Fransalı futbol azarkeşləri “Nant” və “Tuluza” arasında baş tutacaq ölkə kubokunun final oyununda prezident Emmanuel Makrona qarşı etiraz aksiyası keçirəcəklər.

Parisdəki “Stad de Frans”da oynanılacaq görüşdən əvvəl ictimai nəqliyyatın çıxışlarında arenaya yollanacaq tamaşaçılara qırmızı vərəqə, fit və atributların paylanılması planlaşdırılıb.

Aksiya təqaüdlə bağlı islahatlara münasibət göstərmək üçün nəzərdə tutulub.

Həmçinin, stadionda elektrik enerjisinin kəsilməsi ilə bağlı aksiya da istisna edilmir. Makronun son ictimai çıxışları zamanı belə bir hal yaşanıb. Bunun qarşısının alınması üçün “Stad de Frans”da 4 əlavə generator quraşdırılacaq.

Matçın 49-cu dəqiqəsinin 3-cü saniyəsində daha bir aksiya planlaşdırılıb. Çünki Fransa Konstitusiyasının 49.3-cü maddəsi əhali arasında narazılıq yaradır. Martda keçirilən Fransa – Niderland (4:0) oyunu zamanı azarkeşlər buna bir dəfə əl atıblar.

Fransa prezidenti ənənəvi olaraq hər il ölkə kubokunun final oyununda iştirak edir. Lakin Makronun bu dəfə stadiona gedib-getməyəcəyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Nant” – “Tuluza” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Arestoviç İlham Əliyevə TƏRİF YAĞDIRDI - "Yalnız paxıllıq etmək olar"

"Bir neçə gün əvvəl Azərbaycan "Dağlıq Qarabağı" Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına alıb".
Bu barədə keçmiş Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç öz Feysbuk səhifəsində yazıb.
"İki il yarım əvvəl, sülh müqaviləsi bağlanandan sonra bir çox azərbaycanlı "sonacan döyüşmədik, yetərincə qaytarmadıq" deyə mənəvi tənəzzülə uğrayanda dedim ki, bu ancaq başlanğıcdır. Hər şey sizin olacaq. Qarşılaşdığınız problemləri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb", - keçmiş müşavir yazıb.
Arestoviç onu da qeyd edib ki, bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq uzunmüddətli oyun nümayiş etdirir: "Onlara yalnız paxıllıq etmək olar".
Qeyd edək ki, Aleksey Arestoviç bu ilin yanvarında tutduğu vəzifədən istefa ərizəsi yazaraq ayrılıb.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Ukrayna xüsusi xidmət orqanları 23 apreldə Vladimir Putini kamikadze PUA-sı ilə öldürməyə çalışıb. Sui-qəsd cəhdi uğursuz olub. Faktı Rusiya hakimiyyəti gizli saxlayır.

Axar.az xəbər verir ki, belə bir iddia ilə Almaniyanın “Bild” nəşri çıxış edib.

Məlumatda qeyd edilib ki, bazar günü günortadan sonra Ukraynadan “UJ-22” pilotsuz təyyarəsi havaya qalxıb. İlkin iddialara görə, məqsəd Ukrayna sərhədlərindən 500 km aralıda yerləşən Moskva vilayətinin Luxovitski rayonundakı Rudnevo Sənaye Parkını vurmaq olub.

Ancaq yazıda Ukrayna xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən aktivist Yuri Romanenkonun sui-qəsd cəhdini təsdiqləyən məktubuna da yer verilib. Məktubda Ukrayna kəşfiyyatçılarında Vladimir Putinin də həmin gün Rudnevo Sənaye Parkına gedəcəyi haqqında məlumatın olduğu bildirilib.

“UJ-22” PUA-sı Moskvanın şərqində yerləşən Voroskoye kəndi yaxınlığında vurulub. Rusiya mətbuatı da həmin yerdə PUA qəzası ilə bağlı informasiya yayıb. PUA-nın düşdüyü ərazi sözügedən sənaye parkından 20 km şərqdə yerləşir. Sui-qəsd üçün PUA-nın üzərində 30 ədəd C4 partlayıcı bloku quraşdırılıb. Partlayıcı maddələrin ümumi çəkisi 17 kq olub.

Qeyd edək ki, “UJ-22” Ukrayna istehsalı olan ortamənzilli PUA-dır və 800 km uçuş məsafəsi var.

“Ermənistan çox ağır vəziyyətdədir, hazırda bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz təhlükəsizlik problemlərimizi həll etmək baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik”, - Qriqoryan bildirib.

O söyləyib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

"İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır", - Qriqoryan deyib.

Çeçenistan Respublikasının rəhbəri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Ramzan Kadırov bu barədə özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, "Nikolay Platonoviçin böyük təcrübəsi var", ona görə də onunla görüşlər Çeçenistan rəhbəri üçün "xüsusilə dəyərlidir".

“Bu dəfə də görüşümüz onun əvəzolunmaz siyasi məsləhətləri və göstərişləri ilə yadda qalıb”, - deyə o bildirib.

Bundan əvvəl Ramzan Kadırov biznesmen, “Vaqner” özəl hərbi şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojinlə görüşüb. Görüş barədə danışan Kadırov deyib ki, onlar "beynəlxalq xarakterli çox qaynar məsələləri” müzakirə ediblər. Kadırov onu da vurğulayıb ki, “Yevgeni Viktoroviçlə hər zaman danışacaq nəsə var”.

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ardınca Rusiya Prezidenti ilə danışıb.

O, Vladimir Putinə zəng edib.

Paşinyanın ofisinin yaydığı məlumata görə, telefon danışığı zamanı Laçın yolu və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.

