![]() |
|
Böyük Britaniya kralı III Karl üçün dəbdəbəli omar yeməyi Fransa prezidentinin ofisinə 475 min avroya başa gəlib.
Bu barədə Fransa audit ofisi məlumat yayıb.
BBC-nin yazdığına görə, Britaniya monarxının ötən ilin sentyabrında səfəri zamanı Fransa prezidenti Emmanuel Makron həddini aşaraq qonaqlara mavi omar, müxtəlif pendir çeşidlərindən ibarət qonaqlıq verib.
Şam yeməyinə xərclənən vəsaitin 165 min avrodan çoxu yeməyin özünə, 40 min avro isə içkilərə xərclənib.
Aktyor Hyu Qrant, futbol meneceri Arsen Venger və Rollinq Stones qrupunun solisti Mik Caqqerin də yer aldığı ziyafətdə qonaqlara mavi omar və xərçəngdən ibarət menyu, ardınca isə Bresse toyuq əti və göbələk qratin təklif edilib.
Qonaqlara fransız "Comte" və Britaniyaya məxsus "Stichelton Blue" daxil olmaqla pendirlər təqdim edilib. Desert üçün isə qızılgül ləçəkli krem, moruq və liçi ilə çəhrayı makaron peçenyeləri olub.
Şam yeməyinə xərclənən vəsaitin 165 min avrodan çoxu yeməyin özünə xərclənib, içkilər 40 min avroya başa gəlib.
Versal sarayındakı ekstravaqant bu ziyafət kral Çarlzın Fransaya üç günlük dövlət səfərinin bir hissəsi olub.
Hesablama Palatasının hesabatında qeyd olunub ki, bu, yeganə dəbdəbəli şam yeməyi deyil.
Bildirilir ki, 2023-cü ilin iyul ayında Luvrda Hindistanın baş naziri Narendra Modinin ziyafəti prezident aparatına 412 min avroya başa gəlib.
Hesablama Palatasının illik hesabatında qeyd edilib ki, prezident aparatının dövlət qəbulları da daxil olmaqla xərcləri əvvəlki illə müqayisədə 14% artıb, lakin gəlirlər cəmi 6,5% artıb.
Hesabatda həmçinin qeyd olunur ki, dövlət qəbullarına ayrılan xərclərin artması nəticəsində prezident aparatının büdcəsində 8,3 milyon avro boşluğa səbəb olub.
Palata bununla bağlı Yelisey sarayına xəbərdarlıq edib ki, maliyyə balansını bərpa etmək üçün əhəmiyyətli dərəcədə səylər göstərməlidir.
Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.
“Haber Global” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantıda vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər iştirak edəcək.
Müzakirələrin nəticələrinə əsasən bəzi general və admiralların təyinat və vəzifədən azad edilməsi gözlənilir.
Rusiyada casusluq ittihamı ilə həbs cəzasına məhkum edilmiş "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç mübadilə çərçivəsində sabah ABŞ-yə qayıda biləcək.
Bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, yaxın gələcəkdə Rusiya, Belarus, ABŞ və Almaniya arasında genişmiqyaslı məhbus mübadiləsi aparılacaq.
Hələlik bu barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Evan Qerşkoviç 2022-ci ilin yanvarından "The Wall Street Journal" jurnalının müxbiridir. O, Rusiya, Ukrayna və digər postsovet məkanlarında çalışıb.
2023-cü ilin martında Qerşkoviç Yekaterinburqda casusluq ittihamı ilə həbs edilib və bu, 1986-cı ildən bəri ilk dəfə bir amerikalı jurnalistin Rusiyada bu ittihamla həbs olunması idi.
O, 19 iyul 2024-cü ildə məhkəmənin qərarı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni "WhatsApp" vasitəsilə izləyib.
Bu barədə livanlı jurnalist Eliya Manir bildirib.
Onun sözlərinə görə, İsrail kəşfiyyatı "WhatsApp" mesajı vasitəsilə Haniyənin telefonuna casus proqramlar quraşdırıb.
Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.
İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyruta hücumu nəticəsində İranın hərbi müşaviri Milad Bedi ölüb.
“Report” xəbər verir ki, bu barədə İranın SNN telekanalı bildirib.
“İranın hərbi müşavirlərindən biri olan Milad Bedi sionist rejiminin yaraqlılarının Beyruta hücumu nəticəsində həlak olub”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl-Şəms kəndində futbol meydançasına raket zərbəsi endirilib. Zərbə 12 uşağın ölümü ilə nəticələnib.
