![]() |
|
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib:
“Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?”
O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib.
Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.
ABŞ prezidenti Co Bayden bu gün seçki prosesi ilə bağlı xalqa müraciət edəcək.
Bu barədə Bayden öz X (tvitter) səhifəsində yazıb.
"Sabah axşam Şərq vaxtı ilə saat 20:00-da mən Oval kabinetdən xalqa qarşıda bizi nələrin gözlədiyi və Amerika xalqı üçün işi necə başa çatdıracağımla bağlı müraciət edəcəyəm", - ABŞ prezidenti yazıb.
Qeyd edək ki, Bayden artıq qarşıda gələn prezident seçkilərində iştirakdan geri çəkilib. Bayden vitse-prezident Kamala Harrisi özünün varisi elan edib. Yeni namizədlə bağlı qərar Demokrat Partiyasının qurultayında veriləcək.
Baydenin seçkidən geri çəkilməsinin əsas səbəbi yaş həddi ilə bağlı deyil, onun Trampla debatdan sonra reytinqinin sürətlə enməsi nəticəsində Demokratların seçki prosesini maliyyələşdirən donorların maliyyə vəsaitlərini dondurması olub.
"The New York Times" qəzetinin yazdığına görə, Demokratların prezidentlik kampaniyası üçün ayrılan 90 milyon dollar, Bayden yarışdan çəkilənə və partiya onun əvəzini tapana qədər donorlar tərəfindən dondurulub. Baydenin seçki kampaniyası üçün vəsait toplayan Gələcək İrəli Komitəsi iyulun ortalarına qədər planlaşdırılan 700 milyon dollar əvəzinə cəmi 430 milyon dollar əldə edə bilib.
Onu da qeyd edək ki, seçkidə Respublikaçıların namizədi Donald Tramp Baydenə qarşı bu hərəkəti "çevriliş" adlandırıb.
Donald Trampın prezident prezident seçiləcəyi təqdirdə elan etdiyi vitse-prezidentliyə namizəd, senator Cey Di Vens də bunu "çevrişliş" adlandıraraq deyib ki, o zaman ABŞ konstitusiyasının 25-ci düzəlişinə uyğun olaraq Bayden prezident də ola bilməz və istefa verməlidir.
"Fransa Prezidenti Emmanuel Makron Paris Yay Olimpiya Oyunları ərəfəsində siyasi cəhətdən zəif vəziyyətdə qalıb".
Bu barədə "Reuters"də dərc olunan məqalədə deyilir.
Bildirilir ki, prezident oyunlardan öz irsini möhkəmləndirmək üçün istifadə etməyi planlaşdırdığı halda, onun qeyri-populyarlığı, həmçinin parlamentə uğursuz seçkilər siyasi qeyri-sabitliyə gətirib çıxarıb və Olimpiadaya marağı azaldıb.
"Oyunların ona lider kimi yüksəlməyə kömək edəcəyinə ümid edən Makron indi reallıqla üzləşir: təhlükəsizlik və siyasi problemlər fonunda "axsayan ördəyə" çevrilib. Tarixçi Patrik Veyl qeyd edib ki, Olimpiadanın açılışında "imperator" olmağı düşünən prezident indi alçalmış siyasi statusunu əks etdirən bir fiqurdur. Yanvarda Makron nikbin idi və 2024-cü ilin "qətiyyət və dirçəliş ili" olacağını vəd edirdi, lakin indi onun ümidləri puç olub və onu zəif vəziyyətdə qoyub", - deyə məqalədə vurğulanır.
Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın xüsusi hərbi əməliyyatla əlaqədar ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, “Toyota” Motor İdarə Heyətinin sədri Toyoda Akio, “Rakuten” Korporasiyasının təsisçisi Mikitani Hiroşi.və digər Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Sanksiya siyahısına Yaponiya işgüzar dairələrinin digər nümayəndələri də daxil edilib.
Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib.
"Bunu Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabat sübut edir.
“Keçmiş Sovet respublikası Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib”, - məlumatda bildirilib.
"Ən azı avqustun ortalarına, Parisdə Olimpiya Oyunları bitənə qədər yeni hökumət başçısı təyin etməyi və ya kabineti dəyişməyi planlaşdırmıram".
Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron izah edib ki, 2024-cü il Olimpiya Oyunlarını hazırlayan hökumət idi.
"Bizim məsuliyyətimiz onların yaxşı getməsini təmin etməkdir və buna görə də mən sabitliyi seçirəm, bu hökumət cari məsələlərlə məşğul olmağa davam edəcək", - Fransa lideri deyib.
Fransa prezidenti vurğulayıb ki, bu zaman baş nazirin dəyişdirilməsi və yeni hökumətin təyin edilməsi xaos yaradar. O, həmçinin əmin edib ki, prezidentlik müddətinin sonuna kimi Fransaya rəhbərlik etmək niyyətindədir və ölkədəki siyasi qüvvələr razılığa gələ bilsələr, Milli Məclisin yenidən buraxılmasından söhbət gedə bilməz.
Türkiyə vətəndaşlığı almaq proseduru çətinləşir.
“Cumhuriyet” xəbər verir ki, bu barədə məlumatı Əhali və Vətəndaşlıq Məsələləri üzrə Baş direktor İbrahim Taşyapan TBMM-in Xarici İşlər Komitəsində çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, vətəndaşlıq verilərkən şəxs barəsində həm Türkiyə polisi, həm Milli Kəşfiyyat Təşkilatı (MİT), həm də İnterpolun rəyi nəzərə alınacaq.
Bildirilir ki, İnterpoldan iki dəfə təsdiq gəlməzsə, vətəndaşlıq verilməyəcək.
Məlumata görə, bu tədbirlərin görülməsində məqsəd təhlükəsizlik risklərini minimuma endirməkdir.
ABŞ prezidenti Co Bayden ikinci müddətə yenidən seçilmək cəhdindən əl çəksə də, dövlət başçısı vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Bu barədə Bayden öz X (tvitter) hesabında paylaşıb.
Qeyd edək ki, Bayden prezidentlik yarışından geri çəkildikdən sonra Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson dövlət başçısını istefaya çağırıb. O isə buna sərt reaksiya verib.
“Biz Amerika Birləşmiş Ştatlarıyıq, əgər birlikdə etsək, edə bilməyəcəyimiz heç nə yoxdur. Sadəcə kim olduğumuzu xatırlamalıyıq. Mən prezidentliyimi bunu sübut etməyə həsr etmişəm və bunu bu gün, sabah və hər gün davam etdirəcəyəm ki, sizin prezident kimi xidmət etmək şərəfinə nail olum”, - ABŞ prezidentinin bəyanatında deyilir.
İsrailin yeddi cəbhədə döyüşdüyü və Vaşinqtonda tam siyasi qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda mən ABŞ-yə çox mühüm səfər edirəm.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib
“Səfər zamanı İsrailin baş naziri kimi dördüncü dəfə Konqresin hər iki palatasında çıxış edəcəyəm. Çıxışımda İsrailə ikitərəfli dəstəyin vacibliyini vurğulayacağam və hər iki tərəfdəki dostlarımıza müraciət edəcəyəm ki, prezident seçkilərindən sonra Amerika xalqına kimin rəhbərlik etməsindən asılı olmayaraq, İsrail ABŞ-nin Yaxın Şərqdəki ən əhəmiyyətli və vazkeçilməz müttəfiqidir", - Netanyahu qeyd edib.
O, səfər çəçivəsində 40 ildən artıq tanıdığı prezident Co Baydenlə də görüşünün nəzərdə tutulduğunu da bildirib. İsrailin baş naziri onu da əlavə edib ki, keçirilən görüşlərdə HƏMAS-la savaş zamanı bütün girovların azad edilməsi, HƏMAS üzərində qələbənin əldə edilməsində əməkdaşlıq edəcəklər. "Biz İranın şər oxunun təhlükəsini məğlub etmək üçün əməkdaşlıq edəcəyik. Düşünürəm ki, bu müharibə və qeyri-müəyyənlik dövründə düşmənlərimizin İsrail və ABŞ-nin birgə hərəkət etdiyini bilməsi vacibdir”, - Netanyahu bildirib.
Amerikanın məşhur "Simpsonlar" ("The Simpsons") cizgi filminin yaradıcıları illər sonra reallığa çevrilən ssenarilərinin dəqiqliyi ilə pərəstişkarlarını dəfələrlə təəccübləndiriblər və gələcək hadisələri demək olar ki, mistik şəkildə təxmin edə biliblər.
Bizim.media bildirir ki, bu dəfə də cizgi filmi ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırıblar".
Epizodların birində onlar kostyumunun və aksesuarlarının rənginə qədər Harrisin görünüşünə çox oxşayan qadın prezidenti göstəriblər.
Eyni zamanda, süjetə görə, o, daşınmaz əmlak satışı ilə məşğul olan prezidenti (Donal Tramp kimi) əvəz edib.
Qeyd edək ki, avqustda Demokratlar Harrisin namizədliyini təsdiqləsə, ABŞ-da ilk qadın prezident olmaq şansı qazanacaq. Formal olaraq o, artıq özünü bu vəzifədə sınayıb. Belə ki, 19 noyabr 2021-ci ildə anesteziya altında olarkən Bayden tibbi prosedurdan keçdi və öz səlahiyyətlərini vitse-prezident Harrisə verdi. Bu, Amerika tarixində yeganə presedentdir ki, qadın prezident səlahiyyətlərini öz üzərinə götürür.
Bu il noyabrın 5-də keçirilməsi planlaşdırılan prezident seçkilərində Harris Trampla rəqabət apararaq qalib gəlsə, o, 60 yaşında ABŞ-ın ilk qadın prezidenti kimi vəzifəsinin icrasına başlayacaq.