![]() |
|
İranın İsrailə hücum edəcəyi təqdirdə cavab daha sərt və bədəli daha ağrılı olacaq.
Bunu İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Tzaxi Haneqbi "Bild"ə müsahibəsində İranın İsrailə hücum edəcəyi təqdirdə ölkəsinin buna necə cavab verəcəyinə aydınlıq gətirərkən deyib.
“Biz əminik ki, düşmənlər bizə qarşı hər hansı hücumun onların təcavüzünə görə peşman olacaq cavabla qarşılanacağını başa düşsünlər”, - Haneqbi deyib.
O əlavə edib ki, bizim İrana tövsiyəmiz bu yolla getməməkdir. "İsrailə hücum Tehranın çox acı bədəl ödəməli olacağı bir şey olacaq. Ümid edirəm ki, bunu etməzlər və bu səhv olardı", - o qeyd edib.
İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri bütün bunlarla yanaşı onu da qeyd edib ki, Təl-Əviv bölgədə genişmiqyaslı müharibə istəmir.
"İranın hücumu halında ABŞ-nin lazımi dəstəyi verəcəyinə əminik. Bununla belə, İsrail hərbi yardım, o cümlədən ABŞ-dən canlı qüvvə yardımına ehtiyac duymur".
İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Tzaçi Haneqbi deyib.
"Biz heç kimdən hərbi dəstək istəmirik, hətta ABŞ-dən də. Onların qoşunlarına ehtiyacımız yoxdur", - Haneqbi Bild qəzetinə müsahibəsində deyib.
Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Xidmətinin rəhbəri əmindir ki, İrandan hücum olacağı təqdirdə İsrail ABŞ-dən dəstək alacaq: "Əlbəttə ki, bütün bu müddət ərzində bizə çox yaxın olan ABŞ-dən dəstək alacağıq".
Haneqbi ABŞ Prezidenti Co Baydenin müharibə zamanı İsrailə səfər edən ilk Amerika Prezidenti olduğunu xatırladıb və İsrailin təhlükəsizliyinə sadiq olduğunu bildirib.
"Bizim Ağ Evlə çox yaxşı əlaqələrimiz var, Baş nazir bir neçə gün əvvəl orada idi", - deyə İsrail Milli Təhlükəsizlik Xidmətinin rəhbəri yekunlaşdırıb.
Amerika Birləşmiş Ştatlarında seçki prosesi qızışdıqca, hər kəsi bir sual düşündürür - Donald Tramp yenidən Ağ Evin sahibi olarsa, dünyanı nə gözləyir?
Siyasi şərhçi Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Trampin yenidən prezident seçilməsi ABŞ-ın xarici siyasətinə təsir edəcək:
"Hazırda planetin iki əsas problemi Ukrayna müharibəsi və Qəzzada davam edən və artıq regiona yayılmaqda olan qanlı qırğınlardir. Düşünürəm ki, Tramp hakimiyyətə gələrsə, Ukraynada müharibəni dayandıracaq. Ən azı atəşkəs formasında olsa belə, döyüşlərin dayanmasına çalışacaq. Çünki bununla birincisi, özünün sülh yaradan imicini formalaşdırmağa çalışacaq, ikincisi, ABŞ-a ciddi maliyyə yükü olan müharibəni dayandırmış olacaq".
Ekspertin fikrincə, respublikaçı baxışı belədir ki, əgər Qərb Rusiyanın üzərinə çox gedərsə, Moskva Çinlə yaxınlaşacaq və bu da anti-qərb blokunu gücləndirəcək:
"Bu isə Tramp hakimiyyəti üçün arzuolunmazdır. Bu səbəbdən də ən azı atəşkəs formadsinda olsa belə, Ukraynada döyüşləri dayandıracaq. Yaxın Şərqdə isə vəziyyət daha mürəkkəbdir. Məsələ ondadır ki, bundan əvvəlki dövründə Tramp ağılasığmaz gediş edərək Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və bununla da münaqişənin həllinə ciddi zərər vurub, İsraildə radikal sağın güclənməsinə səbəb olub. İndi isə vəziyyət daha dramatikdir. Hazırda bölgədə müharibə gedir, Trampın ənənəvi siyasətini davam etdirərək, İsrailə açıq dəstək göstərsə, o zaman Amerikanın regiondakı nüfuzu daha da düşəcək. Üstəlik indi regionda yeni və güclü rəqib kimi Çin var. Düşünürəm ki, Tramp yenə də məsələni iranın üzərinə gətirməklə, bəlaların səbəbkarı olaraq İranı hədəfə almaqla, ərəbləri ABŞ ətrafında birləşdirməyə çalışacaq. Bu isə regionda gərginliyi daha da artıracaq, daha kəskin toqquşmalar qacılmaz olacaq".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski əgər Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Oksfordda keçirilən "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyada səfərdə olan Zelenski BBC telekanalına müsahibə verib.
O, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Prezident qeyd edib ki, ancaq o, zəhmətkeşdir və ABŞ-da hakimiyyətdə olan hər kəslə işləməyə hazırdır.
ABŞ Venesuela müxalifət liderini prezident seçkilərinin qalibi kimi tanıyıb.
ABŞ Dövlət Departamenti Venesuela müxalifətinin lideri Edmundo Qonzales Urrutianı “uğurlu seçki kampaniyasına görə” təbrik edərək seçkilərlə bağlı bəayanat yayıb.
Bununla da Vaşinqton onu rəsmən prezident seçkilərinin qalibi kimi tanıyıb. Rəsmi Karakas isə Nikolas Maduronun üçüncü müddətə yenidən seçildiyini bəyan edib.
“Təəssüf ki, bu səslərin işlənməsi və nəticələrin Maduronun nəzarətində olan Milli Seçki Şurası tərəfindən elan edilməsi ciddi pozuntulara məruz qalıb və Venesuela xalqının iradəsini əks etdirməyən nəticələr elan edilib”, - Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Bəyanatda həmçinin deyilir ki, ABŞ və Venesuela xalqı üçün ən çox səsin Edmundo Qonzales Urrutia olduğu aydındır.
Vaşinqtonun fikrincə, Venesuela hakimiyyətin hörmətlə, sülh yolu ilə keçidini müzakirə etməyə başlamasının vaxtı çatıb.
Venesuela Milli Seçki Şurası iyulun 29-da prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun 51,2 faiz, Edmundo Qonzalesin isə 44 faiz topladığını açıqlayıb.
Müxalifət "exit-poll" nəticələrinə istinad edərək 73% nəticə ilə Qonzalesin qələbəsini elan edib.
Venesuelada seçkilərin nəticələrinin açıqlanmasından sonra kütləvi etirazlar başlayıb. Etiraz aksiyaları ciddi qarşıdurmalarla müşahidə olunmaqdadır.
Venesuelanın milli prokuroru Tarek Vilyam Saab ölkədə davam edən etirazlarda 80-dən çox əsgər və polisin yaralandığını bildirib.
Prokuror son günlərdə ölkədə baş verənləri vandalizm adlandırıb və vandalizm hərəkətlərinə yol verənlərin qanun qarşısında cavab verəcəyini bildirib.
İranın gözlənilən cavab tədbiri aprelin 14-də İranın İsrailə hücumundan daha geniş və mürəkkəb olacaq.
Bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu dəfə İslam Respublikası və onu dəstəkləyən təşkilatların iştirakı ilə bir neçə istiqamətdən İsrail ərazisinə koordinasiyalı hücum mümkündür.
Aprelin 14-nə keçən gecə İran 300 pilotsuz təyyarə, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu onların 99%-ni vurduğunu bildirib. ABŞ, Britaniya və İordaniya, əsasən İsraildən kənarda, Suriya və İordaniya üzərində İran pilotsuz təyyarələrinin vurulmasında İsrailə kömək edib.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə qaldığı Tehran hotelinə qaçaqmalçılıq yolu ilə gətirilən partlayıcı qurğu ilə öldürülüb.
Bu barədə “The New York Times” Yaxın Şərqdəki rəsmi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bomba təxminən 2 ay əvvəl Tehrandakı qonaq evində gizlədilib. Haniyənin otaqda olması təsdiqlənən kimi uzaqdan partladılıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan media Haniyənin partlayıcıdan istifadə edilərək öldürüldüyünü inkar edib.
Ölkə.Az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Fars News xəbər agentliyi "The New York Times"ın Həmas Siyasi Bürosunun rəhbəri Həniyənin uzaqdan idarə olunan bomba ilə partladılması ilə bağlı xəbərini təkzib edib.
Məqalədə qeyd edilir ki, bu, nəticələrin qarşısını almaq üçün İsraili bu cinayəti törətməkdən azad etmək cəhdidir.
Eyni zamanda İsrail ordusunun sözçüsü Daniel Aqari Beyruta yeganə hava hücumunun həyata keçirildiyini, nəticədə Hizbullah liderinin müşaviri Fuad Şükrün məhv edildiyini bildirib. O, İsrailin Yaxın Şərqdə heç bir başqa ölkəyə havadan hücum etmədiyini vurğulayıb.
