Yeni il və qış tətili artıq başa çatsa da, hələ də istirahətini davam etdirənlər var. Bundan başqa, həftə sonunu istirahət mərkəzinə getməklə dəyərləndirənlər də var ki, onlar üçün bölgələrdə və xarici ölkələrdə dincəlməyin neçəyə başa gəldiyi maraqlıdır.

Axar.az xəbər verir ki, əvvəllər xarici ölkəyə getmək, orada qalmaq və üstəlik bayram qeyd etmək yol, otel və restoran xərcləri də nəzərə alınaraq, çox baha başa gəlirdi. Bu səbəbdən uzun illər hər kəs xüsusilə bayram tətillərini evində, ən yaxşı halda isə bölgələrdə keçirməyə üstünlük verirdi. İndi isə xarici ölkələrlə bölgələrdə dincəlmək arasında elə də qiymət fərqinin olmaması, bir çox hallarda isə xaricə getməyin daha ucuz başa gəlməsi istirahətini xarici ölkələrdə keçirməyə üstünlük verənlərin sayını artırıb.

Xaricdə qış tətili

Məsələn, 4 gecə 5 günlük qış tətilində İstanbulda tətil 329 dollara başa gəlir. Bu qiymət 3 ulduzlu “Hali Otel”də 2 nəfərlik otaqda bir nəfərin qalması üçün keçərlidir. Qiymət fərqi ancaq otelin ulduz sayına və mərkəzə yaxınlığına görə dəyişə bilər. Tərtib edilən qiymətlərə aviabilet, oteldə qonaqlama, səhər yeməyi, transfer və sığorta da daxildir.

Avropanın ən maraqlı ölkələrindən olan Vyanada qış tətili (4 gecə, 5 gün) 499 avrodan başlayır. Amma bu turu seçənlər əvvəlcə İstanbula getməlidirlər. Bunun qiyməti tura aid deyil. Tura isə İstanbuldan birbaşa uçuşlar, hava limanı vergiləri və xidmətləri, əvvəlcədən müəyyən olunan 4 ulduzlu otellərdə səhər yeməyi və gecələmə daxildir. Turun qiymətinə aeroport - otel - aeroport və şəhərlərarası rahat avtobuslarla gəzmək, panoramik Vyana şəhər turu, otel vergiləri və turist şəhər vergiləri də aiddir.

Qış tətilində ən çox səfər edilən yerlərdən biri olan Dubayda iki nəfərlik bir otaq 460 dollardır. Qiymətlərə ənənəvi olaraq otellərin ulduz sayı və yerləşdiyi ərazi təsir edir. Qiymətə isə aviabilet (baqaj daxil), otel, səhər yeməyi, sığorta və viza daxildir.

Ölkədəkindən daha ucuz Tiflis tətili

Orta statistik azərbaycanlının ən çox üz tutduğu yerlərdən olan Tiflisdə isə bir nəfər üçün 150-200, iki nəfər üçün qış tətili 300-400 manata başa gəlir. Oteldən asılı olaraq qiymət nisbətən dəyişə bilər. Ancaq bu məbləğ 500 manatdan yüksək olmur. Tiflisə təyin edilən turların əksəriyyətində qiymətə qarşılanma, oteldə yerləşdirilmə, Tiflisdə ekskursiya, sığorta, səhər yeməyi və yeni il gecəsi şam yeməyi də daxildir. Ancaq siz Tiflisə öz avtomobilinizlə də gedə bilərsiniz ki, bu da səfərinizin daha ucuz başa gəlməsinə səbəb olar.

Moskva iki nəfərlik bir otaqda qış tətilində dincəlmək 781 manatdan çox tutmur. Qiymətə aviabilet, qidalanma, transfer, sığorta daxildir. Bayram stolunu isə müştərilər öz zövq və ciblərinə uyğun seçə bilərlər.

Bir daha vurğulayaq ki, bu qiymətlər bayram tətilini (4 gün) əhatə edir.

Yerli istirahət mərkəzlərinin qiyməti “ceyran belində”

Ancaq xaricə getmədən, ölkə daxilində, bölgələrdə Yeni ili qeyd etmək daha baha başa gəlir. Məsələn, Qubada “Rixos” otelin qış tətili keçirmək istəyirsinizsə, bu sizə ən azı 1999 manata başa gələcək. Həm də bu qiymət 4 gecə, 5 gün üçün deyil, 3 gün 2 nəfər üçün nəzərdə tutulub. Qeyd edək ki, bu qiymətlərə qidalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən istifadə (hovuz, sauna, türk hamamı və fitnes zal), daxildir. 2

“Şahdağ Quba Hotel & SPA”da isə tutduğunuz otağın qiyməti pəncərə mənzərəsinin dağa və ya parka baxmasından asılı olaraq 898 və 1098 manat arasında dəyişir. Qiymətə yalnızca oteldə gecələmə (3 gecə, 4 gün), 3 dəfə səhər yeməyi, internetdən pulsuz istifadə, Fitness və SPA xidmətləri daxildir. Əgər siz Yeni il ərəfəsində ora getmisinizsə, ödədiyiniz puldan əlavə oteldə keçirilən Yeni il konsertinə girmək üçün bir nəfər üçün 200 manat ödəməlisiniz.

