|
"Zabit Səmədov" döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, "Mauqli" ləqəbli Zabit Səmədov yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikirlərini bölüşüb.
"Operativ Media"ya açıqlama verən Zabit Səmədov, sözügedən hadisənin baş verdiyi anın videosunu məyusluqla izlədiyini qeyd edib.
Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin videodakı hərəkətlər nəinki müəllimə, heç insanlığa da sığmır. Biz müəllim olaraq uşaqlara öz övladımız kimi yanaşmalıyıq. Mənim özümün döyüş məktəbim var, burada məşqçilərin hər biri müəyyən titullu və təcrübəyə malik şəxslərdir. Hazırda bizimlə çalışan müəllimlər arasında öz ölkəmizlə yanaşı, ukraynalı, rusiyalı, belarusiyalı və digər ölkələrin peşəkarları da yer alır. Bütün prosesə özüm nəzarət edirəm. Bəzən uşaqlarla məşq də edirəm. Bunları ona görə deyirəm ki, burada məsuliyyət həm də idman klubunun üzərindədir. Çünki rəhbərlik düzgün adamları seçməli, obyekti düzgün adamlara həvalə etməlidir. Məşqçilik edən adamın keçmişini, psixologiyasını, dünya görüşünü araşdırmaq həm də obyekti ona verən adamın borcudur. Valideyn də ona güvənib uşağını oraya göndərir.
Mən düşünürəm ki, bu bədbəxt hadisəyə görə müəllimdən başqa, bilmirəm indi hansı federasiyanın nəzarətində olmalı idi, amma görüntülərdən cüdo fəndlərinin yerinə yetirildiyi görünür - onlar da, obyekti icarəyə verənlər də və ümumiyyətlə günahkar kimlər varsa hamısı aşkarlanmalı, layiqli cəzalarını almalıdırlar.
Keçirilən məşqin videosundan da görünür ki, burada heç nə qaydasında deyil. Birincisi müəllim bilməlidir ki, azyaşlı uşaqlara hansı fəndləri keçmək olar, hansıları yox. Həmin fəndlər də müəyyən müddətdən sonra (məsələn, 6 ay, 1 il) tətbiq edilə bilər.
Bizim zala 5 yaşında da uşaqlar gəlir. Amma 5 yaşında uşağa döyüş məşqi keçmirik. Hər yaşa uyğun müəyyən proqramlar var. Bunlar peşəkarlar tərəfindən müəyyən edilib. Yəni, kimsə öz ağlına uyğun, körpə uşaqlara istədiyi fəndi tətbiq etməli deyil. Döyüş özü elmdir. Onu əvvəlcə nəzəri cəhətdən bilmək lazımdır ki, praktikada uğurlu tətbiq edəsən.
Müəllimləri işə götürərkən xüsusən tapşırıq veririk ki, uşaqları yükləmək olmaz. Onlar bunu bilsə də, biz kamera vasitəsilə bütün prosesə nəzarət edirik. Eyni zamanda, valideynlər həm evdən, həm də zalın gözləmə otağından uşaqların məşq prosesini canlı izləyə təklif və iradlarını bildirə bilərlər.
Həmin videodakı şəxs nə müəllimə oxşayır, nə də hərəkətləri insan hərəkətinə. Sizə onu da deyim ki, onun oraya hansı vəziyyətdə gəldiyi də məlum deyil. İnsan necə belə davrana bilər?
Bu şəxsə o zalı verən adam, ya qurum, təşkilat ona birbaşa nəzarət etməli idi. Mən oxudum ki, Cüdo Federasiyası deyib bizlik deyil. Amma bu adam videoda boks dərsi keçmir, "brasok" atır.
Bu cür hərəkətin cəzası ağır olmalıdır. Tək onun yox, onu ora yerləşdirənin də", - deyə Z.Səmədov qeyd edib.
Xəbər verdiyimiz kimi, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançıları Bakıya gəlib.
Onların dünən axşam Bakıdakı restoranlardan birindən əyləncəli videosu yayılıb.
Qeyd edək ki, idmançılar dünən Heydər Əliyev adına Hava Limanında möhtəşəm şəkildə qarşılanıblar.
Belə ki, Hava Limanında idmançıların fotoları asılıb, monitorlarda isə onların İrəvandakı yarışda ağırlıq qaldırmasını əks etdirən kadrlar nümayiş etdirilib.//Bakupost.az
Bakı Şəhər Halqası (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisi həftəsində sakinlərin rahat hərəkəti üçün bəzi yolları açacaq.
Bu barədə BŞH-dan məlumat verilib.
Bildirilib ki, ötən illərdən fərqli olaraq builki yarış həftəsində Bakı Şəhər Halqasına daxil olan bəzi yollar avtomobil idarə edən vətəndaşların rahat hərəkətini təmin etmək üçün açıq olacaq.
Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.
24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) ancaq birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.
Qeyd olunan tarixlərdə şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trekə daxil olan ərazilərdə yeraltı keçidlər gün ərzində açıq olacaq. Piyadalar həmçinin Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsində, Xəqani və Rəşid Behbudov küçələrində, habelə halqanın ətrafında yerləşən Azadlıq prospekti ilə Xəqani küçəsində quraşdırılmış müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yerüstü keçid daimi əsasda quraşdırılıb.
Xatırladaq ki, bu küçələrdə nəqliyyatın hərəkəti mayın 2-si, səhər saat 08:00-da tam olaraq bərpa olunacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə gerçəkləşəcək.
“İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və Vətənə dönəcək”.
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov özünün sosial şəbəkə hesabında qeyd edib.
“Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir”, - deyə qurum rəhbəri vurğulayıb.
Nazirin sözlərinə görə, Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar və KİV-ə çıxışları kəsilib:
“Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, - deyə Fərid Qayıbov sözlərini yekunlaşdırıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanat yayıb.
Birgə bəyanatda deyilir:
"2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.
Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.
Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.
Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".
Ağır Atletika üzrə Azərbaycan milli komandası İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.
Bildirilib ki, Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) İrəvanda keçiriləcək turnirə qatılacaq.
Qeyd edək ki, sözügedən turnir 15-23 aprel tarixlərində baş tutacaq.
AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada ermənilər təxribata əl atıblar.
Belə ki, stadiona daxil olmuş ermənilər iki dəfə öz bayraqlarını və cəfəng şüarlar yazılmış plakat açmağa cəhd göstəriblər.
Buna millimizi İsveçdə tək qoymayan azarkeşlərimiz əngəl olublar və təxribatçıların bayraq açmaq həvəsləri baş tutmayıb. İsveç polisi də təxribata dərhal adekvat cavab verib.
Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.
F qrupunda yer alan yığma İsveçin qonağı olacaq. Solnadakı “Friends Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda səfərdə Avstriyaya 1:4 uduzub. İsveç isə öz meydanında Belçikaya məğlub olub - 0:3.
AVRO-2024
Seçmə mərhələ
II tur
27 mart
F qrupu
22:45. İsveç - Azərbaycan
Baş hakim: Stefani Frappar
Solna, “Friends Arena”
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub.
Bütün idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır və ehtiram göstərir.
Bu məqamda sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb.
Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu.