Gülşən Rzayeva: “Yeni avtobusların gətirilməsi əmək bazarının keyfiyyətini artırır”
"Bakubus"da bir nəqliyyat vasitəsi üçün 2,7 əmsalı ilə sürücü təyin olunur

"Yeni avtobuslarda sürücülərin iş rejiminin qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarət edirik".

Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, bu sözləri İctimai TV-də "Diqqət mərkəzi"verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.

G.Rzayeva qeyd edib ki, "Bakubus" yaranandan sürücülər 8 saatlıq iş rejimi ilə işləyir: 

"Onlarla əmək müqavilələri bağlanır. "Bakubus"da bir nəqliyyat vasitəsi üçün 2,7 əmsalı ilə sürücü təyin olunur. Bu, o deməkdir ki, sürücülərin istirahəti də təmin olunur. 8 saatlıq iş rejimi avtobus sürücüsünü fiziki cəhətdən çox yormur. Əmək münasibətlərinin rəsmiləşdirilməsinə keçmək isə qeyri-formal məşğulluğun azaldılmasına gətirir, məşğulluğun artırılmasına səbəb olur. Yeni avtobuslar gətiriləndə onların saxlanılması və təmiri üçün müəyyən tələblər yaranacaq. Yeni avtobuslar yeni bacarıqlar gətirir ki, bu da əmək bazarının keyfiyyətini artırır. Bu, həm sürücülərin sosial-iqtisadi rifah halına xidmət edir, həm də BNA-nın qanunvericilik qarşısında vəzifələrinin icrasıdır".

Şirvanda insanların ölümünə səbəb olan yol təmir olunur  - VİDEO
Əraziyə bələd olmayan sürücülərin əksəriyyəti burda qəza törədirdi

Bir müddət əvvəl Şirvan şəhərinin girişində yolun nahamar olması nəticəsində baş verən qəzada 4 nəfər həyatını itirmişdi. Avtosfer.az-a müraciət edən vətəndaşlar bildirmişdilər ki, həmin ərazidə yolda olan çökəklik və nahamarlıq qəzaların əsas səbəbidir. Belə ki, əraziyə bələd olmayan sürücülərin əksəriyyəti burda qəza törədirdi. Onlarla insan həyatını itirmişdi. 
Yol-xeber.az bu barədə material da hazırlamış. Saytımıza yenidən video göndərən vətəndaşlar bildiriblər ki, artıq ərazidə təmir işləri gedir və problem həllini tapmaqdadır. Sakinlər bundan sonra ərazidə insan həyatının itirilməsi ilə nəticələnən qəzaların olmayacağını ümid edir. Videonu təqdim edirik:

 

 
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
Yük dövriyyəsi 4,9%, sərnişin dövriyyəsi isə 1,5% artıb

Bu ilin yanvarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 10,4 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çoxdur.

Yol-xeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ölkədə avtomobil nəqliyyatı ilə 128,4 mln. sərnişin daşınıb ki, bu da 1,5% artım deməkdir.

Məlumata əsasən, sərnişinlərin 96,4% avtobus, 3,6% isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,9%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

Metronun yeni tikilən stansiyasında işlər nə yerdədir? - “Metropoliten”dən AÇIQLAMA
Xocasən elektrik deposunda da işlər davam etdirilir və birinci mərhələsi də istifadəyə veriləcək

“Hazırda Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, “Papanin” adlanan ərazidə Bənövşəyi xəttin 3-cü stansiyasında eskalatorların quraşdırılması və mərmər-qranit örtüyünün vurulması işləri aparılır”.

Yol-xeber.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, tikinti ilə bağlı işlərin may-iyun aylarına qədər tam yekunlaşdırılması planlaşdırılır:

 Hər hansı əlahiddə geoloji və texniki problem baş verməsə, plana əsasən stansiyanın 2020-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Bunlar əvvəlcədən zatən öyrənilmir. Hətta belə problem də gözlənilmir”.

B.Məmmədov qeyd edib ki, həmin stansiyanın özəlliklərindən biri budur ki, qatarın bir yoldan digərinə keçməsini təmin edən dönmə kamerasının olmasıdır. Bununla qatarların fasiləsiz hərəkəti təmin olunacaq.

“Bakı Metropoliteni” rəsmisi sözlərinə əlavə edib ki, Xocasən elektrik deposunda da işlər davam etdirilir və birinci mərhələsi də istifadəyə veriləcək. Yəni, qatarlara texniki baxış, xidmət, təmir və qulluq etmək mümkün olacaq:

“Hazırda tunellərdən birində yol infrastrukturu qurulur. Digər tuneldə isə qazıntı işlərinin yaxın vaxtlarda tam başa çatdırılması planlaşdırılır”.

