|
Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib. O bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, paytaxtda "Toyota Prius" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən sürücü polislərin əmrinə tabe olmayıb və nəqliyyat vasitəsini onların üzərinə sürüb.
Azərbaycanda polislə sürücü arasında gərginlik yaşanıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yaranıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü polisin əmrinə tabe olmaq istəməyib. O, bir neçə dəfə polisin müdaxiləsinə rəğmən ərazidən qaçmağa çalışıb və maşını polislərin üzərinə sürüb.
Görüntülərdə avtomobilin dövlət qeydiyyat nişanı olmadığı öz əksini tapıb.
Avtomobilin sürücüsü sonda polislər tərəfindən saxlanııb.
Hadisənin "Əcəmi" metro stansiyasının yaxınlığında baş verdiyi bildirilir.
Yayılmış görüntülərlə bağlı Ölkə.Az-a danışan Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə araşdırılır:
“Onun ayıq və ya hansısa maddənin təsiri altında olub-olmadığı araşdırılır. Müvafiq sənədlər toplanılıb və məhkəməyə göndəriləcək”,-deyə o söyləyib.
"Oğlumun əsirlikdə yazdığı məktub bizə gəlib çatdı, amma onun xətti deyil".
Bunu modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
Məktubda yazılıb:"Salam, anam, atam. Mən yaxşıyam. Burada heç bir problem yoxdur, narahat olmayın".
Dürdanə Bəbirova məktubun oğlu tərəfindən yazıldığına şübhə ilə yanaşdığını söyləyib.
"Mən oğlumun xəttini tanıyıram. Bizə verilən məktubu o yazmayıb. Oğlumu 100 faiz sorğu-sual ediblər, oğlum deyib, ermənilər də yazıb. Öz xəttinə qətiyyən oxşamır”, - deyə əsirin anası bildirib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.
Bu barədə modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sonradan onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Rahib Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 7 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, 1968-ci il təvəllüdlü Rahib Rəhimov qabaqcadan əlbir olduğu bir qrup şəxslə 27 may 2013-cü ildə saat 22 radələrində, istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə görüşə dəvət edilmiş zərərçəkmiş Namiq Qafarov (şərti) ilə sonuncunun qeyd edilən şəxslərə mövcud olan ümumilikdə milli manata məzənnəsi ilə 53,054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 54 saylı binanın qarşısında görüşüb. O, Namiqə zor tətbiq etməklə iradəsinə zidd oğurlamaqla, zərərçəkmişi tanışı tərəfindən idarə edildiyi "Tofaş” markalı avtomobilə mindirib digər tanışları ilə əvvəlcədən razılığına görə sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan şirkətinə məxsus yarıtikili binanın gözətçi otağına aparmaq qərarına gəlib. Daha sonra onlar həmin ünvana gediblər. Orada isə Rahib və tanışları zərərçəkmişə qarşı zor tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə zərbələr endirməklə onu döyüb. Sonra Rahibin tanışları zərərçəkmiş şəxsin qollarından tutaraq, zorla iradəsinə zidd olaraq "Hundai-Azera” markalı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi, 12 saylı binanın qarşısına gətiriblər. Orada onları gözləyən Rahibin digər tanışları onun qollarından tutaraq binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlayıblar. Həmin mənzildə saxlanılan müddətdə onlar zərərçəkmiş şəxsi döyüb sağlamlığına təhlükəli zor tətbiq ediblər və ona sağlamlığa yüngül zərər vurmaqla işgəncə veriblər.
Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Namiq Qafarov öz ifadəsində göstərib ki, Rahiblə aralarında həmişə böyük hörmət olub, onun bizneslə məşğul olmağı və bəzi şəxslərlə sövdələşməsi təqsirləndirilən şəxsin insanlar arasında ona qarşı mövqeyini dəyişməyinə səbəb olub. Onun məsələsindən sonra həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlarla alış-veriş zamanı aralarında borc yaranmış, birinə 10000 manat və digərinə 30000 manat borcu olub. Borc gecikdiyindən onların pulunu qaytara bilməyib. Məlum hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət edib, yaşadığı evdən səki ilə gedərkən "Tofaş” markalı avtomobil sürətlə üstünə gəlib. Maşında Rahib, Həbib və adını xatırlamadığı digər şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurub. "Erməni qəbirsanlığı” deyilən yerə çataraq digər maşınla "Xutor” ərazisində yeni tikilən binanın zirzəmisinə gediblər. Gecə saat 3-4 radələrində onu "İçəri şəhər”də yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsinə gətiriblər, 2 gün orada təzyiq altında, əli-qolu bağlı şəkildə saxlayıblar. Bazar ertəsi pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş, həmin vaxt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq edilən cinayət işi olub və müstəntiq Nazim müəllimin yanına getməli olub. Səhər saat 7-8 radələrində ayaqyoluna getmək bəhanəsi ilə "102” mərkəzinə zəng vurub, onun mobil telefonu açıq olub. Zənglər gəlmiş və onlar icazə vermişlər ki, danışsın, başqaları oğurlandığından şübhələnməsin. Kağızlara "mənə kömək edin, məni oğurlayıblar” yazıb, polis əməkdaşları gələrək onu qurtarıblar.
Daha sonra Rahibi görməyib, bu şəxslərin ona və ailəsinə təhqirlər olub. Əvvəlcə Rahibi bağışlamış, lakin təqsirləndirilən şəxsin verdiyi yalan vədlər üzündən bu gün həbs həyatı yaşayır və bu səbəbdən də onu heç bir vaxt bağışlamayacaqdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, cəzalandırılmasını tələb edib.
TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.
Vəziyyət nəzarət altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
TƏBİB Lənkəranda qida zəhərlənməsi keçirən və Biləsuvarda artlayışda yaralananların son vəziyyətini açıqlayıb.
Ötən gün qida zəhərlənməsi səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirildiyi açıqlanıb.
Qeyd olunub ki, müalicə alan şəxslərin vəziyyətləri stabildir.
Həmçinin bildirilib ki, Biləsuvar rayonu, Heydər Əliyev prospektindəki yaşayış binasında partlayışda xəsarət alan 2 nəfər (1-i qadın - 2009-cu il təvəllüdlü, 1-i kişi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.
Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətlərinin ağır olduğu məlumatda vurğulanıb.
Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.
Biləsuvar rayon prokurorluğundan verilən xəbərə görə, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.
Beləliklə də, faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, ötən gecə saat 23:45-də Hacıqabul-Horadiz yolunun Sabirabadın Nərimankənd kəndindən keçən 30-cu kilometrində iki avtomobil toqquşub.
Belə ki, 1982-ci ildə anadan olmuş Abdullayev Emin Eynulla oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə 1999-cu il təvəllüdlü Müxtəsimov Ramazan Eldar oğlunun sürdüyü "Mercedes-Benz" markalı maşın toqquşub. Nəticədə "VAZ-21074"in sürücüsü E.Abdullayev və sərnişini 30 yaşlı Rzayev Elşad Əlisəfa oğlu hadisə yerində ölüb.
Qəza ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.