|
Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər. Ölkəmizdə isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci ildə qüvvəyə minəcək.
Axar.az xəbər verir ki, fəaliyyəti boyu uşaqların müdafiəsinə yönəlmiş çoxsaylı layihələr ilə çıxış edən Azercell Telekom MMC də kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alaraq ötən ildən Bakı və regionlarımızın bir çox məktəblərində yüzlərlə şagird, müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərə başlayıb. Növbəti 3 günlük təlim Şirvan şəhəri 18 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideylərini əhatə edən təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. 355 nəfərin iştirakı ilə baş tutan təlimlərdə məktəblilər, onların valideynləri və müəllimlərinə şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyyələr, uşaqlar üçün yaradılmış resursların siyahıları, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunub. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.
Qeyd edək ki, "Azercell" şirkəti 2 il bundan öncə uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Mən də deputat olmuşam, amma bir su köşküm də yoxdur ki, gedib su içim. 4-5 universitetdə işləmişəm. İndi də yaşımın bu vaxtında iş dalınca ora-bura qaçıram. Çünki yaşamaq üçün ehtiyaclarımı ödəyə bilmirəm. Pensiyam da təbii ki, buna çatmır. Maaşlarda artımlar bütün sahələri əhatə etməlidir. İndiki vaxtda ehtiyaclarımız çoxalıb.
Axar.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a geniş müsahibəsində bildirib.
Sabiq deputat əlavə edib ki, deputatların maaşlarının artırılmasını istəmələri normaldır, ancaq bunun qarşılığında gərək səmərəli işləsinlər:
“Deputatların aldıqları maaşlarla dolana bilməmələri normaldır. Bir şeyi nəzərə almaq lazımdır ki, onların xərcləri özlərinə uyğun şəkildədir. Şəxsən mən həyat yoldaşımla özümün müalicəmiz üçün ayda min manat dərmana verirəm. Deputatlar maaşlarının artırılmasını istəyirlər, qoyun istəsinlər, amma unutmasınlar ki, səmərəli işləmək lazımdır”.
Sabiq deputat bildirib ki, o, deputat olduğu zaman onu nazirlər də qəbul edib, deputatlıqdan düşdükdən sonra isə mühafizəçi belə qəbul etmir:
“Deputat statusu çox gözəl bir şeydir. Mən deputat dadını görmüşəm. Hara getmişəmsə, yolum açılıb. Əvvəl nazir qəbul edirdisə, deputatlıqdan düşdükdən sonra qəbul edən olmadı. Deyirlər nə olsun ki, deputat olmusan. Bax belə hallar insana pis təsir edir. İstənilən halda deputatlara hörmət etmək lazımdır, deputatlıqdan gedənlərə də bu hörmət qoyulmalıdır. Türkiyədə olduğu kimi, onların nüfuzlarını qorumaq lazımdır”.
Noyabrın 19-da Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başlayıb.
“Qafqazinfo” xəbər verir ki, sessiyanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.
Sessiyanın açılış mərasimində baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mattal, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.
Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.
Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.
Bu problemlə əlaqədar prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyi diqqətə çatdırılıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunu və bu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
S. Mehdiyev bildirib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ulu öndər Heydər Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Qanununa uyğun olaraq başlayıb. Bu gün prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin “Narkotik vasitələr haqqında”, “Psixotrop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətlərilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.
Komitə sədri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların ərazisindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunduğunu bildirib və BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasının iştirakçılarının bu məsələyə xüsusi diqqət göstərməsinin vacibliyini vurğulayıb.
Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik Azərbaycan Gömrük Xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm addımlar atdığını da diqqətə çatdıran Komitə sədri, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hədəflərin idarə olunması sisteminin və mobil qrupların yaradıldığını, bacarıqlı və bilikli kadrların işə cəlb olunduğunu, müasir texnika və avadanlıqlardan geniş şəkildə istifadə edildiyini bildirib.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edib və burada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal tədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra sessiya başlayıb.
Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, “darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə; sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə; məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.
Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.
Sessiya noyabrın 23-dək davam edəcək.
Bir neçə gündür rektoru vəzifəsindən azad edilən Bakı Dövlət Universitetinin bufetində araşdırma aparılmasına aydınlıq gətirilib.
Axar.az-a açıqlama verən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, həftə sonu BDU-nun bufetinin bağlı olmasına səbəb araşdırma deyil.