Xatırladaq ki, dünən səhər saatlarında livanlı jurnalist Haniyənin pilotsuz uçan aparat vasitəsilə öldürüldüyünü və İsrail kəşfiyyatının HƏMAS Siyasi Bürosunun rəhbərinin dəqiq yerini "WhatsApp" tətbiqi vasitəsilə öyrəndiyini bildirib.
Həmasın siyasi qanadının lideri İsmayıl Haniyədən sonra hərbi qanadının rəhbəri Məhəmməd Deif də öldürüldü. Mümkündür ki, İsrail bundan sonra Qəzza müharibəsinin başa çatdığını və Həmas üzərində “qələbəni” elan edəcək, reallıqda buna tam nail ola bilməsə də.
İsrailin iki mümkün səbəb görə Qəzza müharibəsini bitirmək, yaxud nəticə əldə edildiyini elan etmək ehtiyacı yaranıb.
Birincisi, uzanan müharibəyə görə artan daxili narazılıqları “söndürmək” lazımdır, yaxud ən azı Həmas üzərində nəticə əldə edildiyi nümayiş etdirilməlidir.
İkincisi və əsas səbəb “şimal cəbhəsini” açmaq hədəfidir: Hizbullahla son toqquşmalar və Beyruta zərbələrin endirilməsi İsrailin yeni və daha genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir; Qəzzada Həmasın qalıqları ilə döyüşlər davam edəcək, lakin ordunun əsas qüvvələrinin şimala – Livanda Hizbullahla müharibəyə cəlb ediləcəyi gözlənilən ssenarilərdəndir;
Bu, İran-İsrail toqquşmasına da yol açacaq ssenaridir və belə görünür ki, Haniyənin məhz Hizbullahla qarşıdurmanın baş verdiyi ərəfədə və Tehranda öldürülməsinin hədəflərindən biri də budur. İsrail İranın da bu və ya digər formada iştirak etdiyi daha böyük müharibə ilə ABŞ-ın “müttəfiqlik öhdəliyini” icra etmək məcburiyyətində buraxmağı planlaşdırır. Hizbullahla mümkün toqquşma ABŞ-ın irimiqyaslı hərbi yardımını şərtləndirir. Bu, həm də Qəzza müharibəsinə görə ABŞ-da İsrailə tam dəstəyi müdafiə edənlərin – respublikaçıların da mövqeyini gücləndirə bilər.
İran çətin seçimlər qarşısına qalıb: Tehranın Haniyə görə İsraildən “qisas” vədləri əvvəl də olduğu kimi, ictimai rəyə hesablanmış ritorikadır, hərçənd, Hizbullahla toqquşma İranı müharibənin açıq tərəfinə çevirəcək. Tehranda ABŞ-ın İsrailin önünü kəsəcəyinə ümid edirlər.
Bu kontekstdə hadisələrin inkişafı daha çox Vaşinqtonda demokratlarla respublikaçıların mübarizəsinin nəticəsindən asılıdır. İsrail demokratlara təzyiq edir, İran isə “əməkdaşlıq” mesajları verir. İranda nüvə danışıqlarının “memar”larından olan Cavad Zərifin strateji məsələlər üzrə vitse-prezident təyin edilməsi də buna hesablanıb. Hərçənd, İranın toqquşmadan qaçmaq imkanları getdikcə azalır.
2023-cü il oktyabrın 7-də İsrail və HƏMAS arasında müharibənin başlamasından bəri Türkiyə NATO üzvü kimi alyans ilə İsrail arasında birgə görüşlər və təlimlər də daxil olmaqla istənilən qarşılıqlı fəaliyyətə veto qoyub.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır.
Ankara bəyan edir ki, NATO müharibənin sonuna qədər İsraillə (müttəfiqlik tərəfdaşı statusuna malikdir) qarşılıqlı fəaliyyət göstərməməlidir.
İyulun 30-da İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkəsinə mümkün müdaxiləsi ilə bağlı sözlərindən sonra NATO ölkələrini Türkiyəni alyansdan çıxarmağa çağırıb.
Bundan əvvəl, iyulun 12-də Katz bildirib ki, Ankara HƏMAS və "Müqavimət Oxu"nu dəstəklədiyi üçün NATO-nun üzvü olmamalıdır.
İranda yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu gün Tehranda vida mərasimi keçirilib.
İranın Ali lideri Əli Xameneyi Haniyənin cənazə namazını qılıb.
İrandakı mərasimdən sonra Haniyənin cənazəsi Qətərə göndəriləcək.
Sui-qəsd nəticəsində öldürülən Haniyə sabah cümə namazından sonra Dohada dəfn ediləcək.