Qusar “Olimpik hoteli”nin meşə içindəki kotteclərində qış tətili bir nəfər üçün 3 günlük istirahətin bir gecəsi 299 manat nəzərdə tutulub. Bura qidalanma (səhər və axşam yeməyi), otelin təklif etdiyi xidmətlər daxildir.

Uşağın yaşına görə qiymət oxuyan otellər

Şamaxıdakı beşulduzlu otellərdən birində bir gecənin qiyməti 272 manatdır. Azı 3 gün qalmaq 816 manat edir. Şamaxıdakı digər beşulduzlu dağ mənzərəli otelin iki nəfərlik standart otağının qiyməti 1410 manatdır. Göl mənzərəli otağın qiyməti isə 1560 manatdır. Dörd nəfərlik ikimərtəbəli kottecdə birinci cərgədə göl yanında 2 min 720 manat, ikinci cərgədə 2 min 500 manatdır. Qiymətə 6 gün qalmaq, səhər yeməyi daxildir.

Qusarda Şahdağın ətəyində yerləşən otellərdən olan “Park Challet”də Yeni il ərəfəsində bir nəfərlik otaq 2300 manat, iki nəfərlik otaq isə 2700 manata olub.

“Marxal Resort & Spa” otelində iki nəfər üçün qış tətili 1290 manata başa gəlir.

“Qafqaz Karvansaray Hotel”də iki nəfər üçün qış tətili 709 manatdan başlayır. Bu pula səhər yeməyi daxildir. 3 yaşa qədər uşaqlar üçün pul tələb olunmur. 6 yaşa qədər uşaqlar üçün 54 manat ödəmək lazımdır. 6 yaşdan yuxarı uşaqlara 90 AZN, 12 yaşa qədər uşaqlar üçün isə 201 manat ödəmək lazımdır.

Göründüyü kimi, bizdə otellər bahalığı ilə fərqlənir.

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Komitədən Axar.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində "Hennesy X.O." yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində "Moet&Chandon" yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində "Godet Antarctica" yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsü ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev 99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsünün jurnalist Azər Həsrəti və Azərbaycan bayrağını təhqir etməsi ilə bağlı deyib.

Agentlik rəsmisi bildirib ki, araşdırmalardan sonra nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, jurnalist Azər Həsrət 99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsünün sərnişinlərlə kobud rəftar etdiyini yazıb. A.Həsrət vurğulayıb ki, sürücüyə Azərbaycan bayrağını tərsinə asdığı üçün irad tutub və buna görə sürücü onun özünü təhqir etməklə yanaşı, bayrağı da çıxararaq, kənara tullayıb.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni direktor təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ceyhun Bayramovun əmrinə əsasən, İsrafil İsgəndərov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor olan İsrafil İsgəndərov bu təyinata qədər Azərbaycan Turizm və Menecment Universitetində dekan işləyib.


Respublika ərazisində yol qəzalarının başvermə səbəbləri müxtəlifdir. Onların arasında nəqliyyat vasitəsinin mal-qara ilə toqquşması halları da az deyil.

Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a bildiriblər ki, son illər mal-qaranın nəzarətsiz buraxılması nəticəsində baş verən yol qəzalarının sayı azalsa da, bu qəbildən hallara yenə də baş verir. Lakin əvvəllər mal-qara sahibləri məsuliyyətdən kənarda qalsalar da, indi buna imkan verilmir. Belə ki, əvvəllər mal-qara sahibləri hətta sürücüdən dəymiş ziyanın ödənilməsini tələb edir, bəzən buna nail olurdular. Son illər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti (YPX) Alayının regionlarda yerli əhali ilə keçirdiyi görüşlər müsbət nəticələr verir və mal-qaranı nəzarətsiz qoyanların sayı xeyli azalıb. Ancaq bəzən xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kor-təbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.

Artıq DYP belə hadisələrin geniş şəkildə araşdırır və nəticədə bu cür qəzaların baş verməsinə görə məsuliyyətə cəlb olunan onlarla mal-qara sahibi var. Son vaxtlar mal-qara sahibləri qəza baş verəndən sonra gizlənməyə üstünlük verirlər. Çünki məsuliyyətə cəlb ediləcəyini bilir və bu səbəbdən heyvanın ona məxsus olduğunu gizlədirlər. Lakin YPX Alayının əməkdaşları, eləcə də nümunəvi kənd sakinləri hadisələrin üstünün açılmasında yaxından iştirak edirlər. Son illər yol polisi bu sahəyə nəzarəti gücləndirib və onlarla mal-qara sahibi ilə bağlı material məhkəmələrə göndərilib. Eyni zamanda, mal-qaranın nəzarətsiz buraxılmasına görə qəzaya düşən sürücülər də heyvan sahiblərinə qarşı məhkəmələrdə iddia qaldırıb zərərin ödənilməsini tələb edirlər. Bu, sürücülərin hüququdur.

Bəzi hallarda məhkəmələr tərəfindən avtomobillərə dəymiş 5 min manatadək maddi zərərin sürücüyə ödənilməsi ilə bağlı mal-qara sahibləri haqqında qərarlar çıxarılıb. Bu cür qərarlardan sonra artıq mal-qaranı nəzarətsiz buraxanların sayı xeyli azalıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə və mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, Mərkəz tərəfindən 4 yanvar 2019-cu il tarixində 6 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində şöbə müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyində sektor müdiri, Təhsil Nazirliyi Astara rayon Təhsil şöbəsində müdir müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11 vəzifə, Müdafiə Sənayesi Nazirliyində 15 vəzifə, Təhsil Nazirliyində 7 vəzifə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifə, İqtisadiyyat Nazirliyində 5 vəzifə, və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə olmaqla 43 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 04 yanvar 2019-cu il tarixindən 04 fevral 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Bakı metrosunun "Sahil" stansiyasında eskalator dayanıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eskalatorun dayanması sərnişinin səhvi üzündən baş verib: "Sərnişinlərdən biri stansiyada yeni quraşdırılan eskalatorun təhlükəsizlik fırçaları ilə palçıqlı ayaqqabılarını silib. Nəticədə eskalator dayanıb. Dərhal digər eskalator hərəkətə salınıb".

B.Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, eskalator palçığa reaksiya verib və buna görə dayanıb: "Hazırda problem aradan qaldırılıb və həmin eskalator da təmizlənəndən sonra hərəkətə gətirilib".

Metroda davamlı olaraq yaşanan sərnişin sıxlığından ən çox əziyyət çəkən qadınlar olur. Bu problemin aradan qaldırılması üçün bir çox ölkələrdə müxtəlif addımlar atılır, qadınların xüsusilə günün pik saatlarında metroda sıxlıqda qalmaması üçün tədbirlər görülür.

Axar.az xəbər verir ki, gündoğan ölkəsi olan Yaponiyada yalnız qadınlar üçün günün pik saatlarında qatara vaqonlar əlavə edilir. Bu vaqonların ayrılmasına səbəb isə basabasda zərif cinsin nümayəndələrinin əzilməməsidir.

Tokio, Tailand, Pekin, Şanxay…

Tailandda kişilərlə birgə səyahət etmək istəməyən qadınlar üçün də ayrıca vaqonlar fəaliyyət göstərir. Hakimiyyət dairələrinin fikrincə, bu, qadınların təhlükəsizliyini artırır.

Yenilik 2014-cü ilin avqustun 1-dən tətbiq olunub. Adi sərnişin qatarlarına qadınları daşımaq üçün nəzərdə tutulmuş ikinci sinifli əlavə vaqonlar qoşulur. Bu vaqonlara bir sıra məhdudiyyətlərlə kişilər də buraxılır. Onlar 10 yaşından yuxarı və boyları 150 santimetrdən artıq olmamalıdır.

Çinin Pekin, Şanxay və s. böyük şəhərlərində də belə bir təklif gündəmə gəlmişdi. Amma ölkə rəsmiləri “qadınlar üçün xüsusi vaqon” təklifinə müsbət yanaşmamış və daha fərqli çıxış yolları axtarmışdı. Rəsmilər Pekində hər gün 4 milyondan çox insanın metrodan istifadə etdiyini, bunun yarısının qadın olduğunu vurğulayaraq, bu vəziyyətdə qadınlara xüsusi vaqon ayrılmasının çətin olacağını demişdilər.

“Geriyə doğru bir addım”

İngiltərəlilər isə belə bir təklifə “yox” deyib. 2015-ci ildə İngiltərədə ictimai nəqliyyat vasitələrində artan təcavüz hadisələrinə qarşı qatarlarda bəzi vaqonlara təkcə qadınların buraxılması təklif edilmişdi. Lakin həmin vaxt bir universitet tərəfindən hazırlanan xüsusi məruzədə qeyd edilmişdi ki, ayrı vaqon tətbiqi “geriyə doğru bir addım” və həm qadınlar, həm də kişilər üçün alçaldıcı ola bilər. Bu səbəbdən təklif dəyərləndirilməmişdi.

