![]() |
|
Hər il nikotindən 6 milyona yaxın insan dünyasını dəyişir. 2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu sözləri nevropatoloq Azər Məmmədov siqaret aludəçiliyi, ondan qurtulmağın yolları və siqaretin insan orqanizminə vurduğu zərərlər barədə Modern.az-a müsahibəsində deyib.
Həkim bildirib ki, bu gün dünyada insan üçün ən ciddi problemlərdən biri tütündür. A.Məmmədovun sözlərinə görə, xüsusilə kişilərin daha çox infarkt keçirməsinə səbəb məhz siqaret istifadəsidir:
“Uzun illərdir həkimlər həyəcan təbili çalırlar ki, siqaret ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olur. Siqaret 1-ci nəfəs yollarına daxil olduğundan ona ziyan vurur.
Siqareti tərgitmək bir az səbir və inam tələb edir. Biz indi yeni bir üsulla bu bəladan qurtarmağın yollarını təqdim edirik. Bu yaxınlarda mən siqareti çox böyük həvəslə istifadə edən bir xanıma dedim ki, istəsəniz, bu ziyanlı vərdişdən sizi xilas edə bilərəm. Dedi: “Nə danışırsınız?! Mən siqaretdən zövq alıram”. Tütün istifadəçilərinin çoxu nikotinin insan orqanizminə necə ziyan vurduğunu bilmir”.
Həkim siqaretin səbəb olduğu xəstəliklərdən də danışıb:
“Siqaret damar keçiriciliyini zəiflədir, kapilyar damarlarda qanın axmasını pozur, yəni hipoksiya əmələ gətirir. Siqaretin törətdiyi qorxulu xəstəliklərdən biri də infarktdır. Tütün məhsullarından istifadə edən şəxslərin ürəyində qan dövranı azalır və ürəyin fəaliyyəti zəifləməyə başlayır. Nikotin qan təzyiqinə səbəb olur, nəticədə insan infarkt keçirir. İnfarkt keçirən xəstələrin əksəriyyəti siqaret çəkənlərdir. İndi təsəvvür edin ki, həmin insanlar əməliyyat olunub və yenidən siqaret çəkirlər. Bu nə deməkdir? Bu onların ömrünün qısalması deməkdir, xəstəliyin kəskinləməsi deməkdir”.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali azadlığa buraxıldıqdan bir gün sonra Sarabda yenidən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.
O təhlükəsizlik qüvvələri tərəfindən yanvarın 3-də yaxalanıb, onun hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.
Səhənd daha 3 milli-mədəni fəal Vəhid Nurməhəmmədi, Heydər Müzəyyəni və Məhəmməd Rəncbərlə birlikdə 2018-ci il dekabrın 31-də Sarab şəhərində saxlanmışdır. Onlar Sarab Məhkəməsinin qərarı ilə mülki vəsiqə qarşılığında çərşənbə günü sərbəst buraxılıb.
Xatırladaq ki, “Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərmək” kimi qondarma ittihamla üzləşən Səhənd Məali 30 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilmişdir.
Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Azərbaycanın milli parklarına ötən il ərzində səfər edən yerli və xarici turistlərin sayı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2018-ci il ərzində ümumilikdə 79 997 turist səfər edib, bunların 72 519-u yerli, 7 478-i isə xarici vətəndaş olub.
Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir.
Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.
Nəsimi rayon İcra Hakimiyyətinin icazəsi və göstərişi ilə "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı ərazidə yaşıllıqların məhv edilməsi və kəsilmiş ağacların yerində obyekt tikilməsi barədə yayılan materiallara aidiyyəti qurumlardan rəsmi cavab verilib.
Axar.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti iddiaları təkzib edib.
