|
Dövlət Təhlükəsizliyi Xidməti uğurlu əməliyyat keçirib.
Budəfəki əməliyyatla Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa edilb.
Xəzər TV xəbər verir ki, teleqram kanallarında yayılan videolarla ''Xaytarak'' radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.
Şəhidlər xiyabanında ermənilərə məxsus ''Xaytarak'' və ''Erməni Ari dövləti'' radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.
Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır.
Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Bu zaman hər bir detal diqqətlə yoxlanılıb.
Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtalya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən teleqramda turizm yönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan ''Baku Siti'' restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.
Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.
Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, “mən azərbaycanlıyam və mənə inan”.
“Mən ona ən çox niyə inandığımı bilirsiz? Rus dilində səlis yazırdı. Ermənilər heç vaxt belə yaza bilmirlər'',- deyə qadın bildirib.
Elena Lariontseva ilə Şəhidlər xiyabanında ''Xaytarak'' radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub. 1995-ci ildə valideynləri ayrılarkən Lalə anası ilə Rusiyaya köçüb və orada yaşayıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla ''Xaytarak'' radikal qruplaşmanın teleqram kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopdjanyan və Artur Martirosyandır. DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı bundan sonra da qətiyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.
Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körpənin atası Eyvaz Bakarovun globalinfo.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Eyvaz bəy, oğlunuzun qətlində şübhəli bilinən məşqçi ilə qohum olduğunuz deyilirdi…
– Xeyr, mənim elə bir qohumum yoxdur. Heç keçmiş qayınatamla da qohum deyillər. Deyilənə görə, onların uzaq qohumları ilə keçmiş yoldaşımın uzaq qohumu evlidirlər. Ona qohum desək, o zaman belə çıxır ki, bütün Azərbaycan bir-birinə qohum sayılır.
– Keçmiş xanımınız müsahibələrin birində onlara dəstək olmadığınızı, uşaqları çətinliklə böyütdüyünü deyib. Siz övladlarınıza görə aliment ödəyirdinizmi?
– Gedib bunu orada yaşayanlardan da dəqiqləşdirə bilərsiniz. Hətta xanıma sual verin ki, evə kondisioneri kim və nə vaxt almışdı? O zaman hər şey aydın olacaq. Ayrıldıqdan sonra uşaqlara görə o evə gedib-gəlirdim. Amma ötən ilin avqust ayından o evə ayaq basmıram. Baş verənlərdən sonra o adamla üz-üzə gəlmək istəmədim.
– O evə getməməyinizin səbəbini bilmək olar?
– Getmirdim də…. (susur) Dilim gəlmir artıq nəsə deməyə. Nə də olmasa övladlarımın anasıdır. Amma o adam mən bir kənara, öz atasının başını aşağı etdi…. Amma kaş belə olmazdı. İstəməzdim ailəm dağılsın…
– Əgər xanımınızla bağlı belə bir söhbət var idisə, nə əcəb uşaqları məhkəmə yolu ilə anadan almadınız?
– Çox istərdim ki, bu qədər baş verənlərdən sonra övladlarımı alım. Amma anam rəhmətə gedib, özüm ikinci dəfə ailə qurmamışam və işləyirəm. Övladlarıma kim baxacaqdı evdə? Mən onları tək atıb gedə bilməzdim. İşim elə idi ki, gecə saat 11-12-də hətta 3-də bitirdi.
– Sirr deyilsə, harda çalışırsınız?
– Hazırda metaləritmə zavodunda çalışıram.
– Eyvaz bəy, alimenti vaxtında ödəyə bilirdiniz?
– Düzdür, gecikmə olurdu. Amma hər ay ödəyirdim. Elə vaxt olub ki, pulum az olub, ya nəsə problemim çıxıb deyə tam ödəməmişəm, hissə-hissə vermişəm. Sizcə, aliment ödəməsəm, mən azadlıqda olaram?! Keçmiş baldızım deyir ki, guya 7 ildir övladlarıma o baxır. Amma araşdıra da bilərsiniz ki, övladlarımın anası ilə boşanmağım heç 4 il deyil və dediyim kimi – aliment ödəyirəm.
