|
Səudiyyə Ərəbistanının Kral Kubokunun finalında “Əl-Hilal” penaltilər seriyasında “Əl-Nəsr” üzərində qələbə qazanıb.
“Görüşün final fitindən sonra “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo qazona uzanaraq ağlamağa başlayıb.
Məğlubiyyətlə barışa bilməyən 39 yaşlı futbolçuya komanda yoldaşları və klub işçiləri təsəlli verməyə çalışıb.
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.
Proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.
COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.
Qurban Qurbanovun komandası aşağıdakı komandalardan biri ilə qarşılaşacaq.
Çempionlar Liqası
I raund
Səpələnmişlər:
“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
“Ludoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Styaua” (Rumıniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)
“Pünik” (Ermənistan)
RFŞ (Latviya)
“Petrokub” (Moldova)
“Ballkani” (Kosovo)
Səpələnməmişlər:
“Boraç” (Bosniya və Herseqovina)
“Dinamo” (Batumi, Gürcüstan)
“Selye” (Sloveniya)
“Hamrun” (Malta)
“Larne” (Şimali İrlandiya)
“Dinamo” (Minsk, Belarus)
“Panevejis” (Litva)
“Ordabasi” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Struqa” (Şimali Makedoniya)
“Differdanj” (Lüksembuq)
“Deçiç” (Monteneqro)
“UE Santa Koloma” (Andorra)
“Eqnatia” (Albaniya)
“Virtus” (San Marino)
“Qarabağ”ın I raunddan azad olmaq imkanı da var. Bunun üçün “Real” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sını məğlub etməlidi.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib.
"Sonuncu – XXXVIII turun həlledici qarşılaşması "Qalatasaray" və "Konyaspor" komandaları arasında oynanılıb.
Konya səfərində 3:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi xallarının sayını 102-yə çatdıraraq Superliqanın çempionu adını qazanıb.
"Sarı-qırmızılar"ın məğlubiyyətini gözləyən "Fənərbağça" isə paralel keçirilən görüşdə doğma meydanda autsayder "İstanbulspor"u qəbul edib. İsmail Kartalın yetirmələri rəqibini 6 cavabsız qolla məğlub edərək xal ehtiyatını 99-a yüksəldib. Əzəli rəqibi "Qalatasaray" "Konyaspor"la görüşdən qalib ayrıldığı üçün "sarı-lacıvərdlilər" cari mövsüm gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, ümumilikdə 24-cü dəfə Türkiyə çempionu adını qazanan Okan Burukun rəhbərlik etdiyi komanda, bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. "Qalatasaray"ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atan "Fənərbağça" klubudur.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında danışıb.
“Qafqazinfo” “Defens Cental”a istinadən xəbər verir ki, təcrübəli məşqçi Ardanın güclü oyunçu olduğunu bildirib.
“Bu uşağı “Real” tez-tez oynatsa, o, qarşısıalınmaz olacaq. Arda çox yaxşıdır”.
Hətta, türkiyəli oyunçunun “Siti”dən ayrılması gözlənilən Bernardo Silvaya əla alternativ olacağı vurğulanıb.
İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlib.
Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar.
"Növbəti hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır".
"Report" xəbər verir ki, bunu BƏƏ-də keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda onu qarşılayan jurnalistlərə söyləyib.
"Bütün Azərbaycan xalqının dəstəyini gördüm. Bu gün həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımını da gördüm, çox sağ olsun. Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyi, başda Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli olmaqla Cüdo Federasiyasına təşəkkürümü bildirirəm", - o deyib.
O, növbəti hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu söyləyib.
"Növbəti hədəfimiz iyulda keçiriləcək Paris-2024 Olimpiadasıdır. Ora hazırlaşacağıq", - idmançı bildirib. Heydərov Yay Olimpiya Oyunlarında qızıl medal qazana biləcəyinə inandığını vurğulayıb: "Əlbəttə, həmin medaldan olacaq, qızıl medal götürəcəyik. Sadəcə səbirli olmalıyıq, bu yarışmaya necə hazırlaşmışdıqsa, eyni qaydada olimpiadaya da hazırlaşmaq lazımdır".
Cüdoçu jurnalistlərə açıqlamasında final görüşündən də bəhs edib:
"Final görüşünə ancaq qələbəyə çıxmışdım. Finalda qələbəni heç vaxt əldən verməzdim. Üstəlik dünya çempionatının finalını ümumiyyətlə əldən verməzdim. Çox motivasiyalı idim. Vazari yıxılmağıma baxmayaraq, bunu tez unutdum. Ayağa qalxıb onu udmağa kökləndim və belə də oldu: ippon atdım və qalib gəldim".
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.
Bu gün Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
Bakı İdman Sarayında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Azərbaycan təmsilçilərindən Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Həsən Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
Turnir saat 10:30-da başlayacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 24-də yekunlaşacaq.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp son üç ildə İngiltərə çempionu olan "Mançester Siti"nin 115 maliyyə pozuntusunda ittiham olunmasına münasibətilə bağlı sualı cavablandırıb.
"Bu ittihamlar haqqında hər kəs bilir, amma bunun nə demək olduğunu bilmirəm. Mən yalnız onların yerini bilirəm. "Mançester Siti"də baş verənlərdən asılı olmayaraq, Pep Qvardiola dünyanın ən yaxşı meneceridir, əsl vacib olan budur. Bu kluba hansısa başqa mütəxəssis təyin etsəniz, o, ardıcıl dörd dəfə Premyer Liqanın qalibi olmayacaq. Bu, onun da, komandanın da xidmətidir.
Bu o deməkdirmi ki, onlar istədiklərini edə bilərlər? Yox. Amma dəqiq nə etdiklərini bilmirəm. Təbii ki, hamı kimi mən də nə vaxtsa həqiqəti bilmək istərdim. Amma o vaxta qədər başqa yerdə olacağam", - deyə Klopp bildirib.
Xatırladaq ki, 2023-cü ilin fevralında Premyer Liqa "Mançester Siti"ni 2009/2010 mövsümü ilə 2017/2018 mövsümü arasında 115 maliyyə qaydalarını pozmaqda ittiham etmişdi.(oxu.az)
Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” “Fənərbağça” ilə üz-üzə gəlib.
Turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub.
Qarşılaşmada qonaqlar qələbə (1:0) qazanıb.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib.
Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" isə 99 xalla liderdir.
Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.