P.İbrahimova bildirib ki, bufet bağlı olub:
“Çünki şənbə günü universitetdə rəsmi iş günü olmadığına görə, təbii olaraq, bufet də işləmir, bağlı olur. Bufetdə araşdırma aparılması isə həqiqəti əks etdirmir. Şənbə günü bufetin işləməməsinə səbəb araşdırma olmayıb”.
Xatırladaq ki, BDU tələbələrinin məlumatına görə, ötən həftənin şənbə günü Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər.
Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb.
Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.
Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:
“Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə ciddi görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.
Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunmuş, müasir texnika və avadanlıqlarla təchiz edilib.
Report xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasnın 53-cü sessiyasında bildirib.
Onun sözlərinə görə, bu il 1 tondan çox narkotik vasitə saxlanılıb:
“2018-ci il ərzində gömrük orqanları tərəfindən 1,178 ton kq narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. O cümlədən bildirmək istərdim ki, cari il ərzində gömrük orqanları tərəfindən 18 mart 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin oxlarının içərisindən 50,8 kq heroin, 23 aprel 2018-ci il tarixdə Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqu hissəsindən 104,53 kq heroin, 23 may 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqusundakı odadavamlı plitələrin arasında gizlədilmiş 500,635 kq heroin aşkarlanıb. Bundan əlavə 5 iyul 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası nəticəsində qoşquda gizlədilmiş 256,365 kq heroin, 23 iyul 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası və “buster” cihazının tətbiqi nəticəsində qoşqunun təkərləri arasında oxların içərisində gizlədilmiş 48,43 kq tiryək, 1 sentyabr 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobili rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının tavan hissəsində gizlədilmiş 41,4 kq tiryək, 7 noyabr 2018-ci il tarixdə Naxçıvan MR-nın Culfa gömrük-sərhəd buraxılış məntəqəsində yük avtomobilində gizlədilmiş 105 kq. heroin aşkar edilib".
Şuşa işğa olunan gün Bərdədə idim. Mənim balaca qardaşım Vüqar Şuşadan gec çıxmışdı, ortancıl qardaşım Kamil isə tez çıxmışdı Şuşadan. Mən də Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”
Axar.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az-a geniş müsahibəsində Şuşanın işğal günü barədə danışarkən deyib. B.Səfərov bildirib ki, əksər qohumları Şuşanın işğalı günü orada olub:
“Mayın 6-da Bərdəyə, bir dostumuzun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı.
Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi”.
B.Səfərov köçkünləri torpaqlarını qoyub qaçmaqda ittiham edənlərə də cavab verib:
“Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı alayın bütün silahları var idi. Üstəgəl, nizamlı sovet ordusu.
Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
Axar.az xəbər verir ki, Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı sanballı əsərlər akademik Ramiz Mehdiyevin qələminin məhsullarıdır. Mübaliğəsiz demək olar ki, bu əsərlərin hər birinin nəşri respublikanın elmi həyatında əlamətdar hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə geniş əks-səda doğurub, qızğın müzakirələrə səbəb olub. Bu əsərlərin başlıca xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş səhifələrinə müraciət edilməsidir.
Bu baxımdan, alimin yeni kitabı da istisna deyil. Bu, Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk cəhddir. Məsələyə bir qədər geniş yanaşsaq, bu, əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır. Bu proseslərin dərin təhlili ermənilərin müəllif tərəfindən tutarlı faktlarla təsvir edilən və regiondakı iri dövlətlərin tərkibində həmişə “beşinci kolon” rolu oynamasını şərtləndirən psixoloji portretinə əsaslanır. Akademik R.Mehdiyev yazır: “Ermənilərin tarixindəki faktlar sübut edir ki, satqınlıq, başqa millətdən olan insanları qəbul etməmək ayrı-ayrı epizodlar deyil, konkret məqsədlərə nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir... Bədrəftarlıq onların xarakterinin mühüm cəhətidir”.
Müəllif ermənilərin daha bir səciyyəvi cəhətini – saxtakarlıqlara meyilli olmasını açıb göstərir. Yalan həmişə ermənilərin əsas ideoloji silahı olub. Bu, kitabın birinci fəslində dəqiq göstərilib. Alim faktlara əsaslanaraq erməni mənbələrinin guya Qriqorian kilsəsinin Səfəvilərə qarşı fəaliyyətinin həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olduğuna dair yalan iddialarını ifşa edir. Müəllif sübut edir ki, həmin ərazilərdə erməni dövləti heç vaxt mövcud olmayıb. Alim, həmçinin erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında “erməni fobiyası”nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Bu halda müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən Orta Əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərdə göstərilir ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul olmasına maneçilik törətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Müəllif yazır: “Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayət etmək və hakimiyyətin iradəsinə tabe olmaq tələb edilirdi”. Bu başqa məsələdir ki, ermənilər bu cür xeyirxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərirdilər.