– Sonuncu alimenti nə vaxt ödəmisiniz?
– Hər ay 300 manat ödəməliyəm. Aprelin 28-də 200 manat hesab kartına atdım, dedim qalanını da 2-3 günə verəcəm. Yazışmamız da, qəbz də hazır qalır. Aynurə mənə demişdi ki, ayın axırı uşaqları yarışa aparacaqlar, 60 manat pul lazımdır. Hər uşağa görə 30 manat. Dedim söz verirəm ki, çatdıracam pulu. Elə oldu ki, 200 manat göndərdim. O daha çox 60 manatı ödəmək üçün səbirsizlənirdi ki, uşaqdılar da, kənarda qalmasınlar. Dedi pulu ertədən göndər ki, məşqçiyə gecə vaxtı pul aparmayım, sonra deməsinlər ki, “boşanmış gəlin gecə onun evində nə gəzir”. Amma mən qalan pulu göndərə bilmədim, bəd xəbər gəldi… 300 manat da keçmiş xanımıma dəfndə verdim.
– Boşanmaya qədər keçmiş xanımınızla münasibətiniz necə idi?
– Çox yaxşı. Bizim mübahisəmiz ancaq yemək və uşağa bahalı oyuncaq almağımın üstündə olurdu. İşdən gəlirdim ki, yemədiyim yeməyi bişirib. Mən də əsəbləşirdim ki, axı hər ay yaxşı pul gətirirəm, bazarlıq edirik, niyə normal yemək hazırlamırsan?! Bir də uşaq hansı oyuncağı göstərsə, onu alırdım deyə, Aynurə də əsəbləşirdi ki, oyuncağa çox pul xərcləməyim. Başqa problemimiz olmayıb. İçki içməmişəm, siqaretdən başqa zərərli nəsə istifadə etməmişəm, etmirəm də.
– Sizə Fəridin ölümü ilə bağlı kim xəbər verdi?
– Mən oğlumun ölümünü çox gec bildim. Axşam saatlarında mənə durmadan zəng gəlirdi, telefonumda da 2-3 faiz enerji var idi deyə, cavab vermirdim. Həmin adam bir də zəng edəndə dəstəyi götürdüm. O mənə demədi Fəridin öldüyünü. Yoldaşımgildə nəsə baş verdiyini və onlara zəng etməyimi xahiş etdi. Ağlıma gəlməzdi ki, oğluma nəsə olar.
Dedim gedim evə zəng edərəm. Sonra həmin adam bir də zəng etdi ki, öyrən gör deyəsən, 90 yaşlı nənəsi rəhmətə gedib. Mən də zarafata “yox e, nənə bizi öldürməyincə ölən deyil” dedim, sonra da telefon söndü. Adam səhər bir də zəng edib təkid etdi. O zaman qəribə hisslər keçirdim və yoldaşımın bibisinə zəng etdim. Bibi mənə dedi ki, “Fərid ölüb”. Həmin an necə bir halda idim bir Allah bilir (ağlayır).
– Eyvaz bəy, məşqçi ilə bağlı hər hansı bir məlumatınız var idi?
– Xeyr, yoldaşım aparıb yazdırmışdı uşaqları. Amma maraqlı olan bilirsiniz nədir? Bir adam məşqçi ilə bağlı pis fikir demir. Elə gələn onun yaxşı adam olduğunu deyir. Əgər bu deyildiyi kimi, yaxşı adam idisə, niyə mənim balamı vəhşicəsinə qətlə yetirib? Səbəb nədir axı?! Fəriddən başqa orada digər uşağın da başından tutub qaldırır. Mən belə başa düşürəm ki, uşağımı daha əvvəl də döyüb ki, oğlum halsız görünür. Görüntüləri tam izləmək lazımdır.
– Bundan sonra hansı addımı atmağı düşünürsünüz?