İsrail hücumda “Hizbullah”ı ittiham edib və cavab tədbiri görəcəyini vəd edib.
Öz növbəsində həm “Hizbullah”, həm də Livanın ali rəhbərliyinin nümayəndələri Beyrutun bu insidentdə iştirakını inkar ediblər.
İyulun 30-da isə İsrail ordusu Livanın paytaxtı Beyruta hücum edərək “Hizbullah” komandirini hədəfə alıb. Nəticədə təşkilatın komandiri Fuad Şükür öldürülüb.
Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edən fransalı dicey Barbara Butç ölümlə hədələnir.
Axşam.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb. 43 yaşlı dicey Olimpiya açılış mərasimində Leonardo da Vinçinin Son Şam yeməyi ilə müqayisə edilən səhnədə iştirak etdiyi üçün ölümlə hədələndiyini bildirib və polisə şikayət edib.
Barbara sonda vurğulayıb ki, o, açılışında iştirak etməkdən şərəf duyub.
Qeyd edək ki, açılış mərasimi zamanı İsa Peyğəmbərin sonuncu şam yeməyi səhnəsini canlandırarkən peyğəmbər və onun tərəfdarlarının transgender və “drag queens”lərlə əvəzlənib. Etirazlardan sonra təşkilatçılar həmin səhnənin görüntülərini yutubdan silib və üzr istəyiblər.
İyulun 30-da Məsud Pezeşkianın andiçmə mərasimindən sonra rəsmi olaraq İranın 14-cü prezidenti kimi fəaliyyətə başladı.
İndi isə təkcə İran cəmiyyətini deyil, bütövlükdə beynəlxalq aləmi düşündürən məsələ budur:
Pezeşkian seçkiöncəsi xarici və daxili siyasətlə bağlı verdiyi vədləri yerinə yetirə biləcəkmi? Çünki Pezeşkianın andiçmə mərasimindən sonra HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi verilən vədlərin icra olunacağına, o cümlədən İran daxilində uzun illər boyunca yığılıb qalan çoxsaylı problemlərin həllinə şübhə ilə yanaşılır.
Pezeşkianın prezident seçilməsinin İran cəmiyyətinə indiyədək verdiyi töhfə isə ondan ibarət oldu ki, ölkə daxilindəki gərginliyin müəyyən müddətə də olsa, səngidilməsi və gələcəyə ümid yaradılması baxımdan uğurlu addım hesab etmək olar.
Bəs bundan sonra... Hamını düşündürən məsələ də budur.
HƏMAS liderinə qarşı sui-qəsd hadisəsindən sonra Pezeşkianla bağlı bütün gözləntiləri tamamilə alt-üst etdi.
- Birincisi, sabiq prezident İbrahim Rəisinin ölümündən sonra beynəlxalq aləmdə İranın təhlükəsizlik sisteminə sarsıdıcı zərbə oldu. Bu, bir daha İranın təhlükəsizlik sistemin yartımaz olduğunu;
- İkincisi, daxildə İranın Qərblə və digər ölkələrlə yumşalma və ya normallaşma siyasətinə qarşı çıxan qüvvələrin olduğunu göstərdi.
- Üçüncüsü, Tehranı hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq mövcud xarici siyasəti yürütmək məcbur etmək baxımdan;
- Dördüncüsü, nüvə proqramı ilə bağlı Qərblə danışıqlar, o cümlədən İran olan sanksiyaların yumşadılması baxımdan;
- Beşincisi, bu siyasət fonunda daxildəki sosial-iqtisadi böhranın aradan qaldırılması, daxildəki milli problemlərin həlli baxımdan qeyri-mümkün olacağını ortaya qoydu.
Tehranda HƏMAS liderinə qarşı baş verən sui-qəsddən çıxan nəticələr isə aşağıdakılardır:
- Birincisi, diqqəti Qəzzadan yayındırmaqdır.
- İkincisi, İranın regional hegamoniyasına son verilib Yaxın Şərqdən çıxarılmasıdır. Ona görə də İranın Yaxın Şərqdəki bütün proksi qüvvələrinin sıradan çıxarılmasına qarşı genişmiqyaslı əməliyyatlar davam etməkdədir. Bir sözlə, Tehrana hərtərəfli basqıları davam etdirməklə onu geriyə otuzdurmaqdır. Həmin güclər bu planı reallaşdırmaq üçün lazım gələrsə, bölgədə müharibənin coğrafiyasını genişləndirməklə nail olmaq istəyəcəklər. Onu da qeyd etmək lazımdır ki, İran daxilində bəzi qüvvələrin də cəmiyyətin böyük ümid bəslədiyi hakimiyyətə gələn "islahatçılar"ı iflasa uğratmaq üçün xaricdəki güclərlə sinxron hərəkəti istisna deyil.
İranın zəifləyib bölgədən sıxışdırılmasında təkcə İsrail və ya ABŞ deyil, eyni zamanda Rusiya və Çin də maraqlıdır. Moskva və Pekinin son dövrlərdə Yaxın Şərqdə, ümumiyyətlə, dünyanın digər bölgələrində sinxron hərəkət göstərir. Moskva ilə Çinin Uzaq Şərqdə, Sakit okeanda ABŞ sərhədləri yaxınlığında birgə hava təlimləri, Baltik dənizində, Hind okeanında, Qırmızı dənizdə, Fələstində birgə fəaliyyəti bunun bariz nümunəsidir. Son vaxtlarda Çinin vahid Fələstin dövlətinin yaradılması istiqamətində ciddi səyləri ortadadır. Məhz Çinin dəstəyi ilə HƏMAS-la FƏTH və digər qruplar arasında görüşlər təşkil edildi.
Moskva və Pekin Yaxın Şərqdə sıxışdırılan Tehranın yerini tutmaq istəyir. Tehran bunu görür. İstəməsə də mövcud reallıqlar naminə öz yerini Qərb və İsraildənsə özünə yaxın hesab etdiyi Rusiya və Çinə güzəştə getməyə məcburdur.
- Üçüncüsü, beynəlxalq aləmin bu yolla diqqətini İsrail-HƏMAS münaqişəsindən yayındırıb Qəzzanın tamamailə İsrailin nəzarətinə keçməsinə təmin etməkdir.
- Dördüncüsü, münaqişənin coğrafiyasını genişləndirməklə həm İsrail, həm də ABŞ Yaxın Şərqdəki digər planlarını da reallaşdırmaq istəyirlər. Bura Yaxın Şərqin siyasi xəritəsinə dəyişikliklər edib yeni dövlətlərin yaradılması, hətta bəzi ölkələrin siyasi xəritədən silinməsi, İsrailin ərazisinin genişləndirilməsi, "Davud dəhlizi"nin yaradılması, "Vəd edilmiş torpaqlara dönüş", İraqın, Suriyanın parçalanması, PKK/YPG terror dövlətinin yaradılması və sair kimi planlar daxildir.
- Beşincisi, bölgədəki bütün bu planların qarşısını ala biləcək Türkiyənin rolunu azaltmaq və onun Yaxın Şərqdəki proseslərə müdaxiləsinə imkan verməməkdir. Qərb və İsrail bu məqsədlə hətta Moskva, Tehran, Pekin və bəzi ərəb ölkələri ilə hansısa formada əməkdaşlıqdadır. Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "güclü olmalıyıq" mesajı da bununla bağlı olan məsələdir. Çünki Yaxın Şərqdə baş verən hadisələr Türkiyəyə də birbaşa təhdid yaradır. Ankara Yaxın Şərq böhranının nəzarətdən çıxıb genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün bütün səyini ortaya qoysa da, təəssüflə qeyd etmək lazımdır ki, xüsusən də ərəb ölkələri bu məsələyə Türkiyə qədər həssas yanaşmırlar.
Son olaraq İranda rejim dəyişikliyinə nail olmaq və şah rejimi dönəmindəki kimi nəzarətdə olan bir rejim yaratmaqdır.
HƏMAS İsmayıl Haniyənin ölümü ilə bağlı yazılı açıqlama verib və onun qisasının alınacağını deyib.
Bu barədə "Haber Global"a istinadən bildirir.
"Haniyə Tehranda sionistlərin hücumu nəticəsində öldürüldü. HƏMAS liderinin öldürülməsi qorxaq hərəkətdir və cəzasız qalmayacaq", - deyə HƏMAS açıqlamasında qeyd edib.
"Haniyəyə qarşı sui-qəsd böyük bir eskalasiyadır, lakin onlar məqsədlərinə çatmayacaqlar. Qüdsü xilas etmək üçün açıq müharibə aparırıq və istənilən əvəzi ödəməyə hazırıq", - deyə HƏMAS rəsmisi Sami Əbu Zuhri bildirib.