![]() |
|
Bu il Neft Fonduna faktiki gələn gəlirlər 10 milyard dollar ətrafında olacaq.
Bu sözləri Axar.az-a ölkəmizin bu il neft və qazdan əldə edəcəyi gəlirlərin miqdarına aydınlıq gətirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. O bildirib ki, əgər hökumətin proqnozlarına baxsaq, burada neft hasilatı faktiki olaraq 2023-cü ilə qədər stabildir, yəni 38-39 milyon ton ətrafında dəyişir:
“Ancaq Neft Fonduna gələn gəlirlərin 90%-i Azəri-Çıraq-Günəşli layihəsi hesabına formalaşır. Bu layihə üzrə hasilatda cari ildə qismən artım müşahidə edilsə də (2011-ci ildən sonra ilk dəfə), sonrakı illərdə yavaş-yavaş azalmağa başlayacaq. Çünki obrazlı desək, yataq özünün “cavanlıq” dövrünü arxada qoyub, “yaşlı” dövrünə keçir. Artıq burada quyulara istənilən geotexniki xidmətin səviyyəsini artırsan belə, hasilat tempində get-gedə azalma olacaq. Bu baxımdan, Neft Fonduna daxilolmalarda da bu özünü göstərə bilər”.
İ.Şaban qeyd edib ki, hökumətin proqnozlarına görə neft hasilatı stabildir:
“Amma bu proqnoz Şahdəniz-2 və sonrakı ildə Abşeron yataqlarından hasil ediləcək kondensat həcmlərinin artması hesabına əldə edilən maye karbohidrogenlərə əsasəndir. Təsəvvür edin ki, Şahdəniz-2-dən ildə təqribən 3,5 milyon ton, Abşeron yatağından isə 0,7 milyon ton kondensat hasil edilməsi proqnozlaşdırılır. Bundan əlavə, “Ümid” və “Bulla” kimi qaz yataqlarının genişləndirilməsi nəticəsində daha əlavə 100 min tondan çox kondensat hasilatı gözlənilir. Bu isə ümumilikdə ildə 4,3 milyon ton maye karbohidrogen deməkdir ki, 2023-cü ilə qədər Azəri, Çıraq, Günəşli, Azneft və qurudakı əməliyyat şirkətlərinin hasilatının təbii azalmasının qarşısını kompensasiyaya edəcək. Təqribən 2023-cü ildə isə Azəri-Çıraq-Günəşlinin yeni hasilat platformasının istifadəyə verilməsi ilə Azərbaycanın ən böyük hasilat blokunda hasilatın stabilləşməsi proqramı növbəti beşillik üçün həyata keçiriləcək. Yəni Azərbaycan uzunmüddətli dövr üçün neft strategiyasını addım-addım həyata keçirir və neft hələ uzun müddət ölkənin əsas qazanc mənbəyi olmaqda davam edəcək”.
Qeyd edək ki, 2018-ci ilin yekunları üzrə Azərbaycan hökuməti neft hasilatını 38 milyon 848,1 min ton, qaz hasilatını isə 30 milyard 205 milyon kubmetr həcmində proqnozlaşdırır.
Bu ilin ilk 9 ayında ölkədə orta illik inflyasiya 2,6% təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) qiymət artımı üzrə hədəf dəhlizindən (6-8%) aşağıdır.
Report-un verdiyi xəbərə görə, bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda AMB bu ilin yekununda ölkədə inflyasiyanın 3-4% təşkil edəcəyini proqnozlaşdırır”, - deyə o, qeyd edib.
Ölkənin baş bankiri həmçinin deyib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirlməsi proqnozlaşdırılan inflyasiyanın elan edilmiş hədəf intervalına uyğunluğundan asılı olacaq.
“Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabillləşməsini şərtlədirir. Son makroiqtisadi proqnozlar inflyasiyanın bu ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir”, - deyə E.Rüstəmov əlavə edib.
İran bazar günü ilk dəfə olaraq özünün enerji birjası vasitəsilə özəl istehlakçıya neft satıb.
Axar.az xəbər verir ki, “Frans Press” agentliyi bu birja vasitəsilə bir barelin 74,85 dollara satıldığını bildirib. Hərracda ümumilikdə 280 min barel neft satılıb.
Hələlik nefti alan şəxsin adı açıqlanmayıb.
Qeyd edək ki, İran iyul ayında ABŞ sanksiyalarıyla əlaqədar neftini öz birjası vasitəsilə satacağını açıqlamışdı.
Dünya birjalarında “Brent” markalı neftin bir barreli hazırda 77 dollar civarındadır.
“Qazprom” hər zaman Azərbaycanla dialoqa hazırdır.
Axar.az xəbər verir ki, bunu “Qazprom” jurnalına müsahibəsində “Qazprom” sədrinin müavini Aleksandr Medvedyev deyib.
“Bizim Azərbaycan tərəfi ilə gözəl işgüzar əlaqələrimiz var. Azərbaycana tədarük mövcud kontrakt əsasında həyata keçirilir. Bundan sonra əməkdaşlığa gəlincə isə biz hər zaman dialoqa hazırıq”, – deyə o bildirib.
O, Azərbaycan qazı ilə rus qazının Avropada rəqabəti məsələsinə də toxunub. Medvedyev bazarda bütün tədarükçülərə yerin kifayət qədər olduğunu bildirib:
“Rus qazı və digər tədarükçülərin Avropa bazarında rəqabətinə gəlincə isə onu deyə bilərəm ki, Avropanın öz hasilatı azalır, idxal tələbatı isə artır. Bütün tədarükçülər üçün bazarda yer yetərli qədərdir. Rəqabətdən istehlakçılara daha cəlbedici tədarük şəraiti təklif edən qalib çıxacaq”.
Sabah Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti isə 28 gündür.
Notlar noyabrın 21-də ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Beyləqan rayonunda pambıq sahələrdə, yerdə qalaraq çürüyür və zay olur.
Bu haqda məlumat və fotoları iqtisadçı Qubad İbadoğlu paylaşıb.
O, bildirib ki, alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir.
İqtisadçının yaydığı digər foto isə Salyan rayonunda olan pambıq tarlasındandır. Təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına səbəbindən tarla bu günədək yaşıl rəngdədir: “Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub.
Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki, maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”.
2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.
Yanvar-avqust aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 3231,4 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin hesablamalarına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2126,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 65,8 faizini təşkil edib.