– Mən bu işdə axıra kimi gedəcəyəm! Xahiş edirəm ki, mənim balamın qanı yerdə qalmasın, dəqiq araşdırılsın. Düzdür, istəməzdim hansısa uşağın başına belə bir iş gəlsin, amma niyə məhz mənim balama qarşı belə edib, bunu bilmək istəyirəm. Məktəb direktoru da məsuliyyətə cəlb olunmalıdır. Çünki oranı icarəyə verəndə, o müəllimin kimliyini araşdırmalı idi. Hər çempion elə yaxşı adam ya yaxşı məşqçi deməkdir bəyəm?! Belə çempion olmaz olsun! O, adam deyil, manyakdır! Həbsdə çürüməlidir, vəssalam!
– Sosial şəbəkələrdə xanımınızın məşqçi ilə münasibəti olduğu bildirilir. Əgər deyilənlər doğru olarsa, nə etməyi düşünürsünüz?
– Mənə övladımdan başqa heç nə maraqlı deyil. Amma mənim oğlum bu münasibətin qurbanı olubsa, bunu belə qoymaram. Bu işdə səbəbkarı da həbs etdirərəm. Əgər belə bir şey olarsa, Ziyanı (böyük oğlu) məhkəmə yolu ilə alacam. Aynurə deyir ki, zəng etmək istəyəndə məşqçi ondan telefonu alıb. Axı məşqçi kimdir, nə dərəcə yaxınsınız ki, qatil sənin əlindən telefonu almağa cürət edir?!
Keçmiş xanımım yas saxlamaq əvəzinə, çıxıb haqqımda açıqlamalar verir ki, guya onlara baxmamışam. O, utanıram da deməyə… Başqa oğlanla qəzaya düşəndə, demişdi guya taksidə baş verib və sürücü ölüb. Övladlarıma görə, keçmişdə də olsa ailəm olduğuna görə, ona 300 və 500 manat pul göndərdim. Lakin qəza törədən oğlanın anası mənə zəng edəndən sonra hər şey aydın oldu ki, əslində, məsələ Aynurənin dediyi kimi deyil. Adam həya edib çox söz danışa bilmir sadəcə. Nə ona, nə mənə yaraşmır ki, balamız öldürülüb, biz isə bir-birimizi müzakirə edirik. Biz bir şeyi müzakirə etməliyik, o da oğlumuzun hansı səbəbdən öldürülməsi…
Ana ilə danışmağa çalışsaq da, Aynurə xanım zənglərə cavab vermədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Tik-Tok" sosial şəbəkəsində "Xaqocan" ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: “Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.
Aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası Revaz Bakarov məşqçi Mehman Xəlilovun evinə hücum edib.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin görüntüləri təqdim edirik:
Bakıda və Abşeron yarımadasında mayın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Azərbaycanın rayonlarında mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Məlum olduğu kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb.
Video sosial şəbəkələrdə müzakirələrə səbəb olub, izləyicilər tərəfindən kəskin tənqid edilib. Eyni zamanda bildirilib ki, M.Xəlilov həmin məktəbdə müəllim kimi çalışmayıb, orada uşaqlarla məşğul olması doğru deyil.
Bəs məktəbdə işləməyən şəxsin orada məşq keçməsi qanunvericiliklə necə tənzimlənir? Ümumiyyətlə, sözügedən şəxs həmin məktəbdə hansı əsaslarla fəaliyyət göstərib?
Elm və Təhsil Nazirliyindən bildirilib ki, məşqçi M. Xəlilov 7 yaşlı Fərid Bakarovu qeydiyyatdankənar məşqə cəlb edib: “Aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdankənar məşqə cəlb edilib.
Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb.
Məlumat üçün bildirək ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumitəhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb”.
Qeyd edək ki, Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Kür-Bakı magistral su kəmərində qəza baş verib, yolu su basıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.
***
“Sözügdən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib”.
Bu sözləri “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb:
“Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.
***
Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.
İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.
Qeyd edək ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı.
İran İslam Respublikasından birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətlə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar.
Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Rövşən Zamanov və Röyal Baloğlanov narkotik vasitələri İran vətəndaşı “Hadı” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.