181 min ton pambıq yığılıb

Bu günə qədər Azərbaycanda pambıq qəbulu məntəqələrinə 181 min 323 ton məhsul təhvil verilib. 

bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bu günə qədər ən çox pambıq Saatlı rayonunda 24 min 334 ton tədarük olunub. Ağcabədidə 18 min 973 ton, Bərdədə 19 min 52 ton, Beyləqanda 16 min 735 ton, Biləsuvarda 16 min 867 ton pambıq yığılıb.

 

 

 

Azərbaycan, Türkiyə və İran anlaşdı

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif bu gün İstanbulda altıncı üçtərəfli görüş keçiriblər.

 Məhəmməd Cavad Zərif milli valyutalarla ticarət etmək məsələsində hər üç ölkənin anlaşdığını elan edib. Onun sözlərinə görə, bu sazişlə iqtisadi əlaqələri xarici müdaxilələrə qarşı qorumaq mümkün olacaq: 

“Hər üç ölkənin nümayəndələrindən ibarət texniki heyət qurduq. Bu heyətlər önümüzdəki 3 ili proqramlaşdırmaq üçün bir araya gələcəklər. Növbəti toplantı İranda keçiriləcək və həmin toplantıya qədər yaxşı plan hazırlamaqlarını istədik”.

Ekstradisiya xərclərini dövlət çəkməyəcək

Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri dövlət deyil, həmin şəxsin özü ödəyəcək
 bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. 

Belə ki, Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir: “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.

Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir. Belə ki, maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 

Qeyd edək ki, dəyişiklik layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Ermənistan ərazisində yaşayan soydaşlarımızın ata-baba yurdlarından qovulmasından 30 il keçir. Bu deportasiya ilə bağlı Milli Məclis deputatlarının iştirakı ilə ictimai dinləmələrin keçirilməsinə ehtiyac var.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O, deportasiya ilə bağlı bəyanatın qəbul edilməsini təklif edib:

“30 il bundan öncə Ermənistan torpaqlarında yaşayan 250 minə yaxın soydaşımız daşnak quldurların deportasiyası nəticəsində öldürüldü, ata-baba yurdlarından didərgin salındı. 30 ildir həmin torpaqlarda azan səsi eşidilmir. Bu məsələyə ümummilli lider Heydər Əliyev tərəfindən qiymət verilib. Lakin təklif edərdim ki, bu ilin dekabr ayında Milli Məclisin deputatlarının, alimlərin iştirakı ilə ictimai dinləmə keçirilsin. Həmin dinləmələrin yekunu olaraq bu deportasiya ilə bağlı bəyanat qəbul edilsin”.

Deputat Fəzail Ağamalı isə parlamentin bugünkü plenar iclasında “Star” zavodunun açılmasından danışıb. Millət vəkili bildirib ki, sözügedən zavodun yaradılması iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə zəmin yaradacaq.

Deputat Əli Hüseynli Cinayət Məcəlləsinə edilmiş bəzi dəyişikliklərdən bəhs edib. O, yerin təkinin qorunması ilə bağlı həm Cinayət Məcəlləsi, həm də İnzibati İcraat haqqında qanunda cəzaların sərtləşdirildiyini deyib:

“Dəyişikliyə əsasən, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozanların 6 min manatdan 10 min manatadək cərimələnməsi və ya üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi nəzərdə tutulur. Həmin şəxs bir ilədək müddətdə islah işləri və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Dövlət sirri haqqında qanun layihəsinə dəyişiklik edildiyini açıqlayıb. O bildirib ki, Prezident İlham Əliyevin təklifinə əsasən qanun ediləcək dəyişiklik əsasında dövlət sirrinin qorunması ilə bağlı dövlət orqanlarının siyahısı genişləndirilir:

“Dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarətini həyata keçirəcək orqanların siyahısına müvafiq icra hakimiyyəti orqanları da əlavə edilir”.

Azərbaycanlı milli-mədəni fəal Əbülfəz Fəkuri Təbriz şəhərində bu gecə saxlanılıb.

Axar.az xəbər verir ki, fəalın hazırda harada olduğu və və hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, yeni həbslər dalğasında bir neçə güneyli fəal SEPAH-ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.


Bu gündən uçot dərəcəsi azaldıldı

Mərkəzi Bankin idarə heyəti bu gündən uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqda qərar qəbul edib.