Kitabın ikinci fəsli çox maraqlı və faktoloji materiallarla zəngindir. Müəllif bu fəsildə Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixini izləyir. Qərbin agentura şəbəkəsinə cəlb edilən əsas obyektin kim olmasını güman etmək çətin deyil. Müəllif vurğulayır ki, satılmağa hazır olan erməniləri satın alırdılar. Eçmiədzindəki riyakar və satqın strateqlər bu cür əməkdaşlığa xeyir-dua verirdilər. Alimin yazdığına görə, ermənilər Vatikan missionerlərinə nə lazım olduğunu tezliklə anladılar – Səfəvi dövlətinin daxilində əsl “beşinci kolon” formalaşdırmaq. Lakin bu, Qriqorian kilsəsinin dəstəyi ilə ermənilərin qərbli himayədarları ilə ikili oyun oynamalarına mane olmurdu, nəticədə onların arasında vaxtaşırı münaqişə və ziddiyyətlər yaranırdı. Bununla belə, ermənilər XVII əsrin axırlarında Səfəvilər dövləti tənəzzülə uğrayana qədər Vatikan üçün əsas informasiya mənbəyi, Azərbaycan ərazilərinə soxulmaq üçün təsir vasitəsi kimi qalırdılar. Müəllif bu qənaətə gəlir ki, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin kökləri uzaq keçmişə gedib çıxır və bu nifrətin səhifələrinin çoxu Azərbaycan və Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq arzusu ilə bağlıdır. Alim bu nəticəyə gəlir: “Başqa səbəb yoxdur. Erməni xalqının bütün bəlaları Qriqorian kilsəsi başda olmaqla onun siyasi elitasının satqınlığından irəli gəlir”.
Kitabın üçüncü fəslində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə söhbət açılır. Müəllif qeyd edir ki, Səfəvi hökmdarları onlara xas olan praqmatizm, incə siyasi duyum sayəsində maraqların gizli müharibəsində, o cümlədən erməni kilsəsinə nəzarət məsələsində avropalı strateqləri üstələməyə nail olub, özlərindən Osmanlı Türkiyəsinə qarşı alət kimi istifadə edilməsinə imkan verməyiblər. Müəllif Qriqorian kilsəsi ilə Moskva dövləti arasında gizli siyasi əlaqələr məsələsinə xüsusi diqqət yetirir, göstərir ki, erməni ruhanilər XVII əsrin ikinci yarısından başlayaraq Qərbdə öz siyasi tədbirləri uğursuzluğa düçar olacağı halda Moskva dövlətini alternativ himayədar hesab etməyə başladılar. Həmişə “fərasətli” olmaları ilə fərqlənən ermənilər Səfəvilər dövlətinin zəifləməsini və Xəzər regionunda, Qafqazda öz mövqelərini möhkəmlətməyə çalışan Rusiyanın güclənməsini hiss edərək öz prioritetlərini kəskin şəkildə dəyişdilər, nəzərlərini şimala yönəltdilər. Onlar öz xidmətləri müqabilində ciddi iqtisadi preferensiyalar, ən başlıcası – özlərinin ilhaqçı planlarına dəstək alırdılar.
Müəllif qeyd edir ki, Qərb və Rusiya diplomatiyası tarixində XVII-XVIII əsrlərdə erməni ruhanilər və erməni icması ilə qarşılıqlı fəaliyyət regiondakı müsəlman dövlətini zəiflətmək üçün erməni kartından separatizm aləti kimi istifadə edilməsi sahəsində ilk təcrübə olub. Tarixin sonrakı dövrlərində bu kartdan dəfələrlə istifadə olunub, o, bu və ya digər konkret maraqlara və məqsədlərə xidmət edib. Məsələn, XX əsrin əvvəlində Osmanlı İmperiyasının süqutunda erməni amili heç də sonuncu rol oynamayıb. Ermənilər İranı və Azərbaycanı daxildən zəiflətməklə Çar Rusiyası tərəfindən həm Azərbaycan xanlıqlarının, həm də bütün Qafqazın işğal edilməsinə şərait yaradıblar. Müəllif yazır: “XX əsrin əvvəlində ermənilər özlərinin satqınlığı və “beşinci kolon” rolu müqabilində Azərbaycanın tarixi torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət yaradılması ilə mükafatlandırıldılar”.
