![]() |
|
Ermənistan 10 noyabr 2020-ci ildə üçtərəfli birgə bəyanatı imzalamaqla müharibədə məğlub olub, qalır onun siyasi texnologiyalar vasitəsi ilə həlli yollarının reallaşdırılması.
Bunu erməni diplomat Armen Martirosyan “hraparak”a müsahibəsində deyib.
“Bütün prinsipial qərarlar qəbul olunub. Qalır siyasi texnologiyalar vasitəsi ilə həll yollarını Ermənistan və Azərbaycan cəmiyyətinə hansı formada, hansı saatda, hansı anda təqdim edilməsi”, - erməni diplomat qeyd edib.
Ermənistanın 10 noyabr 2020-ci ildə imzladığı bəyanatla və ondan sonrakı proseslərdə məğlub olduğunu qeyd edən diplomat əlavə edib ki, daha çox Ukrayna ətrafında baş verən hadisələrin Ermənistanın gələcəyi ilə bağlı hansı nəticələr verəcəyi böyük əhəmiyyət kəsb edir.
“Nə proqnozlaşdırdığımı demək istəmirəm, amma qeyd etməliyəm ki, bu, bir çox amillərdən asılıdır. Bir çox şeyləri deyib populizm və diletantlıq etmək istəmirəm. Güman edirəm ki, üçtərəfli bəyanatla yanaşı, bütün tərəflərdən şifahi vədlər, öhdəliklər, dilə gətirilən istəklər də olub”, - o vurğulayıb.
Jurnalistin “Hər şey həll olunubsa, bizim hakimiyyətin geosiyasi mərkəzlərə: Qərbə, Moskvaya, ABŞ-yə və s. “səyahətləri” nə deməkdir” sualına cavab olaraq diplomat bildirib ki, bu, məhz siyasi texnologiyanın bir hissəsidir: “Həmin mərkəzlərin hamısı ilə işləmək lazımdır. Əldə edilmiş nəticələrin həyata keçirilməsi üçün haradansa pul gözlənilir, risklər azaldılmalıdır. Müxtəlif mərkəzlərdə, müxtəlif problemlər həll edilir. Təbii ki, biz bu gün Rusiyadan pul gözləmirik, lakin Brüssel və Vaşinqton müəyyən addımlar müqabilində Ermənistana pul ayırmağa hazır olacaqlar”.
Jurnalistin “Yəni bu, həyata keçirilən “Sülh müqaviləsi” adlanan sənəddir, yoxsa başqa sənəd olacaq, hansı formada” sualına cavab olaraq Martirosyan deyib ki, indiki mərhələdə Azərbaycanla Ermənistan arasında münasibətlərin mümkün nizamlanması prosesi gedəcək:
“Müəyyən fikirlərim var, amma onlar haqqında ətraflı danışmaq istəmirəm. Təbii ki, sərhəd məsələsi, kommunikasiyalar problemi, Qarabağa necə gediş-gəliş məsələsi olacaq. Simmetriya rejimi işləyəcək, biz keçid məntəqəsinin tərəfdarıyıq, ona görə də Laçında keçid məntəqəsi qoyublar, Laçında hansı rejim olacaqsa, Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiyalarda da elə tətbiq olunacaq”.
“Demək istəyirsiniz ki, tezliklə Zəngəzurda (Sünik) belə bir keçid məntəqəsi quracağıq, yəni dəhliz verəcəyik” sualına isə diplomat belə cavab verib:
“Bilmirəm, buna dəhliz, yoxsa başqa ad veriləcək, amma Zəngəzurda, hər halda, keçid məntəqəsi olacaq. Naxçıvanla Azərbaycan arasında quru əlaqəsindən söhbət gedirsə, təbiidir ki, orada da olacaq. Ermənistandan da Qarabağa gedəndə olduğu kimi keçid məntəqəsi olacaq. Proseslər ona gətirib çıxarır ki, Qarabağ açıq şəkildə elan edilən Azərbaycanın tərkibində qalacaq, kommunikasiyalar beynəlxalq təcrübədə olduğu kimi olacaq, məsələn, biz Gürcüstana gedəndə keçid məntəqəsindən keçirik, pasport təqdim edirik, eyni olacaq. Qarabağa gedəndə təbii ki, əgər ermənilər orada qalsa, eynisi olacaq. İstisna etməyəcəyəm ki, Azərbaycan Qarabağda olan soydaşlarımızdan yalnız Azərbaycan milli pasportlarından istifadə etməyi tələb etsin. Bax bununla da mən qorxulu fikirlərimi dilə gətirdim”.