“tasnim” xəbər verir ki, Sistan və Bəlucistan əyalətindəki keçmiş nümayəndəsi Ayətullah Abbas Əli Süleymani aprelin 26-da Babolsar şəhərində Milli Bankın mərkəzi şöbəsində bank işi ilə məşğul olan zaman sui-qəsd nəticəsində qətlə yetirilib.

Hadisənin təfərrüatı barədə məlumat yayan “Hozha News” yazır ki, bir nəfər naməlum şəxs bank mühafizəçisinin silahını alaraq ona atış açıb və nəticədə Süleymani dünyasını dəyişib.

Hücum zamanı daha 3 nəfər ölüb və bir çox insan yaralanıb.

Mazandaran əyalətinin siyasi təhlükəsizlik məmurunun müavini Ruhullah Selaqi bu xəbəri təsdiqləyərək deyib ki, hücum edən şəxs artıq saxlanılıb.

“Əgər diaspor həqiqətən Ermənistanda yaşayan erməniləri düşünürsə, bu prosesə daha konstruktiv töhfə verməlidir”.

“Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərlə bağlı Azərbaycanın verdiyi bir çox təminatlar da ciddi qarşılanmalıdır: “Onların həyat və əmlakları ilə bağlı Azərbaycan elə təhlükəsizlik modeli təklif edib ki, biz bunu sülh prosesinin əsas sütunlarından hesab edirik”.

Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına gəldikdə İbrahim Kalın deyib: "Qarabağ Azərbaycandır! Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir və burada fərqli mənalar əlavə etmək prosesə töhfə verməyəcək".

Azərbaycanla Ermənistan arasındakı sülh sazişi ilə bağlı məsələyə mövqeyini açıqlayan İ.Kalın bildirib ki, imzalanacaq sülh sazişi iqtisadi cəhətdən daha çox Ermənistanın xeyrinə olacaq və onun Türkiyə ilə münasibətlərinə təsir edəcək.

İsveç dövləti 5 Rusiya diplomatını ölkədən çıxardığını açıqlayıb.

Xarici KİV xəbər verir ki, bu barədə İsveç xarici işlər nazirliyi açıqlama verib.

“İsveç hökuməti Rusiya kəşfiyyatının yaratdığı təhlükəsizlik təhdidini çox ciddi qəbul edir. Rusiya səfirliyində çalışan 5 nəfər diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə İsveçdən çıxarılır”, - açıqlamada qeyd olunub.

Həmçinin, İsveç təhlükəsizlik xidməti Rusiyanın İsveçdə davamlı olaraq kəşfiyyat məlumatı topladığı barədə məlumat verib.

Xatırladaq ki, İsveç, Almaniya, Hollandiya, Fransa və Belçika keçən il casusluq iddiası ilə çox sayda rus diplomatı ölkədən çıxarmışdı.

Bu ayın əvvəlində isə Norveç diplomatik status altında fəaliyyət göstərən Rusiya səfirliyinin 15 əməkdaşını deportasiya etmişdi.

Bu gün Cənubi Qafqazda marağı olan güclərin Azərbaycana Ermənistandan daha çox ehtiyacı var və ona görə də hamı onun mövqeyini nəzərə alır.

Bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

O bildirib ki, Bakı məqsədinə çatmaq üçün Rusiya, Qərb, Şərq və bütövlükdə hamı ilə işləyir, çünki bu, çətin məsələdir.

“Azərbaycanın Rusiya üçün əhəmiyyəti indi xeyli artıb. Azərbaycan Rusiyanın Qərbə gedən xammal ixracının əhəmiyyətli hissəsini təşkil edir. Azərbaycanı Rusiya üçün əhəmiyyətli edən həm də Türkiyədir. Seçkilərdən sonra Ermənistanla bağlı siyasəti istənilən halda Azərbaycan tərəfinə yönələcək. Qərb üçün Azərbaycan İranla Rusiya arasında yerləşən bir ölkə kimi dəyərlidir. Ona görə də Qərb Bakını məcbur etməyəcək”, - İsgəndəryan əlavə edib.
O qeyd edib ki, bu fonda Azərbaycan Ermənistan tərəfinə, o cümlədən hərbi, müzakirə və diplomatik təzyiqlərə davam edir.

“Laçın dəhlizindəki Azərbaycan keçid məntəqəsi de-fakto 2022-ci ilin dekabrında yaranıb. Bu rolu dəhlizi bağlayan Azərbaycan hökumətinin adamları oynayıb. İndi bu vəziyyət rəsmiləşib və coğrafi baxımdan Ermənistana yaxınlaşıb. Bu, istənilən nəticələrə nail olmaq üçün təzyiq strategiyasıdır”, - politoloq hesab edir.

Onun fikrincə, Moskva bundan sonra vəziyyətin dəyişməsini istəmir və bunu edə bilməz, o ancaq indiyədək nəsə etməyə cəhd edə bilərdi.

“Qarabağ məsələsi Rusiya üçün Qərb sərhədinin bağlanması fonunda geniş ərazilərin təhlükəsizlik sxemlərinin mozaikasının bir hissəsidir. Türkiyə və Suriya da daxil olmaqla bir çox elementləri var. Bu mozaikada Qarabağ problemi ən ciddi, ən böyük hissəsi deyil. Rusiya Qarabağ münaqişəsini Ermənistandan tamamilə fərqli şəkildə qəbul edir. Qərb üçün bu, çox periferik problemdir. Bundan əlavə, Qərbin postsovet məkanı ölkələrində məqsədləri onların Rusiyaya yaxınlığı və Rusiyanın bu ölkələrdəki rolu ilə müəyyən edilir”, - İskəndəryan bildirib.

Xəbər lenti