"Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə 6 təhsil müəssisəsi arasında əməkdaşlığa dair Razılaşma imzalanıb. Həmin təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizim və Menecment Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sənaye və Tenologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzidir. Məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsinə, bu xüsusda birgə proqramların təşkilinə, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına, dəmiryol nəqliyyatının sahələri üzrə araşdırmaların aparılmasına dəstək göstərməkdir. 

Razılaşma sənədi universitet və peşə məktəblərinin elmi potensialından istifadə etməklə əlaqələrin qurulması və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir. 

Razılaşmaya əsasən, müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində təhsil alan, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr təcrübə proqramlarına cəlb ediləcək, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakı təmin olunacaq. Əməkdaşlıq çərçivəsində peşəkar tədqiqatçıların aşkarlanması, onların təkliflərinin ADY-də müzakirəsi və istehsal sahələrində istifadə üçün seçilməsi məsələləri də nəzərdə tutulub. 

Tədris planlarında və ixtisas fənlərinin sillabuslarının hazırlanması zamanı ADY-nin müvafiq rəyinin nəzərə alınması, bakalavr buraxılış, magistr dissertasiya işlərinə rəhbərlik etmək üçün ADY-nin nümayəndələrinin cəlb olunması da sənədin tərkib hissələrinə aiddir. Gələcəkdə məzunlar ADY-nin ehtiyat bazasına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb olunacaq.  

Bu əməkdaşlıq elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, dəmir yolu sənayesinin inkişafı perspektivlərinə uyğun olan innovasiya xarakterli elmi nailiyyətlərin kommersiya istiqamətinə yönəldilməsi və formalaşmasına, startap layihələrin reallaşdırılmasını, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini təmin edəcək.



"Yol-xeber.az" xəbər verir ki, İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi.

Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.

Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.

Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.

Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.

Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.




"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır.

Qeyd olundu ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub.

Dövlətimizin başçısına hava limanında görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Qeyd olundu ki, aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.

Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.



"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyunun 20-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir V.Eyvazov xalqlarımız arasında tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu vurğulayaraq Azərbaycan-İran münasibətlərinin dinamik və məhsuldar şəkildə inkişaf etdiyini, bu əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib. Daha sonra iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrə toxunan nazir bildirib ki, qarşılıqlı fəaliyyəti tənzimləyən normativ-hüquqi baza mövcuddur və bu, daha sıx əməkdaşlığa və cinayətkarlıqla mübarizədə birgə praktiki tədbirlər həyata keçirməyə imkan yaradır. O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən bəşəri bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.

Nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, respublikamızda demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işləri qeyd edib və bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər. 

İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kərimi səmimi qəbula görə minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. 
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

ZYN_6016sayt

ZYN_5970sayt

"Yol-xeber.az" xəbər verir ki, Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə iki günlük rəsmi səfərdə olub.

İyunun 23-də Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev daxili işlər naziri Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, iki ölkə arasındakı dostluq münasibətlərini və Sofiya ilə Bakı arsında ümumi maraq doğuran bir sıra sahələrdə strateji dialoqu yüksək qiymətləndirib, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqinin Bolqarıstanın Azərbaycanla tərəfdaşlığının yüksəldilməsi üçün mühüm amil olduğunu bildirib.

Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq cənab İlham Əliyevin liderliyi altında respublikanın son illər böyük uğurlara imza atdığını deyən cənab R.Radev Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət apardığını, dünyada nüfuzunun günü-gündən artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırmağı xahiş edib. 

Göstərilən diqqətə, Azərbaycan haqqında xoş sözlərinə, dəyərli fikirlərinə, eləcə də nümayəndə heyətini qəbul etdiyinə görə Bolqarıstan Prezidenti cənab Rumen Radevə təşəkkkürünü bildirən daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb.

Daha sonra Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovla general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı mövcud əlaqələr yüksək qiymətləndirilib, əməkdaşlığın bütün istiqamətlər üzrə bundan sonra daha da möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Daxili işlər və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi imkanları, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizənin diqqət mərkəzində dayandığı, yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, bolqarıstanlı həmkarları ilə əməkdaşlığa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, terrorçuluq, kibercinayətkarlıq, insan alveri, narkotik vasitələrin qeyri-leqal dövriyyəsi, qanunsuz miqrasiya sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.

Sonda daxili işlər nazirləri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. Qeyd olunub ki, bu Memorandum tədris sahəsində qabaqcıl təcrübə mübadiləsinin imkanlarını genişləndirəcək və polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.

24.06.2022(2)

24.06.2022(3)

24.06.2022(4)



"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Naftalan şəhərində Agentliyin tabeliyində olan“29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Regionlarla yanaşı həmin cədvələ əsasən, Agentliyin inzibati binasında da vətəndaşların qəbulu keçirilir.


"Yol-xeber.az" xəbər verir ki, İyunun 10-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 
Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. 

Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov məmnunluqla bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin də məzunlarının olması bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşması üçün ortaya qoyulmuş əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb. 

O, qələbədən sonrakı dövrdə Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları ilə birgə xidmət etmələrini də məmnunluqla qeyd edib. 
Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən nazir V.Eyvazov bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini vurğulayıb.

Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə və zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində onlara uğurlar arzulayıb. 

Çıxışının sonunda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların tam və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.

ZYN_4854

ZYN_4868 SAYT

ZYN_4883

ZYN_4935

ZYN_4954

ZYN_4966SAYT

ZYN_5037SAYT

"Yol-xeber.az" xəbər verir ki, Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda da səfərdə olublar.

Dövlətimizin başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəmir yolu və stansiya barədə məlumat verilib.

Bildirilib ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoyub.

Bildirilib ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.



"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü  54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.

Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Xəbər lenti