![]() |
|
Gömrükçülər köhnə model avtobusun yeni model ilə dəyişdirilərək ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan vətəndaşı Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə yaradıb. İlkin araşdırma zamanı məlum olub ki, T.İlyasovun idarə etdiyi 2006-cı il buraxılışlı, “NEOPLAN” markalı, 806698 şassi nömrəli 99KN983 dövlət nömrə nişanlı avtobus Şəmsəddin Qasımov adlı başqa bir şəxs tərəfindən idarə edilərək Gürcüstana aparılıb. Daha sonra Ş.Qasımov idarə etdiyi həmin sərnişin avtobus ilə eynilik təşkil etməyən, ağ rəngli “NEOPLAN” markalı yeni model başqa nəqliyyat vasitəsini “Mazımçay” gömrük postundan keçirməklə Azərbaycana gətirib. O, sərnişin avtobusunu yeni modeli ilə əvəz edib gətirərkən idarə etdiyi nəqliyyat vasitəsini yenə də əvvəlki - 99KN983 dövlət nömrə nişanı altında keçirib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, “NEOPLAN” markalı avtobusun 806698 rəqəmlərdən ibarət şassi nömrəsi kustar üsulla həkk olunub.
Faktla bağlı araşdırma aparılır.
Ermənistanda "super baş nazir" sisteminin saxlanılması qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Gevork Qorqisyan deyib. Onun sözlərinə görə, güc strukturlarının baş nazirin tabeliyi altında olması doğru deyil:
“Əgər güc strukturları baş nazirin rəhbərliyi altında qalsa, bu, faktiki olaraq onların parlamentə tabe olmaması deməkdir. Ermənistan referendum yoluyla artıq parlament idarəçilik sisteminə keçib. Belə ki, Nikol Paşinyan bir il əvvələ qədər bu sistemi problem olaraq görürdü. İndi onlardan soruşmaq lazımdır ki, bu dövr ərzində onları özlərindən əvvəlkilərin mövqeyini qorumağa məcbur edən hansı dəyişiklik olub?"
ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat dünən BMT-nin Nyu Yorkdakı mənzil qərargahında təqdim edilib.
Axar.az xəbər verir ki, hesabatın təqdimatı dünyanın 100-dən artıq ölkəsində, beynəlxalq maliyyə qurumları və Dünya Bankında da təşkil edilib.
Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib.
Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilib.
CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, CESD artıq 8 ildir ki, Cənubi Qafqaz və Orta Asiya regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb:
“Hələlik dünyada yeganə qlobal qiymətləndirmədə və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini, eləcə də Əfqanıstanı təmsil edən təşkilatlarla rəqabət aparıb. CESD sözügeden hesabatda 23 kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda, təşkilatımız illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 ən yaxşı idarə olunan beyin mərkəzidir. Biz qlobal enerji və resurs siyasəti üzrə də ilk 15-likdə yer almışıq”.
Gömrüyə elektron formada qısa idxal bəyannaməsinin təqdimatına dair maarifləndirici videoçarx hazırlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, fevralın 1-dən etibarən biznes subyektləri tərəfindən qısa idxal bəyannaməsinin təqdim olunması öhdəliyi ilə bağlı Gömrük Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Sahibkarların işini daha da asanlaşdırmaq üçün komitə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb.
Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların xalqa və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə xüsusi qayğı göstərir, onların dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində uğur qazanması üçün lazımi şərait yaradır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində də gənclərin mühüm rolu var.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb.
Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə komitənin əməkdaşları, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar iştirak ediblər. Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.
Əvvəlcə tədbir iştirakçıları 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və yaşayış şəraiti ilə tanış olublar. Zabitlər Niyazi Dadaşov, Qəhrəman Abdullayev, Orxan Nəsirov gənc əsgərlərin hərbi xidmətin tələblərinə layiqincə əməl etdiklərini, vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiklərini bildiriblər. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib.
Dövlət Komitəsinin təşkilatçılığı ilə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub.
Hərbi hissənin komandanlığı Gənclər Günü ərəfəsində bu görüşün gənc əsgərlərin döyüş ruhunu daha da artırdığını bildirib.
Görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, şəhid valideynləri Əşrəf Qəhrəmanov və Ələkbər Hüseynov, Aprel döyüşlərinin iştirakçısı, veteran hərbçi Elşən Əzimov çıxış ediblər. Sonra əsgər yataqxanasına toplaşan görüş iştirakçıları tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun, gənc müğənni Cümşüd Kərimlinin və hərbi hissədə xidmət edən istedadlı əsgərin ifalarını dinləyiblər.
