dövr elə dövrdür ki, insanlar qıcıqlanır. Bir az diqqətli, ehtiyatlı olmaq lazımdır. Hadı Rəcəblinin adı ilə ağızlarına gələni yazıblar. Buna Lənkəran camaatı gülür. Mənə deyilən söyüşlərin hamısı geri qayıdır. Mənim tövsiyyəm odur ki, mətbuat bir az obyektiv olsun. Xalq kütlə psixologiyasına uymasın", - millət vəkili qeyd edib.
Qeyd edək ki, son günlər Milli Məclisin deputatı Hadi Rəcəblinin müsahibəsi ictimaiyyətdə narazılığa səbəb olub və sosial şəbəkələrdə deputatın "Ailədə iki nəfər iki ayrı yerdə işləsə, 180 manatla dolanmaq olar" fikri tənqid olunub.
Bu gün ərzində Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“23.02.2019 tarixində Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi ilə əlaqədar gün ərzində yolda hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu anlayışla qəbul etmələrini xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Nazirlik xəbərdarlıq edir ki, fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb.
"Qafqazinfo" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ilin noyabrında elan edilən müsabiqə 4 mərhələdə keçirilib. Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib.
5 dekabr 2018-ci il - 26 yanvar 2019-cu il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsində təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb. Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən öz vəzifələrinin icrasına başlayacaqlar.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ikili danışıqlar zamanı Suriyada yaşanan son prosesləri müzakirə ediblər.
Eyni zamanda, ölkələr arasındakı ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və ticari hədəfin 75 milyard dollara çatdırılmasında dair razılıq əldə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün artırılması haqqında fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər üçün nəzərdə tutulan prezident təqaüdünün aylıq məbləği 2019-cu il martın 1-dən artırılaraq 300 manat müəyyən ediləcək.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, sözügedən şəxslərə verilən prezident təqaüdü 220 manat idi.
Kürdəmirdə 19 yaşlı ana doğuşdan sonra ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Rayonun Carlı kənd sakini Novruzova Nuranə Sədrəddin qızı saat 14:00 radələrində xəstəxananın doğum şöbəsinə müraciət edib. Saat 16:30-da doğum baş verib və gənc ana 3 kilo 400 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Lakin doğuşdan 15-20 dəqiqə sonra gənc anada boğulma halı baş verib və qadın dünyasını dəyişib.
Həkimlərin sözlərinə görə, doğuşdan əvvəl və sonra qadının vəziyyəti yaxşı olub. Halı qəfildən pisləşib. Bütün tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlayıb
“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Mustafa Hacıbəylinin barəsində 5 il 6 ay müddətinə şərti cəza təyin olunub.
Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Mustafa Hacıbəylinin barəsində ötən ilin yayında cinayət işi başlanıb. O, Gəncədə baş verən ixtişalardan sonra rəhbərlik etdiyi saytda silsilə yazılar dərc edib.
Mustafa Hacıbəylinin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Tərəflər hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
Koreyalı səfir Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.