![]() |
|
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti (ADY) “Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma zolağında ağacəkmə aksiyası keçirib.
Aksiyada ADY və qurumun törəmə şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. Ümumi sahəsi 2 hektar olan ərazidə 1000 ədəd zeytun ağaçı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər planı çərçivəsində Ulu Öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə çağrışları əsas götürülüb.
Yol-xeber.az" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini, Ərazi Partiya Təşkilatının sədri Əvəz Qocayev, Agentliyin əməkdaşları və Nəsimi rayonu üzrə ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Aksiya zamanı sözügedən ərazidə 500-dən çox Eldar şamı əkilib və ərazidə olan 2000-dən artıq ağaca qulluq göstərilib.
Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674.3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 18,82 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi" imzalanmışdır. Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetiriləcəkdir.
Sözügedən layihənin icrasına dəstək missiyasını AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov qəbul etmişdir. Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, 2 saylı Layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak etmişdir.
Görüşdə Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli və gələcək əməkdaşlığın perspektivləri ətraflı şəkildə müzakirə olunmuşdur.
Yol-xeber.az" xəbər verir ki, Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Yol-xeber.az" xəbər verir ki, 27 fevral tarixində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsi Plenumunun yarıdan çox üzvünün birgə tələbinə əsasən, Komitənin növbədənkənar Plenumu keçirilib. Tədbirdə 19 plenum üzvü, kollektivi təmsil edən 98 səlahiyyətli nümayəndə və 92 digər üzv iştirak edib.
Plenumda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov və sədr müavini Samir Böyükzadənin səlahiyyətlərinə səs çoxluğu ilə xitam verilib.
Plenum üzvlərinin səs çoxluğuna əsasən, ADY-də 40 ildən çox iş stajına malik və 2012-ci ildən Sərnişindaşıma Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edən Vaqif Bədəlov DMHİ-nin yeni sədri, 2004-cü ildən dəmir yolunda çalışan və 2016-cı ildən Respublika Komitəsinin Sosial-iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Fətəli Bəyimov isə sədr müavini seçilib.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vətəndaşların müraciətlərinə baxılması və qeyd olunan problemlərin həllində fəal iştirakına görə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) tərəfindən təltif olunub. 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə keçirilən dəyirmi masada bildirilib ki, ADY daxil olan vətəndaş müraciətlərinin cavablandırılmasında və operativ həllində xüsusi aktivlik nümayiş etdirib. Bununla bağlı olaraq, ADY nümayəndələrinə təşəkkürnamə təqdim edilib.
Məlumat üçün bildirək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsi çərçivəsində icra edilir. Layihənin icraçısı "MG Consulting" MMC-dir.
Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platformasının məqsədi vətəndaşları narahat edən infrastruktur, kommunal, yol təsərrüfatı və digər sahələrlə bağlı müraciətləri aidiyyəti qurumlara yönləndirmək və onların həllinə nail olmaqdır. Platforma eyni zamanda ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirir.
Yol-xeber.az" xəbər verir ki, 28 fevral 2023-cü il tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Antonio Nunezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Dünya Bankı ilə səmərəli əməkdaşlıq təcrübəsi vurğulanaraq son dövrlərdə ADY-də dayanıqlı və rəqabətədavamlı infrastrukturun yaradılması, həyata keçirilən transformasiya proqramı, eləcə də tranzit potensialının artırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
“Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib.
Yol-xeber.az" xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.