Tədbir iştirakçıları belə görüşlərin bir gün Qarabağda, işğaldan azad ediləcək yurd yerlərində keçiriləcəyinə əmin olduqlarını bildiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb.
Bu barədə Axar.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Səfər BƏƏ Prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvəti ilə həyata keçirilir. A.Paşazadə fevralın 4-nə kimi Əbu Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak edəcək.
Foruma Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və digər dünya dini liderləri qatılacaqlar.
Forum çərçivəsində A.Paşazadənin mötəbər qonaqlarla görüşləri və çıxışı nəzərdə tutulur.
Əbu-Dabi Forumunda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviq olunması, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınması və s. məsələlər müzakirə olunacaq.
Siyasi partiyalar hər il Mərkəzi Seçki Komissiyasına, hər rüb Vergilər Nazirliyi və DSMF-yə hesabatlar təqdim etməlidir. Bu hesabatlar, onların nəticələri niyə ictimaiyyətə açıqlanmır?
Bu sözləri Axar.az-a açıqlamasında politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Onun sözlərinə görə, hesabat təqdim etməyən və yaxud şəffaf fəaliyyət göstərməyən siyasi qurumların cərimələnməsi qanunvericiliklə nəzərdə tutulur:
“Mövcud qanunvericiliyə görə, maliyyə hesabatı verməyən və yaxud yanlış məlumat göndərən siyasi partiyalara maliyyə sanksiyaları tətbiq edilməli, vergi yoxlamaları aparılmalı, hətta qeydiyyat məsələsinin ləğvi gündəmə gəlməlidir. İndiyə qədər hansısa partiyanın sanksiyalarla üzləşdiyini müşahidə etməmişik və yaxud bu barədə məlumat ictimailəşdirilməyib. Səbəbi bizim üçün olduqca maraqlıdır”.
A.Camalqızı qeyd edib ki, bəzi radikal partiyaların maliyyə mənbələri haqda kifayət qədər ciddi ittihamlar səsləndirilir və bu, hətta Milli Məclis deputatlarının belə reaksiya verdiyi səviyyəyə çatıb:
“Məsələn, uzun müddətdir qərargahı olmayan AXCP-nin hansı prinsiplə və necə fəaliyyət göstərdiyi, necə maliyyə hesabatı verdiyi bizim üçün maraqlıdır. Əgər bu partiya qərargahının olmaması səbəbindən maliyyə hesabatları təqdim etmirsə və yaxud fəaliyyət göstərmədiyi haqda hesabat təqdim edirsə, onda Ədliyyə və Vergilər nazirliklərinin araşdırmasına böyük ehtiyac var. Çünki keçirdikləri kütləvi aksiyalara xərclənən maliyyənin haradan və necə əldə edildiyi göstərilməlidir. Ən azı plakatların hazırlanması, təbliğat vasitələri, sosial şəbəkələrdə reklamların verilməsi, səsgücləndirici qurğuların icarəsi, icarəyə götürülən avadanlıqların aksiya keçirilən əraziyə daşınması, aksiyanın təşkilat komitəsinin rabitə, nəqliyyat və digər xərcləri – mən hələ aksiya iştirakçılarına paylanan qeyri-rəsmi vəsaitlərdən danışmıram – ciddi maliyyə tələb edir. Bütün bunlar necə həll edilir? Bizim Ədliyyə və Vergilər nazirliklərindən bu məlumatları əldə etmək haqqımız var. Bu məlumatların sözügedən nazirliklərə təqdim edilməsi isə onların öhdəliyidir”.
A.Camalqızı qeyd edib ki, bu prosesdə şəffaflığın olmaması, naməlum maliyyə qaynaqları ciddi şübhələrin yaranmasına gətirib çıxarır:
“Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər. Azərbaycan kifayət qədər həssas bölgədə yerləşir, müharibə şəraitindəyik və düşmən erməni diasporunun ölkəmizə qarşı müxtəlif beynəlxalq donor təşkilatları vasitəsilə fəaliyyət göstərdiyi vaxtaşırı ortaya çıxır. Biz necə əmin ola bilərik ki, onların maliyyələşmə mənbəyi erməni lobbisinə aid deyil?”