“Ayrı-ayrı mərkəzlərdən Azərbaycanın sərhəddən keçid məntəqəsini yığışdırması ilə bağlı çağırışları sadəcə texnologiyalardırmı” sualına gəldikdə diplomat deyib: “Bir problem var: resurslar uğrunda mübarizə olacaq. Əgər inansaq ki, Vaşinqtonda ortaq məxrəcə gəlməyiblər və bu tendensiya bir neçə gündən sonra Brüsseldə özünü göstərəcək, o zaman diplomatik rıçaqlar azalacaq və deməli, güc işləyəcək. Bizdə isə lazımi qüvvə olmadığından, siz gücə arxalana bilməyəcəyiniz üçün yeganə ümid güc təhdidinə boyun əymək qalır. Bunlar beynəlxalq münasibətlərin əsas qaydalarıdır. Qarşı tərəflər üçün uzlaşmayan məqsədlər və keçilməz maneələr yarandıqda, danışıqlar yolu ilə həll edilə bilməyəndə kompromislər güc tətbiq etməklə məsələni həll edir.
İndiki coğrafi şəraitdə bu, həm Azərbaycanı, həm də vasitəçiləri qane edə bilər”.
Türkiyədə 700 minə yaxın dövlət qulluqçusunun maaşı 45 faiz artırılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
"Biz dövlət qulluqçularının maaşlarını 45% artırmaq qərarına gəldik, söhbət 700 min nəfərdən gedir. Beləliklə, dövlət qulluqçusunun minimum maaşı 15 min lirəyə (760 dollardan çox - red.) yüksələcək", - Ərdoğan bildirib.
Həmçinin, qohumları terror aktı nəticəsində və ya orduda tapşırıqların icrası zamanı həlak olanların maaşlarının 10%, gecə növbəsində işləyənlərin isə daha 8% artırılması nəzərdə tutulur.
Prezident iyul ayında da maaş artımının davam edəcəyinə söz verib.
Ukrayna savaşı ətrafında yaranmış situasiya maksimum həddə qədər qəlizləşib. Bu situasiyanın yaranmasına səbəb olmuş əksər beynəlxalq oyunlar vəziyyətdən çıxış yolu barədə hansısa dəqiq plana sahib olmadıqlarını gizlətməkdə çətinlik çəkirlər. Və indiki halda, bu istiqamətdə hər hansı addımın atılmasına da qətiyyən həvəsli görünmürlər.
Təbii ki, belə vəziyyət yalnız Rusiya və Ukraynanı deyil, ümumiyyətlə, bütün dünyanın gələcək taleyini təhdid edir. Ukrayna savaşı beynəlxalq siyasi iradə mərkəzlərini də demək olar ki, parçalayıb. ABŞ və Böyük Britaniya Ukrayna savaşının mümkün qədər uzadılmasına çalışır. Fransa və Almaniyanın liderliyi altında olan Avropa Birliyi savaşın dayandırılmasında maraqlıdır. Ancaq Avropa Birliyi indiki mərhələdə ABŞ və Böyük Britaniyanın təsirinə və təzyiqlərinə müqavimət göstərə bilmədiyindən Ukrayna savaşının uzadılmasına passiv dəstək vermək məcburiyyətində qalıb.
Onu da qeyd edək ki, BMT-dən verilən son açıqlamada da yaxın gələcəkdə Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanma ehtimalı mümkünsüz hesab edilir. Bu səbəbdən də BMT hazırda sülh prosesinə start cəhdlərindən daha çox məhz Türkiyənin vasitəçiliyi ilə yaradılmış "taxıl dəhlizi"nin qorunmasına yönəlik fəaliyyətə üstünlük verir. Hər halda, BMT-nin bundan artığına siyasi gücünün və ya hüquqi resurslarının yetərli ola biləcəyinə ehtimal vermək sadəlövhlük olardı.
Məsələ ondadır ki, Ukrayna savaşı başlandığı andan BMT-nin siyasi-hüquqi ömrünün sona çatmaqda olduğu da birmənalı şəkildə təsdiqlənmiş oldu. Bu savaş BMT-nin nəzarət etməli olduğu beynəlxalq siyasi-hüquqi sistemin artıq işləmədiyinin, hətta çökdüyünün belə, ən qabarıq təzahürüdür. Böyük ehtimalla Ukrayna savaşında nə vaxtsa, imzalanacaq sülh sazişi həm də BMT-nin demontaj sənədinə çevrilə bilər.
Halbuki, sülh sazişinin imzalanma ehtimalı yaxın gələcək üçün o qədər də inandırıcı görünmür. ABŞ və Qərb siyasi dairələrində böyük nüfuza malik olan Henri Kissincer hesab edir ki, Ukrayna savaşının dayandırılması və sülh danışıqlarına start verməsi baxımından, Çinin proseslərə daha israrlı müdaxiləsi vacibdir. Onun fikrincə, əgər, Çin daha qətiyyətli davranarsa, ən yaxşı halda, bu ilin sonlarına doğru sülh prosesi başlaya bilər. Halbuki, sülh danışıqlarının nə qədər sürə biləcəyi də hələlik kifayət qədər müəmmalı məqamdır.
Göründüyü kimi, Rusiyanın Ukrayna savaşından çıxmaq üçün göstərdiyi cəhdlər o qədər də böyük uğur şanslarına malik deyil. Ona görə də, Kreml hazırda Rusiyanın mövcudluğunu qorumaq barədə daha ciddi düşünmək məcburiyyətində qalıb. Savaş poliqonunda isə hadisələr Rusiya üçün ümidverici nəticələrdən çox-çox uzaqdır. Ukrayna savaşı Baxmut bölgəsində düyünlərib. Və hər iki tərəf bu şəhərə tam nəzarət şansı qazana bilməyib.
Bəzi hərbi-strateji mülahizələrə görə, Baxmut Ukrayna savaşının gələcək taleyini həll edəcək təmas nöqtəsinə çevrilib. Bu şəhərə nəzarət gələcək həlledici hərbi əməliyyatlarda strateji üstünlük vəd edir. Müəyyən mənada, Rusiya üçün Baxmutu Stalinqradla da müqayisə etmək olar. Sovet qoşunları Stalinqrad uğrunda savaş sayəsində İkinci Dünya Müharibəsində dönüş yarada bilmişdilər. İndi Baxmut savaşının nəticələri də Ukrayna savaşında analoji dönüş örnəyinə çevrilə bilər. Halbuki, son məlumatlara görə, Rusiya qoşunları Baxmutda bəzi önəmli mövqeləri əldən verərək, geri çəkilmək məcburiyyətində qalıb.
Təbii ki, belə vəziyyət Ukrayna ordusunun həlledici hücum əməliyyatları ərəfəsində Rusiya qoşunları üçün real təhlükə vəd edir. Kreml Rusiya ordusunun geri çəkilməsinə paralel olaraq, alternativ müdafiə variantları üzərində araşdırmaları intensivləşdirməli olub. Hazırda bütün dünya üçün real təhlükə vəd edən variantların ciddi şəkildə müzakirə edildiyi bildirilir.
Məsələ ondadır ki, Kremlin nüvə silahı ilə bağlı taleyüklü qərarlar qəbul etmək ərəfəsində olduğu barədə müəyyən məlumatlar mövcuddur. Həmin məlumatlarda taktiki nüvə silahının şaxtalardan çıxarılmasına artıq başlandığı iddia olunur. Rusiyanın nüvə silahı daşıya bilən bir neçə bombardmançı təyyarənin texniki hazırlığına artıq başladığı barədə faktlar Qərb xüsusi xidmət servislərinin əlinə keçib. Hətta həmin hərbi təyyarələrdən birinə taktiki nüvə silahının yükləndiyi də vurğulanır.
