![]() |
|
Azərbaycan xalqının şərəfli tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə bir bayram olaraq qalmır, həm də milli yaddaşın ən parlaq səhifələrindən birinə çevrilir. 28 May – Müstəqillik Günü məhz belə müqəddəs və əbədi anlam daşıyan tarixlərdəndir. Bu gün, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bir millətin azadlıq arzuları gerçəyə çevrildi, bir xalq öz taleyinin sahibi oldu. 28 May, dövlət qurmaq iradəsinin, milli birlik ruhunun və azadlıq eşqinin simvoludur.
1918-ci il 28 may tarixində Tiflisdə keçirilən iclasda Müsəlman Şərqində ilk demokratik, dünyəvi və hüquqi dövlət quruldu – Azərbaycan Xalq Cümhuriyyəti. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu Cümhuriyyət qısa müddətdə çox böyük işlərə imza atdı. Parlament idarəetməsi yaradıldı, ilk milli ordu formalaşdırıldı, dövlət atributları təsis edildi, ana dilinə və milli mətbuata xüsusi önəm verildi, dünyəvi təhsil sistemi qurulmağa başlandı. Cümhuriyyətin varlığı, Azərbaycanın gələcək müstəqilliyinə yol açan tarixi bir bünövrə rolunu oynadı.
1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı, dövlətimizin beynəlxalq tanınması istiqamətində atılmış mühüm addım idi. Təəssüf ki, 1920-ci ilin aprelində sovetləşmə nəticəsində Cümhuriyyət süqut etdi və müstəqillik müvəqqəti olaraq itirildi. Lakin xalqın azadlıq arzusu heç vaxt sönmədi.
70 illik sovet əsarətindən sonra Azərbaycan xalqı bir daha müstəqilliyini bərpa etdi. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan Respublikası yenidən öz suverenliyini elan etdi. Lakin bu mərhələ də özlüyündə yeni çağırışlarla, siyasi və hərbi təhdidlərlə, iqtisadi böhranla müşayiət olundu. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və daxili siyasi xaos dövlətin gələcəyini təhlükə altına atmışdı.
Belə ağır bir zamanda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını aldı, dövlətçiliyin bərpasını və möhkəmləndirilməsini təmin etdi. Onun apardığı uzaqgörən siyasət sayəsində ölkədə sabitlik bərpa olundu, strateji iqtisadi layihələr reallaşdı və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı.
Heydər Əliyev siyasi kursunun davamı olaraq, Prezident İlham Əliyev Azərbaycanın müasir dövrünü yeni inkişaf mərhələsinə çıxardı. Bu mərhələ təkcə iqtisadi nailiyyətlərlə deyil, həm də siyasi və hərbi sahədə əldə olunan uğurlarla əlamətdardır. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin qətiyyətini, gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu, yalnız hərbi zəfər deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərin ruhunun rahatlanması, müstəqilliyin tam və əbədi formada möhkəmləndirilməsi demək idi.
Hazırda işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işləri aparılır. Yeni şəhərlər, yollar, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində yüz minlərlə vətəndaşın öz yurdlarına dönməsi planlaşdırılır. Bu, həm də müstəqil Azərbaycanın yeni tarixi mərhələyə keçdiyini göstərir – qalib xalq, güclü dövlət, etibarlı gələcək.
Azərbaycanın beynəlxalq arenadakı mövqeləri də gündən-günə möhkəmlənir. İqtisadi sabitlik, enerji təhlükəsizliyi sahəsindəki strateji layihələr, nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkəmizin regional və qlobal əhəmiyyətini artırır. Müstəqillik artıq yalnız daxili deyil, həm də beynəlxalq miqyasda etiraf olunan siyasi və iqtisadi gücə çevrilmişdir.
Müstəqil dövlətdə yaşamaq hər bir vətəndaş üçün böyük nemət olmaqla yanaşı, həm də məsuliyyətdir. Bu məsuliyyətə ölkənin sabitliyini qorumaq, milli dəyərlərə sahib çıxmaq, qanunlara riayət etmək, təhsilə və elmə önəm vermək, vətənə sadiq övlad yetişdirmək daxildir. Müstəqillik yalnız dövlətin suverenliyini deyil, eyni zamanda fərdin azadlığını, mədəniyyətin çiçəklənməsini, ictimai tərəqqini təmin edən ali dəyərdir.
28 May təkcə bir tarixi gün deyil, milli iradənin, milli ruhun və milli qürurun təntənəsidir. Bu gün hər bir azərbaycanlının ürəyində Vətəni üçün məsuliyyət hissini oyatmalı, gələcək nəsillərə ötürüləcək əbədi bir dəyər kimi yaşadılmalıdır.
Müstəqillik – qürurumuz, sabahımız və azad gələcəyimizdir. Azərbaycan bu müstəqilliklə daha da güclənəcək, daha da ucalacaq.