“İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və Vətənə dönəcək”.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov özünün sosial şəbəkə hesabında qeyd edib.

“Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir”, - deyə qurum rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar və KİV-ə çıxışları kəsilib:
“Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, - deyə Fərid Qayıbov sözlərini yekunlaşdırıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanat yayıb.

Birgə bəyanatda deyilir:

"2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.

Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.

Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.

Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".



Ağır Atletika üzrə Azərbaycan milli komandası İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) İrəvanda keçiriləcək turnirə qatılacaq.

Qeyd edək ki, sözügedən turnir 15-23 aprel tarixlərində baş tutacaq.

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada ermənilər təxribata əl atıblar.

Belə ki, stadiona daxil olmuş ermənilər iki dəfə öz bayraqlarını və cəfəng şüarlar yazılmış plakat açmağa cəhd göstəriblər.

Buna millimizi İsveçdə tək qoymayan azarkeşlərimiz əngəl olublar və təxribatçıların bayraq açmaq həvəsləri baş tutmayıb. İsveç polisi də təxribata dərhal adekvat cavab verib.

Azərbaycan millisi növbəti oyununu keçirib.
 
AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb.
 
Üç gün əvvəl Avstriyada 1:4 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu dəfə İsveçin qonağı olub. Görüşdə hesab ilk yarının sonlarında açılıb. Emil Forsberq meydan sahiblərini sevindirib.
 
İkinci hissədə skandinaviyalılar daha amansız olub. İsveç yığması 45 dəqiqəyə daha 4 qol vuraraq 5:0 hesabı ilə qalib gəlib. Öncə Bəhlul Mustafazadə avtoqola üzülüb, ardınca Viktor Gyekereş müdafiədəki səhvlərdən yararlanıb. Meydana sonradan daxil olan Yesper Karlsen və Anthoni Elanqa isə son dəqiqələrdə qol sevinci yaşayıb. Beləliklə, millimiz seçmə mərhələnin startında ardıcıl ikinci dəfə böyük hesabla uduzub – 0:5.
 
Qeyd edək ki, F qrupunun digər matçında Avstriya Estoniyanı qəbul edib. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.
 
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu
27 mart
22:45. İsveç – Azərbaycan - 5:0
Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (avtoqo), Viktor Gyekereş, 79,  Yesper Karlsson, 88, Anthoni Elanqa, 89
Baş hakim: Stefani Frappar (Fransa)

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

F qrupunda yer alan yığma İsveçin qonağı olacaq. Solnadakı “Friends Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda səfərdə Avstriyaya 1:4 uduzub. İsveç isə öz meydanında Belçikaya məğlub olub - 0:3.

AVRO-2024

Seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç - Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, “Friends Arena”

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub. 

Bütün idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır və ehtiram göstərir. 

Ermənilər isə əksini ediblər. Onların bu hərəkəti təkcə Azərbaycan və Türkiyədə deyil, bütün idman ictimaiyyətində tənqidlə qarşılanıb. 

Bu məqamda sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb. 

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu. 

AVRO-2024-ün seçmə mərhələsinin martın 25-də baş tutacaq Ermənistan - Türkiyə görüşünün hakimləri bəlli olub.

UEFA xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Xose Mariya Sançesdir. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək.

İrəvanda keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlanacaq.

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar.

İspaniyada “Real Madrid” İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar 2:5 hesablı qələbə qazanıblar.

Gecənin digər matçı İtaliyada keçiriləcək. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa çəkəcək. İlk oyunda italyanlar 0:2 üstün olublar.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

16 mart


00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə)

İlk oyun – 2:5

00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya)

İlk oyun – 0:2

Daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.

“Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək

“Qarabağ” Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. “Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.

O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. "Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik”. 

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar “Qalatasaray”ın Almaniya və “Ferensvaroş” da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin “Qalatasaray” “Qarabağ”la oyun keçirməyə üstünlük verib. 

 

 

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti