![]() |
|
UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda İtaliya "Roma"sına qalib gələn İspaniya "Sevilya"sı tarixində 7-ci dəfə titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.
"Sevilya" bu qələbə sayəsində 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.
UEFA Avropa Liqası
Final
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 1:1 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Canluka Mançini, 55 (avtoqol) - Paulo Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”
Qeyd edək ki, Əndəlusiya təmsilçisi daha əvvəl 2005/2006, 2006/2007, 2013/2014, 2014/2015, 2015/2016 və 2019/2020 mövsümündə Avropa Liqasında qələbə sevinci yaşayıb.
“Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.
İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.
Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.
Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.
Qeyd edək ki, “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.
“Neftçi” yayda “Fənərbaxça” ilə qarşılaşa bilər.
“Bu oyunun Rusiyada baş tutma ehtimalı var.
Belə ki, Sankt-Peterburq şəhərinin təmsilçisi “Zenit” beynəlxalq turnir təşkil edəcək. Klubun rəsmisi Aleksandr Medvedev məlumatı təsdiq edib.
O bildirib ki, turnirə “Fənərbaxça”, “Srvenza Zvezda” və “Neftçi”ni dəvət ediblər. //Qafqazinfo
Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda “Əl-Nəsr”in formasını geyinən Kriştiano Ronaldo qol vurduqdan sonra etdiyi hərəkətlə gündəmə gəlib.
Portuqaliyalı superulduz qələbə qolunu vurduqdan sonra səcdəyə gedib.
Onun bu hərəkətinə komanda yoldaşları alqışlarla cavab verib.
Oyuna gəldikdə isə 2 top fərqi ilə geridə olan "Əl-Nəsr" matçda geridönüş etməyi bacarıb. Belə ki, rəqibi "Əl-Şəbab"ın qapısına 3 qol vurmağı bacaran meydan sahibləri qələbə qazanıb.
Qurban Qurbanov Beynəlxalq Feyr Pley Komitəsinin keçirəcəyi 2022-ci il Dünya Ədalətli Oyun Mükafatı mərasiminə dəvət alıb.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Feyr Pley Komitəsinin Prezidenti Jeno Kamutinin imzasıyla AİJA-ya məktub daxil olub.
Qeyd edək ki, Qurbanov 2022-ci ildə ədalətli oyun jesti üçün nəzərdə tutulan Pyer De Kuberten mükafatına və karyerası ərzində etdiyi feyr pley hərəkətlərinə görə nəzərdə tutulan Jan Borotra mükafatına AİJA tərəfindən namizəd göstərilmişdi.
AİJA-nın 1-ci vitse-prezidenti və AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin Sports.az saytına verdiyi məlumata görə, Beynəlxalq Feyr Pley Komitəsi Qurban Qurbanovu Jan Borotra fəxri diplomuna layiq görüb.
Bu il "Jean Borotra World Fair Play Career" mükafatlarına dünyadan cəmi 4 nəfər layiq görülüb. Bunlar Qurban Qurbanovla yanaşı amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunaydır.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
"Turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda "Milan"a 2:0 hesabı ilə qalib gələn "İnter" "Cüzeppe Meatsa" stadionundakı ikinci görüşdə də əzəli rəqibini məğlub edib - 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.
Simone İnzaginin baş məşqçi olduğu kollektiv bu nəticə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına yüksəlib.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may
23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0
Qol: Lautaro Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0
Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Bu komandaların Madriddə keçirilmiş ilk duelində heç-heçə qeydə alınıb - 1:1.
“Sabah”la “Beşiktaş” arasında keçiriləcək xeyriyyə oyununun başlanma saatı məlum olub.
Oxu.Az saytının əldə etdiyi məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
"Zabit Səmədov" döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, "Mauqli" ləqəbli Zabit Səmədov yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikirlərini bölüşüb.
"Operativ Media"ya açıqlama verən Zabit Səmədov, sözügedən hadisənin baş verdiyi anın videosunu məyusluqla izlədiyini qeyd edib.
Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin videodakı hərəkətlər nəinki müəllimə, heç insanlığa da sığmır. Biz müəllim olaraq uşaqlara öz övladımız kimi yanaşmalıyıq. Mənim özümün döyüş məktəbim var, burada məşqçilərin hər biri müəyyən titullu və təcrübəyə malik şəxslərdir. Hazırda bizimlə çalışan müəllimlər arasında öz ölkəmizlə yanaşı, ukraynalı, rusiyalı, belarusiyalı və digər ölkələrin peşəkarları da yer alır. Bütün prosesə özüm nəzarət edirəm. Bəzən uşaqlarla məşq də edirəm. Bunları ona görə deyirəm ki, burada məsuliyyət həm də idman klubunun üzərindədir. Çünki rəhbərlik düzgün adamları seçməli, obyekti düzgün adamlara həvalə etməlidir. Məşqçilik edən adamın keçmişini, psixologiyasını, dünya görüşünü araşdırmaq həm də obyekti ona verən adamın borcudur. Valideyn də ona güvənib uşağını oraya göndərir.
