![]() |
|
Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici seçkilərin nəticələri ilə bağlı mövqeyini açıqlayıb.
Partiyasının qərargahında jurnalistlərə açıqlama verən Destici seçkilərdə səsvermənin nəticələrini şərh edərək bunları deyib: “Prezidentliyə namizədimiz cənab Rəcəb Tayyib Ərdoğan səslərin təxminən 50 faizini alıb. Gözləntimiz odur ki, seçkiləri birinci turda qazanmaqdır. Ümid edirəm ki, xarici səslərin hesablanması başa çatdıqdan sonra bu, 50 faizi keçəcək və birinci turda seçkidə qalib gələcək”.
Seçkinin ikinci tura keçmə ehtimalına toxunan Destici deyib: “Belə bir nəticə olarsa, BBP gücü ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək”.
Zəfər Partiyasının sədri Ümit Özdağ partiyasının seçkidəki uğursuzluğuna görə partiya üzvlərindən üzr istəyib.
Bu barədə Özdağ öz tvitter hesabında açıqlama verib:
“Dəyərli Zəfər Partiyası üzvləri, Cümhuriyyətimizin 100-cü ildönümündə Atatürkün ruhunu şad edə biləcək nəticə əldə edə bilmədiyim və sizi zəfərə aparmadığım üçün hamınızdan üzr istəyirəm. Bəli, biz seçkilərin ikinci tura keçməsinə nail olduq. Ancaq mən bu nəticəni uğur kimi dəyərləndirmirəm. Biz daha çox səs toplamalıydıq.
Çox çətin şəraitdə göstərdiyiniz səylərə və sizin yox, mənim məğlubiyyətə uğramağıma baxmayaraq, verdiyiniz dəstək mesajlarına görə hamınıza təşəkkür edirəm. İkinci turda prezidentliyə namizəd Sinan Oğanla birlikdə müzakirələr aparıb, lazımi addımları atacağıq”.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və “Millət İttifaqı”nın sədr müavini Ekrem İmamoğlu Kamal Kılıçdaroğlunu seçkidə qalib gəldiyini iddia edərək Türkiyənin növbəti “13-cü prezidentimiz” ifadəsinə görə geri addım atıb.
Saatlar keçdikcə və prezident Rəcəb Tayyib Ərdoğanın öndə olduğu ortaya çıxanda İmamoğlu yeni açıqlamasında onun ünvanına səslənən tənqidlərə “İnandığım üçün Kılıçdaroğlunu prezident elan etdim” sözləri ilə cavab verib.
İmamoğlu və Yavaşın 3 saatlıq fasilələrlə verdiyi açıqlamaları təqdim edirik:
“13-cü prezidentliyə namizədimiz Kılıçdaroğludur.
Böyük fərqlə irəlidəyik, qalib gəlirik.
Qalib gəlmək şansımız var.
Seçki böyük ehtimalla ikinci tura keçəcək, lakin Kılıçdaroğlu irəlidədir.
Mən öz inancıma uyğun olaraq Kılıçdaroğlunu prezident elan etmişəm”.
Macarıstanlı milyarder və inqilab maliyyəçisi Corc Sorosun 92 yaşında öldüyü bildirilir.
Bu barədə "Politics For All Ireland" nəşri məlumat yayıb.
Məlumatda onun infakt keçirərək öldüyü qeyd edilir.
Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
Mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.
Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq
Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.
Ermənistan Müdafiə Nazirliyi Zod istiqamətində daha iki hərbçisinin yaralandığını açıqlayıb.
Onlardan birinin vəziyyətinin ağır qiymətləndirilir.
Görünür, dünənki “itkisizlik” dedikləri özünü hiss etdirməyə başlayıb.
Ötən gün Ermənistan tərəfi cəmi 4 hərbçisinin yaralandığını bildirmişdi. Azərbaycan ordusunun düşmənin mövqelərini darmadağın etdiyini əks etdirən görüntülərdən sonra bu açıqlamanın nə qədər real olmadığı ortaya çıxır.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Türkiyədəki seçkilər zamanı müxalifət lideri (Kamal Kılıçdaroğlu) Azərbaycanı hədəf alaraq, ikitərəfli münasibətlərə kölgə salan hərəkətlərə yol verib.
