![]() |
|
Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiyanı təsdiq edib.
straregiyada bildirilir ki, Bakı ərazisində fəaliyyət göstərən yeni sistemlər istisna olmaqla, regionlarda əksər hallarda tullantıların açıq zibilxanalarda toplanması, bu məqsədlə ayrılmış sahələrin hasarlanmaması, həmin sahələrdə basdırılan tullantılardan əmələ gələn çirkləndirici maddələrin qrunt sularına qarışması, bəzi tullantı poliqonlarının birbaşa olaraq çayların sahili boyunca və subasar düzənliklərdə yerləşdirilməsi bu sahəyə xüsusi diqqət yetirilməsi zərurətini yaradır.
Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək.
Milli Strategiyanın məqsədləri bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycan Respublikasındakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi, çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsidir.
Həmçinin mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsidir.
Milli Strategiyanın prioritet istiqamətlərindən biri də bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılması, yeni tarif sisteminin və yığım mexanizmlərinin tətbiq edilməsi, müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsi.
Milli Strategiyanın icrasından gözlənilən nəticələr sırasında ölkənin bütün şəhər və kəndlərinin ərazilərində bərk tullantıların yığılmasını, təkrar emalını və zərərsizləşdirilməsini təkmilləşdirəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi, respublikanın bütün ərazisini əhatə edəcək bərk məişət tullantılarının regional sanitariya poliqonlarının və ötürücü məntəqələrin yaradılması, bu xidmətin bütün yaşayış məntəqələrinə doğru genişləndirilməsi, bərk məişət tullantılarının idarə edilməsi sahəsində göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması və tarif cədvəllərinin təkmilləşdirilməsi, ictimai sağlamlığın təmin edilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kommunal xidmətlər sahəsində yeni iş yerlərinin açılması və səmərəliliyin yüksəldilməsi və digər məsələlər var.
Qeyd edək ki, Strategiyanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyəvə Təhsil nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunması üçün vəzifələr qoyulub.
Bu gün səhər saatlarında Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarda texniki problem olub.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, maşinst qatarda texniki problem aşkar etdiyindən onu durdurub və müayinə edib: “Bu da 4 dəqiqə çəkib. Ona görə də intervalda müəyyən gecikmələr olub. Hazırda isə problem aradan qaldırılıb və intervallar arasında fərq yoxdur”.
Azərbaycan polisi qış geyiminə keçib.
Report-un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, hazırda paytaxt və bölgələrdə polis əməkdaşları qış geyimində xidmət aparırlar.
15:33
Noyabrın 1-də Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
Bu barədə Axar.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
12:02
Ermənistanın qeyri-kontruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir, girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlata görə, 871 Azərbaycan vətənaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır.
Report xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.
“Daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və elə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər. Əlbəttə ki, Azərbaycan həm də qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına olan şəxslərin “Hamının hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”, - M.Quliyev vurğulayıb.
***
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev komissiya üzvlərinə tapşırıqlar verib.
M.Quliyev deyib ki, komissiya üzvləri daha ciddi şəkildə işləməlidirlər:
“Dövlət Komissiyasının fəaliyyəti qənaətbəxş hesab edilsə də, Komissiyanın sədri kimi tələblərim var. Əsas narazılığım odur ki, komissiya üzvlərinin bir-biri ilə əlaqələri zəifdir. Biz başa düşməliyik ki, burada insan taleyindən söhbət gedir”.
Komissiya sədri qeyd edib ki, Ermənistan beynəlxalq oyunçular tərəfindən istifadə edilir, Azərbaycan isə Ermənistanın törətdiyi əməlləri dünya ictimaiyyətinə çatdırır:
“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ermənilərin kim olduğu üzə çıxır. Əminəm ki, ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad ediləcək”.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yeni nəsil informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə xarici ölkələrdə yerləşən müxtəlif bankların müştərilərinin şəxsi hesablarına qanunsuz müdaxilə olunduğu, həmin hesablardan külli miqdarda pulun oğurlanaraq başqa kartlara transfer edildiyi və ölkəmizdə nağdlaşdırıldığı barədə məlumat daxil olub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov və Mingəçevir şəhər sakini Şahin Əhmədli saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, F.Hüseynov və Ş.Əhmədli xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178.000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürüblər. Bundan sonra pullar dəstə üzvləri tərəfindən nağdlaşdırılıb.
Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İcazəsiz ova cəhd edən biləsuvarlılar saxlanılaraq cərimə ediliblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb.
Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
Bioloji Təbabət Klinikasının həkimi, tanınmış nevropatoloq Vahid Məmmədov vəfat edib.
Bu barədə Axar.az-a klinikadan məlumat verilib.
Bildirilib ki, 10 ilə yaxın bir müddətdə Bioloji Təbabət Klinikasında çalışan ali dərəcəli nevropatoloq Vahid Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Vahid Məmmədov 1948-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə 1972-1974-cü illərdə ordu sıralarında alay həkimi kimi başlayıb. 1974-1976-cı illərdə Sumqayıt şəhər tibb məntəqəsində həkim-nevropatoloq, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında baş həkim, 1984-1992-ci illərdə Sumqayıt Şəhər Bərpa-Müalicə Xəstəxanasında şöbə müdiri, baş həkim, 2007-2008-ci illərdə isə Abşeron Rayon Poliklinikasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifələrində işləyib.
Vahid Məmmədov 2009-cu ildən Bioloji Təbabət Klinikasında çalışırdı.
Qış mövsümünün yaxınlaşması bina və fərdi evlərdə tüstü bacalarının təmizlənməsi məsələsini aktuallaşdırır.
Xəzər xəbər-in məlumatına görə, əksər fərdi evlərdə bacaların elə ev sahibləri tərəfindən mövsümi təmizliyi aparılsa da, binalardakı mənzillər üçün bu, belə deyil. Çünki çoxmənzilli binalarda tüstü bacaları bir çox hallarda ümumi olduğundan ev sahibləri onları təmizlətməkdə maraqlı olmurlar.
Sakinlər deyirlər ki, əvvəllər yaşayış binalarında tüstü bacaları ərazi üzrə Mənzil-Komunal İstismar Sahəsi tərəfindən təmizlənirdi. Ancaq son vaxtlar paytaxtdakı əksər binalarda bu ənənə demək olar ki, yoxa çıxıb.
Tüstü bacalarının vaxtında təmizlənməməsi isə bir sıra risklər yaradır. Xüsusən qış aylarında təbii qaza tələbat artdığından dəm qazından boğulma halları da çoxalır. Bunların isə başlıca səbəbi tüstü bacalarının vaxtında təmizlənməməsidir.
Mənzil Kommunal-İstismar sahələrindən bildirildi ki, tüstü bacalarının təmizlənməsində bina sakinləri özləri də maraqlı olmalıdır. Onlar ehtiyac olduqda quruma müraciət etməlidirlər. Müraciətdən sonra Mənzil Kommunal-İstismar sahələri təmizlik işlərini aparan şirkətlə müqavilə bağlayır. Müqavilə əsasında həmin şirkətə ödəniş edilir və binaların bacaları təmizlənir.
Qeyd edək ki, tüstü bacalarının təmizlənməsi üçün mənzil başına adətən 5-10 manat arasında ödəniş alınır.