![]() |
|
Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.
30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Polşanın “Rakuv” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “atlılar” mərhələ keçmək üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Minimalhesablı qələbə oyunu əlavə vaxta aparacaq.
Qeyd edək ki, bu cütün qalibi III raundda Kiprin “Aris” klubu ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) - “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
2 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Rakuv” (Polşa)
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3
Bakı Olimpiya Stadionu
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
İlk oyun günündə dörd qarşılaşma keçiriləcək.
“Qarabağ” - “Rakuv” (Polşa) cütünün III təsnifat mərhələsindəki potensial rəqibləri olan Belarusun BATE və Kiprin “Aris” klubları Macarıstanda üz-üzə gələcəklər. Limasoldakı ilk oyunda meydan sahibləri rəqiblərini darmadağın ediblər - 6:2.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunları)
1 avqust
21:30. “Panatinaikos” (Yunanıstan) - “Dnepr-1” (Ukrayna)
İlk oyun - 3:1
22:00. “Olimpiya” (Sloveniya) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun - 1:1
22:00. BATE (Belarus) - “Aris” (Kipr)
İlk oyun - 2:6
22:00. “Slovan” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun - 1:0
Qeyd edək ki, bu mərhələnin digər səkkiz cavab qarşılaşması avqustun 2-də keçiriləcək.
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi evə qayıdarkən təyyarədə xoş sürprizlə üzləşib.
Belə ki, təyyarənin türkiyəli kapitanı sərnişinləri göyərtədə salamlayarkən qızlarımızı bu nailiyyət münasibətilə təbrik edib.
Pilot millimizin qələbəsinin onun üçün qürur mənbəyi olduğunu qeyd edib.
Xatırladaq ki, Avropa çempionatı C Divizionunun finalında ev sahibi Andorra seçməsini 45:57 hesabı ilə məğlub edən qızlarımız turnir ərzində heç bir oyunda məğlub olmayıblar və qitə çempionu adını qazanmaqla Azərbaycan qadın basketbolu tarixində bir ilkə imza atıblar.
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşəcək.
Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.
Əsas yolda 27, Çempionlar Yolunda isə 5 cütlük bəlli olacaq.
Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.
"Rakuv" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.
"Report"un məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
İlk olaraq səkkiz qarşılaşma baş tutacaq.
“Qarabağ”ın II raunddakı potensial rəqibləri Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar - 1:0.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18 iyul
19:00. “Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva)
İlk oyun - 0:0
21:00. “Flora” (Estoniya) - “Rakuv” (Polşa)
İlk oyun - 0:1
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta)
İlk oyun - 4:0
21:00. “Şerif” (Moldova) - “Farul” (Rumıniya)
İlk oyun - 0:1
22:00. BATE (Belarus) - “Partizani” (Albaniya)
İlk oyun - 1:1
22:00. TNS (Uels) - “Haken” (İsveç)
İlk oyun - 1:3
22:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan)
İlk oyun - 1:0
23:15. “Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya)
İlk oyun - 1:0
Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək. “Qarabağ” səfərdə minimal hesabla (1:2) məğlub etdiyi Cəbəllüttariqin “Linkoln” klubunu qəbul edəcək.
Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq.
Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.
“Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya GP” və Latviyanın RFŞ klubları Skopyedə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
“Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu Ermənistanda “Ararat”ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də İrəvanda meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.
Bu gün İrəvanda Albaniyanın “Eqnatiya” futbol komandası ilə “Ararat-Ermənistan” komandasının 1-ci təsnifat mərhələsinin ilk oyunu keçiriləcək.
Bu yay Albaniyanın "Eqnatiya" klubuna keçən azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu gün komandasının "Ararat-Ermənistan"la Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacağı İrəvana gedib.
27 yaşlı yarımmüdafiəçi meydana daxil olsa və qol vura bilsə, qolu hərbi salamla qeyd edəcəyini bildirib.
“Ararat-Ermənistan” – “Eqnatiya” matçı bu gün Ermənistan Futbol Federasiyasının Akademiyasının stadionunda keçiriləcək və yerli vaxtla saat 19:00-da başlayacaq.
“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.
“Report”un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.
Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.
Rumıniya mətbuatında Mutunun “Neftçi”dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.
Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.
Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.
Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.
Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra “Napoli”yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, “Fiorentina”da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı “Roma”ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.
Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.
Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.