|
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.
"Yol-xeber.az" xəbər verir ki, rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını deyib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Dünən günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanğın baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, elektrik naqillərində qısaqapanmadan yaranan yanğın xəstələrin həyatına təhlükəyə məruz qoyub. Hadisə zamanı mühafizə polis olmasaymış faciə baş verəcəkmiş.
İnstitutda mühafizə işini təşkil edən Daxili İşlər Nazirliyinin Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə 40-dan artıq xəstə ani çağırışla təxliyə olunub.
Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və polisin birgə səyi nəticəsində ağır xəstələr boğulmadan xilas edilib.
Beyləqan sakini bacısı oğlunu güllələyib.
"Yol-xeber.az" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-43” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub.
Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Günümüzün bəlasına çevrilən narkomaniya hər kəs üçün təhlükə mənbəyidir. Paytaxtın "Sovetski" kimi tanınan ərazisində yaşayan sakinlər üçün isə bu təhlükə bir addımlıqdadır. Yarısökülü həyət evlərində narkotik istifadəçiləri məskən salıblar. Sakinlər deyirlər ki, onların əlindən küçəyə çıxa bilmirlər.
BAKU.WS xəbər verir ki, Bakıda şəhərin mərkəzində yerləşən bu ərazi narkomanların yuvasına çevrilib. Özlərini bədbəxt edən insanlar bura yığışaraq başqalarına da təhlükə törədirlər.
Səbail rayonu Nəriman Nərimanov küçəsi, 4-cü döngə, 22 ünvanında yaşayan sakinlərin 1 aydan çoxdur ki, narkoman qonşuları peyda olub. Sakinlər deyirlər ki, ərazi plana düşdüyündən burada yaşayan bəzi insanlar evlərini sataraq ərazidən gediblər. Sonradan tikinti şirkətinin işləri yarımçıq qoyması ilə evlər də yarısökülü vəziyyətdə qalıb. Bu boş evləri isə indi narkomanlar özlərinə məskən seçiblər.
Sakinlər iddia edirlər ki, tanımadıqları şəxslər gecə səhərə qədər səs-küy salır, tapdıqları taxtalarla ocaq qalayırlar.
İstənməyən qonaqlar xüsusilə gecə saatlarında bu əraziyə gəlirlər. Sakinlər deyirlər ki, onların gəlişi ilə bu evlərdə oğurluqların da sayı artıb. Tanımadıqları bu adamlar həyətlərə girir, özlərinə lazım olanı götürür, tapmadıqda isə evlərdən oğurluq edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirdilər ki, sözügedən ünvan üzrə zəruri tədbirlər görüləcək.
Ötən gün Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
APA xəbər verir ki, 4 gün bundan öncə Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında 1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu döyülərək xəsarət almışdı.
Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Ölən R.Atakişiyevin keçmiş həyat yoldaşı və onun indiki əri tutularaq istintaqa verilib.
Qeyd edək ki, yanvar 20-də axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, həmin şəxslərdən külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
5-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı paytaxt sakinləri Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar.
Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
"Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir, - məlumatda qeyd olunub.
Aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Yol-xeber.az"ın sorğusuna cavab olaraq bildirib ki, aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.
İş üzrə icraat dayandırılması ilə bağlı iddialar əsassızdır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müşaviri Xanlar Səlimxanov vəfat edib.
"Report" məlumatına görə, o, ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, X.Səlimxanov uzun illər dövlət orqanlarında çalışıb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
"Yol-xeber.az" xəbər verir ki, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində Tülü kənd sakini Dinar Seyidov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırma zamanı rayon bazarında qəssablıq fəaliyyəti ilə məşğul olan Dinar Seyidovun narkotik vasitəni Əli adlı müştərisindən 50 manata aldığı məlum olub.
Davam etdirilən tədbirlərlə həmin şəxsin Talalar kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum edilmiş Əli Əhmədov olduğu müəyyən edilib və o, saxlanılaraq şöbəyə gətirilib. Şəxsi axtarış zamanı Əli Əhmədovdan marixuana aşkarlanıb. Onun kənddə yaşadığı ünvana baxış keçirilərkən isə evin zirzəmisindəki mürəbbə bankalarının arasında 5 şüşə qaba yığaraq gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin hissələri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.