Bunu deputat Elnur Allahverdiyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkiləri vətəndaşlarımız diqqətlə izləməkdədir.
“Bu seçimlərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət iki dövlətlərdir”, - o qeyd edib.
Deputat təəssüflə qeyd edib ki, aramızda olan bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var: “Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, bu, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil. Ən azı ona görə ki, müvafiq rüsumlar ya əsas etibarı ilə ləğv olunub, ya da azaldılıb. Yəni bu sahədə Azərbaycan hökuməti ciddi liberallaşma tədbirləri həyata keçirib. Azərbaycanın postsovet məkanının dövlətləri ilə hələ ötən əsrin 90-cı illərindən hökumətlərarası sazişləri mövcuddur. Məhz buna görə onların avtomobillərindən tutulan rüsumlar fərqli idi. Ancaq yenə də qeyd etməliyəm ki, bu rüsumların çoxu artıq ləğv edilib və bu barədə ictimaiyyətin yanvarın sonlarından məlumatı var.
Müxalifət liderinin daha öncə təklif etdiyi İpək Yolu layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan və Qazaxıstan kənarda qalırlar? Yolun əsas hissəsi düşmənimiz Ermənistana açıq-aşkar kömək edən İran ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman ki, müxalifətin liderinin bu bayənatı onların səslərinə hesablanıb. Ancaq məlumat yanlış olmaqla bərabər, təəssüf ki, həm də bir kinayə, sarkazmla müşayət olunur ki, bu da bizim ortaq keçmişimizə, bu günümüzə və sabahımıza yaraşmır.
Bizim Çanaqqala savaşımız olub, bizim Vətən müharibəmiz olub, bizim Şuşa bəyannaməmiz var. Bizim aramıza heç bir yad, əcnəbi kökənli ünsürlər girə bilməzlər. Odur ki, xalqlarımız və ölkələrimiz arasındakı münasibətləri xarakterizə edən “Bir millət, iki dövlət” deyimini sarkazm mövzusu etmək Türkiyə kimi şanlı tarixi olan dövlətin prezidentliyinə iddia edən siyasətçiyə yaraşmır. Ümid edək ki, müxalifət lideri komandasının ona verdiyi bu informasiyanın səhv olduğunu tezliklə biləcək və fikirlərinə lazımi dəyişikliklər edəcək”.
“Ermənistan kənardan gələn əmrlə hərəkət etməyi dayandırmalıdır”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Ankara və Bakı İrəvanla sülh istəyir və bu, sülh təşəbbüslərinə cavab verməlidir. Ermənistan regionda yeni reallıqlara uyğun hərəkət edərsə, bu həm regiona, həm də özünə xeyir verəcək", - deyə o bildirib.
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinin favoriti Ərdoğandır və o da qalib gələcək.
Bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.
"Amma parlamentdə seçkilərdə isə məsələ bir az başqa cür ola bilər və bu barədə konkret fikir bildirmək çətindir", - o bildirib.
Ankaranın Cənubi Qafqazla bağlı siyasətinə gəldikdə isə erməni politoloq deyib ki, Türkiyənin bu yöndə strategiyası çox praqmatikdir və bu, başa düşüləndir.
Politoloq hesab edir ki, əgər Türkiyədə müxalifət hakimiyyətə gələrsə, o zaman Ankaranın xarici siyasətində praqmatizmlik yox, bir müddət autizasiya hökm sürəcək: “Çünki bir araya gələn müxalifəti birləşdirən hər hansı ortaq maraq yoxdur. Onlar ancaq neqativ səbəblər üzündən bir araya gəlib. Müxalifətin bir araya gəlməsinin yeganə səbəbi Ərdoğana qarşı olmalarıdır. Ona görə də müxalifət qalib gələrsə, nəinki xarici siyasətdə, daxili siyasətdə də ciddi problem yaşayacaq. Onların daxili və xarici siyasəti müəyyən etməsi üçün zaman lazım olacaq”.
ABŞ-Türkiyə münasibətlərinə gəldikdə politoloq deyib ki, Ərdoğan ABŞ-də müsbət qarşılanmır, amma seçilərsə, Vaşinqton onunla işləmək məcburiyyətindədir: “Onun başqa variantı yoxdur”.
“Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik”.
“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq: “Türkiyənin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.
R.T.Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək.