Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.

"Report"un məlumatına görə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.

İlk "üçlük"də Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.

Hələlik 50 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Rəşad Sadıqov: Səfərdən vacib qələbə ilə qayıdırıq

Ağır səfərdən çox vacib qələbə ilə qayıdırıq.

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Slovakiyada “DAK 1904” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis ilk dəqiqələrdən sonadək nizam-intizamlı olduqlarını bildirib: "Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm".

Baş məşqçi Avropa Liqasında Moldovanın "Şerif" komandasına uduzduqları görüşdən sonra hər hansı ciddi dəyişiklik etmədiklərini söyləyib: "Azlıqda qalmasaydıq, bu rəqibi də keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik".

Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada Slovakiya təmsilçisinə dörd cavabsız qolla qalib gələn "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq. Bu raundun oyunları avqustun 8-də və 15-də baş tutacaq.

Çempion olan Zelim Kotsoyev KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən cüdoçu Zelim Kotsoyev final görüşünə çıxıb.

100 kq çəki dərəcəsində onun finaldakı rəqibi gürcü cüdoçu İlya Sulamanidze olub.

Gərgin keçən dueldə Kotsoyev rəqibinə qalib gələrək Olimpiadanın qızıl medalına yiyələnib.

Zelim Kotsoyevin dosyesini təqdim edir:

Zelim Kotsoyev 9 avqust 1998-ci ildə Şimali Osetiyanın Beslan şəhərində anadan olub. 

O, ilk qələbəsinə 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında qazanıb. Zelim Kotsoyev həmin turniri bürünc medalla başa vurdu. İdmançı bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Daha sonra, 2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zelim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edilib. 2015-ci ilin iyulunda Zelim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib olub. Kotsayev həmin ilin avqustunda həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub.

Zelim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atıb. O, 2017-ci ildə Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi olub.

Z.Kotsoyev 2018-ci ilin aprelində Antalya şəhərində IJF Antalya Qran-Prisinin qalibi olub. Həmin ay İsrailin Təl-Əviv şəhərində baş tutan Avropa Çempionatında isə Zelim Kotsoyev bürünc medalın sahibi olub. Daha sonra, 2019-cu ildə Avropa Oyunları və Dünya Çempionatında uğursuz çıxış edən idmançı il ərzində IJF Qran-Pri və Grand Slam seriyalı beynəlxalq turnirlərdə 2 gümüş və 2 bürünc medala sahib oldu.

2023-cü il də Zelim Kotsoyev üçün uğurlu mövsüm oldu. Fransa, İsrail və Azərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərində 1 qızıl və 2 bürünc medala sahib olan Zəlim Kotsoyev mayda Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurub. O, noyabr ayında Fransanın Monpelye şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa Çempionatının qızıl medalına sahib oldu.

Zelim Kotsoyev son olaraq, 2024-cü ilin mayında BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya çempionu olub. Nəticədə çempion idmançımız IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib olub.

 

 

 
hidayet-heyderov-reytinq-cedvelinde-birinci-oldu

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (600 xal) birinci pilləyə yüksəlib.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.

Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal), Yaşar Nəcəfov (290 xal) və Leyla Əliyeva (280 xal) növbəti sıralarda yer alıblar.

Paris-2024: Avropa çempionumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın üç idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

İlk olaraq cüdoçu Elcan Hacıyev tatamiyə çıxacaq.

Belə ki, 90 kq çəki dərəcəsində yer alan Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gələcək.

Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.

Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq. Təmsilçimiz ilk görüşündə avstriyalı Kollins Filimonu üstələyib.

Son olaraq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ seçməsi ilə qarşılaşacaq. Komandamız ötən gün ilk matçında İspaniyaya məğlub olub - 16:18.

Triatlonçumuz Rostislav Pevtsovun çıxışı isə Sena çayında suyun keyfiyyətininn aşağı olması səbəbindən növbəti dəfə təxirə salınıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Hələlik cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

Elnur Məmmədli: "Hidayətin Fransada Azərbaycan bayrağını qaldırması bizi ikiqat sevindirir"

"Hidayətin Fransada yerli idmançını məğlub etməsi, Azərbaycan bayrağını qaldırması, Dövlət Himnini səsləndirməsi bizi ikiqat sevindirir".

Bunu "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, xalqımızı təbrik edirəm. Hidayət gözəl və ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və olimpiya çempionudur. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. İdmançılarımız hər şəraitlə təmin olunublar. Cüdo Federasiyasında sistemli iş gedir. Hidayət isə çətin insandır. Amma şükürlər olsun ki, verdiyi sözlərə əməl etdi, qarşısına qoyulan tapşırığı yerinə yetirdi. Böyük qələbədir. Çox sevinirəm. Onun üzərində hamının və mənim də əziyyətim var", - deyə ACF rəsmisi vurğulayıb.

Vitse-prezident Fransada yerli idmançı ilə görüşməyin çətin olduğunu diqqətə çatdırıb:

"Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionudur, reytinqdə ilk pillədədir. Fransalı cüdoçu var gücü ilə güləşirdi. Tribuna da ona dəstək olurdu. Əsas qələbədir. Cüdoçumuz bunu əldə etdi".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Yeni olimpiya çempionu: Hidayət Heydərovun hekayəsi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də qızıl medal qazanıb.

 Azərbaycan Cüdo Federasiyası yarışdan 2 həftə öncə cüdoçunun yaxınları və məşqçisinin müsahibəsinin yer aldığı reportaj hazırlayıb.

Həmin müsahibələrdə Hidayətlə bağlı bir sıra maraqlı məqamlardan bəhs olunub. Onun mübarizə əzmindən söz açılıb. 26 yaşında Dünya çempionu titulunu hədəflədiyi, bunun üçün gecə-gündüz çalışdığı qeyd olunub.

Məlumat üçün deyək ki, cüdoçunun 3 gün öncə 27 yaşı tamam olub. Onun bu yaşındakı ilk uğuru da məhz Olimpiya çempionluğu oldu.

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.

Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu" - VİDEO

"Məni Azərbaycandan ilk təbrik edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oldu".

Bu sözləri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib:

"Ardınca ailəm təbrik etdi, buradakı insanlar xoş sözlər dedilər. Nazirlərimiz əlaqə saxlayaraq təbriklərini çatdırdılar."

Ətraflı İTV-nin süjetində:

Xəbər lenti