Politoloqun sözlərinə görə, son vaxtlar ölkə daxilində “5-ci kolon”un aktivləşdiyini hər kəs müşahidə edir:
“Təəssüflər olsun ki, onlar təkcə xaricdəki antiazərbaycan qüvvələrdən, erməni lobbisindən deyil, həm də Azərbaycanın imicinə zərbə vurmaq istəyən, xalqla prezident arasındakı inam, etimad bağını dağıtmaq istəyən ölkə içindəki bəzi qruplardan da bu və ya digər formada dəstək alırlar. Yanvarın 19-da Milli Şuranın aksiyasındakı cüzi artım da əslində o cəsarətin göstəricisi idi. Aydındır ki, ölkə başçısının ortaya qoyduğu genişmiqyaslı struktur islahatları bəzi qüvvələri sözün əsl mənasında narahat edir. Müxalifət vasitəsilə hakimiyyətə güc göstərmək istəyənlər anlamır ki, Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birlik illərlə qazanııb. Bu birliyi və həmrəyliyi qırmağa onların nə gücü, nə də maliyyəsi yetər. Əslində, ictimai asayişin pozulması narahatlığı olmasaydı, müxalifətin yanvarın 26-da keçirəcəyi mitinqə də Bakı Şəhər İcra Hakimiyyəti icazə versəydi, inanın ki, Novxanıdakı mənzərənin “Məhsul”da şahidi olacaqdıq. 200-300 nəfərlik “möhtəşəm aksiya” ilə Əli Kərimli “meydan” oxuyacaqdı. Çünki 25 ildir bu proseslərin yaxından izləyənlər bilir ki, həmişə belə olub: mitinqlərə 2000 nəfərlə başlayan radikal müxalifət ikinci, üçüncü dəfədən sonra meydanda 200 nəfər iştirakçı ilə qalıb. Dünya dəyişir, inkişaf edir, radikallar isə 90-cı illərin əvvəllərində ilişib qalıb. Onlar anlamaq istəmir ki, bunca inkişaf yolu keçən Azərbaycanda çoxminli etiraz aksiyaları artıq arxivə gömülüb. O zaman Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Qarabağ ağrısı ilə meydanlara gələn azərbaycanlılar söz deməyin, şikayət etməyin, etiraz etməyin daha sivil yollarını görürlər. Bu yol müxalifətin aksiyalarında bağırmaq deyil. Gözümüzün önündə onlarca örnəyi var bunun. “Azərenerji”nin ixtisara düşmüş əməkdaşlarının müraciətinə ölkənin Birinci vitse-prezidenti dərhal reaksiya verirsə, işdən çıxarılanlar anında işlə təmin olunursa, müxalifətin düzənlədiyi aksiyaya kim gəlsin və niyə gəlsin?”
A.Camalqızı bildirib ki, xalq Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin abidəsi önündə yalandan qışqıranların, bu böyük kişiləri “liderim” adlandıran şəxslərin mahiyyətinə son 25 ildə çox yaxından bələd olub:
“Həmin Elçibəy Əli Kərimlinin satqınlığı barədə nə demişdi? “Bir əlindən mən tutmuşam, bir əlindən hakimiyyət”. İndi “sizi qələbəyə özüm aparacam” deyə hətta yanaşı dayandığı partiya sədrlərini belə görməzlikdən gələn və saçı-saqqalı ağarmasına, müxalifətdə qocalmasına baxmayaraq, 30 ildir “iddialı gənc” olmaqda davam edən Ə.Kərimlinin şəxsi ambisiyalarına, ətrafındakıları daim güdaza vermək istedadına kim şübhə edir ki! Diqqət edirsinizsə, bu qrupun yanında bəzi beynəlxalq təşkilatların ayırdığı qrant layihələrlə çalışan 5-3 gəncdən başqa heç kim yoxdur. Ümumiyyətlə, heç bir ideoloji bazası, daxili və xarici siyasətə konseptual baxışı olmayan bir şəxsin yanında ömrünü müxalifətdə keçirdiyi üçün bu yaşda daha başqa bir işə yaramayan şəxslərdən başqa kim ola bilər?”
Politoloq sonda qeyd edib ki, partiyaların maliyyə şəffaflığı təmin edilərsə, onda “5-ci kolon” da gün işığına çıxar.
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 32 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 43 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.
Report-un məlumatına görə, bəzi saytlarda Binəqədi rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılması barədə məlumatlar yayılıb.
Bununla bağlı sorğunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.
Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.
"Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb. Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik", - deyə dövlət başçısı qeyd edib.