Azərbaycanda hər gün 6 avtomobil istehsal olunur
Yanvar ayında ölkədə traktor istehsalının rəqəmləri verilməyib

Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 mln manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8% artıb. 

Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu ilin fevralın 1-nə ölkədə 134 ədəd hazır məhsul istehsalı yaranıb. Orta hesabla Azərbaycanda gündəlik olaraq 6,4 ədəd avtomobil istehsal edilir. 

 

Yanvar ayında ölkədə traktor istehsalının rəqəmləri verilməyib. Amma bununla belə, fevral ayının 1-nə ölkədə 286 ədəd hazır məhsul istehsalı yaranıb.

Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 91,3%, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.

Daha bir marşrut xətti üzrə avtobuslar yeniləndi
Paytaxtdakı 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xəttinə fevralın 17-dən “Isuzu Novociti” markalı avtobuslar cəlb edilib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "Isuzu Novociti" markalı nəqliyyat vasitəsilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir
“Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır”

“Azərbaycanın İranla sərhədində yeni körpünün tikintisinə bu il başlanılması planlaşdırılır”. Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərində görə, Astaraçay çayı üzərində tikiləcək körpü İranın magistral yolunu birləşdirəcək: “Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır. AAYDA sədri Saleh Məmmədovun iştirakı ilə İrana rəsmi səfərlər təşkil edilib və körpünün tikintisi ilə bağlı müzakirələr aparılıb. Yeni tikililəcək körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna aiddir”.

A.Nəcəfli vurğulayıb ki, Rusiya sərhədində Samur çayının üzərində körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib: “İranla sərhəddə olan körpünün inşaasında da həmin maliyyələşdirmə mexanizmi tətbiq edilə bilər”.

Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEO
Görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturu və sərnişindaşımada əlçatanlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2017-ci ilin dekabrından etibarən Bakı şəhərinin küçə və prospektlərində fiziki imkanları məhdud olan şəxslərin, uşaq arabası ilə hərəkət edən piyadaların rahat hərəkət etməsi üçün səkilərdə pandusların quraşdırılmasına başlanılıb.

Yol-xeber.az -ın məlumatına görə Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a verdiyi açıqlamada bildirib ki, şəhərin mərkəzi hissəsində demək olar bütün səkilərdə pandusların quraşdırılması başa çatıb:

“Hazırda bu işlər mərkəzdən kənar hissələrdə davam etdirilir. Düşünürük ki, növbəti mərhələlərdə pandusların quraşdırılması fiziki imkanları məhdud şəxslərin daha çox üz tutduğu ünvanlarda, xüsusən də sosial reabilitasiya mərkəzlərinin, müalicə mərkəzlərinin ətrafındakı səkilərdə həyata keçirilsin. Eyni zamanda, yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə “ideal səki” layihəsi çərçivəsində də işlər görülür. “İdeal səki” layihəsinin bir çox müsbət cəhətləri var. Əsas müsbət cəhətlərindən biri odur ki, bu layihə çərçivəsində həm fiziki imkanları məhdud şəxslər, həm də digər piyadalar üçün uyğun hərəkət mühiti yaradılır".

 

M.Ağayev vurğulayıb ki, yararsız vəziyyətdə olan səkilərin asfalt örtüyü tamamilə yığışdırılır və xüsusi tamet plitələr qoyulur: "Bu zaman görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür. “İdeal səki” layihəsində düzəldilən səkilərin digər bir üstün cəhəti odur ki, hər hansı bir kommunikasiya xəttinin dəyişdirilməsi zamanı söküntü-qazıntı işlərinin aparılmasına ehtiyac olmayacaq. Çünki bu səkilər hazırlanan zaman örtük vurulmamışdan əvvəl səkilərin altına xüsusi borular atılır".

Agentlik sözçüsü qeyd edib ki, hazırda bununla bağlı Səməd Vurğun küçəsi və Hənifə Ələsgərov küçəsində işlər davam etdirilir: "Nərimanov rayonu ərazisində bəzi küçələrdə bu işlər icra olunub. Qarşıdakı aylarda Nərimanov rayonu ərazisində Ağanemətulla küçəsi, Xoyski prospekti boyunca və Faiq Hüseynov küçəsi ətrafında daha geniş şəkildə icra olunacaq. Sadaladığım ünvanlar görmə imkanları məhdud olan şəxslərin daha sıx yaşadığı yerlərdir. Eyni zamanda, onlar üçün müəyyən edilmiş internat məktəbi, müalicə müəssisələri bu ərazilərdə yerləşir. Həmin ərazilərdə “ideal səki” layihəsi çərçivəsində bu cür taktil piltələrin düzülməsi təmin olunacaq. Həmçinin, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun ətrafında bu cür taktil piltələrin düzülməsi təmin olunub və gələcəkdə də bu işlər davam etdiriləcək”.

