![]() |
|
“Əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməyiblər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olub:
“O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır”.
Prezident sözlərinə əlavə edib ki, bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir:
“Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi”.
Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq”.
Rostov polisi azərbaycanlı biznesmen Söyün Sadıqov saxlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiya KİV-ləri yayıb. O, bir hektar ərazi və 100 milyon rubl vəsaiti mənimsəməkdə ittiham edilib.
Onun öz tərəfdaşları ilə birgə bu vəsaiti “Nebuq” şirkətindən tələb etdiyi müəyyən olunub. Bundan sonra biznesmen polisə müraciət edib və Sadıqov ondan 5 milyon rubl alarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb..
Qeyd edək ki, Sadıqov mətbuatda Rusiya Prezidenti Vladimir Putinin adamlarından biri kimi təqdim olunur.
Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Nurəddin İsmayılovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.
Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.
Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.
Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri olub.
Ermənistan ordusu Suriyadakı hərbi əməliyyatlarda iştirak edə bilər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.
“Erməni humanitar missiyasının Suriyaya göndərilməsi barədə yazılı müraciət bizə Suriyanın de-fakto hökumətindən daxil olub. Humanitar missiya qanuna tam uyğundur. Əlavə olaraq onu deyə bilərəm ki, əgər hərbi fəaliyyətlərdə iştirak ehtiyacı yaransa, Ermənistan bunu mütləq qanunauyğun şəkildə edəcək. Düşünürəm ki, bu cür qərarın qəbulu üçün biz Ermənistan parlamentindən kənar qüvvələrlə də işləyəcəyik”, – deyə o bildirib.
Azərbaycan Dillər Universiteti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin vəzifədən azad olunması ilə bağlı açıqlama yayıb.
Kult.az-a daxil olan açıqlamada bildirilib ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb: "Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanunun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub. Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar. Bundan əlavə V.Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub. Bununla da filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyli əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib".
Açıqlamada qeyd edilib ki, açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna və universitetin əməkdaşlarına şər və böhtan atdığına görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib: "Araşdırma zamanı komissiyanın tədris sənədləri ilə işin vəziyyəti haqqında yekun rəyinə əsasən fakültənin dekanı Vüsalə Ağabəyli vəzifəli şəxs kimi işinə səhlənkar münasibət bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.
Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb. V.Ağabəyli əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyib, həmçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində pedaqoji müəllim heyətinin və tələbə kollektivinin qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də Azərbaycan Dillər Universitetininin nüfuzuna ziyan vurub.
Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, Vüsalə Ağabəylinin mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil.
Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik".
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsəsən Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab, foto və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi, eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin iştirakı ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların, sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
Bundan əlavə, şəxsi heyət Bakı şəhərinin Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib.
Trend-in xəbərinə görə, ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.
Ötən il Bodruma səfər edən turistlər arasında rusiyalılar çoxluq təşkil edib. Bu ölkədən Bodruma 97,5 min turist səfər edib.
Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.
Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib. Əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək. Qanun layihəsinin müəllifi Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.
Maraqlıdır, bu qanun ölkəmizdə qəbul edilsə, millət vəkillərinin münasibəti necə olar?
Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda da belə bir qanun qəbul edilsə, birinci qoşulanlardan olar:
“Bunu özüm üçün hər hansı bir məhdudiyyət hesab etmərəm. Amma bu qanun heç də millət vəkilləri və cəmiyyəti yaxınlaşdırmağa xidmət edən yeganə vasitə deyil. Millət vəkili, dövlət qulluqçusunun cəmiyyətlə münasibətlərini yaxşı qurması üçün başqa vasitələr də var. Millər vəkillərinin əhali ilə görüşlərinin keçirilməsi, vaxtaşırı cəmiyyətin arasında olması, telefon zənglərinə açıq olması da bu vasitələrdən biridir”.
A.Mirzəzadə avtomobilsiz ailədə böyüdüyünü də deyib:
“Milli Məclisin deputatı seçilənə qədər mənim nə şəxsi, nə də xidməti maşınım olub. Ona görə də avtomobilsiz həyat mənim üçün adi bir normadır. Hazırda xidməti maşından istifadə edirəm, bununla belə avtomobilsiz fəaliyyət göstərə bilərəm”.
Millət vəkili Aqil Abbas isə bu qanunun qəbulunun doğru olmadığını bildirib:
“Azərbaycanın qanunvericiliyində millət vəkillərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təmin edən maddə var. Amma insanlara nəyisə qadağan etmək heç də demokratiyanın göstəricisi deyil. Şəxsi maşınından istifadədən məhrum edilməsi insanın şəxsi azadlığına, həyatına müdaxilədir. Demokratik ölkədə belə bir qadağa tətbiq oluna bilməz. Onda Xorvatiyanın prezidenti də, digər məmurları da şəxsi avtomobil istifadəsindən məhrum edilsin.
Doğrudur, praktikada məmurların işə piyada, velosipedlə, metro və digər ictimai nəqliyyat vasitələri ilə getməsi maraqla qarşılanır. Məsələn, Hollandiyada bəzi vaxtlar məmurlar, hətta baş nazir velosipedlə işə gedir. Amma bu o demək deyil ki, onlar şəxsi avtomobil istifadəsindən məhrum edilib. Nəyisə qadağan etmək sivil dövlətlərin işi deyil”.
Aqil Abbas da ictimai nəqliyyatdan istifadə etdiyini qeyd edib:
“Elə yer olur ki, ora avtomobillə getmək sərf eləmir, buna görə də metrodan istifadə edirəm. Amma mənim 1987-ci ildən şəxsi avtomobilim olub. Mənim üçün avtomobil məni A-dan B-yə aparan vasitədir. Digər tərəfdən maşını olmayan deputatlar çoxdur. Milli Məclisə avtobusla gələn deputatlar var. Bütün millət vəkillərinin şəxsi avtomobili yoxdur. Məsələn, Aydın Mirzəzadənin, Tahir Kərimlinin, Fazil Mustafanın adını çəkə bilərəm”.
Millət vəkili Elman Nəsirov da belə qərarın qəbul edilməsini müsbət qarşılamayanlardandır:
“Əvvəla bir şeyi qeyd edim ki, Xorvatiya, ümumiyyətlə, dünya miqyasında nümunə, model ola biləcək dövlət deyil. Hesab edirəm ki, biz inkişaf etmiş dövlət sırasında olmağı özümüzə hədəf seçmişik.
Avtomobili hansısa bir zinət əşyası kimi qəbul etmək lazım deyil, bu, sadəcə həyat tərzidir. Biz gün ərzində çoxsaylı tədbirlərdə iştirak edirik, digər tərəfdən tez-tez seçicilərlə görüşmək üçün rayonlara gedirik. Məsələn, bugünkü iş rejimimi deyim. Səhər 10:00-da İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı tədbirdə iştirak və çıxış; 11:00 Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində keçirilən tədbirdə iştirak və çıxış; 13:30 Xəzər TV-də çəkiliş; 15:00-da SƏS Agentliyində keçirilən toplantıda iştirak və çıxış... Fikir verirsiniz, hətta mənim nahar etməyə fiziki baxımdan vaxtım qalmır. Bizim üçün zaman məsələsi həlledicidir. Ona görə də hesab edirəm ki, avtomobil millət vəkilinə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün lazımdır”.