![]() |
|
Tarixə baxdıqda görürük ki, hər millətin öz müqəddəs günü, taleyinə yazılmış bir ucalıq anı var. Azərbaycan üçün bu anın adı 28 Maydır – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı, azadlıq eşqimizin cisimləşdiyi müqəddəs gün.
Bu tarix, sadəcə təqvimdə bir gün deyil. Bu, bir millətin əsrlərlə əsarətdə yaşasa belə, azadlığa olan sarsılmaz inamının bəyanıdır. Bu gün, əsrlər boyu susdurulmağa çalışılan bir xalqın qürurla “Mən varam!” deməsidir.
1918-ci ilin 28 mayında Tiflisdə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti, müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət modeli oldu. Bu, təkcə Azərbaycanın deyil, bütün Şərqin tarixində bir inqilab idi. Parlamentli sistem, qadınlara seçki hüququ, milli ordu, milli valyuta, təhsil islahatları... Bütün bunlar cəmi 23 ay fəaliyyət göstərən bir dövlətin həyata keçirdiyi möhtəşəm addımlar idi.
Cümhuriyyət qurucuları – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər ziyalılar müstəqilliyi təkcə bir ideya kimi yox, xalqın gələcəyinin qarantı kimi gördülər. Onlar bildilər ki, azad olmayan bir xalqın nə kimliyi olar, nə gələcəyi. Məhz buna görə böyük risklərə baxmayaraq, Azərbaycan xalqının öz dövlətinə sahib olması üçün bütün imkanlarını səfərbər etdilər.
Lakin bu şanlı tarix 1920-ci ilin aprelində bolşevik işğalı ilə kəsildi. İstiqlalımızı əlimizdən aldılar, lakin qəlbimizdən silə bilmədilər. Azadlıq ideyası nə ədəbiyyatdan, nə musiqidən, nə də milli yaddaşdan silinmədi. O ideya qaranlıq dövrlərin içində alov kimi közərdi və nəhayət, 1991-ci ildə yenidən alovlandı.
Azərbaycan xalqı bir daha ayağa qalxdı, müstəqilliyini elan etdi. Amma bu dəfə də müstəqilliyin əbədi olması üçün gərəkli olan sabitlik yox idi. Daxili siyasi çəkişmələr, torpaq itkiləri, iqtisadi böhran, separatizm təhlükəsi və xarici təhdidlər müstəqil Azərbaycanın təməllərini sarsıdırdı. Bu qarışıqlıq içində xalq öz ümidi və xilaskarı olan Heydər Əliyevə üz tutdu.
1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas oldu. Onun uzaqgörən siyasəti, diplomatik məharəti və dəmir iradəsi sayəsində müstəqil Azərbaycan sabitliyə, iqtisadi inkişafa və beynəlxalq nüfuza doğru yol aldı. Onun ən böyük arzusu isə Azərbaycanın bütün ərazilərinin azad olunması və dövlət müstəqilliyinin əbədi qorunması idi.
Bu arzunu isə onun layiqli davamçısı, Prezident İlham Əliyev gerçəkləşdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın müzəffər ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Şuşa başda olmaqla torpaqlarımız azad olundu. Bu qələbə ilə müstəqilliyimiz yalnız kağız üzərində deyil, real torpaq üzərində təsdiqləndi.
Bu gün 28 Mayı qeyd edən Azərbaycan – artıq müstəqilliyini qoruyan yox, onu yaradan və möhkəmləndirən bir dövlətdir. Qarabağda həyat yenidən başlayır, azad edilmiş torpaqlarda tikinti, quruculuq, qayıdış dalğası davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında güclü, söz sahibi bir ölkəyə çevrilib.
28 May bu gün bizim üçün sadəcə bir tarixi hadisə deyil. Bu gün – keçmişin mirası, bu günün qüruru və gələcəyin mayakıdır. Bu gün bizə deyir ki: “Azadlıq heç vaxt asan gəlməyib, amma bir dəfə qazandıysan, onu qorumaq hər bir vətəndaşın borcudur.”
Gəlin bu böyük gündə təkcə bayraq asmaqla kifayətlənməyək. Gəlin bu azadlığı yaşadaq – savadla, zəhmətlə, vətənə sevgi ilə, dövlətimizə sadiqliklə.
Çünki Azadlıq – verilən deyil, qorunan bir dəyərdir.