|
Daxili İşlər Nazirliyi partlayışla bağlı məlumat yayıb.
DİN-dən verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Ağstafada kömür düzəldilən sexdə partlayış olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 2 nəfər ölüb.
Partlayış yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) İmişlidə növbəti birgə əməliyyat keçirib, saxlanılan var.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb.
Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib.
İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, son 1 ay ərazində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.
Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.
Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkiblər.
BQXK-nin Bakı ofisindən bildirilib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-dən bildirilib.
Sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa istintaqa ifadə verib.
Bu barədə Lent.az-a millət vəkilinin özü məlumat verib.
Ona qarşı törədilən terrorla bağlı hələlik heç bir yeniliyin olmadığını dilə gətirən F.Mustafa istintaqın gedişini gözlədiyini deyib:
“Bu barədə bilgim yoxdur. Hələlik mənə heç bir açıqlama verilməyib. Zərərçəkmiş şəxs kimi mənim ifadəmi alıblar. Qalan məsələlərlə bağlı məlumatım yoxdur. İstintaqı gözləyirəm”.
Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Bu gün Başlıbel faciəsinin ildönümüdür.
1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 30 il ötür.
Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.
Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.
Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.
Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb edib.
"Bu barədə Pakistan vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı polisə müraciət ediblər.
Bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri 1996-cı il təvəllüdlü Mukhtar Mohsin,1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə Bakı sakininə məxsus kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollar və 400 Avro pulunu ələ keçiriblər.
Bundan başqa, azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 8 maddəsi (adam oğurluğu, quldurluq, hədə qorxu ilə pul tələb etmə və s.) ilə cinayət işi başlanıb.
Bakıda qətl törətməkdə təqsirli bilinən Yəhya Quliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan 1999-cu il təvəllüdlü Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxaraq həmin şəxslərdən səs-küy salmamalarını tələb edib. Bundan sonra tərəflər arasında dava düşüb. Dava zamanı 23 yaşlı Y.Quliyev 24 yaşlı Zamiq Həşimli və 30 yaşlı Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib. E.İbadov xəstəxanaya aparılarkən yolda vəfat edib.
İş üzrə dindirilmiş Yəhya Quliyev ifadəsnidə göstərib ki, valideynləri, qardaşı və bacısı ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən fərdi evdə yaşayıb.
Fevralın 13-ü gecə saat 2 radələrində məhəllədə "Opel" markalı avtomobilin dayanmasını və içərisində bir neçə şəxsin olmasını görüb. Həyətlərindən dəfələrlə maşınlardan oğurluq edildiyindən yaxınlaşıb həmin avtomobilin şüşəsini döyüb. Qapını açan sürücü nə lazım olduğunu soruşanda onlardan orada niyə dayandıqlarını soruşub.
Sürücü əvvəl maşının xarab olduğunu sonra isə adam gözlədiklərini deyib. Həmin şəxslərin əraziyə nabələd olmasını düşünüb nə köməklik edə biləcəyini soruşub. Sərnişinlərdən biri kobud tərzdə ona gedib işi ilə məşğul olmasını deyib.
Zamiq Həşimli və Eynulla İbadov maşından çıxsalar da, arxa oturacaqda əyləşən şəxs düşməyib. Zamiq Eynullanın içkili olmasını deyərək ona fikir verməməsini xahiş edib. Buna baxmayaraq Eynulla yaxınlaşıb uca səslə "sənə nə lazımdır, bizə nə kimi qulluq eləyə bilərsən?" sözlərini söyləyərək əli ilə çiyin nahiyəsindən tutub, bir qədər özünə tərəf çəkib. Eynullanın bu tərzdə danışmasını qüruruna sığışdırmayıb və onunla bu qaydada danışmamasnı deyib. Bundan sonra həmin şəxslər maşına əyləşiblər.
Yəhya Quliyev bildirib ki, onların narkoman olduqlarını düşünərək yaşadığı evin həyətindən taxta parçası götürüb avtomobilin yanına qayıdıb. Qardaşı və Elşən adlı qonşusu onun arxasınca gəliblər. Yəhya sürücü tərəfdən qapını açıb dərhal Zamiqə zərbələr endirib.
Maşından düşən Eynulla söyüş söydüyü üçün ona da taxta parçası ilə ardıcıl zərbələr vurub. Sağ əlindəki taxtanı sol əlinə keçirib yumruq zərbəsi ilə onu yerə yıxıb. Zamiqi yenə vurmaq istəyərkən qonşusu buna imkan verməyib. Məhəllədəki səsə oyanıb yaxınlaşan atası nə baş verdiyini soruşduqda narkomanların məhəlləyə gəldiyini deyib. Atası da əsəbiləşərək sürücüdən çıxıb getmələrini tələb edib. Arxa oturacaqda əyləşən Emil Rzayev maşından düşüb sürücü ilə birlikdə Eynullanı yerdən qaldırıb avtomobilə otuzduraraq oradan uzaqlaşıblar.
Yəhya Quliyev ifadəsinin davamında bildirib ki, Eynulla İbadovun vurduğu zərbələrdən öləcəyini düşünməyib. Ailə üzvlərinə evə keçmələrini polisə gedib baş vermiş hadisə barədə məlumat verəcəyini deyib. Bir qədər sonra atası zəng edib harada oduğunu soruşduqda qəsəbədə olduğunu bildirib. Atası onu gözləməsini və polis əməkdaşları ilə birlikdə ora gələcəyini deyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbadova ifadəsində göstərib ki, oğlu Eynullanın həyat yoldaşı 2013-cü ildə vəfat edib. Bundan sonra o, heç kimlə nikaha daxil olmayıb. Oğlunun iki azyaşlı uşağına o baxıb. Fevralın 13-də bacısı oğlu ona zəng edərək Eynullanın xəstəxanada olması barədə məlumat verib. Xəstəxanaya çatanda ona oğlunun artıq öldüyünü bildiriblər.
Məhkəmə iclasında Yəhya Quliyev ittiham üzrə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsən ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Yəhya Quliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanaraq qazi olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası başlayır.
Oxu.Az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi, işin məhkəmə baxışına verilməsi gözlənilir.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə, 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Dünən axşam saatlarında Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsindən iki böyük yük maşını keçərkən fəsada yol açıb.
Bu barədə məlumat verən sakinlər bildirib ki, "TIR"lar küçədən keçərkən dirəkləri və üzərilərində olan naqilləri zədələyib.
Qeyd edək ki, Bakıda ara məhəllələrin alternativ yol kimi işlək "tras"a çevrildiyi haqda məqalə dərc etmişdik.
Leyla
Ölkə.Az