 AMB sədri Elman Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı və aşağı hədəfləri isə uçot dərəcəsinə - yuxarı hədd 11.75, aşağı hədd 7.75 faiz kim dəhlizdə müəyyənləşib:

"İdarə heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib. 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizində aşağıda formalaşıb. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır".

E. Rüstəmov qeyd edib ki, 2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, üçüncü rüb ərzində ritmik templə azalıb.

Mərkəzi Bankın sədri onu da əlavə edib ki, 2018-ci ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19%-i səviyyəsində müsbət saldo yaranıb:

"Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nəzərən 13% artıb. Ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərib".

 

Prezidentdən Qax şəhəri ilə bağlı iki mühüm

Prezidenti İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

sərəncama əsasən, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Qax rayonunun Əlibəyli kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

 

Azərbaycanda məhkəmələrə yeni hakimlər təyin olunacaq

Azərbaycanda bəzi məhkəmələrə yeni hakim təyinatları olacaq.

“Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi parlamentə daxil olub.

Qanun layihəsi bu gün MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub.

Komitə üzvləri qanun layihəsi barədə müsbət fikirlərini, məhkəmə sistemində aparılan islahatların davam olmasını vurğulayaraq, adıçəkilən sənədin plenar iclasa tövsiyə olunmasını məqsədəuyğun biliblər.

Qeyd edək ki, qanunvericiliyə görə, MM bu təyinatları təsdiqləməlidir. 

Yəni, aşağıdakı məhkəmələrə bu hakimlər təyin olunacaq:

Azərbaycan Respublikası Ali Məhkəməsinə:
Sənan Firudin oğlu Hacıyev

Naxçıvan MR Ali Məhkəməsinə:
Novruzov Əsgər Novruz oğlu
Allahverdiyev Mehman Dünyamalı oğlu
Xıdırov Əhliman Mehman oğlu.

Bakı Apellyasiya Məhkəməsinə:
Sadıqov Vahid Nəriman oğlu (Qəbələ rayon məhkəməsinin sədri vəzifəsindən azad ediləcək)
Əhmədov İlham Bayram oğlu
Məmmədova Şərafət Asif qızı
Məhərrəmova Şeyda Ədalət qızı
Məmmədov Habil Çingiz oğlu
Rəhimov Elmar Eldar oğlu
Kərimli İlham Əziz oğlu
Abdulov Rəşad Məhərrəm oğlu 
Babayev Fuad Fikrət oğlu
Əliyev Zaur Əli oğlu
Hüseyn Aida Əli qızı

Gəncə Apellyasiya Məhkəməsinə:
Hüseynzadə Afiq Hüseyn oğlu
Məmmədov Rəşad Ziyəddin oğlu

Sumqayıt Apellyasiya Məhkəməsinə:
Babayeva Hökumə Çingiz qızı
Əsgərova Ruhiyyə Orucəli qızı
Məmmədov Fuad Əli oğlu
Rzayev Məhəmmədəli Əsəd oğlu

Şirvan Apellyasiya Məhkəməsinə:
Əliyev Elşad İbiş oğlu
Soltanov Fuad Kamil oğlu

Şəki Apellyasiya Məhkəməsinə:
Hüseynov Mübariz Rahil oğlu
Məlikov Vəzirxan İsgəndər oğlu
Eyvazov Akif Məhərrəm oğlu
Mahmudov Ayaz Akif oğlu.

 

 

Psixoloji yardım necə olacaq?

Azərbaycanda dövlət psixoloji yardım sahəsinə nəzarəti həyata keçirəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsinə daxil edilib.

Layihəyə əsasən, psixoloji yardım bir neçə formada həyata keçirilir.

Psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqə bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə) yarana bilər.

Kliniki psixoloji yardımın göstərilməsi yalnız səhiyyə müəssisələrində həyata keçirilməlidir.

Psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst şəkildə seçmək hüququna malikdir.

Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Səfərovun məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, daha əvvəl barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş M.Səfərovla bağlı məhkəməyə məcburi gətirilmə qərarı çıxarışlmışdı. Lakin qərar icra edilməyib və M.Səfərov da məhkəmə iclasına gəlməyib.

Daha sonra məhkəmə onun barəsində həbsli axtarış qərarı çıxarıb.

Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.

Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib. O, 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xəbər lenti