![]() |
|
HƏMAS-ın liderlərindən biri hesab olunan Xalid Məşəl Fələstin torpaqları və müqəddəs yerlər azad edilənə qədər müqaviməti davam etdirəcəklərini vurğulayaraq, İslam ümmətini İsrail qarşısında öhdəliklərini yerinə yetirməyə çağırıb.
Xalid Məşəl Qəzza zolağında İsrail əsgərləri tərəfindən öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar üçün İstanbulda keçirilən başsağlığı mərasiminə səsli mesaj göndərib.
Meşal səs yazısında qeyd edib ki, HƏMAS lideri və "Əqsa Tufanı" komandiri Sinvar 60 il azad yaşadığını şəhidlik zirvəsinə yüksəlməklə həm Fələstin xalqı, həm də dünya üçün simvola çevrilib.
Meşal əsasən üç məsələyə diqqət çəkib:
"Birincisi, Sinvar və digər şəhid liderlərdən sonra HƏMAS öz dəyərlərindən və prinsiplərindən əl çəkməyəcək, strategiyasını dəyişməyəcək.
İkincisi, İsrailin hücumlarını dayandırmağa çalışacaqlar və bunun yollarını axtaracaqlar.
Üçüncüsü, HƏMAS Fələstin torpaqları və müqəddəs yerləri azad edilənədək müqaviməti davam etdirmək strategiyasına sadiq qalacaq".
Meşal sonda qeyd edib: “Bu, təkcə fələstinlilərin savaşı deyil, əksinə, ilk qibləmiz Əqsa tufanıdır”.
Amerikalı milyarder İlon Mask hər gün 1 nəfərə 1 milyon dollar verəcək.
Bunu milyarder özü açıqlayıb. O bildirib ki, ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampı dəstəkləyənlərdən hər gün bir nəfərə pul ödəyəcək.
Mask deyib ki, sözügedən mükafat seçkilərin taleyini təyin edəcək ştatlarda səs verən və bu kampaniyaya imza atan seçicilərə veriləcək.
O, mükafatı noyabrın 5-nə qədər hər gün verəcəyini açıqlayıb.
Biznesmen Pensilvaniya ştatının Harrisburq şəhərində artıq bir neçə nəfərə söz verdiyi pulu ödəyib.
FETÖ lideri Fətullah Gülənin ölüm xəbəri paylaşılıb.
"haber7" xəbər verir ki, Gülənin ölüm xəbəri FETÖ-nün mətbuat orqanları tərəfindən açıqlanıb.
Fətullah Gülənin necə öldüyü məlum deyil.
Fətullah Gülənin ölüm başlığı ilə paylaşılan görüntülər sosial mediada trend olub.
Almaniya Ukrayna savaşının dayandırılmasını müzakirə etmək bəhanəsi üzərindən Rusiya ilə pozulmuş münasibətlərini, xüsusilə də, iqtisadi əməkdaşlığını bərpa etmək imkanları axtarır... Ukrayna prezidenti Volodimir Zelenskinin hazırladığı və Fransanın da dəstəklədiyi "sülh planı"na görə isə kollektiv Qərbin, eləcə də, NATO-nun Rusiya ilə birbaşa savaşa qatılmasının qaçılmaz olduğu qabardılır...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı beynəlxalq siyasət məkanında tədricən kəskin ziddiyyət qaynağına çevrilməyə başlayıb. Hər halda, son vaxtlar kollektiv Qərbin daxilində Ukraynaya dəstək mövzusuna fərqli yanaşmalar mövcuddur. Üstəlik, bu fəqrli yanaşmalar artıq kollektiv Qərbə parçalanma təhlükəsi də yaratmaq üzrədir. Və hazırda bəzi Qərb ölkələri Ukrayna savaşına münasibətdə öz dövlət mövqelərinə yenidən baxmağa üstünlük verirlər.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna savaşında Rusiya üzərində tarixi qələbənin mümkün ola biləcəyi barədə Qərb siyasi dairələrinda demək olar, danışmağa daha o qədər də həvəs göstərmirlər. Halbuki, bir müddət öncəyə qədər Rusiyanın mütləq tarixi məğlubiyyətə uğradılacağı iddia edilirdi. Və bununla da bütün dünyanın, xüsusilə də, Avropa ölkələrinin Rusiya təhlükəsindən həmişəlik xilas ediləcəyi vurğulanırdı.
İndi isə əksər Qərb ölkələri Ukrayna savaşının maliyyə-iqtisadi yükündən xilas olmağın yollarını axtarmağa başlayıblar. Hətta bəzi Qərb ölkələri Ukrayna savaşında məğlubiyyətin qaçılmaz olduğunu da dolayısı ilə etiraf edirlər. Və bu, rəsmi Kiyevin onsuz da ağır olan vəziyyətinə çıxılmazlıq görüntüsü qatır.
Maraqlıdır ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna savaşı ilə bağlı Qərb siyasi dairələrini ittiham edir. Onun fikrincə, ABŞ prezidenti Co Bayden başda olmaqla, bəzi Qərb ölkələri Rusiyanı Ukraynaya hərbi müdaxilə etməyə məcbur buraxıb. Yəni, Ağ Evin keçmiş sahibi hesab edir ki, ABŞ və Qərb hərbi-siyasi manipulyasiyalar, eləcə də, sabotaj texnologiyaları ilə Kremli Ukraynaya qarşı müharibəyə başlamağa təhrik edib. Və ona görə də, prezident Co Bayden də daxil olmaqla, Qərb liderləri Ukrayna savaşına görə siyasi məsuliyyət daşıyırlar.
Eyni zamanda, Ağ Evin keçmiş sahibi Rusiya ilə müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini də suçlayır. Onun fikrincə, prezident Volodimir Zelenski ABŞ və Qərbin siyasi manipulyasiyalarına aldanmaqla, Ukraynanın gələcək taleyi baxımından, tarixi səhvə yol verib. Donald Tramp əmindir ki, əgər, prezident Volodimir Zelenski daha realist qərarlar qəbul etmək qabiliyyətinə malik olsaydı, Rusiya ilə savaşdan Ukraynanı yayındıra bilərdi. Və indi Ukrayna dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmiəzdi.
ABŞ prezidentliyinə namizəd Donald Tramp açıq mətnlə bəyan edib ki, Ukrayna savaşı kollektiv Qərb üçün artıq uduzulmuş hərbi-siyasi kampaniya xarakteri daşıyır. Ona görə də, indi Qərb siyasi dairələri bu müharibənin mövcud şərtlər daxilində mümkün qədər tez bir zamanda dayandırılması barədə düşünməlidirlər. Əks halda, bu savaş uzanacağı təqdirdə, onun nəticələri yalnız Ukrayna adlı dövlətin yox olması ilə məhdudlaşmayacaq. Və ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin gələcək taleyi böyük təhlükə qarşısında qalacaq.
Təbii ki, kollektiv Qərbin daxilində Ağ Evin keçmiş sahibi ilə eyni mövqedə olanlar da kifayət qədərdir. Belə ki, bəzi Qərb ölkələri tədricən Ukraynaya hərbi yardımların dayandırılması istiqamətində mesajlar verməyə başlayıblar. Xüsusilə də, Almaniya bu istiqamətdə konkret addımlar atmağa da cəhd göstərir. Belə ki, rəsmi Berlin əvvəlcə Ukraynaya Almaniya istehsalı olan silahlarla Rusiya ərazisinə zərbə endirməyi qadağan edib. Yəni, rəsmi Berlin Almaniya silahları ilə Ukraynanın yalnız müdafiə olunmasını istəyir. Və Almaniyanın növbəti addımları isə Qərbdə ciddi tərəddüdlər yaradıb.
Məsələ ondadır ki, rəsmi Berlin Almaniyanın bundan sonra Ukraynaya daha hərbi texnika göndərməyəcəyini açıq mətnlə bəyan edib. Yəni, rəsmi Berlin Ukraynanın arxasından tədricən geri çəkilir. Almaniyanı Ukrayna savaşından uzaqlaşdıraraq, çıxartmağa çalışır. Rəsmi Berlin indi tamamilə fərqli istiqamətlərdə qərarlar qəbul etməyə üstünlük verir. Və bu, kollektiv Qərbin artıq parçalandığını təsdiqləyir.
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin ilə danışıqlara hazırdır. O, hesab edir ki, Ukrayna savaşının dayandırılması ilə bağlı şərtlərin müzakirə edilməsinin vaxtı çatıb. Halbuki, alman kanslerin Kreml sahibi ilə yalnız Ukrayna savaşının dayandırılmasını müzakirə etməklə, kifayətlənəcəyinə sadəlövhlər inana bilər. Və böyük ehtimalla kansler Olaf Şolts prezident Vladimir Putin ilə Almaniya-Rusiya münasibətlərinin, xüsusilə də, korlanmış iqtisadi əlaqələrin bərpasını götür-qoy etmək niyyətindədir, bunun üçün uyğun imkanlar axtarır.
Göründüyü kimi, kollektiv Qərbin daxilində müşahidə olunan parçalanma indi Ukrayna üçün ciddi təhlükələr vəd edir. ABŞ isə nə qədər qəribə də olsa, hazırda baş verənlərə daha çox sükutla reaksiya göstərir. Yəqin ki, Ağ Evin prinsipial mövqeyi ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra dəqiqləşməyə başlayacaq. Hələlik Bayden administrasiyası Ukrayna savaşına münasibətdə birmənalı qərarlardan ehtiyatlanır. Keçmiş prezident Donald Trampın Ağ Evə geri dönəcəyi təqdirdə isə ABŞ-ın ümumiyyətlə, Ukraynanın arxasından çəkiləcəyi də artıq qətiyyən istisna deyil. Və bu, Ukrayna üçün fəlakət ssenarisinin hələ irəlidə olduğunu ehtimal etməyə imkan verir.
Maraqlıdır ki, son vaxtlar Ukraynaya yalnız Fransa açıq və birbaşa dəstək verməklə, diqqəti çəkir. Belə ki, rəsmi Paris prezident Volodimir Zelenskinin sülh planını dəstəklədiyini bəyan edib. Halbuki, həmin sülh planını Ukrayna savaşının dayandırılmasından daha çox kollektiv Qərbin, xüsusilə də, NATO-nun Rusiya ilə müharibəyə birbaşa qatılmasını nəzərdə tutur. Yəni, prezident Volodimir Zelenski hesab edir ki, kollektiv Qərbin Rusiya ilə müharibəyə qoşulması Kremli Ukraynanın maraqlarına uyğun şərtlər daxilində sülh danışıqlarına məcbur buraxa bilər. Və hazırda bu sülh planına Fransadan başqa birbaşa dəstək verən hər hansı Qərb dövləti nəzərə çarpmır.
Məsələ ondadır ki, kollektiv Qərbin Rusiya ilə birbaşa savaşa bulaşması əvvəlcə qlobal müharibəyə yol aça bilər. Ardınca isə bu, ümumiyyətlə, nüvə sazişini qaçılmaz reallığa çevirər. Nəticədə yalnız Rusiya deyil, həm də Ukrayna ilə yanaşı, bir çox Qərb ölkəsi də öz mövcudluğunu itirmək təhlükəsi qarşısında qala bilər. Və bu baxımdan, Fransanın həm Ukraynanı, həm də ilk növbədə Avropanı dağıda biləcək "Zelenski planı"na dəstək verməsi rəsmi Parisin avantüra vərdişlərinə bağlı geopolitik manevr hesab olunur.
Livanın “Hizbullah” hərəkatı pilotsuz uçuş aparatı ilə İsrailin Baş naziri Benyamin Netanyahunun şəxsi iqamətgahına hücum edib.
“Reuters” agentli xəbər verir ki, bu barədə məlumatı Netanyahunun Ofisi yayıb.
Bildirilib ki, Kesariya şəhərində qeydə alınan hadisə zamanı xəsarət alan olmayıb. Eyni zamanda, Baş nazir və həyat yoldaşının da hücum vaxtı iqamətgahda olmadığı qeyd olunub.
Qeyd edək ki, İsrail Müdafiə ordusu öz növbəsində Livandan ölkəyə üç pilotsuz uçuş aparatının buraxıldığını açıqlayıb. Məlumata görə, dronlardan ikisi zərərsizləşdirilib, biri isə Kesariyada binaya çırpılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşın hökumət başçısının yarım milyardlıq avtomobilinin pis olmadığı barədə iradına cavab verib.
Paşinyan isə avtomobili 250 milyona satmaq təklifi ilə cavab verib.
“Bir avtomobilin qiyməti yarım milyarddırsa, o zaman onu hökumətdən 250 milyon dram qarşılığında almaq olar. Razısınız? Ya da kim istəsə”, - Paşinyan qeyd edib.
"Armavir-Gümrü yolu tikilib, gəlib-gedən insanların sayı artıb və siz onlara nə lazım olduğunu düşünməlisiniz ki, bunu təklif edərək özünüz də gəlir əldə edə biləsiniz".
Oxu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Şirak vilayətində kəndlilərlə söhbət zamanı bildirib.
"Kiçik işlərdən başlayın. Pul tələb etməyən şeylər var. Məsələn, Dilican yollarında onillərdir insanlar bişmiş qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə qoyuluşu lazım deyil, bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır", - deyə Paşinyan bildirib.
Kəndlilərdən biri qeyd edib ki, onlarda suvarma suyu olmadığı üçün qarğıdalı yetişdirə bilmirlər. "Siz düşünürsünüz ki, Dilicanda qarğıdalı yetişdirirlər? Biz suvarma suyu məsələsini həll edəcəyik, amma bu bir-iki il çəkə bilər. Nə edək? İki il oturub gözləyək?", - deyə Paşinyan cavab verib.
"Moldovadakı seçkilər və referendumda qərbyönümlü siyasətçilərin qələbə qazanmaq ehtimalı böyükdür. Amma bu heç də Moldovada prosesin bitməsi anlamına gəlməməlidir. Nə qədər ki, Rusiya Qərblə keçmiş müstəmləkələri uğrunda savaşı davam etdirəcək, bütün istiqamətlərdə Moskvanın "5-ci kolonu"nun ilk fürsətdəcə Qərbə inteqrasiyanın dayandırılması istiqamətində əks addımlarının da şahidi olacağıq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev bazar günü Moldovada prezident seçkiləri və referendumdan gözləntiləri şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, hazırda Moldovada hakimiyyətdə olan iqtidar partiyası ölkənin Avropaya inteqrasiyasının tərəfdarı olan siyasi qüvvələrdən ibarətdir:
"Bu mənada parlament seçkilərilə Avropaya inteqrasiya mövzusunda referendum da təsadüfi deyil ki, eyni tarixə salınıb. Bu isə hakimiyyətin özünə əminliyin ifadəsidir. Hesab edirəm ki, seçkilər qərbyönümlü qüvvələrin qələbəsilə başa çatacaq. Həm də bununla paralel olaraq, Moldovanın Avropaya inteqrasiyasına müsbət qərar veriləcək".
Amma həmsöhbətimizə görə, bununla proses bitməyəcək:
"Gürcüstanda Qərblə savaşan və Ukraynada açıq şəkildə müharibə aparan və Ermənistanda Paşinyan əleyhinə olan Rusiya şübhəsiz ki, Moldovada da özünə yaxın olan qüvvələrdən istifadə etməklə referendumdan sonra ölkənin Avrointeqrasiya prosesinə əngəl olmağa və ilk ələ keçən fürsətdə referendum qərarlarını sıfırlamağa çalışacaq. Rusiya Moldovanı da sakit buraxmayacaq. Bunun açıq örnəyini Gürcüstanda gördük. Saakaşvilinin dövründə ölkənin Avrointeqrasiya istiqamətində əldə olunan yüksək nailiyyətlərin "Gürcü Arzu”sunun hakimiyyəti dövründə geriyə sayılması prosesinin şahidi oluruq. Gürcüstanın avrointeqrasiya prosesinin dondurulması, Avropa strukturları tərəfindən bu ölkəyə hərtərəfli maliyyə və təşkilati dəstəyin verilməsinin dayandırılması dediklərimizin sübutudur".