Akademik R.Mehdiyevin başqa əsərlərində olduğu kimi, onun yeni kitabında da müəllifin vətəndaşlıq mövqeyi aşkar görünür. Alim əmindir ki, əgər tarixi öyrənməsək və ondan lazımi dərs almasaq, o, təkrarlanma xassəsinə malikdir. Müəllif yazır: “Əsla mübaliğə etmədən faktlar belə deməyə əsas verir ki, həmin dövrdə Səfəvilər dövlətinin ətrafında baş vermiş bir çox proseslər bu gün Azərbaycana münasibətdə müşahidə etdiklərimizlə çox oxşardır. Bu proseslər əvvəlki əsrlərdə baş vermiş və ölkəmizin vətəndaşlarının əksəriyyətinə hətta ümumi şəkildə də məlum olmayan hadisələrin bir növ davamıdır. Tarix absurd teatrında tamaşa şəklində təkrarlanır. Bu, tarixdən lazımi dərs alanlar üçün gələcək təhlükələrin və itkilərin qarşısını almağa kömək edir, bu dərsləri mənimsəmək iqtidarında olmayanlar üçün isə keçmişin müasir “don geydirilmiş” hadisələri yeni faciəyə çevrilə bilər, özü də bu, təkcə Cənubi Qafqaz regionuna aid deyil”.
Alim bu baxımdan hər bir xalq üçün öz tarixini bilməyin vacibliyini vurğulayır. Müəllifin haqlı olaraq vurğuladığı kimi, öz keçmişini bilməyən, öz düşmənləri və ənənəvi problemləri ilə tanış olmayan millət özünü başa düşmək və müdafiə etmək iqtidarında olmur. Görkəmli alimin Vətənimizin tarixində az məlum olan və az işıqlandırılmış səhifələrə müraciət etməsi, şübhəsiz, bunu dərindən duymasından, öz millətinin taleyinə görə məsuliyyət hissindən irəli gəlir.
Akademik Ramiz Mehdiyevin yeni kitabının məziyyətləri arasında daha bir məqamı xüsusi qeyd etmək istərdik: yetərincə mürəkkəb elmi material mükəmməl və anlaşılan üslubda şərh edilib. Kitabın sırf elmi əsər olmasına baxmayaraq, o, populyar və sadə dildə yazılıb. Fikirlərin səlisliyi, ifadələrin obrazlılığı oxucunu cəlb edir. Ona görə də kitab, necə deyərlər, maraqlı bədii əsər kimi, praktiki olaraq birnəfəsə oxunur.
Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması R.Mehdiyevin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq. Həqiqətən, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir, böyük diqqət tələb edən əsas istiqamətləri müəyyənləşdirir və problemlərin üzərinə işıq salır. Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, qeyd edir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Akademik R. Mehdiyev kitaba sözardında yazır: “Hər hansı xalqın və dövlətin tarixinin yazılması intellektual və vicdanlı yanaşma tələb edir, bu prosesdə emosiyalara və şəxsi qənaətlərə yer yoxdur. Bu baxımdan Azərbaycan tarixi istisna ola bilməz”. O əmindir ki, tədqiqatçılar ölkəmizin tarixinin ən mürəkkəb və problemli məsələlərini qaldırmalı, artıq çeynənilmiş, özünün praktiki və elmi əhəmiyyətini çoxdan itirmiş mövzu və problemləri bir kənara atmalıdırlar. Praktik-alim göstərir ki, bu cür problemlər təkcə Səfəvilər dövlətinin deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisində mövcud olmuş digər dövlətlərin tarixində də çoxdur.
Akademik Ramiz Mehdiyev humanitar elm sahələrində çalışan Azərbaycan alimlərini müasir tədqiqat metodikasını daha fəal mənimsəməyə çağırır. O xəbərdarlıq edir ki, əks halda “elmimizin rəqabətə davam gətirməsi və Azərbaycan xalqının tarixi və mədəni irsini yenidən yazmaqda, özlərinin xeyrinə təhrif etməkdə və mənimsəməkdə maraqlı olan qüvvələrin güclü, ardıcıl təbliğatına qarşı dözüb dayanması çox çətin olacaq”. Əgər müasir terminologiya ilə desək, bu kitab ölkəmizin tarixini araşdırmaqla məşğul olan Azərbaycanın humanitar alimləri üçün “Yol xəritəsi” ola bilər. Ona görə ki, alimin vurğuladığı kimi, tarixin öyrənilməsinə bu cür münasibət formalaşmayınca “bizim tarixi yaddaşımız beləcə qısa və səthi səviyyədə qalacaq”. Bu fikri bundan yaxşı ifadə etmək mümkün deyil!