Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tiflis-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.

“Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik”, - deyə dövlət başçısı qeyd edib.


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 21-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, fevralın 21-22-də qərb küləyinin əsasən dağlıq rayonlarda arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

 

Terror təşkilatının lideri komaya düşdü
 

 

“Hayat Təhrir əş-Şam” (“Cəbhat ən-Nusra”) terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani başından qəlpə yarası alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə türk mənbə bildirib. Suriyanın İdlib şəhərində baş vermiş partlayış nəticəsində ağır yaralanan terrorçu Hatay vilayətinin Antakya şəhərində dövlət xəstəxanasına yerləşdirilib.

Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır.

 

 

 
İlham Əliyev səfiri geri çağıraraq

 

Prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, prezidentin digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

 

Sənədsiz bina qalmayacaq

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə müəyyən edilir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

- Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Bu fərmanın 1.1-ci bəndinə əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

Nazirlər Kabinetinə tapşırılır ki, bu fərmanın 1-ci hissəsinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin; bu fərmanın 5.3-cü bəndində verilmiş tapşırığın icrasını nəzarətdə saxlasın və Əmlak Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlərə əsasən, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı zəruri tədbirlər görsün; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu fərmanın 1-ci hissəsinə uyğun olaraq, istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Əmlak Məsələləri Dövlət Komitəsinə və bu fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini; istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun mütəmadi yenilənməsini; Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 gün müddətində təqdim olunmasını təmin edəcəklər.

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərmanın 1-ci hissəsinə uyğun olaraq, çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı onların döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsində Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərəcək; istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin edəcək; istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin edəcək.

Yerli icra hakimiyyəti orqanlarına bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan rəy onlara təqdim edildiyi hallarda həmin rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərmək tapşırılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu fərmanın 1-ci hissəsinə uyğun olaraq, çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlıq baxımından aktlaşdırılmasını təmin etməklə Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərəcək; istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin edəcəklər.

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Prezidentinə məlumat verəcəklər.

Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Azərbaycanda yeni Missiya TV adlı internet televiziyası açıqlacaq.

Bu barədə Kult.az-a açıqlamasında jurnalist Nicat Dağlar deyib. O bildirib ki, kanalın martın sonlarında yayıma başlaması nəzərdə tutulur:

“Missiya TV layihəsi üzərində xeyli müddətdir düşünürdük. Nəhayət, bu işi reallaşdırmaq qərarına gəldik. Əsasən internet televiziyası kimi nəzərdə tutulan bu layihənin ilkin mərhələsində canlı yayımlar təşkil olunacaq. Həm Feysbukdakı səhifəmiz, həm də Yutubdakı kanalımız vasitəsilə yayımlanacağıq. Paralel olaraq internet TV saytının ərsəyə gətirilməsi üzərində iş aparılır. Bütün materiallar məhz saytda cəmləşdiriləcək. Bir müddət idi ki, Missiya TV-nin studiyası qurulurdu. Əsas işlər artıq yekunlaşıb. Hazırda müəyyən dizayn işləri aparılır. Mütəxəssislər texniki məsələlər üzərində də çalışırlar. Hesablamalarımıza görə, mart ayının ikinci yarısından etibarən, daha dəqiq, Novruz bayramından sonra yayıma başlaya biləcəyik. Əvvəlcə həftədə iki dəfə mənim aparıcılığımla canlı yayıma çıxacağıq. Studiyaya dəvət edəcəyimiz ekspertlərlə günün aktual mövzuları müzakirə olunacaq. Tədricən isə müzakirələri hər gün təşkil etməyi planlaşdırımışıq. Canlı müzakirələrlə yanaşı, video sorğuların aparılması da nəzərdə tutulur”.

Mərkəzi Rusiyadan hərəkət edən siklonun təsiri nəticəsində axşama doğru Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünənlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu kəskin, yəni 8-10 dərəcə enib:

"Axşama doğru havanın temperaturu 0 dərəcəyə yaxınlaşacağından Bakıətrafı ərazilərdə və şəhərin nisbətən yüksək ərazilərində zəif qar örtüyü əmələ gələ bilər. Fevralın 19-dan 20-nə keçən gecə şəhərətrafı yolların buz bağlama ehtimalı var".

Gün ərzində əlverişsiz, yağıntılı hava şəraitinin davam edəcəyini deyən U.Tağıyeva qeyd edib ki, sabahdan hava şəraiti sabitləşəcək. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Hazırda Bakıya yağan qarın paytaxt üçün ilk qar hesab edilmədiyini söyləyən departament direktoru builki qış mövsümü ərzində Bakıda və Abşeron yarımadasında bir neçə dəfə sulu qarın yağdığını nəzərə çatdırıb.

U.Tağıyeva əlavə edib ki, Mərkəzi Rusiyadan hərəkət edən siklon respublikanın əsasən şimal və şərq rayonlarına öz təsirini göstərib. Bu gecə ərzində əsasən şimal rayonlarında – Quba, Şabran, Altıağac, Xaçmaz, Qəbələ və İsmayıllıda yağıntılar qar şəklində düşüb:

"Neftçala, Salyan, Biləsuvar, Yardımlı, Astarada yağıntılı hava şəraiti müşahidə edilib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 5 mm təşkil edib ki, bu da aylıq normanın 23-24 faizini təşkil edir".

O deyib ki, respublikanın bir sıra rayonlarında - Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Yevlax, Quba, Ağsu, Ağdam və Sabirabad rayonlarında külək güclənib. Küləyin maksimal sürəti saniyədə 25-28 metr olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 20 metrə çatıb.

Bu gün gecə Rusiyanın Saratov vilayətinin Xvalınski rayonunda xarab olmuş mikroavtobusda qalmış Azərbaycan vətəndaşlarına yardım göstərilib.

Report xəbər verir ki, bu barədə vilayətin xilasetmə xidmətinin yerli filialı məlumat yayıb.

İdarəyə Sızran-Saratov-Volqoqrad federal yolunun 107-ci km-də mikroavtobusun xarab olduğu barədə məlumat daxil olub. Nəqliyyat vasitəsində biri uşaq olmaqla 8 nəfər olub.

Hadisə yerinə gələn xilasedicilər Azərbaycan Respublikası vətəndaşlarını yaxınlıqdakı kafeyə təxliyyə ediblər.

Sızran-Saratov-Volqoqrad yolunun 47-140 kilometrləri arasındakı hissəsi ötən gün hava şəraitinin pis olması səbəbindən bağlanıb.

Milli Məclisdə bir neçə ildir müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu il yaz sessiyasında qəbul ediləcəyi bildirilib.

Ardını oxu...

Nə qədər çox dil bilsən, o qədər zənginləşirsən. Dil bilməyin nəyi pisdir ki? Bizdəki elmi ədəbiyyatın 90 faizi rus dilindədir. Rus dilini bilmək zəruridir. Çünki hələ bundan 50 il sonraya qədər öz aktuallığını qoruyacaq.

Axar.az xəbər verir ki, bu sözləri türkoloq, filologiya elmləri doktoru Firudin Cəlilov gənclərlə görüşü zamanı deyib. O, əcnəbi dildə olan məktəblərdə təhsil alan uşaqların milli kimliyinin formalaşmasının mümkün olmadığını qeyd edib:

“Amma azərbaycanlı balalarının rusdilli məktəblərdə oxumasından ziyanlı heç nə yoxdur. Ona görə ki, o uşaqlar gedib rusca oxuyanda Füzulini, M.F.Axundovu bilməyəcək, “Əkinçi”dən xəbəri olmayacaq. Niyə? Çünki bu məktəblərdə dərs rus proqramları əsasında tədris olunur. Belə olanda milli adam yetişməyəcək. Belə məktəblərdə dərslərin daha keyfiyyətli olmasını əsas gətirirlər. Bu da bir siyasətdir. Bu mənada əcnəbi məktəblərin mövcudluğunun əleyhinəyəm”.

Qeyd edək ki, bir neçə gün sonra, fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür.

Xəbər lenti