Məsələ ilə bağlı danışan “Yaşam Residence” şirkətinin icraçı direktoru Elşən Mahmudov isə bildirib ki, şirkətə aid tikinti işləri tamamilə qaydalara uyğun aparılıb:
“Nəsimi rayonu 20 Yanvar küçəsi-30 ünvanında şirkətimizə aid olan ərazidə tikinti işi başladılıb. Bu ərazi 2006-cı ildən etibarən şəxsi mülkiyyətimizə verilmiş torpaq sahəsidir.
Bildirmək istəyirəm ki, mediada birtərəfli məlumatların yayılması əsassızdır. Tikinti aparılması üçün əvvəlcədən qanun çərçivəsində aidiyyəti qurumlara yazılı müraciət edilib, razılıq əldə olunub.
Bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tikinti sahəsinə düşən iki ağacın köçürülməsi üçün müraciət edilib. Müraciət əsasında nazirliyin təşkil etdiyi ekspert qrupu əraziyə baxış keçirib.
Daha sonra nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalara uyğun şəkildə başqa əraziyə köçürüblər”.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovda saytımıza açıqlamasında Elşən Mahmudovun fikirlərini təsdiqləyərək, prosedurların tam qaydalara uyğun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi rəyi və müvafiq məktubu əsasında aparıldığını deyib:
“Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidə iki ağac – 1 ədəd zeytun, 1 ədəd şam kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəyə köçürülüb”.
Qeyd edək ki, ərazidə ağacların kəsildiyi bildirilmişdi və foto yayılmışdı. Təkzib materialında köçürüldüyü bildirilən ağaclar isə kəsilməzdən əvvəl görüntüsü yayılan ağaclara bənzəmir və yaxud, köçürülərkən şam ağaclarının bütün yaşıl budaqlarının budandığı təəssüratı yaranır.
Müqayisə üçün fotoları təqdim edirik:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Breyn Rinq” intellektual bilik yarışlarının on ikinci mövsümü başa çatdı. Bilik yarışlarında ölkənin müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edib. Respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparıb.
Axar.az xəbər verir ki,“Breyn Rinq” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Kapital Bank” komandası olub. Xatırladaq ki, ilin ilk yarısının qalibi və “Nar” Kubokunun sahibi isə “Full Göyçay” komandası idi.
“Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilib. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Tvitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırdılar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər.
“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması səbəbindən Azərbaycan Dəmir Yolları QSC-nin səhiyyə müəssisələri tərəfindən müvafiq tədbirlər görülür.
QSC-dən Trend-ə bildirilib ki, Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya maarifi işi aparırlar.
Eləcə də hər reysqabağı vaqonlarda dezinfeksiya işləri aparılır.
Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.
Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq.
Trend-in məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.
Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi, yol hərəkətinin təşkili işinin, sərnişindaşıma və yükdaşıma fəaliyyətinin təkmilləşdirilməsi, piyadaların, velosipedçilərin və yol hərəkətinin digər müdafiəsiz iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Azercell Telekom MMC-nin rəsmi İnstaqram səhifəsi www.instagram.com/azercelltəsdiqlənmiş (verified) statusuna layiq görülüb.
Axar.az xəbər verir ki, Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan “Azercell” İnstaqramın bütün verifikasiya meyarlarına cavab verdiyi, Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına əməl etdiyi üçün səhifənin təsdiq nişanını alıb. “Azercell”in İnstagram səhifəsinin hazırda 70 mindən çox izləyicisi var. Sosial media sahəsində daima yeniliklərə imza atan şirkət olaraq “Azercell”in ümumilikdə Feysbuk, Tvitter və İnstagram rəsmi səhifələri də daxil olmaqla sosial şəbəkələrdə 600 000-ə yaxın istifadəçisi var. Onlar sosial şəbəkənin imkanlarından istifadə edərək, 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilirlər. “Azercell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı, sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.
Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom MMC ilk dəfə 2008-ci ildə Feysbuk platformasında, bir ildən sonra, 2009-cü ildə Tvitter sosial şəbəkəsində və 2012-ci ildə isə İnstagram-da rəsmi səhifəsini yaradıb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.