Kişilər də qadınlar üçün ayrıca vaqon istəyir

Azərbaycanda isə bu məsələ dəfələrlə gündəmə gəlsə də, reallaşması üçün heç bir addım atılmayıb. İlk dəfə 9 il öncə, 2010-u ildə mediada sözügedən mövzu gündəmə gəlmişdi. Həmin vaxt “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda apardığı sorğu əksər sərnişinlərin qatarlarda qadınlar üçün ayrı vaqonların yaradılmasına tərəfdar olduğunu üzə çıxarmışdı. Sorğuya cavab verən qadınların 92,4 faizi qadınlar üçün xüsusi vaqonların ayrılmasını dəstəkləmişdi.

Sorğuda iştirak etmiş kişilərin də qadınların ayrıca səyahət etmələri üçün müvafiq şəraitin yaradılmasına tərəfdar olduqları üzə çıxmışdı. Onların 76,4%-i ayrıca “qadın vaqonları”nın təşkil edilməsini dəstəkləmişdi.

Həmin vaxt Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin mətbuat xidmətinin rəisi olan Nadir Əzməmmədov mediaya açıqlamasında Azərbaycanda bunun mümkün olduğunu bildirmişdi. Lakin məsələ elə olduğu kimi qaldı.

2015-ci ilin oktyabr ayında sözügedən məsələ yenidən sosial şəbəkələrdə gündəmə gətirildi və istifadəçilər arasıda gedən müzakirələrdən sonra məsələ heç bir nəticə olmadan sonlandırıldı.

Metropolitenin buna potensialı var, ancaq…

Bakı Metropolitenin keçmiş mətbuat katibi, bu sahə üzrə mütəxəssis olan Nəsimi Paşayev Axar.az-a açıqlamasında bildirib ki, metroda qadınlara ayrıca vaqonun ayrılması üçün müvafiq qurumlara müraciət olunmalıdır:

“Rəsmi olaraq təklif gəlməmişdi. Ancaq sosial şəbəkədə müzakirə açılmışdı. Elə açıldığı kimi də bağlandı. Məncə, bunun üçün rəsmi mexanizm işlənməlidir. Müvafiq qurumlara müraciət olunmaldır və baza yaradılmalıdır”.

Ekspertin fikrincə, bu, nəzəri baxımdan mümkün görünsə də, tətbiqində problem yaşana bilər. N.Paşayev bildirib ki, əgər rəsmi qərar verilərsə, Metropolitenin istənilən qərarı tətbiq etməyə potensialı var:

“Bizdə bu cür vaqonları tətbiq etsələr belə, kişilər həmin vaqona minəcəklər. Çünki bizim cəmiyyətdə hər kəs özünə görə haqlıdır. Məsələn, deyəcək ki, o biri vaqonda basabasdı, normal boş vaqonlar olsun, biz də minməyək.

Bunu prosedur olaraq həyata keçirmək çətin deyil. Əvəlcədən ictimaiyyətə elan ediləcək, lazımi yazılar, elanlar vurulacaq. Bu qədər sadədir əslində. Ancaq buna nəzarət mexanizmi olmalıdır ki, bu da çox çətindir.

Buna xüsusilə pik saatlarda əlavə polis və ya metropoliten işçisi təhkim olunmalıdır ki, prosesə nəzarət etsin. Metropoliten olaraq bunun tətbiqi asandır, ancaq cəmiyyət olaraq çox çətin”.

N.Paşayev bildirib ki, qadınlar üçün vaqonların ayrılmasındansa, yeni xətlərin açılması daha məqsədəuyğundur:

“Məncə, bunun daha rahat yolu var. Metropolitenin inkişafına xüsusi diqqət ayrılmalıdır. Yeni tikiləcək xətlər, açılacaq stansiyalar vasitəsilə sərnişin sıxlığını, eyni zamanda, yerüstü nəqliyyatın yükünü də azaltmaq daha məqsədəuyğundur”.


Sosial şəbəkələrdə maraqlı bir video yayılıb.

Musavat.com xəbər verir ki, Azərbaycan televiziyasının arxiv materialı olan həmin videodakılardan biri də eks-spiker Rəsul Quliyevdir. Ən azı, 30-35 il əvvələ aid olan video-süjet tənqidi xarakterlidir və ətraf mühiti çirkləndirən zavod rəhbərliyini hədəfə alıb. 22-ci Qurultay adına zavodu da kim təmsil etsə yaxşıdır? Baş mühəndisin təbiəti mühafizə üzrə müavini Rəsul Quliyev!

Gənc görünüşlü Quliyev Rəsul Yelena Zamaryonovanın qumbren iddiası qarşısında boynunu bükərək, müttəhim kimi dayanıb və zəif səslə zavodunu müdafiə etməyə çalışır. Görünən budur ki, zavod rəhbərliyi sadəcə onu qurbanlıq kimi qabağa verib...

 

 


Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub.

Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib.

Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb. Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir:

Xəbər lenti