![]() |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Şıxlar, Şirvanlı, Kəngərli, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Azərbaycanın dövlət və ictimai xadimi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Axar.az xəbər verir ki, M.R.Rəsulzadə 135 il bundan əvvəl, 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam oldu. Dövlət başçısı bu münasibətlə 2018-ci ili isə "Cümhuriyyət ili" elan etmişdi.
Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.
Axar.az xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.
X.Mikaylovun sözlərinə görə, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq.
Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
X.Mikayılov qeyd edib ki, martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana gələcək.
Bu barədə Axar.az-a İqtisadiyyat nairliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.
Səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.
Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.
Regionların sosial-iqtisadi inkişafına dair proqramlar hər 4 ildən bir qəbul olunur. Bu proqramlar regionların iqtisadi yüksəlişində və sosial məsələlərin həllində böyük rol oynayır.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib. Millət vəkili bu illər ərzində regionların xeyli inkişaf etdiyini deyib:
“Ölkə başçısı ardıcıl olaraq növbəti 4 illik proqramı qəbul edib. Yaxın 1-2 gündə bu proqram bizə təqdim olunacaq. Sözsüz ki, proqramda sosial məsələlərlə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin prioritet təşkil etdiyini düşünürəm. Regionlarda iqtisadiyyatın şaxələndirilməsi üzrə aparıcı sahələrindən biri kənd təsərrüfatı olacaq. Prezident Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının çox sürətlə inkişaf etdiyini vurğuladı. Bu il kənd təsərrüfatı ötən ilə nisbətən 4.6 faiz artıb. Bu artım tempi davamlı olacaq. Belə ki, ümumilikdə 51 aqroparkın yaradılması nəzərdə tutulur. Hazırda 17 aqropark fəaliyyət göstərir. Bu ilin sonuna qədər isə təxminən 20-yə yaxın aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur. Yeni inkişaf proqramında qarşıya qoyulan hədəflərdən biri də bütün sahələr üzrə idxaldan ixraca keçilməsidir. Kənd təsərrüfatı aparıcı sahə olduğundan məhsullarımızın xarici bazarlara çıxışı daha prioritetdir”.
Komitə sədrinin sözlərinə görə, ötən il üzrə tərəvəzçilik, meyvəçilik, pambıqçılıq, üzümçülük, fındıqçılıq və digər bir sıra sahələrdə də inkişaf qeydə alınıb:
“Valyuta gətirən əsas məhsullarımızın MDB, eləcə də Şərqi Avropa ölkələrinə satışı təşkil olunur. Aqrar sahə qeyri-sektorunun əsasını təşkil edir və özlüyündə sahibkarlığın sürətli inkişafına təkan verir. Bu gün dövlət kənd təsərrüfatında sahibkarlara subsidiya və texnikalarla yanaşı, sürtkü yağlarının 70, gübrələrin isə 50 faizini verir. Bütün bunlar bir daha göstərir ki, kənd təsərrüfatı inkişaf edir. Bunun əsas göstəricilərindən biri də məhsuldarlığın artırılmasıdır”.
Millət vəkili vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar, Baytarlıq və Toxumçuluq Xidmətlərinin yaradılması aqrar sahənin inkişafına təkan verəcək:
“Məsələn, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti kənd təsərrüfatında toxumçuluğun inkişafında çox böyük rol oynayacaq və mənşəyi məlum olmayan məhsulları ölkəyə gətirilməsinin qarşısını alacaq. Azərbaycanda bəzən geni dəyişdirilmiş məhsullar əkilir, hansı ki, ölkə qanunları ilə buna qadağa qoyulub. Bütün bunlar Azərbaycanın gələcəyini təmin etməklə yanaşı, inkişaf etmiş ölkələr sırasına keçməyə imkan verəcək”.
Boltonun Azərbaycan Prezidentinə telefon zəngini təsadüfi saymıram.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun yanvarın 29-da Azərbaycan prezidentinə telefon zəngini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi sözügedən zəngi təsadüfi saymamasının səbəblərinə aydınlıq gətirib:
“Bolton bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana da zəng etmişdi. Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib. Ancaq Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini də müzakirə edib. Demək, bu mövzu Paşinyanla da müzakirə edilib, sadəcə o, Qarabağ klanından ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana biləcəyi açıqlamasını da əlavə etsək, ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar”.
Politoloq bütün bunların nə anlama gəldiyini də açıb:
“Birincisi, ABŞ hazırda dünyanın hər yerində Rusiyanın maraqları ilə mübarizə aparır. İki dövlətin son toqquşduğu məkan Venesueladır. ABŞ prezidenti Maduronu devirmək istəyən qüvvələri dəstəkləyir, Moskva isə əksinə Venesuellanın hazırkı prezidentindən ikiəlli yapışıb. Suriyada da işlər yaxşı getmir. ABŞ Suriyadan çıxmaq istəyir, ancaq Rusiyanın bu ölkəyə tam hakim olmasını əngəlləmək üçün yollar axtarır. Ukrayna uğrunda mübarizə də davam edir. Görünür, tədricən növbə Cənubi Qafqaza çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıb və bunun ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb”.
Siyasi şərhçi Rusiyanın Avrasiya bölgəsindəki mövqelərinin sıxışdırılması üçün ABŞ-ın regional münaqişələrin həllindəki fəallığını artıracağını da istisna etməyib:
“Məsələn, Rusiya təmsilçiləri Əfqanıstanda Taliban hərəkatı ilə gizli təmaslara başlayanda Vaşiqnton vəziyyəti dəyişməyə çalışdı. Bu gün Taliban təmsilçiləri amerikalı diplomatlarla Qətərdə görüşürlər və hansısa razılığa gəlməyə çalışırlar”.
Politoloq bildirib ki, ABŞ 2000-ci ildən bu yana Qarabağ məsələsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib:
“ABŞ-da Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü 19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı lazım bilirlər. Trampdan olsaydı, bölgəmizlə maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna misaldır. İndi Vaşinqtondan tələb olunan Moskva və Paris görüşlərindən sonra Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü ABŞ-da təşkil etməkdir. Ancaq görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır. O ki qaldı ABŞ Milli Kəşfiyyat rəhbərinin “Rusiya müharibəni alovlandıra bilər” mesajına, bu, daha çox Bakı və İrəvana xəbərdarlıqdır ki, qonşunuzdan ehtiyatlı olun, o, sizinlə münasibətlərdə səmimi deyil”.
Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyiblər.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Prezident bu rəqəmin əlavə 2 milyard dollar ixrac demək olduğunu bildirib:
"Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək".
Gömrük xidməti gələcəkdə də respublikanın iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Trend-ə geniş müsahibəsində deyib.
O bildirib ki, 2019-cu il ərzində sərhəd-keçid məntəqələrində infrastruktura yenidən baxılaraq, sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək:
“Eyni zamanda, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə “Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar mallarını insan amili olmadan anbarlara boşalda biləcəklər. Fevralın 1-dən isə iş adamları idxal-ixrac əməliyyatlarını gömrük məmurunun iştirakı olmadan, öz ofislərindən apara biləcəklər.
Qarşıdakı əsas vəzifələrdən biri də iqtisadiyyatın innovativ inkişafının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi, kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin informasiya cəmiyyətinə təsirinin artırılması, həmçinin Azərbaycan xalqına məxsus mədəni irsin qorunmasının təmin edilməsidir”.
General vurğulayıb ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaq.
Gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində sıxlıqların aradan qaldırılması və malların yubanmadan keçidinə şəraitin yaradılması məqsədilə malların və nəqliyyat vasitələrinin sərhəddə yalnız qeydiyyatının aparılaraq dərhal buraxılışının həyata keçirilməsi layihəsi hədəf planlar arasındadır.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Trend-ə geniş müsahibəsində deyib.
O bildirib ki, gömrük-sərhəd buraxılış məntəqəsi daxilində yalnız qeydiyyatın aparılaraq buraxılışın reallaşdırılması, xüsusilə sərhəd əməliyyatları komponenti üzrə vaxt və xərc amili baxımından irəliləyişə gətirib çıxara bilər:
“Bundan başqa, gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində, “bir pəncərə” sistemi daxilində “bir inspektor - bir nəqliyyat vasitəsi”, təyinat gömrük orqanlarında isə “bir inspektor - bir bəyannamə” pilot layihələri həyata keçirilir. Bu layihələrin qısa zamanda tam şəkildə tətbiqi planlaşdırılır.
Adı çəkilən layihələrin tətbiqi çərçivəsində rəsmiləşmə əməliyyatlarının başa çatdırılmasında bir inspektor tam məsul olacaq ki, bu da eyni anda bir neçə inspektorun bir neçə nəqliyyat vasitəsinin və ya bəyannamələrin gömrük rəsmiləşdirilməsi prosesinə xidmət göstərməsinə şərait yaradacaq.
Pilot layihələrin həyata keçirilmə müddətində aparılan müşahidələr və təhlillər göstərir ki, layihələrin tam tətbiqi prosesi başlandıqdan sonra malların və nəqliyyat vasitələrinin keçidinə və buraxılışına sərf olunan vaxt kəskin şəkildə azalacaq”.
General əlavə edib ki, gömrük-sərhəd buraxılış məntəqələri yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması və logistik infrastrukturun genişləndirilməsi malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqəsi ərazisində dayanması və tıxac baş verməsi halını aradan qaldırmaqla, sürətli buraxılışın həyata keçirilməsinə əlverişli şərait yaradacaq.