Qeyd edək ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri keçiriləcək. Onunla paralel olaraq, ölkənin Avropaya inteqrasiyası üçün referendum da keçirilməlidir. Bu keçmiş postsovet ölkəsində də seçkilər qərbyönümlülərlə rusiyayönümlülər arasında gedir. Hazırda hakimiyyətdə olan Prezident Maya Sanku hökuməti qərbyönümlüdür. Onun əsas rəqibi rusiyayönümlü keçmiş prokuror Aleksandr Stoyanoqlodur. Bir sözlə, bazar günü Moldovanın timsalında daha bir postsovet məkanında Qərblə Rusiyanın növbəti toqquşmasının şahidi ola bilərik.
HƏMAS lideri Yəhya Sinvanın ölümü İran və onun Yaxın Şərqdəki “müqavimət oxuna” ciddi zərbədir. Tehran uzun illərdir HƏMAS-ı dəstəkləyir. Sinvar rəhbərliyi ələ keçirəndə bu, İran üçün əsas oyun dəyişikliyi olmuşdu.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.
Nəşr bildirir ki, İran iplərini Sinvarın saxladığı HƏMAS-a böyük sərmayə yatırmışdı.
YP-nin fikrincə, HƏMAS-ın öldürülən lideri İranın regional planlarının əsas icraçılarından biri idi:
“İranın son dövrlərdə aldığı zərbələrə baxmaq vacibdir. Sinvar və Nəsrullahı itirdi. Bunlar İsrailə zərər verən iki güclü qrupun əsas fiqurları idi. İl ərzində Tehran özünü qalib hiss edirdi. Çünki 1000 israilli öldürülmüş, İsrailin şimal bölgəsi (Livanla sərhəd) boşaldılmışdı. Aprel-oktyabr aylarında dron və uzaqmənzilli ballistik raketlərlə birbaşa hücumlar həyata keçirdi. İraqdakı yaraqlılar da İsraili PUA-larla hədəfə alırlar. Husilər Qırmızı dənizdə təxribat törədirlər, hətta Təl-Əvivə dron atdılar.
İran üçün İsrailə ən yaxın piyada HƏMAS idi. “İslami Cihad” (Fələstin) daha kiçik proksi qrupdur. HƏMAS isə güclüdür, İranın regional planlarının açarıdır. Məhz HƏMAS İranın İsraili məğlub edəcəyinə və (Fələstinlə İsrail arasında) ikitərəfli həll planını qəbul etdirəcəyinə ümid edirdi.
İndi Sinvar ölüb, İran yenidən düşünməli olacaq. Qətər də HƏMAS-ı dəstəkləyir və Sinvara pul ödəyirdi. Qətər vasitəsilə Tehran ümid edirdi ki, ABŞ-a İsraili atəşkəsə təzyiq etmək üçün təsir edə bilərlər. Doha Qəzzada HƏMAS və Sinvarı qorumaq üçün atəşkəs əldə etməyə çalışmışdı. Amma İsrail HƏMAS liderlərini sıradan çıxararaq vəziyyəti dəyişdi. İsmayıl Haniyə və Salah əl-Aruri öldürüldü. Mərvan İsa və Məhəmməd Dyef öldürüldü.
HƏMAS-ın çox az lideri var, əksəriyyəti Dohada yaşayır. İndi ABŞ-ın HƏMAS-a ev sahibliyi etməyi dayandırmaq üçün Qətərə təzyiq göstərəcəyi vaxtdır. İran indi geri qalır. Livanda məğlub ola, evdə rüsvayçılıqla üzləşə bilər. Sinvarın ölümü İranın İsrailə qarşı çoxcəbhəli müharibəsində digər dominoların düşməsinə səbəb ola bilər.