Mən düşünürəm ki, bu bədbəxt hadisəyə görə müəllimdən başqa, bilmirəm indi hansı federasiyanın nəzarətində olmalı idi, amma görüntülərdən cüdo fəndlərinin yerinə yetirildiyi görünür - onlar da, obyekti icarəyə verənlər də və ümumiyyətlə günahkar kimlər varsa hamısı aşkarlanmalı, layiqli cəzalarını almalıdırlar.
Keçirilən məşqin videosundan da görünür ki, burada heç nə qaydasında deyil. Birincisi müəllim bilməlidir ki, azyaşlı uşaqlara hansı fəndləri keçmək olar, hansıları yox. Həmin fəndlər də müəyyən müddətdən sonra (məsələn, 6 ay, 1 il) tətbiq edilə bilər.
Bizim zala 5 yaşında da uşaqlar gəlir. Amma 5 yaşında uşağa döyüş məşqi keçmirik. Hər yaşa uyğun müəyyən proqramlar var. Bunlar peşəkarlar tərəfindən müəyyən edilib. Yəni, kimsə öz ağlına uyğun, körpə uşaqlara istədiyi fəndi tətbiq etməli deyil. Döyüş özü elmdir. Onu əvvəlcə nəzəri cəhətdən bilmək lazımdır ki, praktikada uğurlu tətbiq edəsən.
Müəllimləri işə götürərkən xüsusən tapşırıq veririk ki, uşaqları yükləmək olmaz. Onlar bunu bilsə də, biz kamera vasitəsilə bütün prosesə nəzarət edirik. Eyni zamanda, valideynlər həm evdən, həm də zalın gözləmə otağından uşaqların məşq prosesini canlı izləyə təklif və iradlarını bildirə bilərlər.
Həmin videodakı şəxs nə müəllimə oxşayır, nə də hərəkətləri insan hərəkətinə. Sizə onu da deyim ki, onun oraya hansı vəziyyətdə gəldiyi də məlum deyil. İnsan necə belə davrana bilər?
Bu şəxsə o zalı verən adam, ya qurum, təşkilat ona birbaşa nəzarət etməli idi. Mən oxudum ki, Cüdo Federasiyası deyib bizlik deyil. Amma bu adam videoda boks dərsi keçmir, "brasok" atır.
Bu cür hərəkətin cəzası ağır olmalıdır. Tək onun yox, onu ora yerləşdirənin də", - deyə Z.Səmədov qeyd edib.
Xəbər verdiyimiz kimi, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançıları Bakıya gəlib.
Onların dünən axşam Bakıdakı restoranlardan birindən əyləncəli videosu yayılıb.
Qeyd edək ki, idmançılar dünən Heydər Əliyev adına Hava Limanında möhtəşəm şəkildə qarşılanıblar.
Belə ki, Hava Limanında idmançıların fotoları asılıb, monitorlarda isə onların İrəvandakı yarışda ağırlıq qaldırmasını əks etdirən kadrlar nümayiş etdirilib.//Bakupost.az
Bakı Şəhər Halqası (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisi həftəsində sakinlərin rahat hərəkəti üçün bəzi yolları açacaq.
Bu barədə BŞH-dan məlumat verilib.
Bildirilib ki, ötən illərdən fərqli olaraq builki yarış həftəsində Bakı Şəhər Halqasına daxil olan bəzi yollar avtomobil idarə edən vətəndaşların rahat hərəkətini təmin etmək üçün açıq olacaq.
Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.
24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) ancaq birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.
Qeyd olunan tarixlərdə şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trekə daxil olan ərazilərdə yeraltı keçidlər gün ərzində açıq olacaq. Piyadalar həmçinin Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsində, Xəqani və Rəşid Behbudov küçələrində, habelə halqanın ətrafında yerləşən Azadlıq prospekti ilə Xəqani küçəsində quraşdırılmış müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yerüstü keçid daimi əsasda quraşdırılıb.
Xatırladaq ki, bu küçələrdə nəqliyyatın hərəkəti mayın 2-si, səhər saat 08:00-da tam olaraq bərpa olunacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə gerçəkləşəcək.