Hələlik yekun və prinsipial qərar verilməsə də, Kremlin nüvə silahından istifadə şərtləri barədə müəyyən məqamlar məlumdur. Əsas şərt ondan ibarətdir ki, Rusiya Ukrayna savaşında məğlubiyyətdən yayına bilməzsə, Kreml Ukraynadan başlamaq üzrə Avropa ölkələrindən bəzilərinə mütləq nüvə zərbəsi endirəcək. Və həmin andan etibarən dünya yeni reallıqlarla, fərqli situasiya ilə üz-üzə qalacaq.
Ancaq taktiki nüvə silahından istifadə şərtləri yalnız bununla məhdudlaşmır. Belə ki, son vaxtlar Rusiya ərazisində, hətta paytaxt Moskva ətrafında müxtəlif diversiya əməliyyatları intensivləşib. Bu, Kreml üçün qəbuledilməz situasiya hesab olunur. İndi Rusiya hərbi-siyasi dairələrində prezident Vladimir Putinin birbaşa hədəfdə ola biləcəyindən ciddi narahatlıq keçirilir. Rusiya kəşfiyyatı ABŞ və Böyük Britaniya xüsusi xidmət servisləri tərəfindən prezident Vladimir Putinə qarşı diversiya əməliyyatının hazırlanmış ola biləcəyindən şübhələnir. Və əgər, belə bir yolverilməz addım atılarsa, buna taktiki nüvə zərbəsi ilə cavab vermək barədə Kremldə qəti qərarın verildiyi iddia olunur.
Taktiki nüvə zərbəsi üçün ABŞ və Qərbin Rusiyaya güclü kiberhücum təşkil etməsi də ciddi səbəblərdən biri hesab edilir. Çünki güclü kiberhücum Rusiya üçün nüvə zərbəsindən daha fəlakətli nəticələr verə bilər. Hətta Rusiyanın siyasi və iqtisadi sektorlarında, bütün infrastruktur mərkəzlərində total iflic situasiyası yarana və dövlətin idarəolunmaz vəziyyətə düşə biləcəyi ehtimal edilir. Və bu halda, Kremlin qarşı tərəfə nüvə zərbəsi endirməkdən başqa alternativ çıxış yolu qalmayacaq.
Nəhayət, NATO ordusunun tədricən Ukrayna savaşına cəlb olunma ehtimalı da Kremldə nəzərə alınır. Əgər, əks-hücum əməliyyatları zamanı Ukrayna savaş təyyarələri Rusiya ordusuna zərbə üçün Polşa hərbi aerodromlarından qalxarsa, Kreml buna mütləq cavab vermək niyyətindədir. Yəni, Rusiya Polşaya əvvəlcə raket zərbələri endirməyi nəzərdə tutur. Bu halda, NATO-nun Rusiyaya hücum edəcəyi gözlənilir. Məhz belə bir hücum edilərsə, Rusiya NATO ölkələrinə taktiki nüvə zərbəsi variantına artıq hazırdır.
Göründüyü kimi, Ukrayna savaşı uzandıqca, Rusiyanın nüvə zərbəsi ilə bağlı hazırlığı da intensivləşir. Nüvə müharibəsi isə öz növbəsində bütün həyat şərtlərinin indikindən fərqli olacağı şübhə doğurmayan yeni dünya vəd edir. Belə bir yeni dünyanın bəşəriyyət üçün ümidverici olmayacağını isə elə indidən təxmin etmək mümkündür.(musavat.com)
“Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu, Qərbin xoşuna gəlmir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.
O bildirib ki, Qərbin Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətini pisləməsi də bununla bağlıdır:
“Halbuki, bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.
“Mövcud siyasi şərait nəticəsində Ermənistan Respublikası 25 ildir ki, ləyaqətli dövlətlər ailəsindən uzaqlaşdırılıb. Buna isə Ermənistan hakimiyyətinin məzmunca sərt tələbkar və forma etibarilə qeyri-diplomatik (emosional) keyfiyyətləri özündə əks etdirən bəyanatları kömək edir. Yeri gəlmişkən, hakimiyyət qarşı tərəfi belə həvəsləndirir, Ermənistana az-çox dost olan dövlətləri sıxışdırır”.
Bu Ermənistanın sabiq prezident Levon Ter-Petrosyanın 100 illiyi ilə bağlı nəşr olunmuş “Erməni soyqırımı” yazısında qeyd olunub.
Məqalədə ermənilərin uydurma soyqırımı məsələsini davamlı olaraq gündəmə gətirməsinin xeyrindən daha çox ziyanı olduğu vurğulanır.
“1965-ci ildən bəri 30-dan çox ölkə erməni soyqırımını erməni xalqının başına gələn ən böyük fəlakət kimi rəsmən tanıyıb və pisləyib. Rusiya tərəfindən bu hadisə rəsmən pislənildi, ABŞ-nin bir çox ştatları tərəfindən tanındı və pisləndi. Nəticə nə oldu?”, yazıda qeyd olunur.
Petrosyanın həmin yazının oxucular üçün maraqlı olacağını nəzərə alaraq bəzi məqamları təqdim edirik:
“- Dövlət hər hansı problemi öz siyasi gündəminə qoya və onun arxasınca o zaman gedə bilər ki, lazımi resurs və inandırıcı hesablamalar olsun.
- Nəhayət dərk etməyin vaxtıdır ki, siyasətdə və hüquqda “tarixi hüquq” anlayışı yoxdur, ağlını itirməyən insan bilməlidir ki, dünya ilə o dildə danışmaq olmaz.
-1994-cü ildə Qarabağla ATƏT-in Budapeşt sammitində beynəlxalq ictimaiyyət Qarabağı münaqişənin bərabərhüquqlu, Ermənistan və Azərbaycana bərabər olan tərəf kimi tanımalı oldu.
- Robert Köçəryan nə dedi? Dedi: Mən Qarabağın prezidenti idim, indi Ermənistanın prezidentiyəm, həm Qarabağı, həm də Ermənistanı təmsil edə bilərəm, Qarabağın danışıqlarda iştirakına ehtiyac yoxdur. O, Azərbaycana və beynəlxalq ictimaiyyətə elə bir hədiyyə etdi ki, hətta onlar heyrətləndilər.
- Özümüzü aldatmaqla məşğul olub, boş illüziyalara qapılmayaq. Qarabağın müstəqilliyi məsələsində bizim müttəfiqimiz yoxdur. Mövcud problemi bizim üçün heç kim həll etməyəcək. Bizim yeganə müttəfiqimiz belə mənasız illüziyalardan imtina etməkdir.
- Rusiyada hakimiyyət kim olursa olsun, Qarabağın müstəqilliyini tanımayacaq. Bunu başa düşmək üçün böyük zəka lazım deyil, çünki onun tərkibində iyirmi Qarabağ var.
- Heç bir ölkə Ermənistan hakimiyyətinin tələbi ilə soyqırımını tanımayıb və tanımayacaq da. İstənilən ölkə bunu iki halda edə bilər. Birincisi, o ölkədə güclü icma varsa, xüsusən də seçkilər zamanı onun hakimiyyətinə problem yaradırsa və və onların sıx əlaqəsi varsa. İkincisi, geosiyasi ambisiyaları baxımından bu, onlar üçün faydalıdırsa, bu, onlara lazımdır.
- Ermənistan-Türkiyə münasibətləri və Qarabağ münaqişəsinin həlli olmadan Ermənistanın təhlükələrlə dolu olan regionumuzda iqtisadi inkişaf və təhlükəsiz yaşama perspektivi yoxdur”.
Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra İran təbii fəlakətdən zərər çəkənlərə yardım etmək bəhanəsi ilə Suriyaya PUA və digər hərbi texnika daşıyıb.
Bu iddia ilə “Washington Post” (WP) qəzeti çıxış edib. Xəbərdə Kahramanmaraşdakı zəlzələlərdən sonra İranın İraqdan Suriyaya göndərilən yardım maşınları ilə 30 PUA və bəzi hərbi ləvazimatları daşıdığı bildirilib.
Qəzet ABŞ kəşfiyyatına və yaxın İsrail hərbi rəsmisinə istinad etdiyi sənəddə yazır:
“Bu, fevral ayında Suriya və qonşu Türkiyəni viran qoyan fəlakətdən sonra İranın Suriyaya yardım çatdırılmasında hərbi müdafiə avadanlığını gizlətmək səyləri ilə bağlı əvvəlki hesabatları gücləndirir”.
İranın BMT missiyasının mövzu ilə bağlı suala cavab vermədiyi bildirilib.
Qeyd edilib ki, çatdırılma İraqdan gələn maşınlar, bölgədəki dost silahlı qruplaşmalar və İranın vəkil döyüşçülərin idarə edilməsi və kəşfiyyat məlumatlarının toplanması üzrə ixtisaslaşan elit kəşfiyyat bölməsi olan Qüds Qüvvələri tərəfindən həyata keçirilib.
İsrail ordusunun rəsmisi də Qüds Qüvvələrinin bu cür fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyib.
Məlumata görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin yüksək rütbəli rəsmisi ABŞ sənədindəki tapıntıları “saxta” adlandırıb. Qeyd edilib ki, iraqlı rəsmi Suriyada İranla işləyən qruplara silah tədarük etmək üçün heç bir bəhanəyə ehtiyac olmadığını deyib.
Bundan əlavə, İsrailin Suriya və Livana silah daşımaqda şübhəli bilinən karvanları hədəf aldığı, lakin real humanitar yardıma dəymə riskinin işi çətinləşdirdiyi də xəbərdə yer alıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a köçəcək.
Axar.az xəbər verir ki, Köçəryanın göstərişi ilə artıq ailənin pul və biznesini xaricə köçürmək üçün proseslər başlayıb.
Bildirilir ki, onun kiçik oğlunun üç övladı ABŞ-da doğulub.
Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü mayın 10-da Moskvada baş tutacaq.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bu tarixi Rusiya tərəfi təstiqləyib. Çavuşoğlu eyni gündə rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüş keçirəcəyini əlavə edib.
Biz Praqada qərara gəldik ki, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 4-də Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı deyib.
O iddia edib ki, Ermənistan bu razılaşmalara sadiqdir, ancaq Bakı sonra tarixi xəritələr haqqında danışmağa başlayıb:
“Onlar dedilər ki, guya bu, delimitasiya üçün əsas olmalıdır. Hətta Əliyev İrəvanın qədim Azərbaycan şəhəri olduğunu da bildirdi. Bakı Ermənistana ərazi iddiası irəli sürməkdə davam edir. Bu, sülhə ən ciddi maneələrdən biridir.
Bu zaman eramızdan əvvəlki dövrün xəritələrinə müraciət edə bilərik. Əminik ki, biz bu xəritələrdə Ermənistanın ərazisini tapacağıq, həmçinin əminik ki, Azərbaycanı heç kim onlarda tapa bilməz”.
Qeyd edək ki, bu, növbəti erməni riyakarlığıdır. Sərhədin delimitasiya və demarkasiyası ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib və bu zaman Rusiya arxivində olan 1920-ci il xəritələri, o cümlədən 1974-cü il xəritələrindən bəhs edilib.
Məsələ ondadır ki, 1986-87-ci illərdə Azərbaycanın o dövrkü birinci katibi Kamran Bağırov Ermənilərə 3 min hektar “örüş sahəsi”ni verməklə Qazaxın 7 kəndinin Ermənistanda anklava çevrilməsinə səbəb olub və o kəndlər Azərbaycan sərhədlərindən kənarda qalıb. Hazırda Ermənistan o kəndləri qaytarmamaq və yaxud anklav olaraq saxlamaq üçün müxtəlif bəhanələr uydurur.
“Qədim xəritələr” isə erməni yalanı və riyakarlığından başqa bir şey deyil. Dünya bu yalanı özü uydurub və özünü “inandırıb”, ancaq hər kəs yaxşı bilir ki, ermənilər Cənubi Qafqaza köçürülüblər, 19-cu əsrə qədər bu coğrafiyada “hay” olmayıb.