14:34

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahov bundan əvvəl Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb.

Axar.az xəbər verir ki, E.Salahov 5 sentyabr 2018-ci ildə birinci müavin təyin edilib. Buna qədər isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub.

Elşən Salahovun atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. Elşən Salahov əvvəllər Standart KB-də işləyib.

G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini icra edirdi.

Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad edilib.

Beləliklə, 5 sentyabrda birinci müavin olan E.Salahov düz 5 aydan sonra 5 fevralda icra başçısı təyin edildi.


Fevralın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 12 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və istirahətinin təşkil edilməsi məqsədilə qurumun “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb.

Report xəbər verir ki, bunu AMEA-nın İşlər idarəsinin müdir müavini Sərdar Əliyev deyib.

S.Əliyev bildirib ki, Xüsusi Komissiya yaradılıb, mütəxəssislər cəlb olunaraq ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb: “Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb”.

İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə, müqavilənin uzadılacağını diqqətə çatdırıb: “Əməkdaşlara torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri, vaqonlar quraşdırmağa, ərazini çəpərləməyə və ya metal torla bağlamağa icazə veriləcək”.

Ərazidə yaxın günlərdə yolların çəkilməsi prosesinə başlanılacağını deyən S.Əliyev sahələrdə bütün ekoloji tələblərə və sakitliyə təmiz riayət olunacağını söyləyib.


Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Report xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.

O xatırladıb ki, 2018-ci ilin avqustunda Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu ilə bağlı böyük tarixi əhəmiyyətə malik olan Konvensiya imzalanıb: “Bununla əlaqədar iyirmi ildən çox danışıqlar gedib, işlər görülüb. Bu, bizim üçün tarixi qələbədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin qələbəsidir”.

Qeyd edilib ki, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında” və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edən Z.Əsgərov bildirib ki, təklif olunan dəyişikliklər redaktə xarakterlidir.

Deputatlar təklif olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq”.

Onun sözlərinə görə, mülayim şimal küləyi gündüz saatlarında cənub küləyi ilə əvəz olunacaq: “Havanın temperaturu paytaxtda günorta saatlarında 7-9, bölgələrdə 9-14, dağlıq ərazilərdə 3-7 dərəcə isti olacaq”.


Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (donuz qripi) yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Report-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.


Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya gələcək.

Trend-in məlumatına görə, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, Boyko Borisov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ötən il Nyu Yorkda keçirilən keçirilən toplantısında da iştirak edib. Nizami Gəncəvi Beynəlxlalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndəlri ilə yaxş əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Geroge Pervanov və Roşen Pnevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının da qatılması gözlənilir.

Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yerli vaxtla saat 04:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Fevralın 5-də, saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında Abxaziyanın və Qarabağın işğalında iştirak etmiş separatcı erməni Mixail Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etiraz aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması həm ölkə daxilində gərginliyin yaranmasına, həm də dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradır.

Ermənilər istisna olmaqla, milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, əksər Gürcüstan vətəndaşı separatçılığı kəskin pisləyərək, M.Avaqyanın büstünün götürülməsini tələb edirlər. Gürcüstanın azərbaycanlı icmasının fəalları da bu hadisədən ciddi narahatlıq keçirdiklərini deyirlər. Soydaşlarımız Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi üçün bundan sonra da var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər.


Bakının Tiflis prospektində 4 mərtəbəli villa satışa çıxarılıb.

Axar.az xəbər verir ki, ümumi sahəsi 3500 kvadrat metr olan tikili tam təmirli deyil. Vasitəçi tərəfindən satışa çıxarılan obyektin 80 faizi təmir edilib.

Yaşayış üçün tikilən villanın 2 lifti də var.

Əmlak 7 milyon manata satışa çıxarılıb.

Xəbər lenti