 

Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinin qiyməti açıqlanıb
Paytaxtda ən bahalı və ən ucuz torpaq sahələrinin qiyməti açıqlanıb.

Xəzər TV xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov ötən ay ən bahalı torpaq sahəsinin Nəsimi rayonunda təklif edildiyini deyib.

Həmin ərazidə 1 sot torpağın qiyməti 430 min manat olub. Ən ucuz torpaq sahəsi isə Qaradağ rayonunda qeydə alınıb. Həmin ərazidə isə 1 sot torpağın qiyməti 230 manatdan satılıb.

Nüsrət İbrahimov əlavə edib ki, ən bahalı torpaq sahəsi satışda olsa da, ötən ay ərazidə həmin torpaq sahəsini alan olmayıb.

Bu arada, ötən ay torpaq bazarında ucuzlaşma müşahidə edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

İctimai nəqliyyatda daha bir yenilik
“Mərkəzləşdirilmiş dispetçer xidməti sərnişindaşımanın keyfiyyətini artıracaq”

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ictimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb. Belə ki, artıq mərkəzi dispetçer xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edir.

Mərkəzləşdirilmiş dispetçer xidmətinin üstünlükləri nələrdir?


Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sistemin tətbiqi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsində müsbət irəliləyişlər doğuracaq:

 

 

 

 

 

“Sərnişindaşımada nağdsız ödəniş sisteminin tətbiqi sürətlənəcək, bütün marşrut şəbəkəsində kartla istifadə təmin olunacaq. Sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan avtobus informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtları barədə məlumatları görə biləcəklər. Eyni zamanda, avtobusun salonunda olan monitorda sərnişinin çatacağı dayanacağa ən yaxın olan metro stansiyaları barədə məlumat əks olunacaq. Tətbiq ediləcək mobil proqram təminatı vasitəsilə müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar barədə məlumat əldə etmək mümkün olacaq. Proqram təminatı ilə həm də sərnişinlərin rahat və qısa zaman ərazində avtobus, sürücü və digər məsələlər barədə irad və təkliflərini bildirməsi asanlaşacaq”.

 

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də sözügedən yeniliyin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:

 

“BNA tərəfindən mərkəzləşdirilmiş dispetçer xidmətinin işə salınması yeni bir innovasiyanın tətbiqidir. Bu yenilik özü ilə bir çox üstünlüklər gətirəcək, həm sərnişinlərin, həm də sürücülərin rahatlığına xidmət edəcək. İlk növbədə, sürücü mərkəzdən aldığı məlumatlar vasitəsilə hərəkət etdiyi yolda vəziyyətin necə olduğunu biləcək. Xüsusən sıxlıq olan yollar barədə məlumat əldə etdikdən sonra alternativ yollardan istifadə etməklə həmin sıxlıqdan yan keçmək olar. Nəticədə avtobuslar daha az tıxacda qalacaq, onların yanacaq sərfiyyatı və ekologiyaya vurduqları zərər azalacaq. Eyni zamanda, sərnişinlər də bir yerə gedərkən daha az vaxt itirəcəklər. Bir sözlə, sərnişindaşımanın keyfiyyəti artacaq. 


Düşünürəm ki, bu sistem gələcəkdə dayanacaqlara da şamil ediləcək. Artıq hər bir avtobusun olduğu yeri, hansı sürətlə hərəkət etdiyini və digər məlumatları dayanacaqlarda quraşdırılan monitorlarda görmək mümkün olacaq. Bu isə sərnişinlərin xidmət keyfiyyətinə əminliyini artıracaq. 


Ödənişin kart sisteminə keçirilməsi məsələsinə də toxunmaq istəyirəm. Bütün ödəniş sisteminin nağdsız olması iqtisadi cəhətdən daha səmərəli olar. Avtobus sürücüləri əvvəllər sərnişinlərdən ödənişləri nağd alırdılar. Bu zaman müəyyən problemlər ortaya çıxırdı. Sürücülər və sərnişinlər xırda pul gəzdirməyə məcbur olurdu. Bəzən sürücülərin sərnişinə xırda pul qaytarmaq da problemə çevrilirdi. Kart sisteminə keçdikdən sonra isə həm sürücü, həm də sərnişinlərin işləri rahatlaşır. Eyni zamanda, nağdsız ödəniş sisteminin tətbiqi vergi nəzarətini də daha şəffaf edir. Odur ki, sərnişindaşımada nağdsız ödənişə keçid çox təqdirəlayiq bir hadisədir”.

 

Xəbər lenti