İsrail indi öz kartlarını oynamalıdır. Onun bu regional şahmat taxtasını yenidən hazırlamaq şansı var. İranın şahmat taxtasındakı piyadası Sinvarın çıxarılması vacib gediş oldu. İndi bu oyunda İranın “kral”ına atəş açmaq və rejimin özünə zərbə vurmaq vaxtıdır”.
Avropa Birliyi Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinə kobud müdaxilə etmək niyyətini qətiyyən gizlətmir... Rəsmi Tiflisə qarşı “siyasi savaş” açan bu beynəlxalq qurumun Gürcüstanda başlatdığı təxribatlar artıq açıq müstəviyə keçirilir...
Avropa Birliyinin öz yaradılış missiyasından tədricən uzaqlaşdığı açıq-aşkar nəzərə çarpır. Hər halda, bu nüfuzlu beynəlxalq qurum indi yalnız iqtisadi və ideoloji dəyərlər üzərindən fəaliyyət göstərən təşkilat deyil. Belə ki, Avropa Birliyi son onilliklərdə hərbi-siyasi ambissiyalarla yüklənib. Hərbi təzyinatlı qurum olmasa da, NATO-nu təqlid etməyə çalışır. Beynəlxalq siyasət məkanındasa, geopolitik hədəflər icad etməklə, təzyiq və diqtə metodlarına üstünlük verir. Və bu baxımdan, Avropa Birliyini indi artıq beynəlxalq hegemoniya niyyətinə düşmüş imperialist Qərb qurumu da hesab etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi öz üzvlərinin xarici siyasətinə tam nəzarət taktikası tutub, onları bu qurumun müəyyən etdiyi beynəlxalq çərçivələr daxilində fəaliyyətə məcbur edir. Avropa Birliyinə üzv dövlətlərin suveren hüquqlarına və müstəqil qərarlar qəbul etmək haqlarına demək olar ki, əhəmiyyət verilmir.
Buna misal olaraq, Avropa Birliyinə üzv Macarıstana qarşı bu qurumun sərt təzyiqlərini göstərmək olar. Orban hökuməti müstəqil xarici siyasət yürütdüyü, Rusiya və Çinlə iqtisadi-ticari əməkdaşlığı davam etdirdiyi üçün Macarıstan Avropa Birliyinin açıq hədəfinə çevrilib. Və hazırda Avropa Birliyi Macarıstanı Rusiya-Çin cütlüyünün bu qurum daxilindəki for-postu elan edərək, sərt ittihamlara məruz qoyur.
Digər tərəfdən, bu qurum üzvlük üçün müraciət edən ölkələrə də Avropa Birliyinin hədəflərini diqtə edir. Həmin ölkələrdən Avropa Birliyinin maraqları və sifarişləri çərçivəsində mövqe tutulmasını tələb edir. Yəni, bu qurum üzvlük üçün müraciət etmiş ölkələrdən öz suveren hüquqlarından məhz Avropa Birliyini xeyrinə imtina olunmasını istəyir. Halbuki, onilliklər boyu davam edən müzakirələrdən sonra həmin ölkələrin nə vaxtsa, Avropa Birliyinin sıralarına qatıla biləcəyinə də heç bir təminat verilmir. Və bununla da Avropa Birliyi öz nəzarəti altında “siyasi müstəmləkələr bloku”nun yaradılmasına çalışır.
Təbii buna ən real örnək Ukrayna, Moldova və Gürcüstana münasibətdə Avropa Birliyinin davranışlarını göstərmək olar. Bu üç postsovet ölkəsi uzun müddətdən bəri Avropa Birliyinə üzvlük niyyətlərini rəsmiləşdirsələr də, hələ də bu qurumun “qapalı qapıları” qarşısında gözlədilir. Üstəlik, bu müddət ərzində hər üç ölkə Avropa Birliyinə inteqrasiya niyyətləri ucbatından bir çox ənənəvi tərəfdaşlarını itirərək, sarsıdıcı geopolitik zərbələr də məruz qalıblar. Gürcüstan isə ümumiyyətlə, hazırda Avropa Birliyinin açıq hədəfinə çevrilib.
Gürcüstan hökumətinin ölkə parlamentində təsdiqlətdiyi “xarici agentlər” və LGBT barədə məhdudlaşdırıcı qanunlar ABŞ və Avropa Birliyinin ortaq qəzəbinə tuş gəlib. ABŞ və Avropa Birliyi rəsmi Tiflisdən bu iki qanunun dərhal ləğv edilməsini tələb edir. Bu tələbi hər iki qanunun insan haqları və demokratik dəyərlərin təsirini məhdudlaşdırması ilə bağlı iddialarla əsaslandırmağa çalışır. Halbuki, “xarici agentlər” barədə qanunun Fransa başda olmaqla, Avropa Birliyinin əksər ölkələrində də mövcuddur. Və nə qədər qəribə də olsa, Avropa Birliyi rəsmi Tiflisi indi Gürcüstana məhz bu səbəblərdən sanksiyalar tətbiq etməklə təhdid edir.
Məsələ ondadır ki, Avropa Birliyi Gürcüstanın bu quruma üzvlük müraciəti əsasında artıq illərlə davam edən müzakirə prosesini dayandırdığını rəsmən bəyan edib. Bu qurumun Tiflisdəki səfiri Pavel Qerçinski Gürcüstanın “nə bu gün, nə sabah, nə də 2030-cu ildə Avropa Birliyinə üzv ola bilməyəcəyini” bildirib. O, bildirib ki, Avropa Birliyi Gürcüstan vətəndaşlarının seçiminə hörmət edir. Və bununla da seçki ərəfəsində Avropa Birliyi ilə kəskin ziddiyyətlər yaşayan mövcud hökumətin dəyişdirilməsinə yönəlik Gürcüstan seçicilərinə dolayısı mesaj verib.
Avropa Birliyinin səfiri xatırladıb ki, bir həftədən sonra Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ona görə də, avropalı səfirin fikrincə, Gürcüstan vətəndaşları özlərinin və övladlarının gələcəyi ilə bağlı doğru seçim etməlidirlər. Avropalı səfir vurğulayıb ki, xalqın seçimə hörmət edilməsi Avropa Birliyi və keçmiş SSRİ arasındakı əsas fərqlərdən biridir: “Ancaq Avropa Birliyinin də müzakirəyə açıq olmayan müəyyən dəyərlər – azadlıq, demokratiya, qanunun aliliyi, insan hüquqları və s. əsasında formalaşdığına hörmət olunmalıdır”.
Pavel Qerçinski davamında əsl təxribata cəhd edərək, bildirib ki, əgər, Gürcüstan seçiciləri Gürcüstanın təkpartiyalı dövlətə çevrilməsinə, müxalif partiyaların qadağan olunmasına, vətəndaş cəmiyyətinin ölkədən qovulmasına, müstəqil KİV-lərin sıradan çıxarılmasına və insan haqlarının arxa plana keçirilməsinə dəstək verəcəklərsə, deməli, bu ölkə heç vaxt Avropa Birliyinin üzvü olmayacaq. Avropalı səfirin bu açıqlaması Gürcüstan vətəndaşlarına qarşı açıq və birbaşa təzyiq göstərmək cəhdidir. Yəni, insan haqlarından və demokratiyadan danışan avropalı səfir Gürcüstan vətəndaşlarını yönəltməyə çalışır. Və Gürcüstanın diktaturaya yönəlməkdə olduğuna dolayısı ilə eyham vurur.
Göründüyü kimi, Avropa Birliyi Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinə kobud müdaxilə etmək niyyətini qətiyyən gizlətmir. Avropalı səfirin açıqlaması bu kobud müdaxilənin artıq başlandığını təsdiqləyir. Çünki onun açıqlaması seçkiyə kobud müdaxilədir və Gürcüstan seçicilərini hakim “Gürcü arzusu” Partiyasının əleyhinə səs verməyə çağırış məzmunu daşıyır. Və bu, Avropa Birliyinin “demokratiya” anlayışını, eləcə də, digər “dəyərlər”ini təsəvvür etməyə imkan verir.(Yeni Müsavat)